Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında 9 may Qələbə günü qeyd edilmişdir

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. RVT–nin inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 80 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlvə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında  o illərin mahnıları bu ovqatı daha da artırmışdır. Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, ziyalılar, media nümayəndələri, gənclər iştirak etmişdirlər. Tədbirdə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. O bildirdi ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Sonra veteranlar çıxış edərək onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolundan, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Hərbi orkestrin ifasında Respublika Veteranlar Təşkilatının Qələbənin 72 illik yubileyi münasibəti ilə hazırladığı sözləri Zəminə Xınalıya, musiqisi Şahin Musaoğluna aid “Veteranlar Marşı”  və digər musiqilər səslənmişdir. Sonda veteranlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.

2017-05-09 00:00:00
4819 baxış

Digər xəbərlər

Belarus Prezidenti Fatma Səttarovanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının ölkəmizdəki səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında konsul Aleksandr Arxipov Fatma Səttarovaya Belarus Prezidentinin təbrik məktubunu çatdırıb. Fatma Səttarova bayram münasibəti ilə ona ünvanlanan təbrik məktubuna görə Belarus Prezidentinə təşəkkürü bildirib, minnətdarlığını ifadə edib. Görüşdə həmçinin Azərbaycan və Belarus veteran təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.  

Hamısını oxu
Unudulan deputatlar: Azərbaycanın bütün prezidentlərilə işləyən, Moskvanın yüksək vəzifələrindən imtina edən GENERAL

