Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən müharibəsindəki şanlı Qələbəmiz ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək

Vətən müharibəsindəki şanlı Qələbə və Ermənistanın kapitulyasiyasından qırx gün ötür. Bu günü rəmzi olaraq Vətən uğrunda canından keçmiş şəhidlərimizin qırx günü kimi qəbul etmək olar. Hazırda biz tamamilə yeni, qalib, məğrur Azərbaycanda yaşayırıq. Şəhidlərin ruhuna ən böyük töhfə dövlətimizin başçısının rəhbərliyi ilə doğma Qarabağın bərpası üçün hazırlanan böyük planlar, möhtəşəm layihələrdir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, əslində, Qarabağ Zəfəri ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin uzun illərdir apardıqları məntiqi siyasətin nəticəsidir. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu Qələbəni şərtləndirən mühüm amillərdir. Bu Qələbə ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək. Bu günümüzə görə canından keçmiş şəhidlərimizi ehtiramla yad edir və onlara Allahdan rəhmət diləyirik. O, eyni zamanda, qeyd edib ki, Azərbaycan bu Zəfəri ilə bütün dünyaya sübut etdi ki, onun qüdrətli, məğlubedilməz ordusu var. Bu ordu istənilən missiyanı yerinə yetirməyə, ölkənin və xalqın təhlükəsizliyini təmin etməyə qadirdir.

2021-01-16 00:00:00
3537 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqala şəhərində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 18 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfəri çərçivəsində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini  ziyarət edib, xatirə kompleksinin önünə gül dəstələri qoyub. Şəhər veteranları, ictimai-siyasi fəallar, məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, Əziz Əliyevin 1942-1948-ci illərdə Dağıstanın ictimai-siyasi və iqtisadi-sosial inkişafına verdiyi töhfədən danışıb. Polkovnik qeyd edib ki, Əziz Əliyev Azərbaycanla Dağıstan xalqları arasındakı tarixi dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb: “Böyük dövlət xadimi Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərlik etsə də, onun fəaliyyətinin miqyas və önəmi Dağıstanın hüdudlarından kənarda da aydın hiss olunub, bütün regionda milli-mədəni münasibətlərin, xalqlararası dostluq əlaqələrinin inkişafına təkan verib. Məhz Əziz Əliyevin hakimiyyəti dönəmində Dağıstan müharibə dövrünün özü ilə gətirdiyi çoxsaylı çətinliklərə rəğmən, iqtisadi-sosial baxımdan inkişaf edib, Dağıstan xalqının Azərbaycan xalqı ilə münasibətləri, dostluq-qardaşlıq əlaqələri daha da güclənib. Sonralar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən bu siyasət müvəffəqiyyətlə davam etdirilib, Azərbaycan-Dağıstan münasibətləri yüksək səviyyəyə çatdırılıb. Bizim üçün qürurvericidir ki, mərhum dövlət xadimlərimizin bu siysəti hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün bizim Dağıstana səfər etməyimiz, bu səfər əsnasında buradakı veteranlar, ictimai-siyasi fəallar, məktəblilərlə göğrüşməyimiz məhz bu siyasətin nəticəsidir. Unutmamalıyıq ki, Azəbaycan və Dağıstan xalqı İkinci dünya müharibəsində faşizmə qarşı da bir yerdə - çiyin-çiyinə mübarizə aparmış, “qəhvəyi taun” üzərində zəfərə birgə imza atmışdır. Bu faktın özü tarixi-mədəni baxımdan oxşar yol keçən xalqlarımızın tarixi dostluğuna nümunədir”. Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa da diqqət çəkib: “2020-ci ildə 30 ilik işğalın ardınca Azərbaycan Silahlı Qüvvələr Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini darmadağın etmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bu gün Prezident İlham Əliyev liderlik etdiyi Azərbaycan Respublikası bütün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin ən böyük, ən etibarlı təminatçısıdır. Əminəm ki, Prezidentimizin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirən Azərbaycan dövləti yaxın gələcəkdə daha da çiçəklənəcək, Dağıstan xalqı ilə Azərbaycan xalqı arasındakı tarixi dostluq, qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək”. Polkovnik Cəlil Xəlilov çıxışında Dağıstan və Azərbaycan veteranları ilə sıx əlaqə saxlayan, xalqlararası dostluq münasibətlərinin inkişafına töhfə verən Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəsi general-mayor Əliyar Abdullayevə də öz təşəkkürünü bildirib. Tədbirdə Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviç və Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımuradov Yacımurad İbramoviç də iştirak edib.  Çıxışında polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Alicanov Maharam Ramaldanoviç, Azərbaycan-Dağıstan dostluq münasibətlərinin digər xalqlar üçün də örnək olduğunu bildirib, dostluq münasibətlərinin bundan sonra da qorunub saxlanılmasının zəruriliyini vurğulayıb. Seymur ƏLİYEV

