Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanı zirvəyə ucaldan Lider

Bu gün dünyanın nəzərləri Azərbaycana yönəlib. Azərbaycan son əsrlərin möhtəşəm zəfərini qazanır. Yazdığımız şanlı tarix, qazandığımız möhtəşəm qələbələr, bərpa etdiyimiz tarixi ədalət dillər əzbəridir. Azərbaycan xalqının başı ucadır. Bu, Ali Baş Komandanın, qəhrəman ordumuzun ucalığıdır! Biz təkcə torpaqlarımızı azad etmirik, həm də bölgəyə sülh, yeni reallıqlar gətiririk. Regionda əsrlər boyu oturuşmuş geosiyasi mövqelər dəyişir, güc nisbəti yenidən formalaşır. Bu tarixi missiyanı İlham Əliyev həyata keçirir. Bütün qələbələrimizin müəllifi odur! Artıq bir aydan çoxdur ki, Azərbaycan Vətən müharibəsi aparır. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda uğurlu döyüşlər gedir. Azərbaycan əsgəri hər gün bir qədər də irəliləyir, qələbələri ilə xalqımızın qüdrətini bütün dünyaya göstərir. Bu qələbələr hər bir azərbaycanlının, ümumilikdə türk dünyasının fəxr, qürur mənbəyidir. Bu gün Azərbaycan cəmiyyətindəki möhkəm milli birliyin, görünməmiş vətəndaş həmrəyliyinin timsalında biz həm də sarsılmaz türk birliyinin yüksək nümunəsini müşahidə edirik. Bu gün cəbhədəki real vəziyyət Azərbaycan ordusunun üstünlüyünü göstərir. Azərbaycan işğal altında olan digər rayonların azad edilməsinin növbəti mərhələsindədir. Azərbaycan xalqı tarixinin ən möhtəşəm, ən qüdrətli və ən qürurlu dövrünü yaşayır. Milyonlarla azərbaycanlı son yüzlikliklərdə rast gəlinməyən möhtəşəm qələbələrin sevincini dadır. Xalqımız heç vaxt olmadığı kimi həmrəydir, birdir, yüksək döyüş əzmindədir. Tarix boyu üzləşdiyimiz ədalətsizliklərə, işğala son qoyulur, insanların qəlbindəki nisgil, vətən həsrəti aradan qalxır. Azərbaycanın əraziləri ilə birgə qüruru, mənəviyyatı da bütövləşir. Cəmi bir ay ərazində işğalçılara misli-bərabəri görünməyən dərs verilməsinə baxmayaraq, Ermənistan rəhbərliyi bundan nəticə çıxarmır. Paşinyan hakimiyyəti işağlçı və terrorçu niyyətindən əl çəkmir. Düşmən təslim olmaq əvəzinə beynəlxalq aləmdən imdad istəyir, havadarlarından kömək umur. Amma işğalçı rejim artıq meydanda tək qalıb. Müharibənin miqyasının genişləndirilməsi, digər ölkələrin döyüş əməliyyatlarına cəlb edilməsi cəhdləri baş tutmur. Xüsusilə də, son günlərdə erməni baş nazirin Rusiya Prezidentinə dəfələrlə zəng etməsi, dalbadal məktublar göndərərək hərbi yardım istəməsi növbəti dəfə nəticəsiz qalıb. Aydın məsələdir ki, Ermənistanın hərbi siyasi rəhbərliyinin məsuliyyətsiz və işğalçı mövqeyi heç bir halda dəstəklənə bilməz. İndi Ermənistan üçün ən düzgün yol məğlubiyyəti qəbul edib torpaqlarımızdan çıxmaq barədə öhdəlik götürməkdir. Paşinyan isə hələ ki, bunu etmir, özü ilə bərabər erməni xalqını da məhvə aparır. Bu gün beynəlxalq aləm, o cümlədən qonşu ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Torpaqlarını işğaldan azad etmək Azərbaycanın suveren hüququdur, öz daxili işidir. Digər tərəfdən isə, ortada Prezident İlham Əliyevin qətiyyəti, sərt və birmənalı mövqeyi var. Azərbaycan Prezidenti bütün dövlərdə olduğu kimi bu gün də ölkəmizin milli maraqlarını şərəflə qoruyur. Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı düşməndən qarış-qarış, hissi-hissə təmizləyir. Bir neçə il ərzində işğal edilən ərazilərimizin təxminən yarısı cəmi bir aya azad edilib. Bu, ordumuzun gücünün və qüdrətinin göstəricisidir. Lakin, döyüşlərin indiki mərhələsi artıq çətin relyefli dağlıq ərazilərdə aparılır. Nəzərə almaq lazımdır ki, düşmən 30 ilə yaxındır bu ərazilərdə möhkəmlənib. Bütün bu amillər müəyyən ləngimələr yarada bilər. Prezident İlham Əliyevin məqsədi təkcə torpaqlarımızı azad etmək deyil, həm də döyüş meydanlarındakı əsgər və zabitlərimizi qorumaqdır. Unutmayaq ki, hər qarış torpağımız əsgərlərimizin qanı hesabına azad olunur. Ona görə də, döyüşlər düşünülmüş manevrlərlə aparılır. Hansısa ərazilərin tez və böyük itkilər hesabına deyil, təmkinlə, taktiki gedişlərlə, mərhələli şəkildə və az itki ilə azad etmək yolu seçilir. Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə xalqa verdiyi hər bir vədi yerinə yetirib. Əgər, Ali Baş komandan torpaqlarımızın tam azad olunacağına söz veribsə, deməli, tezliklə vədinə əməl edəcək, buna heç kimin zərrə qədər də şübhəsi olmamalıdır. Azərbaycan Prezidenti işğalçıları torpaqlarımızdan qovmaqla təkcə ölkəmizin deyil, ümumilikdə regionun təhlükəsizliyini təmin edir. Bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirilir. İlham Əliyev Qarabağda tarixi haqq-ədaləti bərpa edir, işğala, terrora son qoyur. Xalqımız, ümumilikdə bütün Qafqaz uzun illərdir yaşadığı təhlükə və təhdidlərdən xilas olur. Bu tarixi missiyanı uğurla həyata keçirməklə Azərbaycan dövləti dünyada öz yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycan lideri onsuz da son on yeddi illik qətiyyətli fəaliyyəti ilə beynəlxalq aləmdə böyük nüfuz sahibi, dərin hörmət və ehtirama layiq dövlət başçısı kimi tanınıb, qəbul edilib. Lakin, İlham Əliyevin yaratdığı yeni reallıqlar, bölgədə tamamilə yeni dövrün başlanması onu dünya liderləri sırasında daha ön plana çıxarır. Ermənistan isə günü bu gün də biabırçı məğlubiyyətindən nəticə çıxarmır, növbəti hərbi cinayətlərə əl atır. Mülki insanların sıx yaşadığı ərazilərin qadağan olunmuş silahlarla bombalanması, müharibə qaydalarının kobudcasına pozulması işğalçının mahiyyətini dünyaya göstərir. Amma heç bir qüvvə Azərbaycan xalqının birliyini sarsıda bilməz, düşmənin heç bir təxribatı ordumuzun döyüş əzminı qıra bilməz. Əksinə, terorçu rejimin vəhşilikləri Azərbaycan cəmiyyətində hiddəti daha da artırır, insanları daha sıx birləşdirir. Azərbaycan vətəndaşları düşmən terroru qarşısında sarsılmır, insan təlafatları olsa da xalqımız birliyini qoruyub saxlayır. Bu gün hər bir vətəndaşımız vətən, torpaq uğrunda bütün varlığı ilə səfərbərdir. Milli həmrəylik, Ali Baş Komandan ətrafında olan monolit birlik, Qarabağın azadlığı uğrunda mübarizə hər gün daha da güclənir. Azərbaycanın necə bir mənfur düşmənlə mübarizə apardığı, hansı ağlasığmaz vəhşiliklərlə üz-üzə qaldığı göz önündədir. Biz misli-bərabəri görünməyən cinayətlər törədən terorçu və faşist mahiyyətli rejimlə döyüşürük. Paşinyan və onun Dağlıq Qarabağdakı quldurları uşaq qatilləridir. Onlar dinc insanları qətlə yetirməkdən zövq alır, onlar azərbaycanlıların qanına susayıb. Biz isə düşməndən fərqli olaraq sözümüzü yalnız döyüş meydanında deyirik. Dağlıq Qarabağda yaşayan ermənilərin gələcək təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan həmişə buna yüksək zəmanət verib. Ümumiyyətlə, bizim düşmənimiz Qarabağdakı işğalçı və separatçı rejim, döyüş meydanlarında vuruşan ermənilərdir. Azərbaycan dövləti sadə, dinc erməni xalqını heç vaxt özünə düşmən bilməyib. Qarabağın erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır və Prezident İlham Əliyev onların həyatına, rifahına və firəvan gələcəyinə təminat verir. Qarabağda daimi sülhün və təhlükəsizliyin təmin ediləcəyi gün uzaqda deyil. 30 ildən sonra bu torpaqlara yeni həyat veriləcək, tamamilə fərqli dövr başlayacaq. Qarabağ nəinki Azərbaycanın, Qafqazın ən gözəl guşəsinə, ən müasir və inkişaf etmiş mərkəzinə çevriləcək. Sahil Kərimli,
