Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Bayrağı ordenli Silahlı Qüvvələrin zabiti leytenant Abdulla Elşən oğlu Əliyev ilə görüş keçirilib

Respublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə Vətən müharibəsi iştirakçısı Azərbaycan Bayrağı ordenli Silahlı Qüvvələrin zabiti leytenant Abdulla Elşən oğlu Əliyev ilə görüş keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış etdi. Cəlil Xəlilov: “Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bu 44 günlük müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. müharibə xalq olaraq qürurumuzu, vüqarımızı, özümüzə inamımızı qaytardı. Bu 44 günlük müharibədə igid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazdılar. Elə bir tarix ki, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə qəhrəman oğullarımız şəhadətə qovuşaraq, ölümləri ilə ölümsüzlük qazandılar. Leytenant Abdulla Əliyev və onun timsalında minlərlə qəhrəmanımız  Azərbaycan xalqının ən yeni tarixinə adlarını yazdırdılar, onlar hər zaman iftixarla xatırlanacaqlar. Bundan sonrada vətənimizin ərazi bütövlüyünü, dövlətimizin müstəqilliyini qoruyacaqlarına yekdilliklə əminik”. Əfqanıstan Veteranlar İctimai birliyinin sədri Məhəmməd Vəliyev  Azərbaycan Bayrağı ordenli leytenant Abdulla Əliyev və onun kimi minlərlə Azərbaycan oğlunun qürürumuz olduğunu dilə gətirdi. Qəhrəmanımızın atası Elşən Əliyevin Əfqanıstan veteranı kimi hər zaman oğluna Vətən sevgisini, millət təssübkeşliyini aşıladığını vurğuladı. Azərbaycan xalqının birliyinin yenilməzliyinin simvolu olan Vətən müharibəsindəki şanlı qələbəninin gələcəyimizi işıqlandıracağını bildirdi. Respublika Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın təsis etdiyi Həzi Aslanov yubiley medalını, Əfqanıstan Veteranları İctiami Birliyinin sədri  Məhəmməd Vəliyev  isə öz növbəsində rəhbərlik etdiyi Təşkilatın təsis etdiyi medalı və mükafatı leytenant Abdulla Əliyevə təqdim etdilər. Sonda xatirə fotosu çəkdirildi.

2021-02-04 00:00:00
4319 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: "Müharibə veteranlarına qayğı həmişə prezidentimizin diqqət mərkəzindədir"

Hamısını oxu
Fundamental dilçilik əsəri

Veteran.gov.az xəbər verir ki, bu günlərdə "Füyuzat" nəşriyyatında filologiya elmləri doktoru, professor İdris Abbasovun "Ümumi dilçilik: dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları" adlı monoqrafiyası çapdan çıxıb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Günel Bayramova, rəyçilər professorlar Məsud Mahmudov, İsmayıl Məmmədli, filologiya elmlər doktorları Kamilə Vəliyeva, Gülsüm Hüseynova və Lalə Qurbanovadır.  Əməkdar elm xadimi, akademik Nizami Cəfərov monoqrafiyaya ön söz yazmışdır. Həmin ön sözü təqdim edirik. Müasir dilçilik dilin müxtəlif səviyyələrdə fərqli aspektlərdən kompleks tədqiqi və təhlilini tələb edir. İnsan təfəkkürünün başlıca fəaliyyəti olan dil dilçiliyin tədqiqat istiqamətləri və sahələrini müəyyənləşdirir. Ümumi dilçilik özünün inkişafının hazırki mərhələsində filologiya, psixologiya, dil fəlsəfəsi, ədəbi nəzəriyyələr, koqnitiv elm, neyroelm, biolinqvistika, sosiolinqvistika, psixolinqvistika və s. kimi elmlərin qovşağında yerləşir. Üçüncü minilliyin astanasında dil unikal bəşəri-bioloji əsaslara malik fəaliyyət kimi kroslinqvistik nəzəriyyələr müstəvisində tədqiqata cəlb olunur. Eksperimental metod və mexanizmlərlə məşğul olan linqvistlər, koqnitivistlər, neyrobioloqlar, psixolinqvistlər, koqnitiv qrammatiklər, neyrolinqvistlər, süni intellekt mütəxəssisləri arasında intensiv əlaqələrin olması dilçiliyin multidisiplinar xarakterini səciyyələndirir. Bununla yanaşı, bir çox müasir alimlərin iddiasının əksinə olaraq demək olar ki, müasir dilçilik özünün