Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tariximizin ən xoşbəxt adamı – Heydər Əliyev

Bu gün Heydər Əliyevin anım günüdür. Oxuduğu məktəblərdə, işlədiyi vəzifələrdə, yaşadığı ailədə və cəmiyyətdə həmişə uğurlara imza atmış Heydər Əliyevi xoşbəxt insan hesab etmək olar. Əmək fəaliyyətinə başladığı zamandan həmişə işlərin ən çətinini, məsuliyyətin ən ağırını öz üzərinə götürmüş Heydər Əliyev harada çalışmasından asılı olmayaraq nəticə həmişə eyni olub – QƏLƏBƏ. Böyük entuziazmla başladığı bütün işləri yeganə amalla – ölkəsinə və xalqına fayda vermək arzusu ilə başa çatdırıb uğur qazanmaq H. Əliyevin həyat kredosu idi. Sovet xüsusi xidmət orqanlarında uğurlu fəaliyyəti onu işlədiyi qurumun ən yüksək pilləsinə ucaltdı. Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində ilk milli kadr kimi öz xalqının milli maraqlarını sovet rejiminin repressiyalarından qorumağı bacardı. Yeni vəzifədə qazandığı uğurlu təcrübə onu Azərbaycanın ali siyasi hakimiyyətinə gətirdi. Azərbaycana rəhbərlik etdiyi illər xalqımız üçün ardıcıl qələbələr və davamlı uğurlar silsiləsinə çevrildi. Azərbaycan İttifaq daxilində geridə qalmış aqrar bir ölkədən qabaqcıl sənaye və müasir elmi-texniki nailiyyətlər ölkəsinə çevrildi. Azərbaycanda öz vəzifəsini Qələbə ilə başa vuran Heydər Əliyevə Sovet İttifaqının ali idarəçiliyində ən yüksək vəzifələrdən biri həvalə olundu. Burada da Heydər Əliyev orijinal iş üslubu, xarizmatik lider xüsusiyyətləri ilə milyonların rəğbətini qazandı. Həyatı boyu pillə-pillə yüksəldiyi dövlət qulluğu vəzifələrində ən cəsarətli təşəbbüslərin, ən gözlənilməz həll yollarının və ən riskli siyasi gedişlərin müəllifi kimi yadda qalan Heydər Əliyev Sovetlər İttifaqının ən parlaq siyasi simalarından biri idi. O dünyanın üçdə birini təşkil edən ən böyük ölkəsində milyonların kumirinə çevrilə bilmişdi. 90-cı illər dünya tarixinə böyük dəyişiklər gətirdi. Qlobal miqyaslı dəyişikliklər dünya miqyaslı şəxsiyyətlərin də həyatında öz əksini tapır. Heydər Əliyevin də həyatında ən böyük qələbələri yetişdirəcək yeni tarix - dövlət müstəqilliyi tarixi başladı. Özünün dediyi kimi, “...həyatının qalan hissəsini də öz xalqına xidmətə həsr etdi.” Əvvəlki illərdən daha böyük əzmlə çalışan lider həyatının ən böyük uğurlarına imza atmağı bacardı. Böyük məharətlə ölkəsini vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. Qarabağı işğaldan azad etməyə ömür vəfa etməsə də, o böyük inamla bu azadlığa aparan yolun əsasını qoydu. Qarabağın azadlığına aparan “yol xəritəsi”ni etibarlı əllərə həvalə etdi. Heydər Əliyevin sonuncu möhtəşəm Qələbəsi İlham Əliyev tərəfindən Qarabağın azad olunması ilə təmin edildi. Tarix göstərdi ki, Heydər Əliyev aramızda olmasa da onun siyasəti xalqımıza qələbələr qazandırmaqda davam edir. Həyatı qələbələr salnaməsini xatırladan bu böyük insanın bioqrafiyasına baxanda öz həyatını heç zaman, heç bir şəraitdə özü üçün yaşamadığını görmək olur. Buna baxmayaraq onu tariximizin ən xoşbəxt adamlarından biri hesab etmək olar. Çünki o öz xoşbəxtliyini dövlətinin azadlığında və müstəqilliyində, öz xalqının xoşbəxtliyində görürdü. Bu gün xalqımız dünyanın ən xoşbəxt xalqlarından biridir. Azərbaycanın müstəqilliyi isə Heydər Əliyevin dediyi kimi, “əbədidir, dönməzdir və sarsılmazdır.”

2020-12-12 00:00:00
3748 baxış

Digər xəbərlər

“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycan adına tarixi uğurdur”

“WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycan adına tarixi uğurdur”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan bununla təşkilatçılıq baxımından dünyaya yeni bir nümunə təqdim etmiş oldu: “Bu gün Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) bağlanş mərasimi keçirilib. 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qatıldığı Forum həm miqyas və mahiyyətinə, həm də sessiya zamanı səslənən yeni çağırış və təkliflərinə görə bütün dünyada böyük maraqla qarşılanıb. Dünya mediası ölkəmizdə keçirilən məlum Forumla bağlı çoxlu sayda reportajlar verib, məqalələr dərc edib. Hansı ki, bütün bu məqalələrdə Azərbaycanın WUF13-ə böyük peşəkarlıqla ev sahibliyi etməsi qeyd olunub. Bu baxımdan, əminliklə demək olar ki, WUF13 yalnız Azərbaycanın deyil, bütün dünyanın siyasi-iqtisadi və mədəni həyatı baxımından önəmli bir hadisədir və biz yaxın gələcəkdə bunun təsirlərini daha çox hiss edəcəyik”. Polkovnik qeyd edib ki, Forum şəhərsalma sahəsində Azərbaycan təcrübəsinin təbliği baxımından da önəmli oldu: “WUF13-lə bağlı mühüm həqiqətlərdən biri də Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsinin təbliği, bu təcrübənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da olduqca faydalı olub. Azərbaycan bu mühüm platformadan istifadə edərək şəhərsalma ilə bağlı tarixi təcrübəsini dünya dövlətlərinin diqqətinə çatdırıb. Xüsusilə də, işğaldan azad edilən ərazilərimizdə salınan şəhər və infrastrukturlar, bu layihələrin tarix və müasirlik baxımından vəhdəti WUF13 iştirakçıları tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Azərbaycan işğaldan azad edilən ərazilərdə gerçəkləşdirdiyi layihələrlə sübut edib ki, bu sahədə kifayət qədər zəngin təcrübəyə malikdir və bu təcrübəni digər dünya dövlətləri ilə bölüşməyə hazırdır”. Təşkilat sədri WUF13-ün Azərbaycana olan beynəlxalq etimad və inamı daha da artırdığını vurğulayıb: “WUF13 tədbiri sübut etdi ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahib edən azsaylı ölkələrdən biridir və bu sahədəki təcrübəsini mütəmadi şəkildə artırır. Təsadüfi deyil ki, Forumda iştirak edən dövlətlərin təmsilçiləri öz çıxışlarında Azərbaycanın bu təcrübəsindən heyranlıqla bəsh edib, bu təcrübənin öyrənilməsinin vacibliyinə toxunublar. Bu baxımdan, qəti şəkildə demək olar ki, WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycana olan beynəlxalq inam və etimadı daha da artıracaq, bu qəbildən olan tədbirlərin bundan sonra da ölkəmizdə keçirilməsinə sitimul verəcək”. Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Naxçıvanda 104 yaşlı seçici səs verdi

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvanın ən yaşlı seçicilərindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızı səsvermə hüququndan istifadə edib.   O, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsinə səs vermək üçün ərizə ilə müraciət edib. Məntəqə əməkdaşı ailənin yaşadığı evə daşınan qutu aparıb və yaşlı seçicinin səsverməsinə şərait yaradılıb.

Hamısını oxu
“Arif Paşayev dünya elminin inkişafına böyük töhfələr verən nadir şəxsiyyətlərdəndir”

“Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev dünya elminin inkişafında mühüm xidmətləri olan, Azərbaycan adına böyük uğurlara imza atan nadir şəxsiyyətlərdəndir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edən Cəlil Xəlilov görkəmli akademikin uzun illərdir ki, Azərbaycan adına böyük uğurlara imza atdığını bildirib: “Akademik Arif Paşayev uzun illərdir ki, elmin inkişafına böyük töhfələr verməkdə, elmə gətirdiyi yeniliklər, unikal və təkrarsız elmi əsərlərlə beynəlxalq elmi ictimaiyyət tərəfindən böyük maraqla izlənməkdədir. Təkcə bir faktı qeyd edim ki, hörmətli akademik 500-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın, 60-dan artıq ixtira, respublika və beynəlxalq səviyyəli patentin müəllifidir. Bu gün 90 illik ömrünün zirvəsində qərar tutan Arif Paşayev çoxsaylı elmi mütəxəssislərin hazırlanmasında mühüm rol oynamış, bu sahədə böyük bir məktəb formalaşdırmışdır. Hörmətli rektor elm sahəsindəki yüksək xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-cü ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf”, 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunmuş, 2005-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Arif Paşayev Nobel mükafatı laureatı İ.V.Pavlov adına “Qızıl nişan”la, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qızıl medal”ı, Akademik Y.Məmmədəliyev adına medalla, Beynəlxalq Aviasiya Komitəsinin “Qızıl medal”ı, Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” ordeni və başqa çoxsaylı diplomlarla təltif olunmuşdur. Mən 90 illik yubileyi münasibətilə dəyərli akademikimizi təbrik edir, ona uzun ömür, cansağlığı və yeni elmi uğurlar arzulayıram. Əminəm ki, akademik Arif Paşayev bundan sonra da elmə gətirdiyi yeniliklərlə bütün dünyanın diqqət mərkəzində olacaq, öz uğurları ilə bütün xalqımıza sevinc bəxş edəcək”.    

Hamısını oxu
İş adamı şəhidlərin xatirəsinə iftar süfrəsi açıb

Veteran.gov.az xəbər verir ki, hər zaman şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərən Səfər Əlirzayev tərəfindən hər il olduğu kimi bu il də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə iftar süfrəsi açılıb. İftardan öncə Nehrəm qəsəbə şəhidliyində şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Aprelin 7-də olan iftar məclisisində Muxtar Respublikanın digər kənd və rayonlarından olan şəhid valideynləri, qazilər, qəsəbə sakinləri ilə yanaşı, Naxçıvan Ali Məclisinin deputatları, Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov, DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirak ediblər. Həmçinin iki gün ərzində Səfər Əlirzayevin iştirakı ilə Naxçıvanın müxtəlif yaşayış məntəqələrində olan şəhidlərin məzarları onların doğmaları ilə birgə ziyarət olunub. Ziyarət əsnasında şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub.  

Hamısını oxu