Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Vətən Müharibəsində iştirak etmiş daha bir əsgərimiz qazi olaraq geri dönüb. Report xəbər verir ki, haqqında bəhs edəcəyimiz qazi, 23 yaşlı Ağdaş sakini Həmdiyyə Məmmədovdur. Həmdiyyə Məmmədov sentyabrın 29-da Dəhnəxəlil kəndindən Vətən Müharibəsinə könüllü gedənlərdəndir. O, Füzuli və Cəbrayıl uğrunda, daha sonra Zəngilanda gedən ağır döyüşlərdə iştirak edib. Qubadlı istiqamətində düşmənin diversiya qrupunun qarşısını alan zaman yaralanıb.

 
İki qəlpə yarası alan qazi buna baxmayaraq, yenə əsgər yoldaşları ilə birlikdə döyüşü davam etdirərək, qəhrəmanlıqlar göstərib. Həmdiyyə Məmmədov döyüş başa çatandan sonra müalicə olunub. Bu gün onun ailəsinə geri dönməsi kənd sakinləri arasında böyük sevinc hissi yaşadıb. Sakinlər onun müharibədən qayıdışını sevinc və fərəh hissi ilə qarşılayıblar, qazinin gəlişi münasibətilə qurbanlar kəsilib. İndi ailənin ən böyük arzusu Həmdiyyə Məmmədov kimi bütün hərbçilərin sağ-salamat geri dönməsidir.

2020-11-29 00:00:00
3625 baxış

Digər xəbərlər

Şəhidlər “evə qayıdır”: 30 il sonra!

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və hazırda qalıqları tapılaraq şəxsiyyəti müəyyənləşdirilmiş - Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl oğlunun nəşləri avqustun 21-də dəfn ediləcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Birinci Qarabağ müharibəsi dönəmində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi istiqamətində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən mühüm işlər görülür, silsilə addımlar atılır. Məhz görülən bütün bu işlər sayəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti eyniləşdirilmişdir. Bu şəxslərdən 250 nəfərinin nəşi ailələrinə təhvil verilərək milli-dini ənənələrə və hərbi nizamnamənin tələblərinə uyğun şəkildə dəfn edilmişlər. 21 avqust tarixində daha 5 itkin-şəhid dəfn olunacaq ki, bu da 30 il həsrət içində yaşamış 5 ailənin gözünün yollardan yığılması, ruhunun rahatlıq tapması deməkdir. Bəli, Birinci Qarabağ müharibəsinin şəhidləri 30 illik fasilədən sonra “evə qayıdır”. Bu qayıdış 30 illik ayrılığa son qoymaqla yanaşı, yüzlərlə ailə üçün mənəvi təsəllidir. Bu qayıdış uzun illərdir ki, gözləri yolda, qulağı səsdə olan ailələrin daxili dincliyi, şəhidlərinizi ziyarət edəcək məzar yerinin olması deməkdir. Bu qayıdış Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin təntənəsidir. Çünki məhz bu zəfər erməni işğalındakı torpaqlarımıza azadlıq bəxş etməklə yanaşı, Birinci Qarabağ müharibəsinin yüzlərlə şəhidlərinin taleyinin müəyyən edilməsinə, onların milli adət-ənəyə uyğun şəkildə dəfninə imkan yaratdı. 8 Noyabr zəfəri məcburi köçkünlərimizin doğma evlərinə yolunu açmaqla yanaşı, şəhidlərin də öz doğma yurduna qayıdışını təmin etdi. İnanırıq ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti digər itkin-şəhidlərimizin taleyinin müəyyən edilməsini, nəşlərinin ailə üzvlərinin iştirakı ilə hörmət və ehtiramla dəfn olunmasını təmin edəcək, bununla da on illərdir davam edən intizar və əzaba son qoyulacaq. Seymur ƏLİYEV

Hamısını oxu
“Bəzən bir sənət əsəri vətəni cild-cild kitablardan daha çox tanıdır və sevdirir”

