Please ensure Javascript is enabled for purposes of website accessibility
Организация ветеранов войны, труда и Вооруженных Сил Азербайджанской Республики
Мы всегда должны использовать опыт ветеранов
Гейдар Алиев

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında general-mayor Abbasəli Novruzovun anadan olmasının 85 illiyi ilə bağlı tədbir keçirilib

Mayın 24-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sərhəd Qoşunlarının sabiq komandanı, general-mayor Abbasəli Novruzovun anadan olmasının 85-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə veteranlar, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edib.

Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açıb, vətən uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxış edərək  yubiley münasibəti ilə general Abbasəli Novruzovu təbrik edib.

Daha sonra söz Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaniyə verilib. Abbasəli Novruzovu 85 illik yubiley münasibəti ilə təbrik edən Abdulla Qurbani, yubileyara Müdafiə Nazirliyinin medalını tədim edib, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubunu oxuyub. Tədbir əsnasında Abbasəli Novruzova zəng edən müdafiə naziri Zakir Həsənov onu təbrik edib, xoş sözlərini çatdırıb.

Daha sonra Abdulla Qurbaninin araşdırmaları əsasında Abbasəli Novruzov haqqında hazırlanan videomaterial təqdim edilib.

Abbasəli Novruzovun müstəqilliyimizin ilk illərində sərhədlərimizin möhkəmlənməsi, yeni kadrların hazırlanmasında böyük əmək srəf etdiyinə diqqət çəkən Abdulla Qurbani, onun bu gün də gənc sərhədçilər üçün əsl məktəb olduğunu vurğulayıb. Vaxti ilə qələmə aldığı “Sərhəd mənim taleyimdir” adlı kitabını Abbasəli Novruzova həsr etdiyini xatırladan Abdulla Qurbani, 85 yaşlı yubileyar haqqında bundan sonra da hələ çox yazılacağını qeyd edib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil XəlilovAbbasəli Novruzovun ömür yoluna nəzər salıb, onunla bağlı xatirələrini dilə gətirib:

“Hörmətli qonaqlar, bu gün biz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sərhəd Qoşunlarının formalaşmasında, dövlət sərhədlərimizin möhkəmlənməsində xüsusi xidmətləri olmuş general-mayor Abbasəli Novruzovun anadan olmasının 85 illik yubileyinə toplaşmışıq.  

General-mayor Abbasəli Novruzov sözün əsl mənasında şərəfli bir ömür yaşamışdır. Hər şey əsgərlik illərindən başlayıb. Çağırışçı kimi Sərhəd Qoşunlarına xidmətə çağırılıb və taleyini əbədi olaraq sərhəddə bağlayıb. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirmişdir. SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib. Hüquqşünas, hərbi tərcüməçi, kəşfiyyatçı Abbasəli Novruzov zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə qədər şərəfli bir yol keçmişdir. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğrultmuşdur. Səhhətiylə bağlı ehtiyata buraxıldıqdan sonra Azərbaycan Ədliyyə Nazirliyində idarə rəisinin müavini və rəis vəzifələrində çalışmışdır. 1979-cu ildə Lənkəran Sərhəd Dəstəsinin kəşfiyyat rəisi işləyərkən o vaxt Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın "Əməkdar hüquqşünas"ı fəxri adına və "SSRİ DTK-nın fəxri əməkdaşı" adına layiq görülmüşdür. Abbasəli Novruzov iki dəfə sərhədçi həyatı yaşayıb desək, yanılmarıq. 1984-cü ildə SSRİ Sərhəd Qoşunlarından ehtiyata buraxıldıqdan sonra Azərbaycanda Ədliyyə Nazirliyində məsul vəzifələrdə çalışmışdı. 1993-cü ildə sabiq prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi orduda, o cümlədən sərhəddə də quruculuq işlərinə başlanıldı. 1994-cü il aprelin 8-də Prezident Heydər Əliyev təcrübəsinə yaxşı bələd olduğu Abbasəli Novruzovu   Sərhəd Qoşunlarının Komandanı vəzifəsinə təyin etmişdi. O illərdə sərhəddə vəziyyət gərgin idi. Sovet ordusu Azərbaycanı tərk edərkən texniki qurğuları dağıtmışdılar. Keçmiş hakimiyyətin zəifliyindən istifadə edərək şəxsi mövqelərini dövlət mövqeyindən üstün tutan adamlar Sərhəd Qoşunlarına işə düzəlmişdilər. Yerli əhalidə, eləcə də sərhədyanı dövlətlərin sakinlərində belə bir fikir formalaşmışdı ki, sərhədi nə vaxt istəsələr, harada istəsələr poza bilərlər. Sərhədi nəinki piyada, hətta yük maşınları ilə pozurdular, sərvətlərimiz aramsız olaraq xaricə daşınırdı. Məhz belə bir vaxtda müdrik dövlət başçısının seçimi dəqiq idi. Az sonra A.Novruzov general-mayor hərbi rütbəsinə layiq görüldü, "Azərbaycan bayrağı" ordeni ilə təltif olundu. Qısa müddət ərzində   İranla yanaşı, Rusiya və Gürcüstanla olan sərhədlər də mühafizəyə götürüldü. İqtisadi çətinliklərə baxmayaraq, Xudat, Şəmkir, Zaqatala sərhəd dəstələri yaradıldı. Maddi-texniki bazanın möhkəmləndirilməsinə, sərhəd texniki qurğularının bərpasına diqqət artırıldı.

