Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə mütəfəkkirin anadan olduğu Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiya çərçivəsində bir gündə ölkəmizdə 650 min ağac əkilib. Dövlətimizin başçısına və birinci xanıma aksiya barədə məlumat verən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev dedi: Mehriban xanımın təşəbbüsünə əsasən bütün respublika üzrə bir gündə 650 min ağacın əkilməsi ilə bağlı böyük bir aksiyaya başlamışıq. Ağacların hamısı yerli tingliklərdə yetişdirilib və respublikanın bütün rayonlarının sifarişləri üzrə paylanılıbdır. Prezident İlham Əliyev: Şamaxıda neçə min ağac əkilir? Muxtar Babayev: Şamaxıda 50 min. Bakıda, Naxçıvanda, Sabirabad və Saatlı rayonlarının hər birində də 50 min ağac əkiləcək. Prezident İlham Əliyev: Şamaxıda neçə yerdə ağac əkilir, ancaq burada? Muxtar Babayev: Şamaxıda 10-12 yerdə əkilir. Bizim aksiyamızın keçirildiyi ərazi 5 hektardır. Prezident İlham Əliyev: Hansı ağaclar əkilir? Muxtar Babayev: Burada əsasən tuya və Eldar şamı. Amma, bütövlükdə 38 növ ağac paylanılıbdır. Əsasən meyvə ağaclarıdır ki, insanlar həm də meyvə götürsünlər. Prezident İlham Əliyev: Ağaclar bölgələrin iqliminə uyğun olmalıdır. Muxtar Babayev: Əlbəttə, nəzərə almışıq. Prezident İlham Əliyev: Abşeronda yəqin ki, zeytun əkilir? Muxtar Babayev: Abşeronda əsasən zeytundur, badamdır. Burada isə əsasən Eldar şamıdır. Əkilən ağaclar əsasən damcı üsulu ilə suvarılacaq. Bu sistem artıq Sabirabadda, Şamaxıda qurulur. Digərlərində ağaclar hələ ki ənənəvi üsulla suvarılacaq. Prezident İlham Əliyev: Ancaq qulluq etmək lazımdır. Mən gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub. Muxtar Babayev: Quruyan ağacların hamısı mütləq dəyişdiriləcək, onlara qulluq olunacaq. Ümumiyyətlə, aksiya səhər tezdən başlayıb. Bir neçə gündür hazırlıq işləri görülübdür. Bütün rayonlarda bu işlər çox böyük əhval-ruhiyyə ilə görülür və günün sonuna bizim hesabatımız olacaq. Prezident İlham Əliyev: Çox yaxşı. x x x Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağac əkdilər. x x x Mehriban Əliyeva: Bu ərazidə ümumilikdə nə qədər ağac əkilir? Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov: Yalnız bu ərazidə 5 min. Prezidentin köməkçisi Anar Ələkbərov: Mehriban xanım, bu hissədə əkilən ağaclar ilə “Nəsimi 650” yazısı formalaşdırılacaq. x x x Sonra dövlətimizin başçısı və birinci xanım aksiyada iştirak edən gənclərlə xatirə şəkilləri çəkdirdilər. Qeyd edək ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 38 növdə 650 min ağac əkilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların əkiləcəyi ərazilərin elektron xəritəsini hazırlayıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq. Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağac əkilib. Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. Bu ərazinin relyefinə uyğun olaraq burada əsasən tuya və Eldar şamı əkilib. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri və könüllüləri də fəal iştirak ediblər.