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.Rubrikamızda haqqında danışacağımız növbəti sabiq deputat Vladimir Timoşenkodur.   General-mayor Vladimir Timoşenko vaxtilə bitərəf deputat kimi iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olub. Amma daha əvvəl də Ali Sovetin deputatı seçilmişdi...O, həm I çağırış (1995-2000), həm də II çağırış (2000-2005) parlamentdə Bakının Nəsimi rayonunu təmsil edib.Vladimir Vasilyeviç Timoşenko 1942-ci il noyabrın 25-də Ukraynada – Atom Elektrik Stansiyasının qəzaya uğradığı məşhur Çernobıl vilayətində anadan olub. O, Vladiqafqazda Ali Hərbi Zenit-Raket Məktəbini və Moskvada Hərbi-Siyasi Akademiyanı bitirib.1962-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrininin müxtəlif hərbi hissələrində xidmətdə olub. Hərbi xidmətə Bakıda kursant kimi başlayan Timoşenko 20 yaşında Hövsan qəsəbəsində təcrübə keçib. Sonralar Rusiyada, Ukraynada qulluq edib, general-mayor rütbəsinədək yüksəlib.V.Timoşenko hərbi xidmətin son illərini Zaqafqaziya Hərbi Dairəsində korpusun siyasi şöbə rəisi vəzifəsində, ordu Hərbi Şurasının üzvü kimi başa vurub... və 1990-cı ildə ehtiyata buraxılıb. O, “Qırmızı ulduz”, II və III dərəcəli “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə” ordenləri və medallarla təltif olunub. Vladimir Timoşenko 1990-cı illərdə hərbi xidmətini başa vurandan sonra ömürünün geridə qalan hissəsini Azərbaycanla bağlamaq qərarı verib.General V.Timoşenko 1990-cı illərdə Azərbaycanda yeni yaradılmış “dövlət başçısının hərbi müşaviri” postuna dəvət olunanda, bunu tərəddüdsüz qəbul edərək işə başlamışdı. Daha sonra onun yolu parlamentdən keçdi...Ukraynalı general müstəqil Azərbaycanın bütün 4 prezidentinin dövründə parlamentimizdə təmsil olunub.Belə ki, o, hələ 1990-cı il sentyabrın 30-da - keçmiş SSRİ-nin süquta uğradığı ərəfədə Azərbaycan SSR-in XII çağırış Ali Sovetinə keçirilən seçkilərə qatılaraq deputat seçilib. O zaman Ali Sovetə 340 deputat mandat almışdı.XII çağırış Ali Sovetin ilk iclası 5 fevral 1991-ci il tarixində prezident Ayaz Mütəllibovun iştirakı ilə keçirilmişdi.Bu iclasda parlament ölkə üçün çox vacib bir məsələni müzakirə etmişdi. Və həmin müzakirənin sonunda Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilmişdi.1990-ci ildə formalaşdırılan həmin Ali Sovet Azərbaycanın keçmiş SSRİ tərkibindəki son, müstəqil Azərbaycanın isə ilk qanunverici orqanı oldu. Belə ki, Ali Sovetin 1991-ci ilin fevral ayında fəaliyyətə başlamasından bir müddət sonra - 1991-ci ilin avqustunda Sovet İttifaqı dağıldı. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası reallaşdı.1991-ci il noyabrın 26-da isə müxalifət və müstəqil deputatların təkidi ilə Ali Sovet 50 nəfərlik Milli Şura ilə əvəzləndi.Beləliklə, Azərbaycan Ali Sovetinin nəzdində Milli Şuranın yaradılması barədə qərar qəbul edildi. Ali Sovetin 340 deputatı arasından 50 nəfər seçilməklə Milli Şura yaradıldı. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.O zaman general Vladimir Timoşenko da Milli Şuranın 50 üzvündən biri oldu.1992-ci il Xocalı soyqırımından sonra istefa verən prezident Ayaz Mütəllibovun ardınca Milli Şuranın sədri Elmira Qafarova da postunu tərk etdi (1992-ci ilin martında). Milli Şura 1992-ci ilin may ayının 18-də Azərbaycan Respublikasının Milli Məclisi adlandırıldı.1992-ci ilin 8 iyununda Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri Əbülfəz Elçibəyin qələbəsilə başa çatdı.Vladimir Timoşenko Milli Məclisin deputatı kimi həm Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu 1 ilə, həm də 1993-cü ildə Heydər Əliyevin iqtidara gəlişinə şahidlik etdi....Nəhayət 1995-ci ilin noyabr ayında Azərbaycanın Milli Məclisinə ilk seçkilər keçirildi. Həmin seçkilərdə Bakının Nəsimi rayonundakı 27 saylı İkinci seçki dairəsindən deputatlığa namizəd olan general Timoşenko bu marafonda qalib gələrək mandat aldı.O, I çağırış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvü idi. General 2000-ci ildə yenidən eyni seçki dairəsindən deputat seçildi. V.Timoşenko II çağırış Milli Məclisdə Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü kimi fəaliyyət göstərdi.Deputatlığının növbəti 5 il ərzində o, mərhum prezident Heydər Əliyevin vəfat etməsinə (2003-cü il) və İlham Əliyevin yeni dövlət başçısı seçilməsinə şahid oldu.Vladimir Timoşenko 2005-ci ildə deputatlıq səlahiyyətlərini başa vuraraq təqaüdə çıxıb. V.Timoşenko ilə dost olan Əməkdar jurnalist Rəhman Orxan onu əslən ukraynalı, qəlbən isə azərbaycanlı adlandırır.Rəhman Orxan deyir ki, 