Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev və Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və digər rəsmi şəxslər görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar. AZƏRTAC xəbər verir ki, nekroloqda deyilir: Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Əvəz qızı Namazova 2020-ci il dekabrın 16-da ömrünün 95-ci ilində vəfat etmişdir. Ədilə Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə 1949-cu ildə başlayan Ədilə Namazova həmin vaxtdan etibarən 1953-cü ilədək Ağdam rayonunda Uşaq tibb məsləhətxanasının müdiri işləmişdir. O, 1954–1957-ci illərdə Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1958–1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının assistenti, 1960–1965-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya Elmi Tədqiqat İnstitutunun doktorantı olmuşdur. 1965-ci ildən taleyini Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlayan Ədilə Namazova burada ömrünün sonunadək uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır. Ədilə Namazova tibb elmləri üzrə 1959-cu ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1966-cı ildə professor elmi adına layiq görülmüşdür. O, 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycanda tibb elminin tədrisi və yeni nailiyyətlərlə zənginləşdirilməsində akademik Ədilə Namazovanın xüsusi əməyi vardır. Uzun illər ərzində tibb elminin müxtəlif sahələrinə dair apardığı araşdırmaları alimə ölkəmizdə və onun hüdudlarından kənarda geniş şöhrət qazandırmışdır. Ədilə Namazova respublikada pediatriya elmi məktəbinin yaradıcılarındandır. Alimin uşaq sağlamlığının qorunmasına yönəlmiş məhsuldar elmi fəaliyyətinin başlıca istiqamətləri uşaqlarda revmatizm və ürək qüsurlarının diaqnostikası və müalicə metodlarının təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu elmi işlər sayəsində ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri öyrənilmiş, süni qan dövranı şəraitində cərrahi müalicənin mümkünlüyü kriteriyaları müəyyən edilmişdir. Həmin tədqiqatlar, eyni zamanda, sonrakı fundamental araşdırmalar və yeni müalicə üsullarının tətbiqi üçün geniş imkanlar açmışdır. Alim, həmçinin müxtəlif metodlardan istifadə əsasında təcrübi tövsiyələri ilə tibb elminə töhfələr vermişdir. Respublikada tibbi xidmətin müasir tələblərə cavab verən formalarının təşkilində Ədilə Namazovanın təqdirəlayiq xidmətləri olmuşdur. Ədilə Namazova 400-dən artıq elmi əsərin, o cümlədən 30 monoqrafiyanın, dərsliyin və metodik vəsaitin, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Alimin xarici dillərdə işıq üzü görən əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır. Ədilə Namazova çoxillik pedaqoji fəaliyyəti dövründə zəngin bilik və bacarıq nümayiş etdirərək yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərmişdir. Onun rəhbərliyi ilə respublikamız və xarici ölkələr üçün 60-a yaxın tibb elmləri doktorları və tibb üzrə fəlsəfə doktorları hazırlanmışdır. Alim mötəbər beynəlxalq forumlarda pediatriyanın aktual problemlərinə dair məzmunlu çıxışları ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir. Səmərəli ictimai fəaliyyət göstərən Ədilə Namazova 1988–1992-ci illərdə SSRİ xalq deputatı olmuş, habelə bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü seçilmişdir. Ölkəmizdə təbabətin inkişafı və yüksək ixtisaslı həkim kadrların yetişdirilməsi sahəsində akademik Ədilə Namazovanın xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmiş, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür. Görkəmli alim, mahir pedaqoq və səmimi insan Ədilə Əvəz qızı Namazovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Əli Əhmədov Eldar Əzizov Fərəh Əliyeva Oqtay Şirəliyev Ramiz Mehdiyev Əhliman Əmiraslanov Cəmil Əliyev Sudeif İmamverdiyev Nuru Bayramov Gəray Gəraybəyli  

2020-12-16 00:00:00
3436 baxış

Digər xəbərlər

AR Dövlət Təhlükəsuzlik Xidmətinin rəisi cənab general-polkovnuk Əli Nağıyeva

Hamısını oxu
Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü Nəsimi rayonunda qeyd olunub

Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 22 iyun 2021-ci il tarixində  Nəsimi  rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günunə həsr edilən tədbir keçirib.   Tədbirdə Nəsimi  rayon VT-nın sədri Validə Vəliyeva, 44 günlük Vətən   müharibəsi    döyüşçüləri  Mətləb Əhmədov,  Rövşən Rzayev, Nifi Məmmədov,Elçin Əhmədov, Birinci Qarabağ veteranı Taryel Eyvazov və digər qonaqlar iştirak edib.   Tədbiri Nəsimi  rayon VT-nın sədri Validə Vəliyeva  açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib.   Daha sonra çıxış edən polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Azərbaycan ordusunun yaranma tarixindən bəhs edən polkovnik Adil Haqverdiyev, tarixin bütün dönəmlərində Azərbaycan xalqının dünya hərb səsnətinə böyük sərkərdələr bəşx etdiyini bildirib.   Polkovnik qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan ordusu durmadan inkişaf edir. Azərbaycan xalqı öz müzəffər ordusu ilə, onun başında duran Ali Baş Komandan İlham Əliyevlə qürur duyur.   Qarabağ veteranı Taryel Eyvazov da öz çıxşında Azərbaycan ordusunun mövcud durumundan bəhs edib, 44 günlük Vətən müharibəsinin xalqımızın tarixində yeni dönəmin əsasını qoyduğunu bildirib.

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, Şuranın Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər. Görüşdə dövlətimizin veteranlara, həmçinin ağsaqqallara və gənclərə olan diqqətindən, Azərbaycanın uğurlu inkişafından, Qarabağda həyata keçirilən nəhəng quruculuq işlərindən, xalqımızın bugünə qədər olduğu kimi bundan sonra da ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin zəruriliyindən bəhs edilib. Görüşdə veteran və ağsaqqallarımız tərəfindən  gənc nəsil arasında dövlətimizə dəstək siyasəti ilə bağlı təbliğat işinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında əməkdaşlığın genişləndirilməsi, gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi də müzakirə olunan məsələlər sırasında olub. Görüşün sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edərək onu 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.            

Hamısını oxu
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlı

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi.   Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır. Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

Hamısını oxu