tarixi köklərindən təcrid olunmamışdır. Dilin fonologiya, morfologiya, sintaksis, semantika və bir çox formal elementlərini tənzimləyən qaydalar toplusu hələ yunan, Roma, ərəb, çin, hind, yapon və s. dilçilik məktəblərində işlənib-hazırlanmış və dövrümüzə qədər mürəkkəb təkamül yolu keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası, son dövrlər ölkəmizdə ümumi dilçiliyə dair yazılmış əsərlərdən öz orijinallığına, mövzuların yeniliyinə, zənginliyinə və əhatəliliyinə görə fərqlənir. Geniş həcmli bu tədqiqat işi dilçiliyə dair bir növ ensiklopedik biliklər məcmusudur. Burada lap qədim dövrlərdən tutmuş günümüzə qədər dilçiliyin keçdiyi tarixi yol izlənilir, Azərbaycan dilçiliyində indiyədək toxunulmamış mövzular gündəmə gətirilir, dilçilik tarixinin və nəzəriyyəsinin, koqnitiv elmlərin epistemoloji əsaslarının aydın və maraqlı mənzərəsi yaradılır. Monoqrafiyaya müqəddimə ilə başlayan müəllif dilçiliyin tarixindən danışarkən ənənəvi olaraq qədim hind, yunan, Roma, ərəb dilçiliklərindən savayı, Babil qrammatik ənənəsi, çin və yapon qrammatik ənənəsi, Türk-Azərbaycan qrammatik ənənəsindən də bəhs edir. Əsərdə Antonio Nebrixa, Fransisko, Sançes, Kaspar Şoppe, o cümlədən Por-Royal qrammatikası haqqında dolğun məlumat verilir, XVIII—XIX  əsrlərdə dilçilikdə onomasiologiya istiqamətinin üç nümayəndəsi – E. de Kondilyak, D.Hərris və İ.Adelunqun linqvistik görüşləri yığcam şəkildə xülasə edilir. Frans Bopp, V.Humboldt, A.Şleyxer, H. Şteyntal, A.A.Potebnya, F.Fortunatov, H.Şuxardt, K.Fossler, De Kurtene, F. de Sössür kimi məşhur dilçilərin adları və görüşləri azərbaycanlı oxuculara məlumdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində digər linqvistik nəzəriyyələr, batini və zahiri forma, XX əsr dilçiliyində sosiolinqvistika və psixolinqvistika məsələlərindən savayı, SSRİ-də nəzəri dilçilik, XX əsrin 60-90-cı illərində Rusiyada nəzəri dilçilik məsələlərinə təmas edilir. Amerikan struktur dil­çi­li­yin­dən bəhs edən müəllif bu istiqamətin Edvard Sepir, Leonard Blumfild, Noam Çomski kimi görkəmli nümayəndələri və onların dilçilik görüşləri haqqında məlumatlar verir, taqmemik yanaşmaya aydınlıq gətirir. Monoqrafiyanın ikinci hissəsində müəllif ümumi və ya nəzəri dilçiliyin izi ilə gedərək sintaksis, semantika və praqmatika, dil fəaliyyəti, dil və nitq, xarici və daxili linqvistika, makrolinqvistik və mikrolinqvistik sahələr, sinxronik linqvistikaya dair təhlil üsullarını nəzərdən keçirir. O, qrammatika haqqında ümumi məlumat verdikdən sonra deskriptiv və preskriptiv qrammatika,  stratifikasiya qrammatikası və ya təbəqəli yanaşma, konstruksiya qrammatikası, rol və istinad qrammatikası, taksonomik əlaqələr, universal qrammatika, prinsiplər və parametrlər nəzəriyyəsi haqqında mövzulara yaxından təmas edir. Burada müəllif vurğulayır ki, parametrik variasiyanın müzakirəsi qrammatik konstruksiya tiplərindəki fərqləri əhatə edəcək şəkildə genişdir. O, multidissiplinar perspektivlərin önəmini vurğulayaraq mürəkkəb anlayış olan məna nəzəriyyələri haqqında maraqlı mülahizələr yürüdür. Mənanın mürəkkəbliyi onun öyrənilməsində birləşən akademik fənlərin mürəkkəbliyindən irəli gəlir. Müəllif mənaya akademik maraq göstərən fənlər kimi fəlsəfə, psixologiya, neyroelm, semiotika və linqvistikanı göstərir. Təqdqiqatın gedişində müəllif sintaksisin tədqiqinə dina­mik şəbəkə yanaşması,avtonomluq anlayışının mürəkkəbliyi, semantizm, komplementarizm və praqmatizm, mənanın şəkil nəzəriyyəsi, tip-token dixotomiyası, Sörl-Derida debatı üzərində dayanır. Monoqrafiyanın üçüncü hissəsində epistemologiya haqqında ümumi məlumat verilir. Müəllif qeyd edir ki, koqnitiv elmlərin inkişafı nəticəsində epistemik koqnisiya mövzusu