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciədən xeyli əvvəl SSRİ müdafiə naziri Dmitri Yazov Vladimir Timoşenkoya Rusiyadakı hərbi dairələrin birində prestijli yüksək vəzifə təklif etmişdi:“Lakin Timoşenko bu təklifdən qəti imtina etmiş, həm özü, həm də övladları üçün sadəcə doğma ev yox, sözün həqiqi mənasında Vətən hesab etdiyi Azərbaycanda həmişəlik qalmağı qərara almışdı. O, hələ daha əvvəl də Leninqrad Hərbi Dairəsində yüksək vəzifə vəd edən mərkəzin – Moskvanın təklifindən imtina edərək, o vaxt İttifaqın müdafiə naziri olan Yevgeni Şapoşnikova müraciətlə Azərbaycanda işləmək üçün ezam olunmasını istəmişdi. Vladimir Vasilyeviçin öz tarixi vətəni Ukraynaya – Çernobıla qayıtması məsələsinə gəldikdə isə nə qədər istəsə də, bu artıq mümkün deyildi. Oraya qayıtmaq həddən artıq təhlükəli idi və yəqin ki, 100 ildən sonra da belə olacaqdır, çünki generalın ata yurdu olan doğma kəndi Çernobılın radiasiya zonasında yerləşir. Onun ata evində keçirdiyi qayğısız uşaqlıq və yeniyetməlik illəri həmişəlik təhlükəli zonada qalıb”.  V.Timoşenkonun özü uşaqlıq illəri ilə bağlı xatirələrində deyir: “Hələ də gözlərimin önündədir, ailəmizdə həmişə qarşılıqlı hörmət və məhəbbət ab-havası hökm sürürdü. Atam heç vaxt anamın üstünə səsini qaldırmazdı. Anam bizim hamımız üçün əziz, sevimli insan idi. Ailəmiz mənim üçün ilk və ömürlük həyat məktəbi olmuşdur - mənəvi tərbiyə, humanizm və sevgi məktəbi. Xoşbəxtəm ki, həyat yoldaşım Qalina Mixaylovna da ailəmizin ən yaxşı ənənələrinə sadiq olmuş, oğlanlarımızı bu ruhda tərbiyə etmişdir”.Əməkdar jurnalist Rəhman Orxanın sözlərinə görə, Vladimir Timoşenko fəaliyyəti boyu həmişə Azərbaycanın düşmənlərinin əsassız hücumlarına kəskin münasibət bildirib:“O, həmişə bizimlədir, bizim adamdır, bizim generaldır. Belə olmasaydı, yüksək səviyyəli görüşlərdəki uca tribunalardan çıxışlarında “bizim ölkə”, “bizim Azərbaycan xalqı” sözlərini səmimiyyətlə deyə bilməzdi”.  Timoşenko ilə dostluq münasibətlərini bu gün də davam etdirən jurnalist deyir ki, əslən ukraynalı general Azərbaycana ürəkdən yanır və demək olar ki, azərbaycanlılarla çoxdan qaynayıb-qarışıb:  “Ermənistanın Azərbaycana qarşı açıq təcavüzündən, Qarabağ probleminin həllində keçmiş Sovet İttifaqının və Qərb ölkələrinin şərəfsiz mövqe tutmasından hiddətlənmiş general Timoşenko vaxtilə respublikadakı döyüş texnikasının buradan çıxarılaraq Rusiyaya aparılmasına hər vasitə ilə - özünün gələcək karyerasını və hətta həyatını da riskə məruz qoyaraq müqavimət göstərmişdi. O, bədnam 366-cı motoatıcı alayın Xankəndidən çıxarılmasını birincilər sırasında tələb etmiş, İrəvandan mütəmadi “mükafat” almaq müqabilində erməni daşnakların işğalçılıq ideyalarını dəstəkləyənlərə - Vilnüs hadisələrində “ad çıxarmış” qəddar general Açalov, xalqımızın qatı düşməni Starovoytova və başqalarına qarşı açıq mübarizə aparmışdı. Buna görə də təsadüfü deyildi ki, 1993-cü ildə “Moskovski komsomolets” qəzetində ermənilərin əli ilə təşkil edilmiş “General kim idi və indi kimdir?” sərlövhəli materialda Vladimir Timoşenko satqınlıqda, bir sıra başabəla “sərkərdə”lərdən fərqli olaraq, Ermənistanı deyil, Azərbaycanı dəstəkləməkdə ittiham edilirdi. Rusiyada müəyyən dairələr 1 milyard dollar dəyərində ən müasir hərbi texnikanı Ermənistana müftə verəndə general Timoşenko məxsusi bu məsələ ilə əlaqədar iki dəfə Moskvada olmuş, orada çıxış edərək bu qanunsuz aksiyanı kəskin tənqid etmiş, Rusiyanın dövlət və hərbi strukturlarını inandırmağa çalışmışdı ki, işğalçı siyasət yeridən Ermənistanın hərbiləşdirilməsi yolverilməzdir. Bu hadisədən az sonra “Qolos Armenii” qəzetində dərc olunmuş “General Timoşenko kimin adından danışır?” sərlövhəli məqalədə Azərbaycan parlamentinin üzvünün ünvanına iyrənc hücumlar edilmişdi”. 2013-cü ildə “Rusiya-Ermənistan strateji və ictimai təşəbbüslərinə dəstək mərkəzi”nin russia-armenia.info saytında dərc edilən “Vladimir Timoşenko: qəhrəman yoxsa satqın?” adlı geniş məqalədə də o zaman 70 illik yubileyini qeyd edən generalın ünvanına hədyanlar yazılmışdı. Məqalədə Timoşenko SSRİ-nin varisi olan Rusiya ordusuna dönük çıxmaqda ittiham olunaraq, haqqında “O, faktiki olaraq ordusunu atıb Azərbaycan tərəfinə keçdi”, - deyə vurğulanmışdı.Rəhman Orxan deyir ki, V.Timoşenko bir general və Milli Məclisin deputatı kimi Azərbaycan Milli Ordusunun yaradılmasında da fəal iştirak edib. “Respublikamızın ən ağır günlərində general Timoşenko özü kimi Azərbaycanın təəssübünü çəkən Vladimir Malinovun təşəbbüsü ilə yaradılmış beynəlmiləl batalyonun formalaşmasında iştirak etmiş və Qarabağ cəbhəsində bir sıra uğurlu döyüş əməliyyatları aparmışdı. Bu beynəlmiləl batalyonun cəsur döyüşçülərindən biri öz vətəni Azərbaycanı alovlu məhəbbətlə sevən bakılı yəhudi, şəhid Milli Qəhrəman Albert Aqarunov idi...