Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev: Ömrünü xalqın rifahına həsr edən lider!

Azərbaycan xalqının sosial rifahının yüksəlməsi, onun yaşam səviyyəsinin davamlı olaraq  yaxşılaşması hər zaman Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində  - mürəkkəb hərbi-siyasi vəziyyətdə hakimiyyətə gələn Heydər Əliyev, ölkənin düşdüyü ağır duruma rəğmən vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində silsilə addımlar atır, bu yöndə mühüm qərarlar qəbul edirdi. Ulu öndər hesab edirdi ki, müharibə və iqtisadi böhran şəraitində belə xalqın sosial rifahının diqqət mərkəzində saxlanılması vacibdir və bu, çoxsaylı problemlər fonunda prioritet məsələlərdən biri olmalıdır. Bu baxımdan Heydər Əliyevin səyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyada əhalinin sosial rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin olunması öz əksini tapır.

Sosial rifah amilinin konstitusiyada yer alması, dövlətin əsas məqsədlərindən biri elan edilməsi Heydər Əliyevin xalqa, onun layiqli yaşamına verdiyi yüksək diqqətin göstəricisidir.

Ulu öndərin sosial siyasəti rəqəmlərin dili ilə...

1993-cü ildən - hakimiyyətə gəldiyi ilk gündən xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində konkret addımlar atan Heydər Əliyev, zaman-zaman bu yöndə böyük uğurlar əldə etmiş, əhalinin rifah səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə nail olmuşdur. Təkcə bir faktı qeyd edək ki, 1993-2003-cü illər ərzində Heydər Əliyev qayğısı sayəsində pensiya və müavinətlər 8 dəfə artmışdır ki, bu da əhalinin həssas təbəqəsinin sosial rifahının önəmli dərəcədə yaxşılaşmasına öz töhfəsini vermişdir.

Ulu öndər əmək haqlarının artırılması məsələsini də diqqət mərkəzində saxlayır, ölkənin iqtisadi imkanlarından istifadə edərək bu sahədə ciddi irəliləyişlərin təmininə nail olurdu. Statistika göstərir ki, Ulu öndər 1993-2003-cü illər ərzində orta aylıq əmək haqqının 6 dəfə artırılmasına nail olmuşdur ki, bu da o dövrün reallığı baxımından olduqca yüksək göstəricidir.

Onu da qeyd edək ki, Ulu öndər bütün bu uğurlara bir tərəfdən erməni işğalna qarşı mübarizə, digər tərəfdən iqtisadi böhran və siyasi təzyiqlərlə mübarizə fonunda nail olmuş, xalqın sosial rifahını yüksəltməklə yanaşı müasir ordu formalaşdırmaq, iqtisadiyyatı gücləndirmək, müstəqilliyi möhkəmləndirmək istiqamətində böyük işlər görmüşdür.

Ümummilli lider: “Bütün təbəqələrin həyat tərzini yaxşılaşdırmağa çalışmalıyıq”

Ulu öndər Heydər Əliyevin yürütdüyü sosial siyasətdə həssas kateqoriyadan olan şəxslərə daha çox diqqət yetirilsə də, Ümummilli lider bütövlükdə bütün xalqın sosial rifahını yüksəltməyə çalışır, bütün vətəndaşların həyat şəraitini yaxşılaşdırmağa səy göstərirdi. Təsadüfi deyil ki, 1993-cü ildə Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışı zamanı bu reallığa toxunan Heydər Əliyev demişdir: “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.”

Heydər Əliyevin məlum açıqlaması bir daha göstərir ki, onun sosial siyasətinin hədəfində ayrı-ayrı şəxslər deyil, bütöv xalq dayanırdı və o, xalqın sosial rifahını yaxşılaşdırmaq yolunda yorulmadan çalışırdı.

İlham Əliyev Ulu öndər irsinə, onun sosial siyasətinə sadiqdir

Sevindiricidir ki, Ulu öndərin sosial siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, bu istqiamətdə mühüm nailiyyətlərə nail olunmuşdur. Hakimiyyətə gəldiyi ilk gündən yoxsulluğa qarşı mübarizəyə mühüm diqqət verən dövlət başçsı hələ 2019-cu ildə Azərbaycanı dünyada yoxsulluğu 5%-ə endirən 29 dövlətdən biri etmişdir. 2003-2019-cu illər arasında pensiyalar 9, əmək haqları isə 7 dəfə artırılmışdır. Məcburi köçkünlər üçün aylıq müavinətlərin artırılması, problemli kreditlərin həlli istiqamətində atılan addımlar da Prezident İlham Əliyevin sosialyönümlü siyasətə böyük diqqət verdiyini göstərdi.

