Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Masallı rayon ictimaiyyətinə ağır itki üz verib - Millət vəkilindən başsağlığı

Masallı rayon ictimaiyyətinə ağır itki üz verib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri, polkovnik-leytenant, dəyərli ziyalı Məmmədağa Məmmədəli oğlu Şiriyev vəfat edib. Azadmedia.az xəbər verir ki, bu sözləri 74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov sosial media hesabında yazıb.
Millət vəkili qeyd edib ki, Məmmədağa müəllim ömrünü vətənə, xalqa və dövlətçiliyə xidmətə həsr etmiş, hüquq-mühafizə orqanlarında və ictimai fəaliyyətində yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirmişdir: "Mərhumun Masallının ictimai-siyasi həyatındakı rolu, veteranların hüquqlarının müdafiəsi və tariximizin yaşadılması istiqamətində gördüyü işlər daim hörmət və ehtiramla yad ediləcək.
Məmmədağa Şiriyevin vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün böyük itkidir. Onun əziz, işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin!"
Xatırladaq ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.
Məmmədağa Şiriyev rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Bu fəaliyyətinə görə Masallı Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsi ilə mükafatlandırılmış, YAP rayon Təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.
O, xalqımızın İkinci Dünya müharibəsi - 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səlnaməsi, həmçinin Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Masallıdan Qələbəyədək” adlı 2 cildlik kitabın müəllifidir.