2019-12-07 00:00:00
4168 baxış

Digər xəbərlər

Vətənə, Millətə, Dövlətə Sadiqlik Nümunəsi – Cəlil Xəlilov

Azərbaycan tarixinin hər dönəmi, dövlətinə, millətinə, torpağına sədaqət göstərən, həyatını xalqın yoluna sərf edən şəxsiyyətlərin xidmətləri ilə zəngindir. Belə şəxsiyyətlərdən biri də siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovdur. Onun həyat yolu, mübarizəsi və fəaliyyətləri Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, dövlətçiliyin inkişafına, milli birliyin gücləndirilməsinə həsr olunmuş bir ömürdən ibarətdir. Uşaqlıqdan Formalaşan Vətən Sevgisi Cəlil Xəlilovun həyat yolu Azərbaycanın çətin və mürəkkəb tarixi dönəmlərinə təsadüf edir. O, uşaqlıqdan xalqına, torpağına, dövlətinə sadiq bir gənc kimi formalaşmış, milli dəyərlər və vətənpərvərlik hissləri ilə böyümüşdür. Onun həyat fəlsəfəsinin əsasını milli kimlik, dövlətçilik prinsiplərinə bağlılıq və Vətənə xidmət anlayışı təşkil edir. Elm və Təhsildə Zəhmətkeş Yol Cəlil müəllim yalnız hərbi xidmətdə deyil, elmi sahədə də öz sözünü demiş, zəngin biliyi və dərin analitik təfəkkürü ilə tanınmışdır. Siyasi elmlər üzrə fəlsəfə doktoru kimi dövlət idarəçiliyi, siyasi proseslər, milli təhlükəsizlik, idarəetmə mexanizmləri və ictimai-siyasi inkişaf sahələrində çoxsaylı elmi araşdırmalar aparmışdır. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti olaraq illərdir dövlət qulluğu, ictimai idarəetmə və milli strategiya mövzularında gənclərə dərs deyir. Onun dərsləri sadəcə nəzəriyyə ilə məhdudlaşmır, o, dövlət idarəçiliyinin sirlərini həm elmi, həm də praktiki təcrübəsi ilə öyrədir. Polkovnik Cəlil Xəlilov – Dövlətə və Orduya Xidmət Azərbaycan ordusu və Silahlı Qüvvələrinin güclənməsində, milli təhlükəsizliyin qorunmasında Cəlil Xəlilovun mühüm rolu olub. O, hərbi xidmət illərində yalnız bir zabit kimi deyil, həm də milli təhlükəsizlik və müdafiə strategiyaları üzrə peşəkar mütəxəssis kimi çalışmışdır. Polkovnik rütbəsinə yüksəlmiş Cəlil müəllim həm döyüş meydanında, həm də ideoloji mübarizədə daim ön sırada olmuşdur. Onun fəaliyyəti Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsi və dövlətin maraqlarının qorunmasına yönəlmişdir. Veteranların Hüquqlarının Müdafiəsində Fədakarlıq Bu gün Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi minlərlə müharibə veteranının səsini dövlətə çatdırır, onların hüquq və maraqlarının qorunmasında əvəzsiz işlər görür. Veteranların sosial təminatı, mənzil problemləri, tibbi yardımı və cəmiyyətə inteqrasiyası istiqamətində onun fəaliyyəti çoxsaylı layihələr və təşəbbüslərlə zəngindir. Cəlil müəllim bu sahədə yalnız rəhbər deyil, həm də yolgöstərən, həm dəstəkçi, həm də mənəvi dayaqlardan biridir. Milli Dəyərlərin və Dövlətçiliyin Qoruyucusu Cəlil Xəlilovun həyat amalının əsasında dövlətçilik prinsiplərinin qorunması, müstəqilliyimizin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin yaşadılması dayanır. Onun fəaliyyəti yalnız keçmişlə bağlı deyil, həm də gələcəyə hesablanmışdır. Gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər, seminarlar və elmi müzakirələr dövlətçilik ənənələrinin yeni nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır. O, hər zaman vurğulayır ki, “dövlətini, torpağını, tarixini bilməyən gənclik gələcəyi qura bilməz”. Elmi, İctimai və Dövlətçilik İrsinin Böyüklüyü Cəlil müəllimin zəngin elmi irsi, dövlətçiliyə dair araşdırmaları, milli ideologiya və təhlükəsizlik məsələləri üzrə elmi məqalələri təkcə akademik dairələr üçün deyil, həm də dövlət strukturları üçün əhəmiyyətli mənbədir. Onun fəaliyyəti dövlət, ordu, veteranlar, elm və gənclik arasında körpü rolunu oynayır. Bu gün Cəlil Xəlilov yalnız bir alim və