…90-cı illərin əvvəlində Timoşenkonun Qarabağ münaqişəsinin tarixi və onun acı nəticələri haqqında Ukrayna televiziyası ilə açıq, cəsarətli çıxışı Kiyevin, bütün Ukraynanın sakinlərini son dərəcə heyrətləndirmişdi. Onlar Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında, Qarabağ müharibəsi və onun həqiqi səbəbləri barədə, erməni faşistlərin məkrli işğalçılıq məqsədləri və vəhşilikləri barədə həqiqəti ilk dəfə öz məşhur həmyerlilərinin dilindən eşitdilər. Bu çıxış o qədər güclü əks-səda doğurmuşdu ki, Ukrayna Dövlət televiziyası həmin çıxışı dəfələrlə təkrarən efirə verməli olmuşdu. Azərbaycan ətrafında yaradılmış informasiya blokadasının aradan qaldırılması işinə general Timoşenkonun bir töhfəsi də ondan ibarətdir ki, o, keçmiş İttifaqın müxtəlif guşələrində yaşayan dostlarını vaxtaşırı respublikamıza dəvət edirdi”.  Jurnalistin sözlərinə görə, general Timoşenko vaxtilə Ukraynanın Azərbaycandakı səfiri işləmək təklifindən də imtina edərək, Milli Məclisin deputatı olmağı üstün tutub...Azərbaycanı doğma vətəni kimi sevdiyini deyən general V.Timoşenkonun burada özünü çox rahat hiss etdiyini söyləyir:“Rusiyanın, Ukraynanın müxtəlif yerlərində xidmət keçmişəm, amma heç bir yerdə Azərbaycandakı qədər rahat olmamışam. Bu yer möhtəşəm təbiəti ilə yanaşı, xalqın qeyri-adi xarakteri və gözəlliyilə cənnətdir”.Vaxtilə Rusiyadan gələn vəzifə təkliflərindən imtina etdiyini xatırladan Timoşenko “Mənim üçün ən yüksək vəzifə Azərbaycan vətəndaşı olmaqdır” deyir.Əvəllər hərbi ekspert kimi açıqlamalar verən general Timoşenko 44 günlük Vətən müharibəsindən hələ xeyli öncə demişdi: “Qarabağ problemi heç vaxt sülh yolu ilə həll edilməyəcək... Biz genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıyıq ki, torpaqlarımızı azad edək”.Zaman istefada olan generalın proqnozlarını doğrultdu... Sabiq deputat Vladimir Timoşenko hazırda ailəsilə birgə Bakıda yaşayır. Təqüdçü eks-deputat bəzən dəvət olunduğu rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edir.Qeyd edək ki, generalın üç oğlu və bir qızı var. Böyük oğlu İqor atasının yolu ilə gedib. Ali Hərbi Məktəbi bitirib, hərbçidir – Ukrayna Ordusunun generalıdır. İkinci oğlu Oleq iqtisadçıdır, Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Onların hər ikisi hazırda Ukraynada yaşayır.İqor və Oleq sabiq deputatın ilk həyat yoldaşı Qalina Mixaylovna ilə nikahından dünyaya gəlib. Qalina Mixaylovna çoxdan dünyasını dəyişib.İlk həyat yoldaşının vəfatından illər keçəndən sonra yenidən evlənən Vladimir Timoşenkonun ikinci xanımından daha bir oğul və bir qız övladı doğulub. Maraqlıdır ki, general ikinci evlilikdən doğulan oğluna da İqor adı qoyub. Onun hazırda 16 yaşı var. Qızı Maşa isə 18 yaşındadır.İkinci evliliyini nəzərdə tutaraq “Mən hələ də güc və enerji ilə doluyam” deyən Timoşenko zarafat etməyi, ürəkdən gülməyi, tost söyləməyi sevir:“Tez-tez ziyafətlərdə dostlarımın xahişi ilə tamada rolunu ifa edirəm. Deyirlər ki, bu məndə pis alınmır. Tamadalıq zamanı vəziyyət imkan versə, bir-iki lətifə də deyə bilərəm. Yeri gəlmişkən, mənim lətifələrdən ibarət 4 mindən çox kolleksiyam var”.Bu gün Bakıda yaşayan general Vladimir Timoşenkonun bir gözü gülsə də, bir gözü ağlayır... Bu da səbəbsiz deyil. Generalın gözü-qulağı tarixi vətəni Ukrayna ilə bağlı xəbərlərdədir.Hələ Rusiyanın Ukraynada başladığı işğalçılıq müharibəsindən xeyli əvvəl Modern.az-a verdiyi müsahibədə o, tarixi vətəni ətrafında cərəyan edən hadisələrdən bərk narahat olduğunu bildirmiş, “mənim iki oğlum Kiyevdə, qardaşım Dnepropetrovskda, bacım Kiyev yaxınlığında yaşayır. Oradakı qohumlarım saysız-hesabsızdır” deyərək, ukraynalıların başına gətirilən müsibətlərə görə rəsmi Moskvanı lənətləmişdi.“Putin özünü şortikdə gəzən küçə uşağı kimi aparır. O düşünür ki, Krımı Rusiyaya birləşdirməklə reytinqini qaldırıb. Bəs dünyada nə qazanıb? Bütün dünya ictimaiyyəti Putinə nifrət edir. O öz simasını bir daha göstərdi”,- deyə V.Timoşenko müsahibə zamanı Rusiya prezidentinə yönəlik qəzəbini ifadə etmişdi.Milli Məclisin keçmiş üzvü, istefada olan general-mayor Vladimir Timoşenko bu ilin noyabrında 80 illik yubileyini qeyd edəcək. İndi onun ən böyük arzusu Ukraynanın müharibəni qələbə ilə başa vurmasıdır.Əfqan Qafarlı

