Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhidlərimizin SAYI AÇIQLANDI

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində Azərbaycan Ordusunun verdiyi şəhidlər barədə məlumat yayıb. Publika.az-a daxil olan məlumata görə, Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad etmişdir. Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

2020-12-03 00:00:00
1213 baxış

Digər xəbərlər

İş adamı 710 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırıb

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi bu ildə Naxçıvan torpağının yetirməsi, vətənpərvər iş adamı, hər zaman şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə diqqət və qayğı göstərən tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən Ramazan və Novruz bayramı ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan 710 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Həssas kateqoriyadan olan ailələr onlara göstərilən diqqət və qayğıya görə iş adamına təşəkkür edib, minnətdarlıqarını bildiriblər. (https://www.tiktok.com/@qazi_tarverdiyev085/video/7615930436245556500?_r=1&_t=ZS-94baxqVUWM1 )   

Hamısını oxu
Köksünü düşmən pulemyotuna sipər edən Sovet İttifaqı Qəhrəmanı: Gəray Əsədov!

Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olub. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışıb.   1942-ci ildə hərbi xidmətə gedib. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşüb, Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak edib.   1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb. Əlbəyaxa döyüşlər zamanı göstərdiyi şücaət onun şan-şöhrətini daha da artırıb. Xüsusilə Xuedin şəhəri uğrunda döyüşlərdə düşmən minomyotunun heyətini məhv edərək şəxsən özü minomyotun arxasına keçib və onun üzünü düşmən istiqamətinə çevirərək xeyli canlı düşmən qüvvəsini məhv edib. Həmin döyüşlərdə göstərdiyi igidliyə görə Gəray Əsədov "Qırmızı Bayraq ordeni"nə layiq görülüb. 1944-cü il oktyabr ayının 19-da isə Gəray Əsədov uzaq Rumıniyada qumbara ilə düşmənin bir neçə atəş nöqtəsini susdurub, qumbarası, gülləsi tükənəndə isə öz köksünü düşmənin dəzgah pulemyotunun qarşısına verərək əməliyyatın uğurla başa çatmasına zəmin yaradıb. Aleksandr Matrosovun qəhrəmanlığını təkrar edən həmyerlimizin adı əbədi olaraq Böyük Vətən müharibəsi tarixinə qızıl hərflərlə yazılıb. Ona ölümündən sonra – 1945-ci ilin 24 mart tarixində Sovet İttifaqı Qəhrəmanı adı verilib. Məzarı vətənimizdən uzaqlarda olsa da, xalqımız igid oğlunun adını həmişə əziz tutur.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Əsrə Bərabər Ömür: Nəbi Nuriyev