dosent deyil, həm də mübariz bir şəxsiyyət, vətənə sədaqətin canlı nümunəsidir. Nəticə Azərbaycan tarixində Vətənə sədaqəti ilə iz qoyan şəxsiyyətlər daim xalqın yaddaşında yaşayır. Cəlil Xəlilovun həyat yolu, dövlətinə, millətinə və torpağına xidməti bugünkü və gələcək nəsillər üçün örnəkdir. Onun fəaliyyəti göstərir ki, Vətənə xidmət yalnız silahla döyüş meydanında deyil, həm də elm, təhsil, dövlət idarəçiliyi və cəmiyyətin sosial problemlərinin həllində davam edir. Cəlil Xəlilov – Vətənə və Millətə Sadiqliyin Tarixi Nümunəsi Giriş Azərbaycanın dövlətçilik tarixində xalqına, dövlətinə, torpağına sadiq şəxsiyyətlər həmişə öz izi ilə yadda qalıb. Bu şəxslər arasında elələri var ki, həyatını yalnız bir sahəyə deyil, bütöv bir millətin yoluna həsr edib. Onlardan biri də siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovdur. Onun həyat yolu bir amalın ətrafında cəmlənib – dövlətə xidmət, millətə sədaqət, vətənə məhəbbət.—Həyat Yoluna Qısa Baxış Cəlil müəllimin uşaqlıq illəri elə bir dövrə təsadüf edib ki, xalqımız həm siyasi, həm də ideoloji təzyiqlərlə üz-üzə idi. Erkən yaşlarından milli-mənəvi dəyərlərə bağlı böyüməsi onun gələcək yolunu müəyyənləşdirdi. Orta və ali təhsilini uğurla başa vuran Cəlil Xəlilov elmin, dövlətçiliyin və hərb yolunun kəsişməsində öz mövqeyini seçdi. Onun üçün Vətən anlayışı yalnız bir coğrafi sərhəd deyildi, bu – tarix, şəhid qanı, milli kimlik və dövlətçilik fəlsəfəsi demək idi.—Elm və Təhsil – Dövlətçiliyin Elmi Nəfəsi Cəlil müəllim elmi fəaliyyətini dövlət idarəçiliyi, milli təhlükəsizlik və siyasi proseslərin elmi əsasları üzərində qurdu. Onun elmi tədqiqatları Azərbaycan dövlətinin strateji inkişafı üçün ciddi əhəmiyyət kəsb edir. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dosent kimi çalışdığı illər ərzində minlərlə dövlət qulluqçusu, gənc tədqiqatçı və tələbə yetişdirmişdir. O, yalnız dərs demir, həm də dövlətçilik məktəbi yaradır. Cəlil müəllim tez-tez çıxışlarında vurğulayır: > “Dövlət idarəçiliyi yalnız qanunlarla deyil, xalqın ruhu, tarixi yaddaşı və milli dəyərləri ilə formalaşır. Bu dəyərləri qorumaq – hər birimiz üçün müqəddəs borcdur.”—Polkovnik Cəlil Xəlilov – Hərb və Dövlətçilik Məktəbi Cəlil müəllimin fəaliyyəti yalnız elmlə məhdudlaşmır. O, peşəkar hərbi karyera keçmiş, polkovnik rütbəsinə qədər yüksəlmiş, Azərbaycan Ordusunun güclənməsinə və milli təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfələr vermişdir. Hərb yolu onun üçün sadəcə rütbə və forma deyildi – bu, Vətənə sədaqətin praktiki təzahürü idi. O, orduda xidmət etdiyi illərdə həm əsgər, həm də zabit kimi dövlətin maraqlarını üstün tutmuş, milli təhlükəsizlik sahəsində dərin strateji biliklərə yiyələnmişdir.—Veteranların Səsi – Haqqın Müdafiəçisi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi Cəlil Xəlilov minlərlə müharibə iştirakçısının, qazinin və veteranın hüquqlarının qorunması üçün yorulmadan çalışır. Onun təşəbbüsü ilə son illərdə: Veteranların sosial təminatı sahəsində yeni layihələr hazırlanıb, Qazilərin reabilitasiya proqramları genişləndirilib, Müharibə veteranlarının cəmiyyətə inteqrasiyası üçün maarifləndirici tədbirlər həyata keçirilib. Cəlil müəllimin bir çıxışından sitat: > “Müharibə veteranlarının haqqı yalnız bir medal və ya bir kağız parçası ilə ödənməz. Onların hər birinin ürəyində Vətən sevgisi, qürur və fədakarlıq var. Bizim borcumuz – onların fədakarlıqlarına layiq olmaqdır.”