2025-02-17 14:04:19
2761 baxış

Digər xəbərlər

Dünyanın heç bir ölkəsində veteranlara bizdəki qədər diqqət və qayğı göstərilmir

“Milli maraqlarımız prezidentimiz ətrafında sıx birləşməyi, ona dəstək olmağı tələb edir”   Bir  müddət bundan  öncə ölkə başçısının müxtəlif təbəqə və kateqoriyalardan olan vətəndaşların müavinətlərini artırması, onların mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi istiqamətində atdığı addımlar cəmiyyətdə böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılandı. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə ölkə başçısının məlum sərəncamlarını şərh etməklə yanaşı, digər məqamlara da aydınlıq gətirməyə çalışdıq.   -Cəlil müəllim, ölkə başçısı bəzi kateqoriyadan olan şəxslərin müavinətlərinin artırılması ilə bağlı sərəncam verib ki, bunlara müharibə əlil və veteranları da daxildir. Sizcə veteranların müavinətlərinin artırılması, onların sosial rifahının daha da yaxşılaşması ilə bağlı ölkə başçısının məlum qərarı bütövlükdə dövlətimizin sosialyönümlü siyasəti haqqında nə deyir?   -Qeyd etdiyiniz kimi, ölkə başçısı Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və əlilləri, Çernobıl hadisəsi, Əfqanıstan müharibəsi iştirakçıları ilə bağlı bir neçə sərəncam imzaladı. Bu sərəncamlarda veteranların sosial şəraitinin yaxşılaşdırılması, onların ev, avtomobil təminatının həyata keçirilməsi, sosial müdafiəsinin gücləndirilməsi, aldıqları müavinətlərin artırılması və s. kimi məsələlər öz əksini tapıb. Təbii ki, bütün bu addımlar insanların sosial rifahının yüksəldilməsinə hesablanıb. Hansı ki, həmin addımlar cəmiyyət tərəfindən, eləcə də respublikamızda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən Respublika Veteranlar Təşkilatı tərəfindən rəğbətlə qarşılanıb.Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti adından Azərbaycan Respublikasınn ali baş komandanına, ölkə başçısına təşəkkür məktubu ünvanladıq. Veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin əsas diqqət mərkəzində olub və bu gün də diqqət mərkəzindədir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, ölkə başçısının apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Veteranların təminatına dövlət başlıca məsələ kimi yanaşır, onların sosial rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Xatırladım ki, bu günə qədər müharibə əlilləri üçün çoxlu sanatoriyalar, reabilitasiya və protest mərkəzləri və s. inşa edilib. Bu müəssisələr müasir avadanlqılarla təmin edilib. Veteran və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir. Ölkə başçısının verdiyi son sərəncamlar da müharibə veteranı və əlillərinə olan qayğının təzahürüdür.   -Bəzi müxalifət təmsilçiləri son aylar həyata keçirilən islahatları müxalif siyasi partiyaların həyata keçridiyi mitinqlərlə əlaqələndirir. Onlar iddia edir ki, guya bu mitinqlər vasitəsi ilə hökumətə “əzələ nümayişi” sərgilənib və buna görə də dövlət yeni islahatlar dalğasına start verib. Sizcə dövlət tərəfindən atılan fundamental addımları hansısa müxalifət qruplarının mitinqi ilə əlaqələndirmək nə dərəcədə məntiqlidir?   -Müxalifətin dövlət tərəfindən vətəndaşların sosial rifahının yaxşılaşması üçün atılan addımları hanssıa mitinqlərlə əlaqələndirməsi gülüncdür. Ölkə başçısı vətəndaşların sosial vəziyyətinin yaxşılaşması istiqamətində hər il ardıcıl addımlar atır, mühüm layihələr həyata keçirir. Onlar bu cür fikirlər səsləndirməklə cəmiyyətdə özlərinə hörmət yaratmağa çalışırlar. Insanları inandırmağa çalışırlar ki, guya onlar təzyiq hesabına bu dəyişikliklərə rəvac veriblər. Halbuki, bu yeniliklərin müxalifətlə hər hansı əlaqəsi yoxdur. Dövlətimizin sosial yönümlü çoxsaylı layihələri mövcuddur və bu yeniliklər də həmin layihələrin davamıdır. Təəssüflər olsun ki, bu gün bəzi müxalif dairələr ictimai rəydə çaşqınlıq yaradan fikirlər səsləndirir, intriqa və qarşıdurmalar yaratmaq istəyirlər. Bu, yolverilməzdir. Bizim qarşımızda Qarabağın azadlığı kimi mühüm məsələ dayanır. Hesab edirəm ki, Qarabağ boyda problemi olan bir ölkədə kimlərinsə intriqa və qarşıdurma yaratmasına yol vermək olmaz. Biz bütün vaxtımızı və enerjimizi bu problemin həllinə səfərbər etməli, ölkə başçısının bu yöndəki səylərinə dəstək verməliyik. Milli maraqlarımız bizdən məhz bunu tələb edir.   -Cəlil müəllim, tez-tez xarici ölkələrə səfər edən bir şəxs kimi veteranlara göstərilən qayğı baxımından digər dövlətlərlə respublikamız arasında hansısa fərqlər görürsünüzmü? Azərbaycanda olduğu kimi başqa ölkələrdə də veteranlara bunca diqqət və qayğı göstərilirmi?   -Sizcə açığını deyim ki, xarici ölkələrdə bizdəki qədər sosial layihələr mövcud deyil. Azərbaycanda bu, çox yüksək səviyyədədir. Veteranların pensiyasına diqqət edin. Bizdə veteranlar dövlətdən çox yüksək məvacib alır. Veteran ailələrinə dövlət tərəfindən ciddi yardımlar edilir. Digər dövlətlərdə veteranlara qayğı elə də yüksək deyil. Qonşu ölkələrə səfər edəndə və ya onlaırn təmsilçiləri Azərbaycana gələndə, ölkəmizdə veteranların aldğı məvacibi eşidəndə, bizə açıq-aşkar qibtə və həsədlə yanaşırlar. Onlar açıq şəkildə deyirlər ki, kaş bizdə də belə bir prezident olardı və bizim sosial rifahımızın qeydinə bu səviyyədə qalardı. Respublika Veteranlar Təşkilatında olan hər bir əcnəbi ölkələrin təmsilçiləri ölkəmizdə veteranlara yaradılan bu şəraitə heyranlıqla tamaşa edir. Mən fürsətdən istifadə edərək ölkə başçısına veteranlara yaratdığı bu şəraitə görə bir daha öz minnətdarlığımı bildirirəm. Onlar burada müxtəlif tədbirlər keçirmək, öz asudə vaxtlarını səmərəli dəyərləndirmək imkanı əldə edirlər. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Bu gün bizim təşkilatda çalışan hüquqşünaslar son dövürdə qanunda edilən dəyişiklikləri, yeni qəbul edilən qanunları veteranlara çatdırır, hüquqi məsləhətlər verir, onların hüquqi problemlərinin həllinə yardımçı olurlar. Bütün bunlar veteranlara olan dövlət qayğısının bariz nümunəsidir.   -Sizcə ölkə başçısının müharibə və əlillərə olan bu qayğısı gənc nəslin orduya olan marağının  artmasına da təsir göstərəcəkmi? Dövləti öz vətəndaşının, veteran və əlilinin arxasında görməsi gənclərin vətənə qəlbən xidmətini stimullaşdıran amil hesab edilə bilərmi?   -Təbii. Gənclərimiz, ordumuzda xidmət edən zabitlər, hərbi məktəblərimizdə təhsil alan kursantlar ölkə başçısının veteranlara göstərdiyi qayğını görür. Onlar görürlər ki, vətən üçün çalışan, vətən uğrunda sağlamlığını itirən şəxslərə dövlət tərəfindən böyük qayğı var. Dövlət heç bir vətəndaşını diqqətsiz qoymur. Onun dövlət qarşısındakı xidmətləri həm dövlət təltifləri ilə qiymətləndirilir, həm də sosial yardımlarla təqdir edilir. Onların ailə üzvləri də müəyyən imtiyaz və yardımlardan istifadə edirlər. Bütün bunlar isə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir. Ölkə başçısı, habelə I vitse-prezident Böyük Vətən Müharibəsi veteranları ilə mütəmadi şəkildə görüşürlər. Onlar müharibə veteranlarının arzu və istəklərinə həssaslıqla yanaşır, onları narahat edən problemlərin anındaca həllini təmin edirlər. Bütün bunları görən gənclər anlayırlar ki, dövlət qarşısında xidməti olan şəxslər nə dövlət, nə də cəmiyyət tərəfindən diqqətdən kənarda qalmırlar. Hər bir Azərbaycan vətəndaşı ölkə başçısının bu əməyini qiymətləndirməli, təqdir etməlidir. Ölkə başçısının əməyini görməmək, görülən işlərə qara yaxmaq olmaz. Biz görülən işləri qiymətləndirməli və öz işimiz, əməlimizlə ölkə başçısına dəstək verməli, onun ətrafında sıx birləşməklə yeni-yeni uğurların əldə edilməsinə öz töhfəmizi verməliyik. Ölkəmizin inkişafı, respublikamızın çiçəklənməsi, Qarabağımızın azadlığı baxımından da ən doğru yol məhz budur.   Seymur ƏLİYEV

