Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Beş ildir ki, hər ilin 27 sentyabrında Azərbaycan xalqı başı dik, qürurla və ehtiramla şəhidlərini yad edir.

Yenixeber.org: Bu tarix bir xalqın əsrlərlə davam edən ədalətsizliyə qarşı hayqırtısı, torpaq həsrətinə son qoymaq üçün bir millətin ayağa qalxdığı gündür. 27 sentyabr 2020-ci il Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir. Məhz bu gündən etibarən xalqımız 30 ilə yaxın davam edən erməni işğalına "yetər!" dedi və tariximizin ən şanlı səhifələrindən birini yazmağa başladı. Vətən müharibəsində canını torpaq uğrunda fəda edən oğulların qəhrəmanlığı bu günü həm kədər, həm də qürur günü kimi yaddaşlara həkk etdi. Azərbaycan xalqı bu gündə 44 gün boyunca döyüş meydanında qanı və canı ilə tarix yazan qəhrəman Vətən oğullarının xatirəsini sonsuz ehtiramla anır. Bu gün eyni zamanda, 200 ildən artıq davam edən erməni təcavüzkarlığına və düşmənçiliyinə verilən ən qəti və ədalətli cavabın rəmzidir. Bu tarix həm də bütün dünyaya, xüsusən də düşmənlərimizə Azərbaycanın gücünü, əsgərinin şücaətini, xalqının birliyini və dövlətin iradəsini nümayiş etdirdi. Bir sözlə, 27 Sentyabr Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida!” sözlərinin gerçəyə çevrildiyi, xalqın bu amal uğrunda bir yumruq kimi birləşdiyi gündür.
2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başladığı növbəti hərbi təcavüzə cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Artıq səbirlər tükənmişdi. Hər kəs o günü, Müzəffər Ali Baş Komandanın əmrini gözləyirdi. Otuz il davam edən beynəlxalq riyakarlıq, ikili standartlar, münaqişənin nizamlanması üçün yaradılmış Minsk Qrupunun nəticəsiz fəaliyyəti, kağız üzərində qalan beynəlxalq qətnamələr və Ermənistanın bu illər ərzində ərazilərimizdə törətdiyi təxribatlar, təmas xətti boyunca dinc əhalimizə atəş açması xalqın səbr kasasını doldurmuşdu.
2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri və sentyabrın 27-də ölkəmizə qarşı başlanan növbəti təcavüz bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzə son qoymaq məqsədilə Ali Baş Komandan İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə, rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün silaha sarıldı. Ali Baş Komandanın döyüş əmri bizi Qarabağ arzumuza yaxınlaşdıran tarixi günün başlanğıcı oldu. O gün millətin daxilində illərlə yığılıb qalan döyüş ruhu və birlik hissləri sanki vulkan kimi püskürdü. Dövlət başçısının xalqa müraciətində dediyi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri əsgərimizin döyüş əzmini daha da gücləndirdi.
Bəli, xalqın çoxdan gözlədiyi gün gəlmişdi. “Vətən bizi çağırır!” deyərək könüllü cəbhəyə yollanan gənclərin üzlərində sevinc, gözlərində isə qisas hissi vardı. Vətən uğrunda şəhidliyi mükafat olaraq qəbul edən Azərbaycan oğulları 44 gün ərzində necə döyüşdüklərini, Vətən borcuna necə sadiq olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Döyüş meydanında da, arxa cəbhədə də hər kəs bir məqsədə xidmət edirdi: Rəhbər, ordu və xalq birliyi. Bu isə Vətən müharibəsində qələbəni şərtləndirən əsas amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar və bütövlükdə xalqımızın iradəsi, bir yumruq kimi birləşməsi düşmənə sarsıdıcı zərbələr endirdi. Qan-qadasız, itkisiz müharibə olmur. Hər qazanılan zəfərin arxasında qəhrəman şəhidlərin qanı var. Torpaq şəhidlərin qanı ilə Vətən olur. Bu mənada xalq oğullarını necə təntənə ilə cəbhəyə yola salırdısa, şəhidlərini ondan da böyük izdihamla qarşılayırdı. Üçrəngli bayrağımızı öpüb bağrına basan, “Vətən sağ olsun” deyən neçə-neçə mətanətli şəhid valideyni gördük. Bütün dünya Azərbaycan əsgərinin şücaətinə şahidlik etməklə yanaşı, “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərin sadəcə uydurma olduğunu da anladı.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı imzaladığı Sərəncam şəhidlərimizə və onların doğmalarına ali ehtiramın göstəricisidir.

