Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeni dərs ili ilə əlaqədar olaraq şəhid övladlarına planşetlər hədiyyə olunub

Veteran.gov.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell Telekom” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri ilk dəfə məktəbə qədəm qoyacaq şəhid övladları ilə görüşüblər.

 

Nümayəndələr uşaqları birinci sinfə getmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

 

Görüşdə döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən oğulları xatırlanıb.

 

Şəhidlərin övladlarına təhsil üçün planşetlər hədiyyə edilib.

 

“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq birinci sinifə qədəm qoyan bütün şəhid öladlarını təbrik edir, uğurlar arzulayırıq.

 

2021-09-21 10:11:00
804 baxış

Digər xəbərlər

Qürurun və Qələbənin Ad günü

Avqustun 27-si... Bu tarixdə Azərbaycan torpağına iki qəhrəman övlad göz açmışdı. Onların biri Xaliq idi, digəri isə Cavid. Ad günü eyni, ömür yolu bənzər, taleləri isə şəhidlik zirvəsində qovuşmuşdu. Hər ikisi bu torpaq uğrunda Vətənin bütövlüyü naminə gözlərini belə qırpmadan can verdilər. Xaliq Əzizzadə 1996-cı ildə dünyaya gəlmişdi. Uşaqlıq illəri Xətai rayonunda, 116 nömrəli məktəbin sıralarında keçdi. Əsgər geyimini geydiyi gündən Vətənin harayına hazır idi. 2016-cı ilin Aprel döyüşlərində ön cəbhədə yer aldı və düşmənin təxribatlarına qarşı rəşadətlə vuruşdu. O, həmin günlərdə torpaq üçün döyünən bir ürək, şəhidlik zirvəsinə ucalan bir igid idi. Aprelin 6-da minlərlə insan onun tabutunun arxasınca yürüdü. Ən ağır yaylım atəşi torpağa deyil, könüllərə sancıldı. Amma o gün Vətən oğlunu sinəsinə basdı, Xaliq Əzizzadə şəhid oldu, ancaq xalqının qəlbində əbədi yaşadı. Beş il sonra, 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı başqa bir qəhrəman Cavid Paşazadə döyüş meydanında tarixin səhifəsinə öz adını yazdı. 2001-ci ilin 27 avqustunda doğulmuşdu. Məktəbdə tərbiyəsi, biliyi ilə seçilərdi, lakin bacıları kimi təhsil yolunu tamamlamağa imkan tapmadı. Vətən çağırdı, o da cavab verdi. Xocavəndin sərt dağlarında, alınmış postların qorunması üçün saatlarla döyüşdü. Dörd gəncdən biri idi. Göz qırpmadan, addım geri atmadan vuruşurdu. Və nə qədər də acıdır ki,  bacısı Zeynəbin ad günündə şəhidlik zirvəsinə ucaldı. İllər ötür, amma zaman bu igidlərin adını unutdura bilmir. Xaliq Əzizzadə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə, Cavid Paşazadə isə "Vətən uğrunda" medalı ilə ölümündən sonra təltif edildi. Bu gün artıq beş ildir ki, Qarabağ azaddır. Şuşada, Füzulidə, Xocavənddə, Laçında, Zəngilanda, Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanır. Bu torpaqlarda şəhidlərin ruhu dolaşır. Bugün biz həm onların, həm də Zəfərimizin doğum gününü qeyd edirik. Onlar şəhid oldular ki, Vətən yaşasın, biz yaşayaq. Və biz yaşadıqca onların adını yaşadacağıq. Qoy bu torpaq onları heç vaxt unutmasın. Qoy bütün nəsillər bilsin ki, azadlıq şəhidlərin qanı ilə yazılır. Şəhidlər ölməz, Vətən bölünməz! Cəlil Xəlilov:  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Hikmət Hacıyevdən “sülhün Azərbaycan modeli” ilə bağlı tarixi mesaj... - TƏHLİL!