—Milli Dəyərlərin Qorunmasında Xüsusi Missiya Cəlil Xəlilovun fəaliyyəti yalnız bu günün problemləri ilə məhdudlaşmır – o, həm də gələcəyin ideoloji dayaqlarını formalaşdırır. Milli-mənəvi dəyərlərin qorunması, gənclərdə dövlətçilik düşüncəsinin gücləndirilməsi onun əsas prioritetlərindəndir. Bu məqsədlə universitetlərdə, məktəblərdə, ictimai mərkəzlərdə seminarlar, mühazirələr və görüşlər keçirir. Gənclərə tez-tez deyir: > “Vətən sevgisi sözlə yox, əməllə sübut olunur. Dövlətinə sahib çıxmaq – tarixə, şəhid qanına, milli kimliyə sahib çıxmaq deməkdir.”—Şəxsiyyət və Nüfuz Cəlil Xəlilov həm elmi dairələrdə, həm hərbi strukturlarda, həm də veteran təşkilatlarında yüksək nüfuza malikdir. Onun təmkinli, prinsipial və dövlət maraqlarını üstün tutan mövqeyi ona böyük hörmət qazandırıb. Onun şəxsiyyəti – tərbiyə, müdriklik, sədaqət və fədakarlığın sintezidir.—Nəticə Polkovnik, alim, dosent, veteranların müdafiəçisi, milli ideologiyanın daşıyıcısı – bütün bu məqamlar bir insanın timsalında cəmlənib: Cəlil Xəlilov. Bu gün o, yalnız keçmişin qəhrəmanlıq səhifələrini yaşatmır, həm də gələcəyin dövlətçilik məktəbini yaradır. Onun ömür yolu Azərbaycan gəncliyi üçün bir çağırışdır: Dövlətini sev, millətinə sahib çıx, tarixini unutma! Pərvanə Salmanqızı.İctimai xadim, jurnalist, şair-publisist.

Hamısını oxu
Təhlükəsizlik, rifah və davamlı inkişaf

Ötən həftə Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə qədəm qoydu. Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti durmadan artır. Eyni zamanda Avropa İttifaqı da Azərbaycanın iqtisadi inkişafı, texnoloji modernləşməsi və beynəlxalq inteqrasiyası baxımından mühüm tərəfdaş olaraq qalır. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi, rifahı və davamlı inkişafı üçün yeni imkanlar yaradır.Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə 1 iyul 2026-cı il tarixində Bakıda keçirdiyi görüşdən sonra verdiyi bəyanat təkcə iki tərəf arasında diplomatik münasibətlərin növbəti mərhələsini deyil, həm də Azərbaycanın regional və qlobal geosiyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Bəyanatda səslənən fikirlər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsini xeyli aşaraq iqtisadiyyat, logistika, yaşıl enerji, təhlükəsizlik, regional sabitlik və geosiyasi tərəfdaşlıq istiqamətlərində çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə daxil olub.Son aylarda Antonio Koşta, daha sonra Kaja Kallas və nəhayət Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfərləri təsadüfi diplomatik aktivlik deyil. Bu ardıcıllıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın mərkəzi aktor kimi qəbul edilməsinin göstəricisidir. Faktiki olaraq Brüssel region siyasətini Bakı ilə daha sıx dialoq üzərində qurmağa başlayır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin nəticəsidir.Prezident İlham Əliyevin "münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" ifadəsi mövcud reallığı tam əks etdirir. Son illər Azərbaycan Avropa üçün yalnız enerji ixrac edən ölkə deyil, etibarlı siyasi tərəfdaş, regional sabitlik yaradan dövlət və Avrasiyanın mühüm nəqliyyat qovşağı statusunu möhkəmləndirib. Məhz buna görə də Avropa İttifaqı ilə münasibətlərdə əvvəlki illərlə müqayisədə keyfiyyətcə yeni mərhələ yaranıb.Bəyanatın mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması ölkənin xarici iqtisadi strategiyasının uğurunu nümayiş etdirir. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi Azərbaycanın Avropa bazarları üçün etibarlı tərəfdaş olduğunu göstərir. Digər tərəfdən, Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin region iqtisadiyyatında aparıcı mövqeyini təsdiqləyir. Bu göstəricilər Azərbaycanın iqtisadi çəkisinin təkcə regional deyil, Avropa miqyasında da artdığını nümayiş etdirir.Enerji təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutur. Müasir geosiyasi şəraitdə enerji artıq iqtisadi resurs olmaqdan daha çox milli təhlükəsizlik faktoruna çevrilib. Son illərdə beynəlxalq enerji bazarında baş verən dəyişikliklər Avropanı enerji mənbələrinin şaxələndirilməsinə sövq edib. Bu kontekstdə Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib.2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun nəticələri artıq konkret rəqəmlərlə özünü göstərir. Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, qaz ixracının yarısının Avropa bazarına yönəlməsi və artıq 10 Avropa İttifaqı üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını təsdiqləyir. Bu əməkdaşlığın yaxın illərdə daha da genişlənməsi üçün kifayət qədər potensial mövcuddur.Ölkə rəhbəri vurğuladığı kimi, bu nəticələr təsadüfi deyil. Azərbaycan onilliklər ərzində siyasi iradə nümayiş etdirərək milyardlarla dollar həcmində investisiya yatırıb, mürəkkəb diplomatik danışıqlar aparıb və nəticədə dünyanın ən iri enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizini reallaşdırıb. Təxminən 3500 kilometrlik vahid boru kəməri sistemi bu gün Avropa ilə Xəzər regionunu birləşdirən strateji enerji arteriyasıdır. Bu layihə Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təminatçılarından biri olduğunu sübut edir.Bəyanatın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Dünyada formalaşan yeni geosiyasi reallıqlar fonunda beynəlxalq yükdaşımaların marşrutları dəyişir və alternativ dəhlizlərin əhəmiyyəti artır. Azərbaycan isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas tranzit ölkə kimi çıxış edir. Son illərdə həyata keçirilən infrastruktur layihələri – müasir dəniz limanları, dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri Azərbaycanın Avrasiyanın əsas nəqliyyat platformalarından birinə çevrilməsinə imkan yaradıb.Yükdaşımaların bütün istiqamətlər üzrə artması mövcud infrastrukturun daha da genişləndirilməsini zəruri edir. Bu isə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Nəqliyyat və logistika sahəsində əldə olunan üstünlüklər ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni istiqaməti bərpaolunan enerji sahəsidir. Artıq imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisi istehsalına imkan verəcək. Bu göstərici Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Ölkə tədricən yalnız neft və qaz ixracatçısından yaşıl enerji ixracatçısına çevrilmək istiqamətində irəliləyir.Bu transformasiya Avropanın yaşıl keçid strategiyası ilə tam uzlaşır. Azərbaycanın zəngin Günəş və külək potensialı, Xəzər dənizinin külək ehtiyatları və yaradılan yeni enerji infrastrukturu ölkəmizi gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm tərəfdaşlardan birinə çevirə bilər. Bu istiqamətdə həyata keçiriləcək layihələr həm enerji təhlükəsizliyini gücləndirəcək, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə ciddi töhfə verəcək.Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən istiqamətlərdən biri regional təhlükəsizlik və sülh prosesidir. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etməsi Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırır. Azərbaycanın uzun illər davam edən münaqişədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi, regional kommunikasiyaların açılmasına dəstək verməsi və qarşılıqlı iqtisadi əməkdaşlıq üçün şərait yaratması regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir.Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, enerji məhsullarının ixracına başlaması və digər humanitar addımlar atması göstərir ki, Bakı sülhü yalnız siyasi sənəd kimi deyil, real iqtisadi əməkdaşlıq modeli kimi görür. Bu yanaşma regionda etimad mühitinin formalaşmasına və uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edir.Avropa Komissiyasının bu prosesə dəstək vermək niyyətini ifadə etməsi də xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqının siyasi və iqtisadi imkanları regional əməkdaşlığın dərinləşməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə və Cənubi Qafqazın sabit inkişaf məkanına çevrilməsinə əlavə stimul verə bilər.