Hamısını oxu
“Qızıl Aypara 105 il şagirdlərin gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, “Qızıl Aypara 105 il şagirdlərin gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə ilə bağlı videoxülasəni oxucuların diqqətinə çatdırırıq.  

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Beynəlxalq Ahıllar Günü münasibətilə təbriki

1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə ölkəmizin bütün ahıl vətəndaşlarını, o cümlədən ahıl yaşda olan ağsaqqallarımızı və müharibə, əmək,  silahlı qüvvələr veteranlarını səmimi-qəlbdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, xoş günlər, xalqımızın tərəqqisi naminə gərəkli və şərəfli ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayırıq! Hər il oktyabrın 1-i bütün dünyada olduğu kimi Azərbaycanda da Beynəlxalq Ahıllar Günü olaraq qeyd edilir. Azərbaycanın xilası naminə xalqımızın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən başlayaraq  ölkəmizdə Beynəlxalq Ahıllar Günü ilə bağlı bir çox tədbirlər, sosial proqramlar və layihələr yüksək səviyyədə həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin uğurlu sosial-iqtisadi siyasət kursunun başlıca istiqamətlərindən biri də ahılların dövlət qayğısı ilə tam əhatə olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi idi. Ümumbəşəri humanizm dəyərlərini özündə əks etdirən bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də  hərtərəfli və layiqli şəkildə davam etdirir. Əhalinin həssas təbəqəsinə aid olan bu insanlar arasında çoxlu sayda ağsaqqallar, habelə müharibə, əmək və silahlı qüvvələr veteranları da mövcuddur ki, onlar da dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğma övlad qayğısı səviyyəsində diqqət və nəvazişini hiss edirlər. Belə ki, bütün ahıllar kimi onlara da müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitlərinin daha da yaxşılaşdırılması, o cümlədən cəmiyyətə inteqrasiyaları sahəsində mütəmadi olaraq effektiv işlər görülür. Pensiya və müavinətləri müntəzəm şəkildə artırılır, onların yubileyləri qeyd edilir, ali mükafatlarla layiq görülürlər, müharibə iştirakçıları minik avtomobilləri ilə təmin olunurlar və başqa bu kimi bir çox lazımlı tədbirlər həyata keçirilir. Bir sözlə, bu gün ölkəmizin ahılları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar və bu qayğı ildən-ilə daha da artır. Hər zaman öz üzvlərini, xüsusilə də ahıl üzvlərini və bütün ahıl vətəndaşlarımızı diqqətdə saxlayan, onlara böyük qayğı, həmçinin maddi və mənəvi dəstək göstərən Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz bir daha bu əlamətdar tarix – 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycanın bütün ahıl insanlarını ürəkdən təbrik edir, onlara daha uzun və sağlam ömür,  xoşbəxtlik, gələcək fəaliyyətlərində yüksək nailiyyətlər və uğurlar diləyirik!    Hörmətlə, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisinin deputatı, professor Eldar Quliyev   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun Moskvadakı Çıxışı: Tarixi İrsin Beynəlxalq Arenada Təbliği