Sözdən əmələ, nəzəriyyədən praqmatizmə uzanan yol... Məlum olduğu kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşə dair "X" platformasında paylaşım edib. Hikmət Hacıyev paylaşımında Azərbaycanın sülh siyasəti ilə bağlı dəyişməz mövqeyinə toxunub, bu istiqamətdə görülən işlərə diqqət çəkib: “Biz Vaşinqton gündəliyinə tam sadiqik. Bu sadiqlik sadəcə bəyanat xarakterli deyil və kağız üzərində qalmır. Əksinə, sülh gündəliyini gücləndirmək üçün konkret və praqmatik addımlar atılır. Bu addımlar sırasında ikitərəfli ticarətin inkişafı, Azərbaycan üzərindən Ermənistana tranzit daşımaların həyata keçirilməsi və insanlararası əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Bu təşəbbüslər sülhün iqtisadi dividendlərinin formalaşmasına xidmət edir”. Göründüyü kimi, Hikmət Hacıyev Azərbaycan üçün sülh məfhumunun sadəcə sözdən ibarət olmadığını, bu məfhumu gündəlik yaşamın bir hissəsinə çevirmək üçün dövlətimizin praktiki müstəvidə sistemli iş apardığını bildirib. Vaşinqton görüşündən sonra ötən qısa zaman ərzində iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına, Azərbayan üzərindən Ermənistana edilən tranzit daşımalarına diqqət çəkən Hikmət Hacıyev, bunu sülhün praktiki müstəvidəki təcəssümü kimi dəyərləndirib. Prezidentin köməkçisi çıxışında bir nüansı – Azərbaycanla Ermənistan arasındakı insanlararası əlaqələrin genişləndirilməsini də xüsusi vurğulayır. Hansı ki, bu amil, sülh üçün yuxarıda qeyd edilən digər amillərdən daha mühüm önəm kəsb edir. Çünki bütün münasibətlərin nüvəsində insan amili dayanır və münasibətlərin istər mövcud, istərsə də gələcək inkişafını məhz bu amil müəyyənləşdirir. Buna görə də insanlararası münasibətlərin inkişafı bütün digər müstəvilərdə münasibətlərin inkişafına təkan vermək deməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu missiyanın öhdəsindən uğurla gəldiyi göz önündədir. Qəbələdə “Sülh körpüsü” təşəbbüsünün iştiakçıları ilə keçirilən görüş bunun ən bariz nümunəsidir. Hikmət Hacıyev paylaşımında müharibə və münaqişələrdən əziyyət çəkən müasir dünyamızda Azərbaycanla Ermənistan arasındakı sülhün ikiqat əhəmiyyət kəsb etdiyini qeyd edib: “Qlobal proseslərin—Üçüncü Dünya müharibəsi ilə müqayisə edilən tendensiyaların və Yaxın Şərqdə davam edən vəziyyətin fonunda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əhəmiyyəti daha da artır”. Hikmət Hacıyevin də qeyd etdiyi kimi, beynəlxalq müstəvidəki gərginliklər və qarşıdurmalar fonunda Cənubi Qafqazda etbarlı sülhün formalaşması mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud əmin-amanlığın qorunub saxlanılması, qarşılıqlı inam və etimadın zamanla daha da dərinləşdirilməsi baxımından böyük önəm kəsb edir. Bununla yanaşı, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, sülh həm də inkişaf və tərəqqi deməkdir. Sülhün olmadığı heç bir yerdə tərəqqi mövcud deyil. Bu baxımdan inkişafı təmin etmək, tərəqqiyə nail olmaq üçün sülhün qorunması, inkişaf etdirilməsi olduqca vacibdir. Prezidentin köməkçisi paylaşımında Ermənistanda revanşist qüvvələrin mövcudluğuna da diqqət çəkib və bunu sülh üçün təhlükə kimi dəyərləndirib: “Bu çağırışlar regionu yenidən qeyri-sabitliyə—1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində olduğu kimi—sürükləmək riski yaradır. Amma Ermənistan cəmiyyətinin özünün sülhə can atdığını görmək bizə ümid verir ki, prosesi pozmağa çalışan qüvvələr sonda uğursuzluğa düçar olacaq”. Sitatdan da göründüyü kimi, Hikmət Hacıyev revanşist qüvvələrin sülh üçün kəsb etdiyi riskə toxunmaqla yanaşı, Ermənistan cəmiyyətinin sülhə can atdığını vurğulayır və qeyd edir ki, məhz bu amil – Ermənistan cəmiyyətinin sülh arzusu revanşistlərin uğursuzluğa düçar olacağını dşünməyə əsas verir. Başqa sözlə desək, Hikmət Hacıyev revanşist qüvvələr qarşısındakı ən böyük maneənin Ermənistan cəmiyyəti, bu cəmiyyətin sülh arzusu olduğunu diqqətə çatdırır, sülhün qalib gələcəyinə inamını ifadə edir. Bir sözlə, Hikmət Hacıyev öz paylaşımında ifadə etdiyi fikirlərlə bir daha “sülhün Azərbaycan modelinə”diqqət çəkir, bu modelin praktikliyinə toxunur. Xatırladaq ki, kifayət qədər sadə və bir o qədər də effektiv olan bu modelin əsasında isə üç prinsip dayanır: siyasi iradə, cəsarət və sadiqlik! Hansı ki, bu prinsip Prezident İlham Əliyev tərəfindən 12 mart 2026-cı il tarixində Bakıda, “Gülüstan” sarayında  “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda dövlət başçısı tərəfindən dilə gətirilib, dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu üç prinsipə əməl etməklə “sülhün Azərbaycan modeli”ni münaqişə və qarşıdurmalardan əziyyət çəkən dünyamızın istənilən bölgəsində tətbiq etmək, bu bölgələrə yenidən dinclik və firavanlıq bəxş etmək mümkündür. Seymur ƏLİYEV  