dövrün aktual mövzularından birinə çevrilmişdir. Bilik problemi insanların lap qədim zamanlardan fikrini məşğul etmişdir. İnsan ağılın necə işləməsini öyrənmək üçün öz ağlından istifadə edən yeganə varlıqdır. Biliyin, yaxud epistemologiyanın tədqiqi fəlsəfə və digər elmlərin öyrənilməsinin əsas sütunlarındandır. Epistemologiya beyini yox, idrakı tədqiq edir. Tədqiqatçılar funksional nöqteyi-nəzərdən qavrayışın, təfəkkürün, yaddaşın, anlamanın, dilin və digər əqli-psixoloji hadisələrin funksiyalarını başa düşməyə çalışırlar. Müəllif belə nəticəyə gəlir ki, epistemologiya – koqnitiv psixologiya, dilçilik, süni intellekt, rasional fəlsəfə və neyrobiologiyanın (neyroelmin) müştərək məhsuludur, yəni fənlərarası elm sahəsidir. Freym nəzəriyyəsi, koqnitiv psixologiya və süni intellekt bölümündə müəllif göstərir ki, freym nəzəriyyəsi süni intellekt sahəsində işlənib hazırlan-mışdır. Qeyd olunur ki, koqnitiv psixologiya və süni intellekt koqnitiv linqvistikanı da əhatə edərək koqnitiv elm adlanan interdisiplinar bir sahənin təşəkkülünü səciyyələndirir. Bu hissədə oxucu Fridrix Bartlett, Marvin Minsky, Rocer Şenk, Robert Abelson və Deyvid Rumelhart kimi məşhur dilçilərlə tanış olmaq imkanı qazanır. Bunun ardınca freym nəzəriyyəsi və koqnitiv linqvistika, koqnitiv psixologiya, süni intellekt, linqvistika, semiotika və ya semiologiya, ağılın fəlsəfəsi, koqnitiv neyroelm, biolinqvistika, elmdə inqilablar və klassik konsept nəzəriyyəsi kimi mövzular tədqiq olunur. Mövzular bir-birini tamamlayır. Kitabın dördüncü hissəsi koqnitiv linqvistikaya həsr olunmuşdur. Koqnitiv linqvistika yeni və çoxşaxəli elmi paradiqma kimi nəzərdən keçirilir. Burada koqnitiv linqvistikanın təşəkkülü, onun koqnitiv elmlərlə əlaqəsi, prototip nəzəriyyə və təsnifatlandırma, radial şəbəkələr və ideallaşdırılmış koqnitiv modellər, klaster modelləri, radial strukturlar və prototip effektlər, dil və təfəkkürdə metonimik modellər, maddiləşdirilmiş realizm və onun fenmomenoloji intensivliyi, konseptuallaşma və ikoniklik, koqnisiya müstəvisində sxem, koqnitiv linqvistikaya skeptik yanaşmalar və digər məsələlər öz izahını tapmışdır. Koqnitiv qrammatika: mental sxemlər və semantik perspektivlər beşinci hissənin ana xəttini təşkil edir. Burada koqnitiv qrammatika anlayışı və qrammatikanın koqnisiyaya münasibəti, dilin maksimalist və minimalist konsepsiyası, semantik-koqnitiv nəzəriyyə kimi güc dinamikası, sxematik sistemlər çərçivəsində güc dinamikası, sintaktik məna və mənanın dinamik konstruksiyası, eyni zamanda fiqur-fon seqreqasiyası və ya asimmetriya problemi, mental reprezentasiyaların fiqur-fon problemi, koqnitiv qrammatikada polisemiyanın dinamik konstruksiyası, koqnitiv sahə, kompleks matrisa və freym semantikası, polisemiyaya linqvo-koqnitiv yanaşma və digər mövzular diqqətlə işlənmişdir. Qrammatik şəbəkə modelləri, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi adlanan altıncı hissə də əvvəlki bölmələr kimi çoxsaylı linqvistik problemlərin tədqiqinə həsr edilmişdir. Müvafiq fəsillərdə və yarımfəsillərdə qrammatik şəbəkə modeli, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi, blend nəzəriyyəsi, kontrfaktiv əsaslandırma və mental modelləşdirmə, qrammatik blendlərin konseptual xüsusiyyətləri metafora daha üstün trop kimi ritorika və koqnitiv linqvistikanın qovşağında, konseptual inteqrasiya və təsnifatlandırma, simpleks şəbəkələr, güzgü şəbəkələr, təksferalı və ikiqatsferalı şəbəkələr, neyron şəbəkələr haqqında qənaətbəxş araşdırmalar aparılmışdır. İ.Abbasov bu monoqrafiyada qədim dövrlərdən tutumuş bu günümüzə qədər ən aparıcı dilçilik istiqamətlərinə təmas etmiş, müasir dilçiliyin aydın mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Linqvistikanı