Qarabağda tarix yazan Vətən oğullarına vəfa borcumuz isə hər gün, hər an davam edir. Unutmamalıyıq ki, bu gün Qarabağa Böyük Qayıdışın sevinci onların sayəsindədir. Bu gün viran qalmış yurd yerlərimizdə yanan işıqlar öz nurunu şəhid ruhlarından alır. Qəhrəman Azərbaycan əsgərinin ayaq izlərinin açdığı cığırla başlayıb doğma Şuşamıza uzanan möhtəşəm Zəfər yolu onların əsəridir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarda bu gün çoxşaxəli layihələr həyata keçirilir. 1990-cı illərdə yenicə müstəqilliyini əldə etmiş Azərbaycan Ermənistanın təcavüzü ilə üz-üzə qalmış, daxildə isə siyasi çəkişmələr, dövlətçiliyə təhlükə yaradan qüvvələr ölkəni uçuruma aparırdı. Belə bir zamanda xalqın israrlı tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyəti sabitləşdirdi, vətəndaş müharibəsinin qarşısını aldı.

Xalqımızın qarşısında duran növbəti böyük hədəf torpaqlarımızın işğaldan azad edilməsi idi. Amma ermənipərəst güclər bu məsələnin həllini sonsuzadək uzatmağa çalışırdı. ATƏT-in Minsk qrupu 28 il ərzində sadəcə bölgəyə turist kimi səfərlər etməklə işlərini bitmiş hesab edirdilər. Məqsədləri münaqişəni Ermənistanın xeyrinə dondurmaq idi. Nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan özü ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsi hərb meydanında reallığa çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan azad olundu. 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə separatizmə son qoyularaq dövlət suverenliyimiz tam təmin edildi.

Bu qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar formalaşdı. Təhlükəsizlik, dayanıqlı sülh və əməkdaşlıq üçün zəmin yarandı. Bütün bunlar Prezident İlham Əliyevin 22 illik qətiyyətli siyasəti, sərrast diplomatiyası və xalqın dəstəyi ilə mümkün oldu. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bir nömrəli vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını qarşısına məqsəd qoydu. Həmin vaxtdan etibarən milli maraqlarımızın təmin olunması uğrunda məqsədyönlü və uzaqgörən siyasət yürüdən qalib lider İlham Əliyev dünya gücləri ilə bərabər səviyyədə mübarizə apararaq Azərbaycanı bütövləşdirdi. Beləliklə, o, həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirdi.

 İlham Əliyevin rəhbərliyi ilə Şuşaya, Xankəndiyə, Kəlbəcərə, Laçına qayıdış sadəcə torpağa deyil, kimliyə, tarixə və milli qürura qayıdış oldu. Xankəndidə beynəlxalq və yerli media nümayəndələri ilə keçirilən görüş zamanı Prezident İlham Əliyev bu müqəddəs vəzifənin onun üçün hansı əhəmiyyət daşıdığını belə ifadə etdi: “Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm. Qələbəmiz ədalətli və tam bir qələbədir. Bu Qələbə göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Ən vacib amil isə cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu.” Bu fikirlər artıq tarixin yaddaşına yazıldı.