Hamısını oxu
Cərimə rotasını “yenilməzlər rotası”na çevirən Sovet İttifaqı Qəhrəmanı: Ziya Bünyadov!

Ziya Bünyadov 1923-cü ilin dekabr ayının 21-də Astara şəhərində,  ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi.   Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən: “Ziya Bünyadov özü haqqında dediklərindən: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsl adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm...Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned".   Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939 -cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi.  Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi.    Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada –  Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir.   O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok, Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi.   Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı. Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi.   Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı.   1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Hamısını oxu
Azərbaycan siyasətində köhnə siyasi oyunlara yer yoxdur

Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi və dövlətçilik gücünü və qüdrətini misilsiz şəkildə artırdığı bir zamanda Azərbaycan dövlətinin əldə etdiyi böyük tarixi uğurları qəbul etmək istəməyən qüvvələrin sərgilədiyi xəyanətkar əməllərə qarşı cəmiyyət haqlı olaraq həssaslıqla təpki verir və bu yöndə qətiyyətli və barışmaz mövqe ortaya qoyur. Ramiz Mehdiyev və Əli Kərimli kimi fiqurlar ətrafında gedən müzakirələr, həmçinin bəzi müxalifət dairələri daxilindəki qeyri-şəffaf proseslər bir daha göstərir ki, ölkənin sabitliyini sarsıtmaq potensialı daşıyan istənilən davranış xalq tərəfindən birmənalı şəkildə rədd edilir və qətiyyətlə pislənilir. Azərbaycan özünün inkişaf və təhlükəsizlik strategiyasını heç bir köhnəlmiş siyasi oyuna, heç bir manipulyativ ritorikaya və heç bir xarici təsir cəhdinə güzəşt etməyən, sarsılmaz və prinsipial dövlətçilik iradəsi üzərində qurub. Azərbaycan bu gün regionda qüdrətini artıran, dünyada gedən siyasi və iqtisadi dalğalanmalar fonunda özünün sabit inkişafını təmin edən bir dövlətdir. Lakin məhz bu yüksəliş dövründə bəzi şəxslərin köhnə siyasi manipulyasiya üsullarına qayıtmaları, səhnəarxası koordinasiyalarla məşğul olmaları və məsuliyyətsiz siyasi davranış nümunələri sərgiləmələri cəmiyyətin haqlı narazılığına səbəb olur. Xalqın mövqeyi qəti və aydındır ki, Azərbaycanın siyasi taleyi köhnə oyunların meydanı ola bilməz! İctimai fikirdə “boz kardinal” adlandırılan Ramiz Mehdiyevin müxtəlif dövrlərdə siyasi proseslərə dolayı təsir göstərməsi ilə bağlı səslənən fikirlər, eləcə də onun Əli Kərimli ilə paralel görünən bəzi davranışları Azərbaycan cəmiyyətində narahatlıq yaradan məqamlardandır. Milli Şura layihəsinin fiaskosu isə bu narahatlığın təsadüfi olmadığını bir daha üzə çıxardı. Bu layihənin uğursuzluğu göstərdi ki, Azərbaycan cəmiyyətində