Sərhəd dəstələrinin fəaliyyətinin gücləndirilməsi sayəsində sərhəd pozucularının sayı minimum həddə endirildi. Azərbaycan MDB ölkələrinin xarici sərhədlərinin birgə qorunması barədə müqaviləyə qoşulmasa da, bütün birlik ölkələrinin mənafeyini nəzərə alan ikitərəfli saziş əsasında əməkdaşlığa üstünlük verildi, Rusiya Federasiyası və Gürcüstanla sərhəd məsələlərini tənzimləyən sazişlər imzalandı. Bütün bunlar dövlət sərhədlərimizin möhkləmlənməsində mühüm rol oynadı”.

Çıxışının sonunda polkovnik Cəlil Xəlilov Abbasəli Novruzova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Fəxri Fərman və “General Əliağa Şıxlınski” medalını təqdim edib.

Daha sonra vaxtı ilə Abbasəli Novruzovla çiyin-çiyinə çalışan hərbçilər çıxış edib, onunla bağlı xatirələrini danışıblar.

Sonda söz general-mayor Abbasəli Novruzova verilib. O, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, gənc sərhədçilərə xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

 

2022-05-24 14:56:00
2045 взгляды

Другие новости

Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaş üçün bir nümunədir

Şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək. AZƏRTAC xəbər verir ki, bu fikir yanvarın 24-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsini anma mərasimində səsləndirilib.    Əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanında cəsur sərkərdə Həzi Aslanovun abidə-kompleksi önünə əklil və gül dəstələri qoyub, generalın xatirəsini hörmət və ehtiramla yad ediblər.    Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, xalqımızın igid övladı, Böyük Vətən müharibəsinin iştirakçılarından olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaşımız üçün nümunədir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu diqqət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilir.     R.Əliyev Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliğ olunması məqsədilə keçirilən tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun şərəfli döyüş yolundan danışaraq qeyd edib ki, o, Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Azərbaycan xalqının igid övladı, Böyük Vətən müharibəsinin qəhrəmanlarından olan Həzi Aslanovun adı ən istedadlı sərkərdələrdən biri kimi tariximizə yazılıb. Bildirilib ki, 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimizin komandanlıq etdiyi tank briqadası Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və digər şəhərlərin faşizmdən azad olunmasında fəal iştirak edib. Həzi Aslanov 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülüb. Onun adı qəhrəmanlıq simvoluna çevrilib. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun, eləcə də Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəsil üçün vətənpərvərlik nümunəsi olacaq. Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olan Həzi Aslanovun adı həmişə qədirbilən xalqımız və dövlətimiz tərəfindən əziz tutulub. Sonra Həzi Aslanovun nəvəsi Emin Aslanov göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Читать далее
Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanmaq əzmindədir