Ümumilikdə, Prezident İlham Əliyevin 1 iyul 2026-cı il tarixli bəyanatı Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Bəyanat göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və milli maraqların qorunmasına əsaslanan münasibətlər modeli qurub. Bu model enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika, ticarət, investisiya, regional təhlükəsizlik və sülh gündəliyini özündə birləşdirən geniş strateji platformaya çevrilməkdədir.Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan artıq regional proseslərin iştirakçısı deyil, onların əsas təşəbbüskarı və istiqamətverici aktorlarından biridir. Bu isə ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi gücünün artması və müstəqil xarici siyasət kursunun uğurla davam etdirilməsinin ən mühüm göstəricilərindən biridir. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfidndən hərbi təxribatlar törədilir: "Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən günorta saatlarında bunların növbəti təxribatı nəticəsində bir neçə hərbiçimiz həlak olub. Qəfltən bizim hərbi postumuz artileriya atəşinə tutulub və bu çirkin əməllər nəticəsində hərbiçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbiçilərə də Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətə alınıb, adekvat cavab verilib, hərbiçilərimizin qisası alınıb”.

Hamısını oxu
“Heydər Əliyev İli”nin elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği baxımından əhəmiyyətlidir

“Heydər Əliyev İli” Ulu Öndərin ideyalarının təbliğinə mühüm töhfə verəcək. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, gənc nəslin Heydər Əliyev ideyalarını mənimsəməsi, bu ideyaları dərk etməsi dövlətimizin və dövlətçiliyimizin inkişafı, işıqlı gələcəyi baxımından olduqca önəmlidir: “Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq 2023-cü ili “Heydər Əliyev İli” elan edib. Bu, bütün xalqın qəlbindən, ürəyindən xəbər verən addımdır. Xalqın Heydər Əliyevə olan sevgisi, ona ehtiramı hər kəsə məlumdur və bu sevgi Azərbaycan xalqı, Azərbaycan dövləti kimi əbədidir. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği, bu ideyaların gənc nəslə daha dərindən aşılanması baxımından olduqca əhəmiyyətlidir. “Heydər Əliyev İli” ilə bağlı həyata keçiriləcək layihələr, tədbir və görüşlər, Ulu Öndərlə bağlı yazılacaq məqalə və kitablar, ərsəyə gətiriləcək sənədli filmlər gənclərə imkan verəcək ki, onlar bu dahi şəxsiyyətin ideyalarını daha dolğun şəkildə mənimsəsinlər. Onun Vətən, xalq, dövlət sevgisindən özləri üçün nəticə çıxarsınlar. Fəaliyyətlərində Heydər Əliyev ideyalarını rəhbər tutsunlar. Azərbaycanda nizami ordunun formalaşdırılması, müstəqilliyimizin möhkəmlənməsi, neftimizin dünya bazarına çıxarılması, dövlətimizin siyasi nüfuzunun yüksəlməsi və sair kimi amillər bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə azərbaycanlı hərbi kadrların yetişdirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi diqqət yetirib. Sovet dönəmində Azərbaycanın bir çox görkəmli ziyalıları məhz Heydər Əliyevin dəstəyi nəticəsində ciddi təzyiq və təhdidlərdən yaxa qurtara biliblər. Gənclərimiz Heydər Əliyevlə bağlı bütün bu faktları bilməli, onların hər biri Vətənə, xalqa sədaqətli və faydalı olmağa çalışmalıdırlar. Biz Heydər Əliyev ideyalarına, onun siyasi kursuna, qoyub getdiyi ənənələrə sadiqliyimizi Vətənimizə xidmətimizlə sübuta yetirməliyik”.

Hamısını oxu