Səssiz-səmirsiz bir kəndin köhnə həyətində bir zamanlar dərin düşüncələrə qərq olmuş ağsaçlı bir kişi oturardı. Baxışları uzaqlara dikilərdi və sanki keçmişin tozlu yollarında, döyüş səngərlərində, itirilmiş yurd yerlərində gəzirdi. O, müharibənin od-alovundan keçmiş, taleyin sərt sınaqlarından alnıaçıq çıxmış bir Azərbaycan övladı Nəbi Nuriyev idi. Nəbi Nuriyev bu dünyadan köçsə də, onun qürur dolu ömrü, yaddaşlarda iz qoyan xatirələri, yaşadığı həyat və qoyub getdiyi irs yaşamaqdadır. O,  bir dövrün canlı siması, bir xalqın hekayəsi, bir millətin şəxsiyyət salnaməsi idi. Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdu. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşmüş və 130-cu atıcı alayın tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaət və fədakarlığa görə ona çavuş rütbəsi verilmiş, daha sonra isə bölmə komandiri vəzifəsinə yüksəlmişdir. Nəbi Nuriyev təkcə Almaniyaya qarşı gedən döyüşlərdə deyil, həm də Sovet-Yapon müharibəsindəki ağır döyüşlərdə iştirak etmişdir. Xüsusilə Kvantun ordusunun darmadağın edilməsində onun da mühüm rolu olmuşdur. Yaponiyanın Vadlin şəhərinədək uzanan döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında qəhrəmanlığı ilə fərqlənmişdir. Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70 və 75 illik yubiley medalları ilə təltif olunmuş, II dərəcəli "Vətən Müharibəsi Veteranı" medalı və SSRİ Silahlı Qüvvələrinin 70 illik yubiley ordeninə layiq görülmüşdür. 2000-ci ildə isə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə "1941–1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunmuşdur. Lakin Nəbi Nuriyevin mübarizəsi bununla bitmədi. Vətənə döndükdən sonra qarşılaşdığı həyat döyüş meydanlarından heç də daha asan deyildi. Gəncliyini səngərlərdə qoymuşdu, amma ümidini yox. 1946-cı ilin dekabrında yurduna qayıtdı, ailə qurdu. Lakin 1949-cu ilin sərt qışında həyat onu yenidən sınağa çəkdi. İki yaşlı oğlu, 40 günlük körpəsi və həyat yoldaşı ilə birlikdə doğma elindən deportasiya edildi. İmişlinin Qaralar kəndinə köçürüldü. Burada kənd ağsaqqalı Qurban kişi ona sığınacaq verdi. Kolxoz sədri Mirəli kişinin dəstəyi ilə taxılçılıq sahəsində briqadir təyin olundu. Həyatın acı-şirin günlərini görən Nəbi kişi bir buğda dənəsinin belə itkiyə getməsinə imkan verməzdi. Kolxoz rəhbərliyi onun təhsil almasına şərait yaratdı. Ağdamdakı kənd təsərrüfatı kadrlarının ixtisasartırma məktəbində təhsil aldı. Təqaüdə çıxanadək müxtəlif vəzifələrdə çalışdı. Müharibə və əmək veteranı kimi el-obada və rayonda hörmət qazandı. Birinci Qarabağ müharibəsi və 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı da igidlərimizə xeyir-dua verənlərdən biri məhz o olmuşdu. Çünki müharibənin nə demək olduğunu o, səngərlərdə, barıt qoxulu gecələrdə, itkilərin ağrısında yaşamışdı. Bu savaş artıq uzaqlarda deyil, doğma Qarabağ torpağında baş verirdi. Cəbhəyə yollanan igidlər arasında onun doğmaları da var idi. Ailəsi arasında şəhid olanlar, yaralananlar oldu. Nəvəsi Rövşən Binnətov Vətən müharibəsinin könüllü iştirakçısı kimi cəbhəyə yollanmış, bir sıra ərazilərimizin azad olunmasında iştirak etmiş, “İgidliyə görə” medalı ilə təltif olunmuş və zabit rütbəsi almışdır. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə təkcə bu günün nəsli üçün bir dərs deyil, Nəbi Nuriyev kimi igidlərin, əsgər babaların illərlə qəlblərində daşıdıqları müqəddəs arzu və amalın gerçəkləşməsi üçün bir addım idi. Nəbi Nuriyev düz 100 il yaşadı və şərəfli, qürurlu və ləyaqətli bir ömür sürdü. Bu ömürdə müharibə, deportasiya, zəhmət, ailə sədaqəti, zəfər və Vətən sevgisi vardı. Böyük Vətən Müharibəsinin 80 illik yubileyinin qeyd olunması da məhz Nəbi Nuriyev kimi fədakar insanların sayəsində mümkün olmuşdur. O, bu yubileyin mənəvi daşıyıcısı olmaqla yanaşı, tariximizin canlı şahidlərindən biri kimi yaddaşlarda qalacaqdır. Ona təqdim edilən medallar və təşəkkürnamələr Azərbaycan xalqının öz qəhrəman övladına göstərdiyi dərin ehtiram və minnətdarlığın parlaq ifadəsidir. Nəbi Nuriyev həm döyüş, həm əmək meydanlarında xidmət etmiş, dövlətə və Vətənə sədaqətlə bağlı olan nadir şəxsiyyətlərdən biri idi. Nə qədər ki, Azərbaycan dövləti və bu torpaq var, xalqımız yaşayır Nəbi Nuriyevin adı və əziz xatirəsi də əbədi yaşayacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
ABŞ-dan Vətən Müharibəsinə gələn çavuş

Sentyabr ayında Vətən Müharibəsində könüllü iştirak etmək üçün ABŞ-dan Azərbaycana yollanan Hüseyn Məmmədov yaşadığı Nyu-York şəhərinə geri qayıdıb. Qəhrəman hərbçini ailəsi və yaxın dostları Nyu-Yorkun Kennedi hava limanında qarşılayıblar. O, bir neçə ildir ailəsi ilə bərabər ABŞ-ın Nyu-York şəhərində yaşayır. Vətən Müharibəsinin ilk günlərində o, ailəsinə “İstanbula istirahətə gedirəm” deyərək birbaşa cəbhəyə yollanır.   H.Məmmədov orduda məxfi hissənin sürücüsü vəzifəsində, kiçik çavuş olaraq xidmət edib. O, Şuşa şəhərinin işğaldan azad olunmasında yaxından iştirakı ilə tanınıb. H.Məmmədov bildirir ki, müharibədə ona ən yaxın yol yoldaşı olan ayaqqabılarını da ABŞ-a gətirib: “Böyük fəxr hissi keçirirəm. O qədər qürurluyam ki, hisslərimi ifadə etməkdə acizəm. Hətta o çəkmələrimi də özümlə gətirmişəm. O torpaqlarda gəzdiyim çəkmələrim indi mənim ən dəyərli əşyamdır”.

Hamısını oxu