Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rusiya Federasiyasının Azərabycan Respublikasındakı səfiri Respublika Veteranlar Təşkilatında olub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında  Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Boçarnikov Mixail Nikolayeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə 02 mart 2020-ci il tarixində görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara möhtərəm Prezident-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən qayğı, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı barədə ətraflı məlumat vermişdir. O, alman faşizmi üzərində qələbənin qazanılmasında soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmışdır. Qələbənin 75 illiyi ərəfəsində keçirilən bu görüşün əhəmiyyətindən danışan sədr, ölkələrimizin veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini xüsusi vurğulamışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqlara Azərbaycan milli diviziyalarının şərəfli döyüş yolları barədə ətraflı məlumat vermişdir.   Səfir Mixail Boçarnikov Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə səmimi görüşə və ətraflı məlumatlara görə minnətdarlıq bildirmişdir. O, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyədə olduğunu, alman faşizmi üzərində qələbənin qazanılmasında iştirak etmiş bütün insanların xatirəsinin rus xalqı üçün daim əziz olduğunu xüsusi qeyd etmişdir.

2020-03-02 00:00:00
1596 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib

9 dekabr saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev – hüquqi və demokratik dövlət quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib.   Konfransı giriş sözü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi  1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki roluna diqqət çəkib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan bir dövlət kimi parçalanmadan xilas olub, öz müstəqilliyini möhkəmləndirib, bütün parametrlər üzrə sürətli inkişaf dövrünə qədəm qoyub.     Sədr müavininin çıxışından sonra Ulu öndərə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” filmi nümayiş olunub.   Daha sonra Azərbaycan Respublikası “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev, akademik Ziyad Səmədzadə,  Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru  Abduləli Abdullayev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timoşenko, fəlsəfə elmləri doktoru, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, şöbə müdiri general-mayor Rasim Əliyev, şöbə müdiri Bəhram Zahidov çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzssiz xidmətlərinə toxunublar.   Tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyevin ideya müəllifliyi və  təşkilatçılığı ilə çap edilən “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı  da konfrans iştiakçılarına təqdim olunub. Kitabda 1969-2019-cu illərdə hüquq-mühafizə orqanlarındakı islahatlar öz əksini tapıb.   Tədbirdə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenatı Ruslan Vəliyev, müharibə veteranları və ziyalılar iştirak edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
Anatoli Torkunovun yubileyi münasibətilə “Rossiya-24” və “Rossiya-1”də Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə Rusiyanın “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarında verilişlər yayımlanıb. video Həmin verilişlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət başçılarının, ictimai-siyasi xadimlərin, diplomatların nüfuzlu təhsil müəssisəsinin rektoru ilə bağlı müsahibələri göstərilib. APA xəbər verir ki, bu verilişlərdə Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu İlham Əliyevin də müsahibəsi yayımlanıb. Prezident İlham Əliyev deyib: “O, MDBMİ-yə bizim ali məktəbin həyatının ən çətin dövrlərindən birində, qondarma yenidənqurmadan sonra başçılıq edib və onun rəhbərliyi ilə MDBMİ qısa müddətdə öz prestijini bərpa edib, dünyanın aparıcı ali məktəblərindən birinə çevrilib. Mən bilirəm ki, Anatoli Vasilyeviç bizim hamımızın MDBMİ məzunları olmağımıza görə fəxr edə bilməyimiz üçün çox qüvvə, sağlamlıq və diqqət sərf edib. Fikrimcə, MDBMİ-nin hər bir məzunu Anatoli Vasilyeviçin bizim ali məktəb üçün görmüş olduğu və bu gün də gördüyü işlərə görə ona minnətdar olmalıdır. Məzunların Birinci Forumunu keçirdiyimiz vaxt mən demişdim ki, bu forumun Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Həm ölkənin adının, həm də soyadımın əlifba sırasına görə belə olmalı idi. Lakin mən onu da dedim ki, yəqin bu, həm də ona görədir ki, hələlik mən MDBMİ-nin yeganə prezident məzunuyam və arzu etdim ki, belə məzunlar çox olsun. Şadam ki, bu, belə də olur. Biz artıq iki nəfərik. Əminəm ki, bu, hələ başlanğıcdır. Biz çox olacağıq, ona görə ki, əminəm, bizim almamaterin məzunları, necə deyərlər, Anatoli Vasilyeviçin yetirmələri mənsub olduqları ölkələrin həyatında layiqli yer tutacaqlar, çünki MDBMİ praktiki olaraq bütün dünyanı birləşdirir. Əminəm ki, gələcəkdə MDBMİ-nin məzunları olan prezidentlərin sayı daha çox olacaq. Anatoli Vasilyeviçi bir daha ürəkdən təbrik edirəm, ona ən xoş arzularımı bildirirəm. Sükanı belə saxlayın!”