Əzəli Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması, Ermənistanın həyata keçirdiyi mənfur düşmənçilik siyasəti Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılmasının daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərib. Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı fikirləri barədə AZƏRTAC-a müsahibəsində deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Ordumuz Azərbaycan xalqının tarixi ənənələrinə sadiq qalmaqla gündən-günə daha da güclənir. Beynəlxalq reytinq göstəricilərində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu olmaqla yanaşı, dünya miqyasında ən qüdrətli ordular sırasındadır. Bütün bunlar qətiyyətlə həyata keçirilən daxili və xarici siyasətin, uğurlu ordu quruculuğunun və güclü iqtisadiyyatın sayəsində mümkün olub. Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin gücünün artırılmasına daim xüsusi diqqət göstərir. Xarici ölkələrdən ən müasir hərbi texnikanın alınması, mütəmadi hərbi təlimlərin keçirilməsi, ordumuzun peşəkarlığının artırılması, düşmən mövqelərinə dəqiq və ölümcül zərbələrin endirilməsinə hazırlıq bu diqqətin bariz nümunəsidir. Ordu yüksək döyüş hazırlığına malik olmaqla daim düşmən mövqelərini izləyir, onları nəzarətdə saxlayır. Ehtiyatda olan polkovnik deyib: “Bunlar sübut edir ki, ordumuz düşmən üzərində qələbə qazanmağa qadirdir. Silahlı Qüvvələrimiz peşəkar kadrlarla, yüksək hərbi təhsilli, vətənpərvər zabitlərlə komplektləşdirilib. Əsgərlərimizin döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Maddi-texniki baza daim yenilənir, gücləndirilir, daha yaxşı nəticələrin əldə edilməsi üçün müasir silah və sursatla təmin edilir. Ordunun təminatının ödənilməsi üçün lazım olan, müasir tələblərə cavab verən hərbi texnika, silah-sursatın böyük əksəriyyəti Azərbaycanda istehsal edilir. Bu, ordumuzun hərbi-texniki təchizatı baxımından xarici dövlətlərdən asılılığını azalmaqla yanaşı, iqtisadiyyatımızın inkişafına da mühüm töhfə verir. Bu gün Ordumuzun döyüş qabiliyyətinin, peşəkarlıq səviyyəsinin yüksəldilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biri hesab edilir. 2016-cı ilin aprel döyüşlərini bu uğurun göstəricisi hesab etmək olar. Ordumuzun qonşu dövlətlərlə birgə həyata keçirdiyi təlimlər də peşəkarlığın artırılmasına xidmət edir. Bütün bunlar döyüş hazırlığının yüksəlməsinə təsir edən mühüm amillərdir”. C.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətin ölkəmizin tarixinə, qədim dövlətçilik ənənələrinə sadiqliyini sübut edir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, ordu quruculuğu təcrübəsinin öyrənilməsi və gənc nəslə çatdırılması baxımında “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan edilməsi yüksək dəqiqliklə düşünülmüş addımdır.

Читать далее
Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib

Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.  

Читать далее
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. Təbrikdə deyilir:   “Hörmətli Mehriban xanım!   Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyətinizdə uğurlar arzulayırıq.   Azərbaycan xalqının hər bir nümayəndəsi kimi əminik ki, Sizin Birinci vitse-prezident kimi ortaya qoyduğunuz böyük siyasi əzm, həyata keçirdiyiniz nəcib ideyalar, əməllərinizlə təbliğ etdiyiniz humanizm və xeyirxahlıq düşüncəsi bundan sonra da dövlətimizin çiçəklənməsinə töhfə verməklə yanaşı, cəmiyyətimizdə ictimai şüur və təfəkkürün sevgi, mərhəmət və vətənpərvərlik üzərində köklənməsinə kömək edəcək, mənəvi dəyərlərimizin inkişafına təkan verəcəkdir.   Bir daha  Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə bütün veteranların sevgi və salamını çatdırırıq”.   Hörmətlə: Fatma Səttarova və Cəlil Xəlilov

Читать далее