Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev Fondu yeni layihəyə başlayır

Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır. Axar.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bildirib. Mehriban Əliyevanın açıqlamasında deyilir: “Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar. Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

2020-12-08 00:00:00
3597 baxış

Digər xəbərlər

AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) səfərdədir. Səfər çərçivəsində magistratura səviyyəsində maşınqayırma mühəndisliyi və metallurgiya mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb. Müqaviləni AzTU-nun rektoru, professor Vilayət Vəliyev və BTU-nun prezidenti, professor Gezine Grande imzalayıblar. İmzalanma mərasimindən sonra AzTU-nun rektoru Vilayət Vəliyev və BTU-nun prezidenti Gezine Grande müqavilənin 10 ildən artıq davam edən əməkdaşlığın nəticəsi olduğunu bildiriblər. Sənədin hər iki ali təhsil müəssisəsi üçün faydalı olacağı vurğulanıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. Qeyd edək ki, nümayəndə heyətində Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev də iştirak edib. Yaqub Piriyev Almaniyanın mühəndis təhsilinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu müqavilə Almaniya universitetləri ilə imzalanan ilk ikili diplom müqaviləsidir. O da qeyd olunub ki, Təhsil Nazirliyi Almaniya universitetləri ilə ikili diplom proqramlarına böyük əhəmiyyət verir. Daha sonra nümayəndə heyəti universitetin kampusu və laboratoriyaları ilə tanış olub. Həmçinin AzTU-nun məzunları olan, BTU-da magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələrin tədqiqat hesabatları dinlənilib və perspektiv imkanlar barədə müzakirələr aparılıb. Nümayəndə heyətinin səfəri davam edir.  

Hamısını oxu
Cəlilabadda Heydər Əliyev ili çərçivəsində şeir müsabiqəsi keçirilib

Veteran.gov.az xəbər verir ki, 25 aprel 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad rayon sektoru, rayon Veteranlar Təşkilatı və Cəlilabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şəhər 9 nömrəli tam orta məktəbdə şeir müsabiqəsi keçirilib.  Tədbirin açılış mərasimində  Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, LARTİ-nin Cəlilabad rayon sektorunun metodisti İlham Əhmədov, AYB-nin üzvü, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman iştirakçılara müsabiqə haqqında geniş məlumat verərək bildiriblər ki, müsabiqənin  keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.  Müsabiqədə şagirdlər Ulu Öndər Heydər Əliyev və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq şeir müsabiqəsinin qalibləri müəyyən olunub. Müsabiqənin qaliblərinə Ulu Öndərin doğum günündə mükafatlar təqdim olunacaqdır.

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Bayraməli Bayramov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Bayramov Bayraməli Səfər oğlu vəfat edib. Bayraməli Bayramov İkinci Dünya müharibəsi zamanı faşist istilasına qarşı qəhrəmancasına mübarizə aparmış, döyüşlərdə göstərdiyi igidliklərə görə hərbi komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Bayraməli Bayramovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Dövlət Xidmətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı dəyirmi masa keçirilib. Xidmət rəisinin müavini, general-mayor Azər Məmmədovun iştirakı ilə keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, o cümlədən vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak edib. Dəyirmi masada Dövlət Xidmətində ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması məsələləri müzakirə edilib. Görüşdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası haqqında ətraflı məlumat verilib, o cümlədən Xidmətdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər diqqətə çatdırılıb. Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib.  

Hamısını oxu