Hamısını oxu
“Polkovnik Abdullayev" kitabı geniş oxucu kütləsinə təqdim olunub

Yazıçı Azər Hacıbəyli Səlimovun imzası ilə "Polkovnik Abdullayev" kitabı geniş oxucu kütləsinə təqdim olunmuşdur. Kitabın baş redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik  Cəlil Xəlilov, məsləhətçilər Elşad Həsənov, Nobel Muradxanov və Rasim Canməmmədovdur.   İxtisasca rus dili müəllimi olduğunu nəzərə alaraq rus dilində qələmə alınmış kitabda polkovnik Müslüm Abdullayevin maraqlı ömür yolu və xidməti həyatının yaddaqalan epizodları açıqlanır. Diqqətəlayiq məqamlardan biri də Müslüm Abdullayevin şəxsi arxivi və gündəliyindən nümunələrin kitabda yer almasıdır. Əsası Azər Hacıbəyli tərəfindən qoyulmuş "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən olan bu kitabda əsərin qəhrəmanının II Dünya müharibəsi zamanı atasını, sonra anasını itirməsi, uşaq evində böyüməsi, internatda təhsil alması, sonralar dövlət təhlükəsizliyi orqanlarına xidmətə qəbul olunması, Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələri, rəhbərin xeyir-duası ilə gənc yaşlarından məsul vəzifələrdə çalışması da əks olunmuşdur.   Qeyd edək ki, yazıçı Azər Hacıbəyli Səlimov "Qızıl qələm" media mükafatı laureatıdır,  vətənpərvərlik mövzusunda 20-dən artıq kitabın müəllifidir, "Alyans", "Qürur" və digər ictimai birliklərin fəxri üzvüdür, ehtiyatda olan polkovnik-leytenantdır. Ulu Öndər Heydər Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Yaxın vaxtlarda "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən olan daha iki kitabını oxuculara təqdim edəcəkdir.  