Hamısını oxu
Ərini və qardaşını şəhid verən Azərbaycan XANIMI

Azərbaycanın Vətən Müharibəsi bir sıra hadisələrlə yadda qaldı. Bu savaş Azərbaycan insanının vətənsevərliyini, qəhrəmanlığını, mətanətini bir daha bütün dünyaya göstərdi.Azərbaycan kişisi, qadını, qocası, gənci, uşağı Vətən Müharibəsində qələbə naminə bir yumruq kimi birləşdi... Kimi oğlunu itirdi, kimi həyat yoldaşını.., kiminin atası, kiminin qardaşı canını bu Vətən yolunda fəda etdi... Naxçıvan Muxtar Resbublikasının Şərur rayonunun Ələkli kəndindən olan Nargül xanım kimi...Nargül xanım Qarabağ Müharibəsində iki şəhid qurban verib - qardaşı və həyat yoldaşı Vətən üçün canlarından keçib.Qardaşı Elton Qəmbərli oktyabrın 24-də Şərur şəhərinin Şəhidlər Xiyabanında, həyat yoldaşı Adil İbrahimli isə bu gün Bakı şəhərində dəfn olunub.Bu şəkilə baxın, sözlər aciz qalır... Məğrur Azərbaycan qadını ən yaxın insanının tabutu altında necə məğrur dayanıb...  Biz sağ qalanların borcu Nargül xanımın başının həmişə məğrur durmasına şərait yaratmaqdır. Vətən sağ olsun!!!

Hamısını oxu
“Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!”

           Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının  maliyyə dəstəyi ilə  “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə 08 noyabr 2016-cı il  tarixdə Respublika Veteranlar Təşkilatının akt zalında seminar–müşavirə keçirilmişdir. Tədbiri Respublika  Veteranlar Təşkilatinın  sədr müavini Cəlil Xəlilov giriş sözü ilə açaraq tədbir haqqında məlumat verib.          Tədbir Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Tədbirin  əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.          Tədbirin əsas məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır. Seminar-müşavirəyə Binəqədi, Xəzər, Xətai, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal, Abşeron, Sumqayıt, Qaradağ şəhər (rayon )  veteran təşkilatlarının   sədrləri  dəvət olunublar. Eyni zamanda seminar-müşavirədə  Respublika Veteranlar Təşkilatının əməkdaşlarının, fəal gənclər, veteranlar,  müvafiq dövlət və ictimai təşkilatlarının nümayəndələri, şəhid ailələri,  eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanı Rafıq Alıcanovun ailə üzvləri  iştirak ediblər. Seminar-müşavirədə “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq  səhifəsidir”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Milli qəhrəmanlarımız” mövzularında məruzələr dinlənilib, çıxışlar olub. Tədbirin sonunda bir neçə şəhid ailəsinə maddi yardım edilib, Milli Qəhərmanlara həsr olunan film nümayiş etdirilib.

Hamısını oxu