Hamısını oxu
“Müasir Ermənistan Fransa hərb sənayesinin nəhəng deposuna bənzəyir”

Cəlil Xəlilov: “Rəsmi Paris Ermənistanın silahlandırılmasını özünün əsas xarici siyasət kursu elan edib”   “Müasir Ermənistan Fransa hərb sənayesinin nəhəng deposuna bənzəyir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən pokovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Fransa tərəfindən Ermənistanın ölümcül silahlarla təchiz edilməsi ancaq və ancaq Cənubi Qafqazda mövcud vəziyyəti gərginləşdirməyə xidmət edir:   “44 günlük Vətən müharibəsindən sonra Fransa Ermənistanı silahlandırma kursu götürüb ki, bu siyasət günümüzdə də davam etməkdədir. Bugünlərdə mətbuatda yer alan məlumatlarda vurğulandı ki, Fransa Ukraynada istehsal etdiyi hərbi sənaye məhsullarının 30%-ə qədərini Ermənistan üçün ayırır. Bu, olduqca böyük rəqəmdir və Fransanın Ermənistanı silahlandırmaq tempini durmadan artırdığını göstərir. Həmçinin, bütün bunlar göstərir ki, rəsmi Paris Ukraynada olduğu kimi, dünyanın digər bölgələrində də qaynar nöqtələrin yaradılmasında maraqlıdır.   Fransanın Ermənistanı silahlandırması, onu müasir hərbi-sənaye məhsulları ilə təmin etməsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə, hərbi qarşıdurma ehtimalını artırmaqdadır. Əgər bölgədə hər hansı qarşıdurma baş verərsə, bunun məsuliyyəti İrəvanla yanaşı, həm də rəsmi Parisin üzərinə düşəcək”.   Cəlil Xəlilov qeyd edib ki, Fransa Ermənistanı silahlandırmaq siyasətindən imtina etməli, sülh  prosesinə zərər vurmaqdan əl çəkməlidir:   “10 noyabr 2020-ci il Bəyanatından bir neçə il ötsə də, Ermənistan sülh müqaviləsi imzalamaq istəmir, bundan müxtəlif vasitələrlə yayınmağa çalışır. Rəsmi İrəvanı sülhdən çəkindirən, onu təxribat və avantüralara həvəsləndirən əsas amillərədn biri isə Fransanın ona göstərdiyi hərbi-siyasi yardımdır. Məhz bu kimi yardımlar Ermənistanda revanşizm əhval-ruhiyyəsinin alovlanmasına təkan verir, yeni qarşıdurma riskini yüksəldir. Buna görə də, Fransa bu məsələdə öz məsuliyyətini dərk etməli, sülh və təhlükəsizliyə xələl gətirən silahlandırma siyasətindən imtina etməlidir. Əks təqdirdə, bu, Fransa tərəfindən yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa və bəşəriyyətə qarşı cinayət demək olacar”.

Hamısını oxu
Türkiyə hərbçilərini və hərbi texnikalarını Naxçıvana göndərdi

Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Publika.az xəbər verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib. “Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları təlim yerlərinə doğru hərəkəti davam etdiriblər. Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qardaş ölkənin hərbi qulluqçularının təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar. Sonra təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

Hamısını oxu