Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib

6 aprel 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və  Azərbaycanda veteran hərəkatı”

mövzusunda konfrans keçirilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov konfransı açıq elan edib.

Öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Vüsal Quliyev: “Azərbaycanda veteranlar hərəkatının formalaşmasında və inkişafında Heydər Əliyevin müstəsna rolu olmuşdur”

Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Azərbaycan veteranlar hərəkatının formalaşmasında və inkişafına Ümummilli lider heydər Əliyevin müstəsna rolu olduğunu bildirib:

“Ulu öndər Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, onlara münasibətdə xüsusi həssaslıq sərgiləyib. Heydər Əliyev veteranlara qayğı göstərməklə yanaşı, onların dövlətçilik mənafeyi, milli maraqlar konteksində birləşməsini də zəruri hesab edir, bu istiqamətdə mütəmadi addımlar atırdı. Ümummilli lider haqlı olaraq hesab edirdi ki, zəngin və şərəfli həyat yolu keçən veteranlar cəmiyyətin digər təbəqələri, xüsusilə də yeniyetmə və gənclər üçün nümunə olmalı, gənc nəsillər Vətənə, milli mənəvi dəyərlərə olan sevgini və bağlılığı veteranlardan öyrənməlidirlər. Bu baxımdan Heydər Əliyev veteranları cəmiyyətin avanqardı sayır, onların birliyinə, təşkilatlanmağına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, Azərbaycan veteranlar hərəkatının formalaşması Ulu öndərin adı ilə bağlıdır.

Veteranlarımızın iştirakı ilə keçirilən bu konfrans sübut edir ki, cəmiyyətimizin bütün təbəqəsi kimi veteranlar da öz qayğıkeş liderlərinin tarixi xidmətini unutmur, Ümummili lideri hər zaman sevgi və ehtiram hissi ilə yad edirlər. Və nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev də xalqımızla birlikdə yaşayacaq, sonsuz sevgi ilə xatırlanacaqdır”.

Cəlil Xəlilov: “Veteranlara dövlət qayğısı Heydər Əliyev tərəfindən bərpa edilib, yüksək səviyyəyə qaldırılıb”

Konfransda  çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov məhz Ulu öndərin sayəsində veteranlara dövlət qayğısının yüksək səviyyəyə çatdığını vurğulayıb:

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətlərindən danışarkən onun ölkədə veteran hərəkatının inkişafına göstərdiyi böyük dəstək də yada düşür.  Ulu Öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır.

Bu siyasət sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılmışdır. Bunun son təzahürləri kimi Respublika Veteranlar Təşkilatına ayrılan müasir standartlara tam cavab verən inzibati binanı, 1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını və nəhayət veteranlara dövlət qayğısının artırılmasını qeyd etmək olar.

Veteranlar bu münasibəti yüksək qiymətləndirir, göstərilən qayğı və diqqəti minnətdarlıqla qeyd edirlər”.     

Konfransda Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov və Samir Məmmədov, dövlət və QHT təmsilçiləri,  veteranlar və gənclər iştirak edib.

Konfransda Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Xüsusi Təyinatlıların, qazilərin, şəhid ailələri və veteranları İctimai Birliyinin sədr müavini Rafail Nuriyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, XTQ-in ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev çıxış ediblər.

Konfransın sonunda xatirə şəkli çəkilib.

2023-04-07 11:31:27
430 baxış

Digər xəbərlər

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər ilə birlikdə Vətən müharibəsinin şəhidi Verdiyev İsax Ədalət oğlunun Sumqayıt şəhərində yaşayan ailəsini ziyarət ediblər.   Əvvəlcə rayon rəhbəri Vətən müharibəsi şəhidinin ailə üzvləri ilə birlikdə Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, Şəhidlərin ruhuna dualar oxunub.   Sonra şəhidin ailəsinin yaşadığı mənzilə gələrək onlarla səmimi söhbət edib, qayğıları ilə maraqlanıb. Rayon icra hakimiyyəti tərəfindən ailəyə maddi yardım olunub.   Görüşdə rayon rəhbəri rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışıb, vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını deyib. Dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərildiyini bildirib. Qeyd edib ki, şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, ailələrinə xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər bilavasitə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişləri əsasında aparılır.   Qeyd edək ki, Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlu 21 sentyabr 1997-ci ildə Tərtər şəhərində anadan olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. O, oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfin edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.   Şəhidin ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.  