Hər günü bir dastan, hər anı bir qəhrəmanlıq salnaməsi olan bu müharibə, Azərbaycan tarixinin ən şanlı və ən möhtəşəm səhifələrindən biri kimi əbədi yaddaşlara həkk olundu. O səhifələr şəhidlərimizin müqəddəs qanı, qazilərimizin rəşadəti, xalqımızın sarsılmaz iradəsi və ən əsası, qalib sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə möhürləndi. Prezident İlham Əliyev bir millətin 30 illik həsrətinə, Qarabağ dərdinə son qoydu. O, yalnız torpaqları deyil, xalqın ümidini, ləyaqətini, milli kimliyini geri qaytardı. Şuşaya qayıdışı ilə xalqın mədəni ruhunu dirçəltdi, Xankəndini azad edərək ədaləti bərpa etdi, Laçını və Kəlbəcəri isə sülh yolu ilə, siyasi iradə və qətiyyətlə geri aldı. Bu tarixi ədalətə, əzəli həqiqətə, xalqın milli heysiyyatına qayıdış idi.

Bu, zamanın axarında pozulmağa çalışılan yaddaşın bərpası, milli ruhun yenidən doğuluşu idi. Bu gün artıq Qarabağda həyat bərpa olunur. İllərlə viran qalan şəhərlər yenidən dirçəlir. Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Şuşa və digər bölgələrdə yollar çəkilir, məktəblər, xəstəxanalar, evlər inşa olunur. Qarabağda həyat var, çünki artıq orada Azərbaycan əsgəri var, Azərbaycan bayrağı dalğalanır, Azərbaycan xalqı öz doğma yurduna qayıdır. Bu gün Qarabağda yanan hər bir işıq, əsən hər bir bayraq, atılan hər bir bərpa addımı bir daha sübut edir: Qarabağ Azərbaycandır! Bu, artıq sadəcə bir şüar deyil bu, tarixdir, bu, gerçəkdir, bu, xalqın qələbə salnaməsidir! Azərbaycan xalqı bu Zəfəri unutmur və heç zaman unutmayacaq. Qalib Ordumuzun, şəhidlərimizin və Müzəffər Ali Baş Komandanın yazdığı bu şanlı tarix hər birimizin mənəvi borcudur yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Çünki bu Zəfərin müəllifi  xalqı ilə birgə bir yumruq kimi birləşərək tarix yazan, iradəsi ilə torpaqları azad edən, sarsılmaz liderliyi ilə düşmənə diz çökdürən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Cəlil Xəlilov

Azərbaycan Respublikası Müharibə, Əmək və

Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-09-23 19:07:32
5964 baxış

Digər xəbərlər

Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyindən qazilərimizə böyük dəstək