Hamısını oxu
Azərbaycanı zirvəyə ucaldan Lider

Bu gün dünyanın nəzərləri Azərbaycana yönəlib. Azərbaycan son əsrlərin möhtəşəm zəfərini qazanır. Yazdığımız şanlı tarix, qazandığımız möhtəşəm qələbələr, bərpa etdiyimiz tarixi ədalət dillər əzbəridir. Azərbaycan xalqının başı ucadır. Bu, Ali Baş Komandanın, qəhrəman ordumuzun ucalığıdır! Biz təkcə torpaqlarımızı azad etmirik, həm də bölgəyə sülh, yeni reallıqlar gətiririk. Regionda əsrlər boyu oturuşmuş geosiyasi mövqelər dəyişir, güc nisbəti yenidən formalaşır. Bu tarixi missiyanı İlham Əliyev həyata keçirir. Bütün qələbələrimizin müəllifi odur! Artıq bir aydan çoxdur ki, Azərbaycan Vətən müharibəsi aparır. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda uğurlu döyüşlər gedir. Azərbaycan əsgəri hər gün bir qədər də irəliləyir, qələbələri ilə xalqımızın qüdrətini bütün dünyaya göstərir. Bu qələbələr hər bir azərbaycanlının, ümumilikdə türk dünyasının fəxr, qürur mənbəyidir. Bu gün Azərbaycan cəmiyyətindəki möhkəm milli birliyin, görünməmiş vətəndaş həmrəyliyinin timsalında biz həm də sarsılmaz türk birliyinin yüksək nümunəsini müşahidə edirik. Bu gün cəbhədəki real vəziyyət Azərbaycan ordusunun üstünlüyünü göstərir. Azərbaycan işğal altında olan digər rayonların azad edilməsinin növbəti mərhələsindədir. Azərbaycan xalqı tarixinin ən möhtəşəm, ən qüdrətli və ən qürurlu dövrünü yaşayır. Milyonlarla azərbaycanlı son yüzlikliklərdə rast gəlinməyən möhtəşəm qələbələrin sevincini dadır. Xalqımız heç vaxt olmadığı kimi həmrəydir, birdir, yüksək döyüş əzmindədir. Tarix boyu üzləşdiyimiz ədalətsizliklərə, işğala son qoyulur, insanların qəlbindəki nisgil, vətən həsrəti aradan qalxır. Azərbaycanın əraziləri ilə birgə qüruru, mənəviyyatı da bütövləşir. Cəmi bir ay ərazində işğalçılara misli-bərabəri görünməyən dərs verilməsinə baxmayaraq, Ermənistan rəhbərliyi bundan nəticə çıxarmır. Paşinyan hakimiyyəti işağlçı və terrorçu niyyətindən əl çəkmir. Düşmən təslim olmaq əvəzinə beynəlxalq aləmdən imdad istəyir, havadarlarından kömək umur. Amma işğalçı rejim artıq meydanda tək qalıb. Müharibənin miqyasının genişləndirilməsi, digər ölkələrin döyüş əməliyyatlarına cəlb edilməsi cəhdləri baş tutmur. Xüsusilə də, son günlərdə erməni baş nazirin Rusiya Prezidentinə dəfələrlə zəng etməsi, dalbadal məktublar göndərərək hərbi yardım istəməsi növbəti dəfə nəticəsiz qalıb. Aydın məsələdir ki, Ermənistanın hərbi siyasi rəhbərliyinin məsuliyyətsiz və işğalçı mövqeyi heç bir halda dəstəklənə bilməz. İndi Ermənistan üçün ən düzgün yol məğlubiyyəti qəbul edib torpaqlarımızdan çıxmaq barədə öhdəlik götürməkdir. Paşinyan isə hələ ki, bunu etmir, özü ilə bərabər erməni xalqını da məhvə aparır. Bu gün beynəlxalq aləm, o cümlədən qonşu ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Torpaqlarını işğaldan azad etmək Azərbaycanın suveren hüququdur, öz daxili işidir. Digər tərəfdən isə, ortada Prezident İlham Əliyevin qətiyyəti, sərt və birmənalı mövqeyi var. Azərbaycan Prezidenti bütün dövlərdə olduğu kimi bu gün də ölkəmizin milli maraqlarını şərəflə qoruyur. Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı düşməndən qarış-qarış, hissi-hissə təmizləyir. Bir neçə il ərzində işğal edilən ərazilərimizin təxminən yarısı cəmi bir aya azad edilib. Bu, ordumuzun gücünün və qüdrətinin göstəricisidir. Lakin, döyüşlərin indiki mərhələsi artıq çətin relyefli dağlıq ərazilərdə aparılır. Nəzərə almaq lazımdır ki, düşmən 30 ilə yaxındır bu ərazilərdə möhkəmlənib. Bütün bu amillər müəyyən ləngimələr yarada bilər. Prezident İlham Əliyevin məqsədi təkcə torpaqlarımızı azad etmək deyil, həm də döyüş meydanlarındakı əsgər və zabitlərimizi qorumaqdır. Unutmayaq ki, hər qarış torpağımız əsgərlərimizin qanı hesabına azad olunur. Ona görə də, döyüşlər düşünülmüş manevrlərlə aparılır. Hansısa ərazilərin tez və böyük itkilər hesabına deyil, təmkinlə, taktiki gedişlərlə, mərhələli şəkildə və az itki ilə azad etmək yolu seçilir. Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə xalqa verdiyi hər bir vədi yerinə yetirib. Əgər, Ali Baş komandan torpaqlarımızın tam azad olunacağına söz veribsə, deməli, tezliklə vədinə əməl edəcək, buna heç kimin zərrə qədər də şübhəsi olmamalıdır. Azərbaycan Prezidenti işğalçıları torpaqlarımızdan qovmaqla təkcə ölkəmizin deyil, ümumilikdə regionun təhlükəsizliyini təmin edir. Bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirilir. İlham Əliyev Qarabağda tarixi haqq-ədaləti bərpa edir, işğala, terrora son qoyur. Xalqımız, ümumilikdə bütün Qafqaz uzun illərdir yaşadığı təhlükə və təhdidlərdən xilas olur. Bu tarixi missiyanı uğurla həyata keçirməklə Azərbaycan dövləti dünyada öz yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycan lideri onsuz da son on yeddi illik qətiyyətli fəaliyyəti ilə beynəlxalq aləmdə böyük nüfuz sahibi, dərin hörmət və ehtirama layiq dövlət başçısı kimi tanınıb, qəbul edilib. Lakin, İlham Əliyevin yaratdığı yeni reallıqlar, bölgədə tamamilə yeni dövrün başlanması onu dünya liderləri sırasında daha ön plana çıxarır. Ermənistan isə günü bu gün də biabırçı məğlubiyyətindən nəticə çıxarmır, növbəti hərbi cinayətlərə əl atır. Mülki insanların sıx yaşadığı ərazilərin qadağan olunmuş silahlarla bombalanması, müharibə qaydalarının kobudcasına pozulması işğalçının mahiyyətini dünyaya göstərir. Amma heç bir qüvvə Azərbaycan xalqının birliyini sarsıda bilməz, düşmənin heç bir təxribatı ordumuzun döyüş əzminı qıra bilməz. Əksinə, terorçu rejimin vəhşilikləri Azərbaycan cəmiyyətində hiddəti daha da artırır, insanları daha sıx birləşdirir. Azərbaycan vətəndaşları düşmən terroru qarşısında sarsılmır, insan təlafatları olsa da xalqımız birliyini qoruyub saxlayır. Bu gün hər bir vətəndaşımız vətən, torpaq uğrunda bütün varlığı ilə səfərbərdir. Milli həmrəylik, Ali Baş Komandan ətrafında olan monolit birlik, Qarabağın azadlığı uğrunda mübarizə hər gün daha da güclənir. Azərbaycanın necə bir mənfur düşmənlə mübarizə apardığı, hansı ağlasığmaz vəhşiliklərlə üz-üzə qaldığı göz önündədir. Biz misli-bərabəri görünməyən cinayətlər törədən terorçu və faşist mahiyyətli rejimlə döyüşürük. Paşinyan və onun Dağlıq Qarabağdakı quldurları uşaq qatilləridir. Onlar dinc insanları qətlə yetirməkdən zövq alır, onlar azərbaycanlıların qanına susayıb. Biz isə düşməndən fərqli olaraq sözümüzü yalnız döyüş meydanında deyirik. Dağlıq Qarabağda yaşayan ermənilərin gələcək təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan həmişə buna yüksək zəmanət verib. Ümumiyyətlə, bizim düşmənimiz Qarabağdakı işğalçı və separatçı rejim, döyüş meydanlarında vuruşan ermənilərdir. Azərbaycan dövləti sadə, dinc erməni xalqını heç vaxt özünə düşmən bilməyib. Qarabağın erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır və Prezident İlham Əliyev onların həyatına, rifahına və firəvan gələcəyinə təminat verir. Qarabağda daimi sülhün və təhlükəsizliyin təmin ediləcəyi gün uzaqda deyil. 30 ildən sonra bu torpaqlara yeni həyat veriləcək, tamamilə fərqli dövr başlayacaq. Qarabağ nəinki Azərbaycanın, Qafqazın ən gözəl guşəsinə, ən müasir və inkişaf etmiş mərkəzinə çevriləcək. Sahil Kərimli,Trend BİA-nın Baş redaktor müavini

Hamısını oxu