Ulu öndər Heydər Əliyev kimi Prezident İlham Əliyev də həssas kateqoriyadan olan vətəndaşlara – şəhid ailəəlrinə, qazilərə, əlillərə, məcburi köçkünlərə xüsusi həssaslıqla

yanaşır, onlarla mütəmadi görüşlər keçirir, bu insanların sosial rifahının yaxşılaşması üçün dövlətin bütün imkanlarını maksimum səfərbər edir.

Prezident İlham Əliyev sonrakı dönəmdə də sosialyönümlü siayasət xəttini qoruyub saxlamış, vətəndaşların sosial rifahının yaxşılaşması üçün ciddi addımlar atmışdır. Qeyd edək ki, 2021, 2022 və 2023-cü illərin dövlət büdcəsində sosial xərclər 38,8%-dən 46%-ə qədər yüksədilmişdir. 2023-cü ilin dövlət büdcəsindən sosial xərclər üçün 15 milyard manatdan çox vəsait ayrılıb ki, bu da Azərbaycanın müstəqilik tarixində rekord göstəricidir.

44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının qayğısı sayəsində 124 min şəhid ailəsi və müharibə iştirakçısına sosial dəstək paketi çərçivəsində 281 min xidmət göstərilib. Vətən müharibəsindən sonra şəhid ailələrinə, müharibə əlillərinə 13 460 mənzil və fərdi ev verilib ki, bu da dövlətin öz vətəndaşlarının mənzi-məişət şəraitinin yaxşılaşmasına necə böyük qiymət verdiyini göstərir. Xatırladım ki, Prezidentin tapşırığına uyğun olaraq cari ildə də ən az 1500 mənzil və fərdi evin sözügedən kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulur.

Bütün bunlar onu göstərir ki, müasir Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu öndərin siyasətinə sadiqdir və bu siyasəti mütəmadi şəkildə inkişaf etdirir.

Səmyar Abdullayev

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri

 

2023-05-09 18:07:34
131 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun bir qrup İkinci Dünya müharibəsi veteranları ilə görüşü keçirilib

Respublika Veteranlar Təşkilatında tədbirdə çıxış edən Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ərəfəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, Respublika Veteranlar Təşkilatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqələrinin çoxillik tarixi və xüsusi əhəmiyyəti vardır. Hələ keçmiş SSRİ dövründə təməli qoyulmuş bu qarşılıqlı fəaliyyət hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı fəaliyyət, eləcə də gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətlərində müvafiq tədbirlərin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daim Təşkilatın fəaliyyətinə dəstək olub. Bugünkü görüşün keçirilməsi də qeyd olunanlara əyani sübutdur. Alman faşizmi üzərində qələbənin 73-cü ildönümü münasibətilə veteranları təbrik edən Arzu Rəhimov onlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzulayıb. Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirən A.Rəhimov bu işin torpaqlarımızın 20 faizinin Ermənistan hərbi birləşmələrinin işğalı altında olduğu vaxtda xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hazırda Azərbaycanda İkinci Dünya müharibəsi veteranlarına dövlət tərəfindən, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən Xidmət rəisi bugünkü görüşün məqsədinin də məhz bu olduğunu bildirib. A.Rəhimov İkinci Dünya müharibəsində Azərbaycanın cəbhəyə verdiyi əvəzsiz töhfələrdən və Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdiyi şücaətlərdən danışıb. General-leytenant Arzu Rəhimov Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova xüsusi hədiyyə təqdim etdi.  Daha sonra İkinci Dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələrini təqdim edərək onlarla hər görüşün əlamətdar hadisə kimi yadda qaldığını vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova Azərbaycan dövlətinin veteranlara göstərdiyi qayğıya və general-leytenant Arzu Rəhimovun onlarla görüşə gəldiyinə görə veteranlar adından təşəkkürlərini çatdırıb.

Hamısını oxu
Türkiyəyə göndərilən 7 qazi sağalaraq Vətənə dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 7 qazi sağalaraq Vətənə geri dönüb.     Fonddan APA-ya verilən məlumata görə, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.   Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.   Sağalaraq Vətənə geri dönən qazilər aşağıdakılardır: 1. Mehtiyev Namiq Mureddin oğlu 2. Həsənov Bəxdiyar Dilqəm oğlu 3. Əliyev Cahangir Gülbala oğlu 4. Hüseynov Tural Araz oğlu 5. Babayev Elnur Əlihüseyn oğlu 6. Cavadzadə Fuad Sənani oğlu 7. Atakişiyev Rəşad Nazim oğlu   "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.   “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.   Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.  