Hamısını oxu
Azərbaycana hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atdı

Bakı, 21 may, AZƏRTAC Ermənistanın otuz il ərzində səhv yolla gedərək işğal faktına görə Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum oldu. Azərbaycana hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atdı. İşğal və terror siyasəti hərbi, siyasi, iqtisadi və digər müstəvilərdə ağır böhran yaşayan Ermənistanın indiki acınacaqlı durumuna səbəb olan əsas amillərdir. Bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında deyib. Polkovnik bildirib ki, işğal siyasəti nəinki Ermənistanın inkişafının qarşısını alıb, hətta onu illərlə geriyə salıb. Bu ölkə son 30 ildə həyata keçirdiyi işğalçılıq siyasətinin region üçün ağır fəsadlara səbəb olduğu, özündən sonra ciddi problemlər qoyduğu birmənalıdır. Lakin bu bir həqiqətdir ki, işğal və terrorçuluq siyasətinin ən acınacaqlı duruma saldığı ölkə elə Ermənistanın özüdür. Baxın, son otuz il ərzində işğal faktına, bir milyondan çox qaçqın və məcburi köçkün probleminə baxmayaraq, ölkəmiz bütün sahələrdə çox böyük inkişafa nail olub. İqtisadiyyatını sürətlə inkişaf etdirən Azərbaycan çoxsaylı regional və qlobal layihələr həyata keçirib, bölgənin ən inkişaf etmiş ölkəsinə çevrilib. Ermənistan isə Qarabağdakı təbii sərvətlərimizi vəhşicəsinə istismar etməsinə baxmayaraq, ağır iqtisadi böhranla üzləşib. Kütləvi işsizlik, həyat səviyyəsinin sürətlə aşağı düşməsi, xarici borcun kəskin şəkildə artması, rüşvət və korrupsiyanın çiçəklənməsi, regional layihələrdən kənarda qalmaq Ermənistan üçün son otuz ildə xarakterik olan başlıca amillərdir. Bütün bu faktlar onu göstərir ki, bu ölkə işğalçılıq siyasəti həyata keçirməklə ən böyük ziyanı məhz özünə vurub. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən dərhal sonra Azərbaycan regionda yeni sülh və quruculuq mərhələsinin başlandığını elan etdi. Lakin görünən odur ki, Ermənistan hazırda Azərbaycanın əməkdaşlıq səylərini dəstəkləmək istəmir. Halbuki, Azərbaycanın əməkdaşlıq səylərini cavabsız qoymaq, torpaq iddialarını davam etdirmək, müxtəlif təxribatlara əl atmaq Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoya bilər. Çünki Azərbaycanın mövqeyi bəlli və birmənalıdır. Azərbaycan açıq şəkildə bəyan edib ki, o, hər cür terror və təxribatçılıq cəhdinə sərt reaksiya verəcək, bu kimi hallarda “Dəmir yumruq” özünü bütün əzəməti və sərtliyi ilə göstərəcək. “Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi onun məkrli niyyətindən xəbər verir. 2020-ci ilin 10 noyabr bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb. Lakin buna baxmayaraq Ermənistan indiyədək minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir. Bu isə mülki şəxslər və hərbçilərimiz arasında tələfatlara səbəb olur. Bu, faktiki olaraq mina terrorunun davam etdirilməsi deməkdir. Azərbaycan tərəfi haqlı olaraq Ermənistanın bu təxribatını davamlı şəkildə ifşa etməkdə və qınamaqdadır. Lakin beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri də bu məsələdə Ermənistana təzyiq göstərməli, minalanmış ərazilərin xəritəsini verməyə məcbur etməlidir. Çünki Ermənistanın Azərbaycanın sülh və əməkdaşlıq səylərini dəstəkləməməsi, bədxah əməllərini davam etdirməsi bütün regionda sülh və sabitliyin bərqərar olmasına mane ola, bölgədə yeni bir gərginliyin meydana gəlməsinə səbəb ola bilər. Bunun olmaması üçün Ermənistana dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlərin göstərilməsi vacibdir”, - deyə Respublika Veteranlar Təşkilatının sədr müavini vurğulayıb.

Hamısını oxu
Yeni dərs ili ilə əlaqədar olaraq şəhid övladlarına planşetlər hədiyyə olunub

Veteran.gov.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell Telekom” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri ilk dəfə məktəbə qədəm qoyacaq şəhid övladları ilə görüşüblər.   Nümayəndələr uşaqları birinci sinfə getmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.   Görüşdə döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən oğulları xatırlanıb.   Şəhidlərin övladlarına təhsil üçün planşetlər hədiyyə edilib.   “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq birinci sinifə qədəm qoyan bütün şəhid öladlarını təbrik edir, uğurlar arzulayırıq.  

Hamısını oxu
Sankt-Peterburq hökumətinin üzvü - Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev Respublika Veteranlar Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Sankt-Peterburq hökumətinin üzvü - Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryevin rəhbərlik etdiyi nümayəndə heyəti 20 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib, Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb. Polkovnik Cəlil Xəlilov Yevgeni Qriqoryevi Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə ətraflı tanış edib, görülən və görülməsi planlaşdırılan işlərdən danışıb. Görüşdə iki ölkənin veteran təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.  

Hamısını oxu