Trend BİA-nın Baş redaktor müavini

2020-11-07 00:00:00
1049 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Kazım Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Böyük Vətən Müharibəsi veteranı Kazım Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir:   “Böyük Vətən Müharibəsi veteranı Quliyev Kazım Seyid oğlu vəfat edib.   Kazım Quliyev 1925-ci ildə Bakı şəhərində anadan olub. İkinci Dünya Müharibəsi dönəmində faşist işğalına qarşı mübarizəyə qoşulan Kazım Quliyev, Qafqaz və Ukrayna cəbhəsinin aviasiya hissələri tərkibində bir çox yaşayış məntəqələrinin  faşist işğalından azad edilməsində iştirak edib, hərbi əməliyyatlar zamanı böyük şücaətlər göstərib.  Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə polkovnik-leytenant Kazım Quliyev çoxlu sayda orden və medallarla təltif olunub.   İkinci Dünya Müharibəsi iştirakçısı Kazım Quliyevin işıqlı xatirəsi veteranların, o cümlədən onu tanıyan hər kəsin qəlbində həmişə yaşayacaqdır.   Allah rəhmət eləsin!”    

Hamısını oxu
Xankəndi, sülhməramlı və 3 VACİB MESAJ

Ermənistanın kapitulyasiyası ilə nəticələnən üçtərəfli razılaşmadan (10 noyabr) iki ay vaxt keçir. Razılaşmanın müəyyən müddəaları yerinə yetirilib (Ağdam, Kəlbəcər və Laçının təhvil verilməsi). Lakin ən vacib müddəalardan biri və ən çox müzakirəyə səbəb olan məsələ hələ də problem olaraq qalmaqdadır: erməni silahlı birləşmələrinin bölgədən çıxarılması.Bu, razılaşmanın 4-cü müddəasında əks olunur və qeyd olunur ki, silahlı ermənilər sülhməramlıların bölgəyə yerləşdirilməsinə paralel olaraq çıxarılmalıdır.Bu prosesin həyata keçirilməsindən məsuliyyəti sülhməramlılar daşıyır, hərçənd, iki ay müddət keçməsinə baxmayaraq, yerinə yetirilməyib və sülhməramlıların 10 noyabr bəyanatında təsbit olunmuş funksiyasından kənar fəaliyyəti müşahidə olunur. Söhbət erməni əhalisinin bölgəyə gətirilməsindən gedir.Bunun fonunda Ermənistan rəsmiləri və Fransadan olan nümayəndə heyətinin Qarabağa qanunsuz səfər etməsi sülhməramlıların missiyasına uyğun işləmədiyinin növbəti sübutu oldu. Ermənistan xarici işlər nazirinin Xankəndinə səfəri isə sonuncu təxribatlardan biridir.Bütün bunların fonunda cəmiyyətdə suallar yaranır:- Ermənistanın XİN rəhbəri Xankəndinə necə gələ bilir?- Sülhməramlılar onu, eləcə də Fransa nümayəndə heyəti və digərlərini bölgəyə necə buraxır?- Sülhməramlılar razılaşmada nəzərdə tutulan funksiyadan kənar addımlar niyə atır?Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bu suallara aydınlıq gətirdi və dəqiq mesajlar verdi.Birinci mesaj: Xankəndi Azərbaycan torpağıdır və xarici vətəndaşlar ora yalnız rəsmi Bakının icazəsi ilə gedə bilər...Prezident Ermənistanın xarici işlər nazirinin Xankəndinə qanunsuz səfəri haqda danışarkən bildirdi ki, Azərbaycandan xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır: “Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.Dövlət başçısı Ermənistana 44 gün davam edən və düşmənin darmadağın edildiyi “Dəmir Yumruq” əməliyyatını xatırlatdı. Qeyd etdi ki, “unutmasınlar, dəmir yumruq yerindədir”.“Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”, - dövlət başçısı qeyd etdi.Və burada hər şey açıq mətnlə ifadə olunur:1. Qarabağda ermənilərin yaşaması üçün ayrılan bölgə – Xankəndi, Xocavənd və Xocalı Azərbaycan torpağıdır;2. Bu bölgələrə səfər edən istənilən xarici vətəndaş – Ermənistan rəsmiləri, beynəlxalq təşkilatlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi istisna olmaqla), istənilən ölkənin nümayəndə heyəti Azərbaycandan icazə almalıdır;3. Azərbaycan qanunsuz səfərlərə səssiz qalmayacaq: Fransa nümayəndə heyətinin qanunsuz səfərindən sonra bu ölkənin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub və nota verilib;3. Azərbaycan Ermənistanın istənilən təxribata qarşı dəmir yumruqla cavab verəcək;İkinci mesaj: sülhməramlılara xatırlatma...Prezident İlham Əliyev çıxışında sülhməramlıların fəaliyyətinə toxundu və bildirdi ki, sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır.“Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”, - dövlət başçısı qeyd edib.Dövlət başçısı vurğuladı ki, sülhməramlı qüvvələrin Qarabağda funksiyası var: “Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik”.1. Sülhməqamlı qüvvələrin funksiyası 10 noyabr razılaşmasında təsbit olunub, lakin bu funksiya yerinə yetirilmir;2. Rəsmi Bakı sülhməramlıların funksiyasından kənar fəaliyyətindən məlumatlıdır, lakin indiki hava şəraitində ermənilərin yaşaması üçün problemin olmaması üçün buna göz yumur;3. Çünki Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşıdır və Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Sülhməramlıların funksiyasından kənar fəaliyyətinə Azərbaycanın göz yumması da bunun isbatıdır;Prezidentin bu mesajlarında həm də iki məqam diqqət çəkir:a) Qarabağdakı ermənilərə heç bir idarəçilik verilmir, onlar yalnız Azərbaycanın idarəçiliyi altında yaşaya bilərlər və bu halda onlara daha yaxşı şərait yaradılacaq;b) Sülhməramlılar funksiyasını xatırlamalı və silahlı erməniləri bölgədən çıxarmalıdır;Dövlət başçısının “Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb” sözləri də məhz bu deməkdir: hər kəs, sülhməramlılar da, Ermənistanda bəyanata uyğun fəaliyyət göstərməlidir.Üçüncü mesaj: Azərbaycanın öz ərazisinə anti-terror əməliyyat keçirmək hüququ...Prezident İlham Əliyev çıxışında Xocavənddə təxribat törədən erməni silahlıları məsələsinə aydınlıq gətirdi: “...Biz bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və oradan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.1. Müharibə başa çatandan sonra Qarabağa gələn və ordumuz tərəfindən əsir götürülən erməni silahlı qruplaşmalarının üzvləri hərbi əsir yox, terrorçudur;2. Bundan sonra bölgədə təxribata əl atan erməni silahlılara qarşı Xocavənddə olduğu kimi, anti-terror əməliyyatı keçiriləcək, bu Azərbaycanın beynəklxalq hüquqa əsasən haqqıdır;3. Müharibə başa çatandan sonra erməni silahlı qruplaşmaları Qarabağa gələ və Azərbaycan hərbçilərinə qarşı təxribat hücumları edə bilirsə, deməli, sülhməramlılar öz vəzifələrini tam yerinə yetirə bilmir;Prezident mesajlarını açıq mətnlə Ermənistana və bölgədə sülhü təmin etmək missiyasını daşıyan qüvvələrə çatdırdı:Ermənistana: Azərbaycan kifayət qədər humanistlik göstərib, erməni tərəfi bunu qiymətləndirməlidir;Sülməramlı qüvvələrə: 10 noyabr razılaşmasına uyğun fəaliyyət göstərmək və razılaşmada təsbit olunmuş erməni silahlı qruplaşmalarının bölgədən çıxarılması təcili sürətdə təmin edilməlidir;Bütün bunlar 10 noyabrdan sonra Xankəndi məsələsi və sülhməramlılarla bağlı Azərbaycanın ən yüksək səviyyədə verdiyi konkret mesajlar hesab oluna bilər.Asif Nərimanlı