Tarix bir millətin yaddaşıdır. Hər dövrün öz igidləri, hər zəfərin öz daşıyıcıları olur. Bəzən bu yaddaş unudulmağa üz tutur. Amma elə anlar var ki, o yaddaş yenidən dirçəlir, çağdaş dünyaya qürurlu bir səslə ucalır. Məhz belə anlardan biri bu gün Moskvada yaşandı. Rusiya paytaxtında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda "Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi, veteran təşkilatlarının və komitələrinin, nəsillərin davamlılığını qoruması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi" müzakirə olundu. Bu konfransda Azərbaycanın səsi ucadan və qürurla eşidildi. Bu səs qələbəyə 600 mindən çox oğul və qızını yola salan, onların yarıdan çoxunu torpağa əmanət edən, amma yenə də başı dik dayanan bir xalqın - Azərbaycan xalqının səsi idi.Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov konfransda çıxış edərək xalqımızın həmin dəhşətli illərdə göstərdiyi qəhrəmanlığı, fədakarlığı və əzmi dünya ictimaiyyətinə bir daha çatdırdı. O bildirdi ki, Azərbaycan SSRİ-nin tərkibində olsa da, müharibədə göstərdiyi rəşadət yalnız sovet tarixində deyil, ümumilikdə dünya müharibələri tarixində də mühüm iz qoyub. 600 mindən çox azərbaycanlının döyüşlərə yollanması, könüllülərin qısa zamanda 25 min nəfərə çatması və ümumilikdə əhalinin üçdə birinin cəbhəyə səfərbər olunması bu xalqın vətənpərvərlik ruhunun göstəricisidir. Bu insanlardan bəziləri Berlinə qədər irəlilədi, bəziləri Qafqaz dağlarında, Volqa sahillərində, ya da Şərqi Avropa şəhərlərində canını torpağa əmanət etdi. Hər bir halda isə onların hər biri tarixə qəhrəman kimi düşdü.Bu müharibənin tarixində diviziyalarla yazılan qəhrəmanlıq dastanı yazıldı. Formalaşdırılmış 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Xüsusilə 416-cı diviziya Berlinə qədər irəliləyərək Reyxstaqa hücum edən qoşunlar arasında yer aldı. Bu diviziyanın 8 əsgəri Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə döyüşçüsü isə müxtəlif orden və medallara layiq görüldü.Polkovnik Cəlil Xəlilovun çıxışı sadəcə bir məruzə deyildi, həm də yaddaşın, qürurun və tarixi ədalətin çağırışı idi. Cəlil Xəlilov Azərbaycanın müharibədəki iqtisadi və texnoloji töhfələrinə də diqqət çəkdi. O vurğuladı ki, Bakı müharibə dövründə Qələbənin neft paytaxtına çevrilmişdi. Bakı neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin, eləcə də yüksək oktanlı təyyarə yanacağının 90 faizini göndərmişdi. Burada “Katyuşa” qurğularından tutmuş, zirehli texnikaya və geyimə qədər 130-dan çox silah və sursat növü istehsal olunurdu. Müharibə illərində Bakı gecələri qaranlığa bürünsə də, bu şəhər tanklara və təyyarələrə güc, əsgərlərə döyüş ruhu verirdi. Hər alovlanan neft buruğunda bir əsgərin nəfəsi vardı.Polkovnik Cəlil Xəlilov arxa cəbhənin görünməyən qəhrəmanlardan danışdı və qeyd etdi ki, arxa cəbhədə xüsusilə Azərbaycan qadınlarının qəhrəmanlığı diqqətəlayiq idi. 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü cəbhəyə göndərildi. Sənaye sexlərində, zavodlarda, kənd təsərrüfatında və hospitalarda çalışan minlərlə qadın müharibənin görünməyən, amma həlledici cəbhəsində döyüşürdü. Ölkədəki 70-dən artıq hospitalda 441 min yaralı əsgər müalicə olundu. Azərbaycanın alim və mühəndisləri o cümlədən akademik Yusif Məmmədəliyev yüksək keyfiyyətli aviasiya benzininin istehsalında mühüm rol oynadı. Azərbaycan xalqı bununla kifayətlənmədi. Müdafiə Fondu üçün 311 milyon manat, 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 125 vaqon isti paltar və 1,6 milyon müxtəlif əşya toplanaraq cəbhəyə göndərildi. Bu təkcə yardımlaşma deyil, ürəkdən gələn vətən sevgisinin təzahürü idi. Həmçinin Polkovnik Cəlil Xəlilov Azərbaycanın yetişdirdiyi qəhrəmanlardan da danışdı. Həzi Aslanov tank qoşunları general-mayoru iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlı idi. Mehdi Hüseynzadə "Mixaylo" ləqəbi ilə Adriatik sahillərində həyata keçirdiyi partizan əməliyyatları ilə tarixə düşdü. Bundan əlavə İsrafil Məmmədov, Ziya Bünyadov, Qafur Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Hüseynbala Əliyev, Yusif Quliyev kimi qəhrəmanların adları bu gün də xalqımızın qürur mənbəyidir. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, 34 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.Çıxışında Polkovnik Cəlil Xəlilov azərbaycanlı döyüşçülərin adlarının digər ölkələrdə də əbədiləşdirilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan övladları yalnız SSRİ ərazisində deyil, Şərqi Avropanın bir çox ölkələrində faşizmə qarşı döyüşüblər və onların qəhrəmanlığı bütün insanlığın ortaq mirasıdır.Konfrans çərçivəsində keçirilən veteranlarla görüşlər, təcrübə mübadilələri və ortaq layihə müzakirələri bu tədbirin yalnız keçmişə baxış deyil, gələcəyə uzanan bir körpü olduğunu sübut etdi. Bu gün veteranların təcrübəsi və döyüş xatirələri gənc nəslin vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayır. Çünki bir xalq öz qəhrəmanlarını unudursa, gələcəkdə yeni igidlər yetişmir.Polkovnik Cəlil Xəlilovun “qanla yazılmış tarix silinməməlidir” fikri sözün əsl mənasında Vətəninə, Millətinə və Qəhrəmanına dəyər verən, yaddaşı yaşadan vətənpərvər bir ziyalının ürək sədası, tarixi ədalətə çağırışı və gələcək nəsillərə ünvanladığı mənəvi vəzifədir. Bu çıxış Azərbaycanın səsinin beynəlxalq platformada yenidən eşidilməsi demək idi. Q.Süleymanlı

Hamısını oxu