Milli Məclisin Gənclər və idman komitəsinin də köməkliyi ilə 100-ə qədər sağlamlıq imkanı məhdud qazi müasir əlil arabaları ilə təmin edildi   Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatındakı büstü önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və söz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova verilib.   “Bu cür addımlar türk xalqının birliyi, həmrəyliyi baxımından da mühüm əhəmiyyətə malikdir” Çıxışında qazilərimizə göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına öz təşəkkürünü bildirən Cəlil Xəlilov, Azərbaycan dövlətinin şəhid ailələri və qazilərə yüksək qayğı göstərdiyini, bununla yanaşı, qazilərimizə yönəlik bu cür yardımların da cəmiyyətimizdə böyük məmnunluq doğurduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, bu addım həm də türk xalqının birliyi, həmrəyliyi baxımından mühüm əhəmiyyətə malikdir.  “44 günlük Vətən müharibəsində bizdə Avropada anti-Azərbaycan qüvvələrinə qarçı müharibə aparmışıq”   Cəlil Xəlilovdan sonra çıxış edən İlhan Aşkın öncə rəhbəri olduğu  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında qısa məlumat verib, adıçəkilən qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olduğunu bildirib. 44 günlük Vətən müharibəsində onların da Avropada anti-Azərbaycan qüvvələrinə qarşı informasiya müstəvisində müharibə apardığını bildirən İlhan Aşkın, bundan sonra da  şəhid ailələri və qazilərin diqqət mərkəzində saxlanılacağını bildirib. Dərnək rəhbəri əlil arabalarının Azərbaycana gətirilməsində göstərdiyi köməkliyə görə parlamentin vitse-spikeri millət vəkili Adil Əliyevə təşəkkür edib.  “Şəhid ailələri və qazilərə qayğı göstərmək hər kəsin vicdan və vətəndaşlıq borcudur”  Milli Məclisin vitse-spikeri Adil Əliyev də çıxışında  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına nəcib təşəbbüsünə görə təşəkkür edib, onun hələ 44 günlük Vətən müharibəsindən öncə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb. Vaxtiylə “Gün gələcək Qarabağ ermənilərə məzar olacaq” sözlərinə görə İlhan Aşkının təzyiq və cərimələrə məruz qaldığını bildirən millət vəkili, bütün məhrumiyyətlərə baxmayaraq  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbərinin bu gün də Azərbaycan maraqlarının müdafiəsində yaxından iştirak etdiyini bildirib.   Çıxışında hər bir vətəndaşı şəhid ailələrinin, qazilərin yanında yer almağa, onlara diqqət və qayğı göstərməyə səsləyən millət vəkili Adil Əliyev, bunun hər kəs üçün vətəndaşlıq və vicdan borcu olduğunu bildirib.  İlahiyaytçı Hacı Şahin də çıxışında  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin qazilərimizə dəstəyini yüksək qiymətləndirib, şəhid ailələri və qazilərə dəstək verməyin vacibliyini qeyd edib. Şəhid və qazilərin Allah sevgisini qazanan insanlar olduğunu bildirən Hacı Şahin, şəhid ailələri və qazilərə köməyin də həm mənəvi, həm də dini baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirib.   Millət vəkillərindən Vüqar İsgəndərovun, Əziz Ələkbərlinin, Etibar Əliyevin, Cavid Osmanovun, Jalə Əhmədovanın da iştirak etdiyi tədbirin sonunda bir sıra ictimai-siyasi fəallar  Niderland Azərbaycan-Türk Mədəniyət Dərnəyi tərəfindən təltif edilib, sağlamlıq imkanı məhdud olan qazilərə əlil arabaları təqdim olunub.  Seymur ƏLİYEV

Hamısını oxu
General-mayor cənab İsgəndər Allahverdiyevə

Hörmətli İsgəndər müəllim,   Ad gününüz mübarək! Sizin həyatınız Vətənə, xalqa, dövlətə sədaqətlə xidmətin gənc nəsil üçün örnək olacaq bir nümunədir. Siz Azərbaycan Respublikası Sərhəd Qoşunlarının ilk komandanı kimi müstəqil və demokratik dövlətimizin bərpa edildiyi mürəkkəb tarixi şəraitdə bu qoşunların yaradılması üçün böyük əmək sərf etmiş, yüksək peşəkarlıq göstərmisiniz. Sonrakı illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının dövlət sərhədlərinin etibarlı mühafizəsini və təhlükəsizliyini tam təmin edilməsində xüsusi xidmətiniz vardır. Hazırda Sərhəd Qoşunlarının sıralarında xidməti borcunu şərəflə yerinə yetirən yüzlərlə zabitin həyatını məhz bu sahə ilə bağlamasında da Sizin rolunuz danılmazdır. Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, bütün işlərinizdə uğurlar arzulayırıq.   Hörmətlə,   Respublika Veteranlar Təşkilatının  sədri general-polkovnik Tofiq Ağahüseynov və təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Avropa İttifaqının ali nümayəndəsinin qərəzli fikirləri ikili standart nümunəsidir

Hamısını oxu
Biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış etmişik - İlham Əliyev

Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında yayımlanan müsahibəsində bildirib. “Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər”, - deyə dövlətimizin başçısı qeyd edib.

Hamısını oxu