Hamısını oxu
27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, YAP Şəki rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə əklil və gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlərin Xatirə Kompleksinin qarşısında anım tədbiri keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Zəminə Ağakişiyeva, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Zaur Mustafayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı zəfər yürüşü tarixi Qələbə ilə başa çatmışdır. Şəhid ruhlarına, şəhidlərin doğmalarına dərin ehtiram əlaməti olaraq dövlət başçısı hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Vurğulanıb ki, qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində əldə olunmuşdur. Diqqətə çatdırılıb ki, bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə yüksək diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən hərtərəfli himayə olunurlar. Vurğulanıb ki, torpaq uğrunda həyatından keçən şəhidlərimizin fədakarlığı daim xalqımızın yaddaşında yaşayacaqdır. Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Qeyd edək ki, Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət etmiş, şəhid ailələri ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışlar, şəhid ailələrinə və qazilərə maddi köməklik göstərilmişdir.  

Hamısını oxu
Masallı rayon ictimaiyyətinə ağır itki üz verib - Millət vəkilindən başsağlığı

Masallı rayon ictimaiyyətinə ağır itki üz verib.Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri, polkovnik-leytenant, dəyərli ziyalı Məmmədağa Məmmədəli oğlu Şiriyev vəfat edib. Azadmedia.az xəbər verir ki, bu sözləri 74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov sosial media hesabında yazıb.Millət vəkili qeyd edib ki, Məmmədağa müəllim ömrünü vətənə, xalqa və dövlətçiliyə xidmətə həsr etmiş, hüquq-mühafizə orqanlarında və ictimai fəaliyyətində yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirmişdir: "Mərhumun Masallının ictimai-siyasi həyatındakı rolu, veteranların hüquqlarının müdafiəsi və tariximizin yaşadılması istiqamətində gördüyü işlər daim hörmət və ehtiramla yad ediləcək.Məmmədağa Şiriyevin vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün böyük itkidir. Onun əziz, işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.Allah rəhmət eləsin!"Xatırladaq ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.Məmmədağa Şiriyev rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Bu fəaliyyətinə görə Masallı Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsi ilə mükafatlandırılmış, YAP rayon Təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.O, xalqımızın İkinci Dünya müharibəsi - 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səlnaməsi, həmçinin Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Masallıdan Qələbəyədək” adlı 2 cildlik kitabın müəllifidir.

Hamısını oxu