köhnə siyasi fiqurların köhnəlmiş davranışlarına yer yoxdur. Əli Kərimlinin “Qafqaz baharı” kimi məsuliyyətsiz şüarları və bu şüarların arxasında duran populist ritorika isə haqlı olaraq siyasi proseslərə zərər vuran, reallıqdan uzaq və cəmiyyətin gözləntiləri ilə uyğunlaşmayan çıxışlar kimi qiymətləndirilir. Azərbaycanın mövqeyi, təhlükəsizlik mühiti və regiondakı rolu belə radikal çağırışlara, süni şəkildə qızışdırılan gərginliklərə yol verəcək qədər zəif deyil. İctimai diskussiyalarda o da xüsusi vurğulanır ki, Ramiz Mehdiyevin “ənənəvi müxalifət daim öndə olmalıdır” məzmunlu yanaşmaları müxalifətin yenilənməsini deyil, köhnə simaların və köhnə ideyaların qorunmasını təşviq edən xəttin tərkib hissəsi kimi görünür. Cəmiyyət artıq bu modellərin ölkəyə nə verdiyini, daha doğrusu, nə vermədiyini çox yaxşı bilir. AXCP-nin fəaliyyət istiqamətləri ilə bağlı ictimai müzakirələrdə səslənən suallar da diqqətdən yayınmır. Rusiyada yaşayan müəyyən dairələrlə əlaqələr və diaspor üzərindən siyasi təsir ehtimalları müxtəlif xarici mərkəzlərin regionda nüfuz savaşı apardığı bir vaxtda xüsusilə təhlükəlidir. Bu iddialar rəsmi təsdiqini tapmasa belə, bu yöndə müzakirələrin mövcudluğu özü göstərir ki, siyasi proseslər milli təhlükəsizlik prizmasından incəliklə qiymətləndirilməlidir. Siyasi arenada Ramiz Mehdiyev və Əli Kərimli kimi şəxslərin səhnəarxası oyunlarının və onların şəxsi hesablaşmalarının dövlətçiliyə heç bir faydası yoxdur və ola da bilməz. Cəmiyyət bu cür köhnəlmiş siyasi taktikaların qalıqlarını çoxdan rədd edib. “Xəyanətin ifşası” kimi emosional ifadələrin ictimai müzakirələrdə yer alması da, hər nə qədər güclü emosional çalar daşısa da, xalqın bu cür davranışlara münasibətinin harada dayandığını kifayət qədər açıq göstərir. Qafqaz bölgəsinin bu gün son dərəcə həssas geosiyasi şəraitdə olduğu nəzərə alınanda, daxildə siyasi sabitliyi pozmaq potensialı daşıyan istənilən davranış, istər bilərəkdən olsun, istər bilməyərəkdən, dövlət üçün ciddi risk kimi qiymətləndirilir. Bu səbəbdən AXCP daxilindəki qeyri-şəffaf proseslərin təhlükəsizlik prizmasından araşdırılması tamamilə əsaslıdır və bu, dövlətin üzərinə düşən məsuliyyətin bir hissəsidir. Azərbaycan dövləti milli maraqlara qarşı yönəlmiş heç bir xətti, heç bir təmayülü, heç bir gizli siyasi oyunu qəbul etməyəcək qədər güclüdür. Dövlətin təhlükəsizlik doktrinası aydındır: heç bir köhnəlmiş siyasi ssenari, heç bir xarici təsirə uyğunlaşdırılmış proses və heç bir manipulyativ çağırış Azərbaycanın sabitlik xəttinə müdaxilə edə bilməz. Xalqın iradəsi də qəti və aydındır: Azərbaycan siyasi meydanı köhnə intriqaların, “boz kardinal” üslubunun, radikal çağırışların və köhnə müxalifət oyunlarının təsiri altında ola bilməz. Xalq nəzarət edir, dövlət tədbir görür və bu dövlətçilik birliyi qarşısında heç bir köhnə siyasi fiqur öz ambisiyalarını milli maraqlardan üstün tuta bilməz. Vasif Qafarov Milli Məclisin deputatı

Hamısını oxu
“Qarşımızda dayanan vəzifə media adından sui-istifadələrə qarşı geniş cəbhə açmaqdır”