Məşhur Məmmədov: “Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi bu diyarı uşaqlara erkən yaşlarından tanıtmaq baxımından böyük əhəmiyyətə malikdir”   Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi Qarabağla bağlı animasiya filmlərinin çəkilməsinə qərar verib. Filmlərdə Qarabağın tarixi, mədəniyyəti, xalqımızın qəhrəmanlıq tarixi ilə bağlı məqamlar yer alacaq.   Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu cür filmlərin uşaqlara vətəni erkən yaşlarından tanıtmaq və sevdirmək baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib:   “Qarabağ, onun təbliği və tanıdılması ilə bağlı atılan hər bir addım, görülən hər bir iş mühüm əhəmiyyətə malikdir. Biz tariximizi, mədəniyyətimizi bilmədən onu sevə bilmərik. Sevdirmək üçün isə sadəcə gənclər və yeniyetmələr arasıdna deyil, uşaqlar arasında da düzgün iş aparmalı, onlara erkən yaşlarından vətənimizi, onun gözəlliklərini, qəhrəmanlıq tariximizi tanıtmalıyıq. Unutmaq olmaz ki, uşaq yaddaşında yer alan hər bir məlumat həmin insanın xatirəsində, düşüncəsində, ruhunda həmişəlik iz qoyur, onun üçün həmişəlik doğma və unudulmaz olur. Bu baxımdan Mədəniyyət Naizlriyinin dəstəyi ilə animasiya filmlərinin hazırlanması olduqca faydalı və əhəmiyyətlidir.   Ümumiyyətlə, Qarabağla bağlı istənilən bədii əsər, yaxud musiqi əsəri, mədəniyyət və incəsənət nümunəsi böyük təbliğati əhəmiyyətə malikdir. Bəzən bir sənət əsəri vətəni cild-cild kitablardan daha çox tanıdır və sevdirir. Sizə bir nümunə deyim. Məşhur “Qarabağ” mahısı hər bir azərbaycanlıya yaxşı məlumdur. Bu mahnıda Qarabağ, vətən torpağı, onun müqəddəsliyi ilə bağlı qəlbə, ruha hopacaq böyük, nəhayətsiz sevgi var. Bu mahnı səslənəndə Azərbaycanımızın harasında yaaşmasından asılı olmayaraq, hər bir insan özünü qarabağlı kimi hiss edir. Bu faktın özü bir sənət əsərinin necə böyük təsir qüvvəsinə malik olduğunu göstərir. Odur ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi də olduqca faydalı və təqdirəlayiqdir. Bu cür filmlər uşaqların doğma Azərbaycanımızın bir hissəsi olan Qarabağı daha yaxından tanıması, onu daha dərindən sevməsinə böyük töhfə verəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunur.

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Gəncə və  Şirvan şəhər, Hacıqabul rayon Veteranlar Təşkilatı sədrlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib. General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. General-polkovnik bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o gün isə elə də uzaqda deyil. "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub. Rayon Veteranlar Təşkilatı sədrləri "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüklərinə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi keçən görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.

Hamısını oxu
“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”

“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, səfərdə iştirak edən diplomatların sayı da səfərin miqyas və əhəmiyyətindən xəbər verir: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici   siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri olduqca mühüm hadisədir. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir ki, bu da onun miqyas və əhəmiyyətindən xəbər verir. Səfər zamanı diplomatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti ilə tanış olacaqlar. Əcnəbi dipomatlar Azərbaycanın post-müharibə dönəmində hər iki müstəvidə gördüyü nəhəng işlər, apardığı bərpa və yenidənqurma prosesinə şahidlik edəcək, bununla bağlı məlumat və təəssüratlarını daha da zənginləşdirəcəklər”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu cür səfərlər Azərbayacn xalqının qurmaq, yaratmaq əzminin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən torpaqların dirçəldilməsi prosesinə başladı. Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı altında həyata keçirilən bu proses qısa zaman ərzində silsilə uğurlarla nəticələndi. Bütün infrastrukturun yenidən qurulması, dağıdılan, yaşayış üçün tamamilə yararasız hala salınan yüzlərlə yaşayış məntəqəsinin yerində müasir, beynəlxalq tələblərə cavab verən modern kənd və şəhərlrin salınması, bu prosesdə ən son texnoloji yenilikləriin tətbiqi bütün dünyada böyük heyranlıqla qarşılandı. Qürurvericidir ki, 6 il bundan öncə başlayan abadlıq-quruculuq prosesi bu gün də eyni templə davam etməkdə, yeni uğurlar və nailiyyətlərlə nəticələnməkdədir. Hazırda işğaldan azad edilən torpaqlarda kənd təsərrüfatı və sənayenin inkişafı ilə bağlı həyata keçirilən layihələr, bu prosesdə beynəlxalq şirkətlərin yaxından iştirakı görülən işlərin əhəmiyyəti ilə yanaşı, işğaldan azad olunan torpaqlarımızın gələcəyinə olan inamı əks etdirir. İşğaldan azad edilən torpaqlara səfər edən əcnəbi diplomatlar səfər əsnasında bütün bu uğurları bilavasitə şahid olacaqlar ki, bu da onların mənsub olduğu dövlətlərin müasir Azərbaycan həqiqətləri ilə yaxından tanış olması baxımından son dərəcə önəmlidir. Mən hörmətli Hikmət müəllim başda olmaqla səfərdə iştirak edən bütün diplomatlara uğurlar arzulayır, müvəffəqiyyətlər arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu