Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfrans keçirilib

Bosniya və Herseqovinanın paytaxtı Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfransı təşkil edilib. Tarixi, mədəni irsin qorunması və saxlanılması missiyasını başlıca fəaliyyət məqsədi sayan “Qələbənin varisləri” beynəlxalq birliyinin təşkil etdiyi konfrans İkinci Dünya müharibəsinin 75 illiyinə həsr olunub. İyirmidən çox ölkədən yüksək vəzifəli nümayəndə heyətlərinin, o cümlədən iki ölkənin prezidentinin qatıldığı konfransda Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil edib. Tədbirdə “Veteranların müdrikliyi - müharibə və faşizmə sipərdir” adlı məruzə ilə çıxış edən C.Xəlilov Azərbaycanın faşizmə qarşı mübarizədə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Həmin müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar, əvəzsiz xidmətlər göstərib. Azərbaycan neftinin qələbədəki payı xüsusilə böyük olub. Bu gün həmin Qələbənin canlı yaddaşı veteranlardır. Əbədi fəxrimiz olan veteranlar ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunublar. C.Xəlilov qonaqların diqqətini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozmasına, 25 ilə yaxın müddətdə BMT-nin qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən bu günədək icra olunmamasına yönəldib. O, bu faktı faşizmin dirçəldilməsinin bariz nümunəsi kimi dəyərləndirib, tarix beşiyimiz olan Qarabağın hələ də işğal altında saxlanmasını və milli-mədəni sərvətlərimizin talan olunmasını böyük təəssüf hissi ilə diqqətə çatdırıb. Eyni zamanda, Ermənistanda nasizmə xidmət edənlərə son illərdə abidə ucaldılmasını ciddi tənqid edərək deyib: “Biz nasistlərlə əlbir olanların qəhrəmanlaşdırılmasının əleyhinə çıxmalıyıq. Artıq bir neçə ildir ki, müasir erməni faşistləri öz sələflərinin, İkinci Dünya müharibəsində alman faşizminə xidmət göstərmiş cəlladlar, erməni qisasçı legionlarına rəhbərlik etmiş Qaregin Njde və general Dronun genişmiqyaslı təbliğatı ilə məşğul olurlar. Ermənilər bədnam niyyətlərinin həyata keçirilməsində hər vasitəyə əl atır, hətta qonşu ölkələrin mətbuatının imkanlarından istifadə etməkdən belə çəkinmirlər. Vaxtılə Qarabağda və Zəngəzurda azərbaycanlılara qarşı qırğınlar törətmiş Njde kimi faşist başkəsənlərinin bəraətinə xidmət edən bu təbliğatda o dərəcədə ifrata varılır ki, cəlladlar qəhrəman səviyyəsinə yüksəldilir. Ermənilərin bəşəriyyətin məhvinə çalışan, milyonların cəlladları olanlara abidə ucaltmaları hiddətləndiricidir. İkinci Dünya müharibəsi tarixinə adları nasistlərlə birgə kütləvi qırğınların törədiciləri sırasına yazılmış bu qaniçənlər faşizmə xidmət etdikləri üçün qınaq obyekti olmalı, lənətlə xatırlanmalıdırlar”. Respublika Veteranlar Təşkilatının sədr müavini Azərbaycanda heç zaman dini, irqi ayrı-seçkiliyə yol verilmədiyini, xalqımızın tolerantlığının dünya tərəfindən qəbul edilən reallıq olduğunu əminliklə bildirib. O, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində qeyd olunan ənənələrin dövlət siyasəti səviyyəsinə qaldırılmasından və həyat tərzinə çevrilməsindən bəhs edərək konfrans iştirakçılarını bunun bariz nümunələri ilə tanış edib. Azərbaycanda yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, müxtəlif dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirləri qeyd edən natiq müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrinin bir arada harmonik mövcudluğunun dünya üçün nümunə olduğunu vurğulayıb. Konfransda digər ölkə nümayəndələrinin də çıxışları dinlənilib, faşizmsiz dünya uğrunda mübarizənin metodlarından bəhs olunub.

2017-06-29 00:00:00
3948 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilova “Fəxri professor” adı verilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Fəxri professor” adına layiq görülüb. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edən  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan nümayəndəsi, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə Respublika Veteranlar Təşçkilatının sədri Fatma Səttarovanın iştirakı ilə “Fəxri professor” diplomunu polkovnik Cəlil Xəlilova təqdim edib.    

Hamısını oxu
“20 Yanvar hadisəsi sovet hakimiyyətinin xalqımıza qarşı tarixi cinayətidir”

Cəlil Xəlilov: “Cinayətkarlar elə bilirdi ki, əzələ nümayiş etdirməklə Ermənistanın maraqlarını təmin edə biləcəklər” “20 Yanvar hadisəsi sovet hakimiyyətinin xalqımıza qarşı tarixi cinayətidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, əslində 20 Yanvar hadisələrinin kökü 80-ci illərin sonunda baş qaldıran erməni fitnə-fəsadı ilə başlayıb: “1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasından başlayır. Bildiyiniz kimi, 1987-1988-ci illərdə ermənilər növbəti dəfə Qərbi Azərbaycan ərazisindəki soydaşlarımızı deportasiyaya məruz qoyur, onları tarixi vətənlərindən didərgin salırdı. Xatırladım ki, sadəcə, 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib. Bu deportasiya nəticəsində 250 min azərbaycanlı doğma vətənindən didərgin salınıb. 1990-cı ilin yanvarında Azərbaycana qoşun yeridən sovet hakimiyyəti xalqımıza əzələ nümayiş etdirməklə onun iradəsini qırmağa cəhd etdi. Sovet hakimiyyəti istəyirdi ki, xalqımız insanlarımızı Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etsin, bu prosesə müqavimət göstərməsin. Lakin Azərbaycan xalqı tarixin bütün çətin mərhələlərində olduğu kimi, 1990-cı ilin yanvarında da ciddi iradə və əzm nümayiş etdirdi. Öz cəsarəti və qəhrəmanlığı ilə sübut etdi ki, onun iradəsini zorakılıqla, hədə-qorxu ilə qırmaq, ona boyun əydirmək mümkün deyil”. Polkovnik qeyd edib ki, 20 Yanvar hadisələrinin müqəssirləri ilk dəfə məhz Ulu öndər Heydər Əliyev tərəfindən ifşa olunub: “20 Yanvar faciəsinə ilk obyektiv qiyməti verən, baş verənlərə görə sovet hakimiyyətinə açıq etiraz sərgiləyən Ümummilli lider Heydər Əliyev olub.  Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Onu da qeyd edim ki, 1991-ci il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “...Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. Göründüyü kimi, Heydər Əliyev sovet rejiminin mövcudluğu dönəmində bu məsələ ilə bağlı cəsarətli mövqe sərgiləyib, baş verənləri Azərbaycan xalqına qarşı cinayət adlandırıb”. Professor bildirib ki, ermənilərin və ermənipərəst qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan bundan sonra da öz milli maraqlarının qorunması və möhkəmlənməsi istiqmaətindəki addımlarını qətiyyətlə davam etdirəcək: “Azərbaycan xalqına qarşı qırğın və qtəliyamlar 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra da davam edib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız soydaşımız amansızcasına qətlə yetirilib. Lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə Azərbaycan ona qarşı edilən bütün haqsızlıqlara, cinayətlərə layiqli cavab verdi. İşğaldakı torpaqlarımız qısa zamanda döyüş yolu ilə azad edildi. Erməni faşizmi tar-mar olundu. Bu gün işğaldan azad edilən torpaqlarımıza “Böyük Qayıdış” gerçəkləşir. Ancaq bu, son deyil. Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə - Qərbi Azərbaycana da qayıdacaqlar. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Prezidentimizin və xalqımızın qətiyyəti bu ümidləri daha da gücləndirir. Təbii, bu uca amal uğrunda biz veteranlar da əlimizdən gələni əsirgəməyəcək, xalqımız və dövlətimizlə, Müzəffər Ali Baş Komandanımızla sıx həmrəylik nümayiş etdirəcəyik”. Seymur ƏLİYEV  

Hamısını oxu
Vətən müharibəsi şəhidinin adını daşıyan küçənin açılışı olub

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Heydərov Qadir Ədalət oğlunun adını daşıyan küçənin açılışı olub. Rayonun mərkəzində yerləşən küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Veteranlar Təşkilatının üzvləri  və şəhidin valideynləri iştirak ediblər. RİH-nin başçısı Rafiq Cəlilov  çıxış edərək bildirib ki, Qadir Heydərov  11 may 1998-ci ildə Cəlilabad rayonun Əsədli kəndində doğulmuşdu.  O, orta  məktəbi 2016-cı ildə bitirib, həmin ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb. Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib. O, 29 oktyabr  2020-ci ildə Qubadlının  yüksəklikləri  uğrunda gedən döyüşlərdə  şəhid olub, əbədiyyətə qoşulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Qadir Heydərov ölümündən sonra  "Vətən uğrunda", "Cəsur döyüşçü",  "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları  və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Şəhidin atası Ədalət Heydərov  göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlığını bildirib. Qeyd edək ki, həmin gün rayonun  Sabirabad kəndində  "Azərbaycan bayrağı" ordenli şəhid Musa Əsgərovun da adını daşıyan küçənin açılışı olub. Rayon Veteranlar Təşkilatının nümayəndələri Vətən Müharibəsi şəhidi Rəfail İşiyevin yaşadığı binanın önündə vurulmuş barelyefin açılışında da iştirak ediblər.

Hamısını oxu
Görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi ilə bağlı Elmi-praktik konfrans

28 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi ilə bağlı Respublika Veteranlar Təşkilatı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə Elmi-praktik konfrans keçirilmişdir. Elmi-praktik konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Konfransda Milli Aerokosmik Agentliyinin baş direktorunun birinci müavini, texnika elmlər doktoru Tofiq Süleymanov, Təbii ehtiyatların Kosmik Tədqiqi İnstitunun direktoru, texnika elmlər doktoru Fəxrəddin Ağayev, İkinci Dünya müharibəsi veteranları general-polkovnik Tofiq Ağahüseynov, təyyarəçi mayor Damət Nəbiyev, keçmiş Sərhəd Qoşunlarının komandanı general-mayor Abbasəli Novruzovun,  kinorejissor, Azərbaycanın Xalq artisti Vasif Babayev, Kərim Kərimovun yaxın qohumu polkovniki Oqtay Əhmədov, veteranlar, ziyalılar, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmış, Kərim Kərimovun həyatı və fəaliyyəti barədə geniş məlumat verərək demişdir: Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 yanvar 2017-ci ildə xalqımız qarşısında mühüm xidmətlər göstərmiş, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sovet İttifaqı Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü olmuş Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Respublika Veteranlar Təşkilatı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə baş tutan bu Elmi-praktik konfrans da həmin sərəncamın həyata keçirilməsi ilə bağlıdır. Kərim Kərimov haqqında məruzələr dinləyəcəyinizi nəzərə alaraq, mən onun həyatı və fəaliyyəti barədə qısa qeydlərlə kifayatlənəcəyəm. O, 1917-ci ildə Bakının Pirşagi kəndinda neftçi ailəsində anadan olmuşdur. Hələ orta təhsil dövründən radiotexnikaya maraq göstərən Kərim 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, ali təhsil aldığı vaxt Azərbaycan radiosuna işə qəbul edilmiş, bir müddət sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunmuşdur. 1941-ci ildə İnstitutu elektromexanik mühəndis kimi bitirən Kərim Kərimova istedadına görə, 1942-ci ildə Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat verilir. Yüksək biliyə malik Kərim birbaşa akademiyanın V kursuna daxil olmuş, 1943-cü ildə buranı topçu-mühəndis ixtisası üzrə bitirmişdir. O, "Katyuşa" adı ilə tanınan yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdır. Öz işinə can yandıran, silahın təkmilləşdirilməsi barəsində bir neçə dəyərli təklif irəli sürən Kərim Kərimov həmin vaxtdan həyatını raket texnikası ilə bağlamış, bu texnikanın inkişafı naminə elmi və fiziki potensialını əsirgəməmişdir”. C.Xəlilov daha sonra Kərim Kərimovun keçmiş SSRİ və Azərbaycan elminə verdiyi töhfələrdən, SSRİ-də Aerokosmik sahənin inkişafındakı müstəsna xidmətlərindən danışmışdır: “K.Kərimov Baykonur kosmodromunun əsası qoyulan gündən Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdir.  SSRİ-də kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın, Yuri Qaqarinin kosmosa göndərilməsində onun da rolu az olmamışdır. Kərim Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor Sergey Korolyov 1966-cı ildə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. O, bu məsul vəzifədə 25 il çalışmışdır. Ancaq bütün bu fəaliyyətlər necə deyərlər, kadr arxasında qalırdı. İnsanlar yalnız kosmonavtları tanıyır, onları hazırlayanlar, bütün fəaliyəti təşkil edənlərin adı isə gizli saxlanılırdı. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar K.Kərimovun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil "Soyuz" kosmik gəmiləri, "Salyut" orbital stansiyası, çoxmodullu "Mir" stansiyası vardı. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bu sahədə bir çox azərbaycanlı alimin fəaliyyəti və inkişaf etməsi üçün şərait yaratmışdır. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. Kərim Kərimov iki dəfə Lenin, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordenlərinə  layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. O, 2 dəfə dövlət mükafatı almışdır”. C.Xəlilov çıxışını Ulu öndər Heydər Əliyevin 15 il əvvəl dediyi təbrik sözləri ilə bitirmişdir: “Sizin əməyiniz istər dövlət, istərsə də kosmik elm və texnikanın görkəmli nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir. Sizin topladığınız təcrübə və hərtərəfli biliklər ölkəmizdə kosmik tədqiqatların inkişafına, şübhəsiz töhfəsini verəcəkdir”. Sonra Kərim Kərimovun çoxsahəli fəaliyyəti barədə Milli Aerokosmik Agentliyinin baş direktorunun birinci müavini, texnika elmlər doktoru Tofiq Süleymanov, Təbii ehtiyatların kosmik tədqiqi institunun direktoru, texnika elmlər doktoru Fəxrəddin Ağayevin məruzə etmiş və general-polkovnik Tofiq Ağahüseynovun, e/o polkovnik Oqtay Əhmədovun çıxışları dinlənilmişdir. Onlar Kərim Kərimov haqqında xatirələrini bölüşmüş, kosmonavtika elminə töhfələrindən danışmış, onun xatirəsini daim  əziz tutulduğunu, qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirmişlər. Çıxışlardan sonra rejissor Vasif Babayev Kərim Kərimov haqqında çəkdiyi sənədli televiziya filmi nümayiş etdirilmişdir. Kinorejissor, Azərbaycanın Xalq artisti Vasif Babayevə RVT Rəyasət Heyətinin qərarı ilə verilmiş “Veteran həmrəylilyi” medali ona təqdim olunmuşdur.

Hamısını oxu