Əflatun Amaşov: “Bu cəbhə təsadüf simaları sıradan çıxaracaqdır” “Mediadan, jurnalist adından sui-istifadə halları ötən illərdə olduğu kimi, yenə də aktuallığını saxlamaqdadır. Azərbaycan Mətbuat Şurası fəaliyyətə başlayandan bu sayaq təmayüllərə qarşı mübarizə aparmaqdadır”. Veteran.gov.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Əflatun Amaşov jurnalist adından sui-istifadə hallarına qarşı mübarizədə görülən və görülməsi gərəkən işlərə də diqqət çəkib: “Qurum məsələyə cəmiyyətin diqqətini çəkmək üçün "reket jurnalistika" anlayışından istifadə edib. Təbii ki, anlayışa izah da verilib. Bu barədə geniş danışmaq istəməzdim. Çünki həm mübarizəmiz, həm onun nəticələri, həm də açıq deyim, müəyyən mənada gözlədiyimiz effekti verməməsi media cameəsindəki hər kəsə məlumdur. Yeri gəlmişkən, illər ərzində mübarizənin lazımi qədər effekt verməməsinin səbəblərindən geniş danışmışıq. Səbəblər əsasən obyektiv səciyyə daşıyıb. Yəni böyük ölçüdəki obyektivlikdən danışıram. Nəyə görə belə deyirəm? Çünki MŞ problemlərin hamısını diqqətdə saxlayıb, onların ictimai müzakirəsi aparıb. Hətta qanunvericilik baxımından vacib məqamları açıqlayıb, vəziyyətdən çıxış yollarını vurğulayıb. Şura onu da bildirib ki, media adından sui-istifadələrin qarşısının alınmasında hüquqi prosedura ehtiyac duyulmaqdadır. Paradoksal durum yaranır. Diqqət etmişəm ki, bir çox həmkarımız jurnalistikadan sui-istifadələrə qarşı mübarizənin vabliyini diqqətə çatdırsa da, sonralar həmin həmkarlarımızı mübarizəmizə qarşı çıxanların səngərində görrmüşük. Deyərdim ki, bəzən belələrinə qarşı mübarizənin söz və ifadə azadlığı kontekstində dəyərləndirilməsinə, müxtəlif siyasi spekulyasiyalara baş vurulduğuna da şahidliyimiz var. Hər bir halda məsələyə prinsipial yanaşılmasını, daha böyük həqiqətlərin üstün tutulmasını heç kəs inkar etməyib. Prinsipial yanaşma və daha böyük yanaşma isə budur. Birincisi, jurnalistika onun missiyasına yad təmayüllərdən qurtulmalıdır. İkincisi, jurnalistika informasiya işidir və bu iş həm də ölkənin təhlükəsizliyi ilə bağlıdır. Hər iki nəticə bir-birilə üzvü şəkildə bağlıdır. Birinci hala lazımi qiymət verilməməsi peşənin nüfuzunu zədələyir, ikinci məqama diqqət yetirilməməsi ölkənin təhlükəsizliyini təhdid edir. Bütün bunları nəzərə alaraq bildirməliyəm ki, qarşımızda dayanan vəzifə media adından sui-istifadələrə qarşı geniş cəbhə açmaqdır. Bu cəbhə təsadüf simaları sıradan çıxaracaqdır. Bir növ, ələnmə baş verəcəkdir. Obrazlı desəm, ələyin gözündən yaxşılar düşəcəkdir. Ən əsas məsələ o ələyi hərəkətə gətirməkdir. Bunun üçün isə qanuni mexanizmlər var. O qanuni mexanizmlər ki, mövcud sahəyə toplanmış müxtəlif təsadüfi şəxsləri sıradan çıxarsın. Yenə də deyim, indiki məqamda məsələ başlıca olaraq həm də ölkənin informasiya təhlükəsizliyi ilə bağlıdır. Biz jurnalist adından sui-istifadə edənlərin spekulyativ davranışlarının təmənna mahiyyətini bilirik və heç kəs təminat verə bilməz ki, bu mahiyyət nə zamansa ölkə miqyaslı məsələlərdə cəmiyyəti yanlış yönləndirmə kimi neqativ təmayüllərin də girovuna çevrilməyəcək. Odur ki, peşəyə sədaqət elə Vətənə sədaqətdir. Prinsipial yanaşma peşəyə sədaqətsizliyin eyni zamanda Vətənə sədaqətsizlik kimi qiymətləndirilməsi üçün şübhələr aktuallaşdırır. Bu yanaşmanı bizdən zaman tələb edir”. Seymur ƏLİYEV  

Hamısını oxu