Hamısını oxu
II Dünya müharibəsi veteranı əlil arabası ilə təmin edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığı ilə Ağdaş rayon sakini II Dünya müharibəsi veteranı İslam Həsənov Həsənbala oğlu əlil arabası ilə təmin edilib. Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Ağdaş rayon Veteranlar Təşkilatının sədri Elton Hacıyev, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov,  rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev,“Ağdaş” qəzetinin redaktoru Tofiq İsayevin iştirakı ilə əlil arabası II Dünya müharibəsi veteranına təhvil verilib. 6 ildir ki, yataq xəstəsi olan qocaman veteran İslam Həsənov və ailə üzvləri ona göstərilən diqqət və qayğıya görə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova minnətdarlığını bildirib.

Hamısını oxu
İlham Əliyev və Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və digər rəsmi şəxslər görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar. AZƏRTAC xəbər verir ki, nekroloqda deyilir: Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Əvəz qızı Namazova 2020-ci il dekabrın 16-da ömrünün 95-ci ilində vəfat etmişdir. Ədilə Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə 1949-cu ildə başlayan Ədilə Namazova həmin vaxtdan etibarən 1953-cü ilədək Ağdam rayonunda Uşaq tibb məsləhətxanasının müdiri işləmişdir. O, 1954–1957-ci illərdə Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1958–1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının assistenti, 1960–1965-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya Elmi Tədqiqat İnstitutunun doktorantı olmuşdur. 1965-ci ildən taleyini Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlayan Ədilə Namazova burada ömrünün sonunadək uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır. Ədilə Namazova tibb elmləri üzrə 1959-cu ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1966-cı ildə professor elmi adına layiq görülmüşdür. O, 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycanda tibb elminin tədrisi və yeni nailiyyətlərlə zənginləşdirilməsində akademik Ədilə Namazovanın xüsusi əməyi vardır. Uzun illər ərzində tibb elminin müxtəlif sahələrinə dair apardığı araşdırmaları alimə ölkəmizdə və onun hüdudlarından kənarda geniş şöhrət qazandırmışdır. Ədilə Namazova respublikada pediatriya elmi məktəbinin yaradıcılarındandır. Alimin uşaq sağlamlığının qorunmasına yönəlmiş məhsuldar elmi fəaliyyətinin başlıca istiqamətləri uşaqlarda revmatizm və ürək qüsurlarının diaqnostikası və müalicə metodlarının təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu elmi işlər sayəsində ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri öyrənilmiş, süni qan dövranı şəraitində cərrahi müalicənin mümkünlüyü kriteriyaları müəyyən edilmişdir. Həmin tədqiqatlar, eyni zamanda, sonrakı fundamental araşdırmalar və yeni müalicə üsullarının tətbiqi üçün geniş imkanlar açmışdır. Alim, həmçinin müxtəlif metodlardan istifadə əsasında təcrübi tövsiyələri ilə tibb elminə töhfələr vermişdir. Respublikada tibbi xidmətin müasir tələblərə cavab verən formalarının təşkilində Ədilə Namazovanın təqdirəlayiq xidmətləri olmuşdur. Ədilə Namazova 400-dən artıq elmi əsərin, o cümlədən 30 monoqrafiyanın, dərsliyin və metodik vəsaitin, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Alimin xarici dillərdə işıq üzü görən əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır. Ədilə Namazova çoxillik pedaqoji fəaliyyəti dövründə zəngin bilik və bacarıq nümayiş etdirərək yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərmişdir. Onun rəhbərliyi ilə respublikamız və xarici ölkələr üçün 60-a yaxın tibb elmləri doktorları və tibb üzrə fəlsəfə doktorları hazırlanmışdır. Alim mötəbər beynəlxalq forumlarda pediatriyanın aktual problemlərinə dair məzmunlu çıxışları ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir. Səmərəli ictimai fəaliyyət göstərən Ədilə Namazova 1988–1992-ci illərdə SSRİ xalq deputatı olmuş, habelə bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü seçilmişdir. Ölkəmizdə təbabətin inkişafı və yüksək ixtisaslı həkim kadrların yetişdirilməsi sahəsində akademik Ədilə Namazovanın xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmiş, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür. Görkəmli alim, mahir pedaqoq və səmimi insan Ədilə Əvəz qızı Namazovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Əli Əhmədov Eldar Əzizov Fərəh Əliyeva Oqtay Şirəliyev Ramiz Mehdiyev Əhliman Əmiraslanov Cəmil Əliyev Sudeif İmamverdiyev Nuru Bayramov Gəray Gəraybəyli  

Hamısını oxu