dilin rasional və sistemli bir elmi tədqiqat sahəsi kimi xarakterizə edən müəllif bu sahəni üç dixotomioyaya bölür: sinxronik-diaxronik, nəzəri-tətbiqi və mikrolinqvistik-­makrolinqvistik. Dilin sinxronik təsviri dili müəyyən bir zaman kəsiyində təsvir edir. Diaxronik təsvir dilin tarixi inkişafını və onda baş vermiş struktur dəyişiklikləri ifadə edir. Nəzəri dilçiliyin məqsədi dil strukturunun ümumi nəzəriyyəsinin və ya dillərin təsviri üçün ümumi nəzəri çərçivənin qurulması ilə şərtlənir. Tətbiqi diliçiliyin məqsədi dilin elmi cəhətdən öyrənilməsinin nəticə və üsullarını praktik məsələlərə, xüsusən, dilin tədrisinin təkmilləşdirilmiş metodlarının işlənib-hazırlanmasına tətbiq etməkdir. Mikrolinqvistika və makrolinqvistika terminləri hələ tam formalaşmayıb. Mikrolinqvistika dilçiliyin əhatə dairəsinə daha dar, makrolinqvistika isə  daha geniş baxışı nəzərdə tutur. Mikrolinqvistik baxışa görə, dillər sosial funksiyasına, uşaqlar tərəfindən dilin mənimsənilməsi tərzinə, nitqin qavranılmasının əsasını təşkil edən psixoloji mexanizmlərə, ədəbi-estetik mühitə və ya kommunikativ funksiyaya istinad etmədən öz-özülüyündə təhlil edilməlidir. Bunun əksinə, makrolinqvistika dilin bütün aspektlərini əhatə edir. Makrolinqvistikanın müxtəlif sahələri terminoloji cəhətdən təsbit edilmişdir: psixolinqvistika, sosiolinqvistika, neyrolinqvistika, antropoloji dilçilik, dialektologiya, riyazi və hesablama dilçiliyi, üslubiyyat  və s. Mikrolinqvistikada olduğu kimi makrolinqvistikanın hər bir hissəsində, prinsipcə, nəzəri aspekt mövcuddur. Ümumiyyətlə, nəzəri, sinxron mikrolinqvistikanı, adətən, struktur dilçilik və çox hallarda nəzəri dilçilik adlandırırlar. Dilin əsas funksiyasının konseptual strukturu dil forması ilə əlaqələndirməkdən ibarət olduğunu söyləyən müəllif qeyd edir ki, qrammatika semantik məzmunu simvollaşdırmaq vasitəsidir. Buna görə də o, müxtəlif mürəkkəblik dərəcələrində ifadələrin formalaşmasına və istifadəsinə təkan verən koqnitiv prinsiplərin təsvirinə xidmət edir. Stratifikasiya qrammatikasının konturunda dil, strukturun bir neçə əlaqəli təbəqələrindən ibarət sistem kimi modelləşdirilir. Məsələn, ingilis dili üçün altı təbəqə qeyd olunur. Hər bir təbəqə stratal sistemlər toplusu baxımından təşkil edilir və hər bir stratifikasiya qrammatikası sistemi dil strukturunun digər təbəqələrdə fəaliyyət göstərən strukturlarından asılı olmur və s. Ümumiyyətlə, mündəricatda göstərilən təxminən 155 fəsil,  paraqraf və yarımparaqrafdan ibarət dərin elmi-linqvistik məzmunlu kitab çox aktual mövzuları əhatə edir. Nəzəri dilçiliklə əlaqədar əksər mövzular Azərbaycan dilçiliyində ilk dəfədir ki, araşdırılıb tədqiqatçıların ixtiyarına verilir. Kitabın ərsəyə gətirilməsində linqvistikanın ən yeni nailiyyətlərini əks etdirən yüzlərlə elmi ədəbiyyatdan istifadə edilmişdir. Həmin ədəbiyyatın, demək olar ki, hamısı son onilliklərdə Qərb elminin nailiyyətlərini əks etdirən fundamental əsərlərdir. İrihəcmli və dərin  məzmunlu monoqrafiya ilk növbədə yerli tədqiqatçılar üçün ana dilində yazılmış ideal mənbədir. Ondan ali məktəb müəllimləri və tələbələr, doktorantlar, dissertantlar, dil nəzəriyyəçiləri, komparativistlər, müx­təlif profilli dilçi-filoloqlar faydalana bilərlər. Beləliklə, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası müasir dilçilik baxımından zəngin araşdırma təqdim edən yüksək məziyyətlərə malik qiymətli əsərdir. Əsər çoxşaxəli linqvistik tədqiqatlar üçün yeni perspektivlər vəd edir. NİZAMİ CƏFƏROV Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi,  filologiya elmləri doktoru, professor

Hamısını oxu
“Ermənistan Cənubi Qafqazı Qərbin plasdarmına çevirməyə çalışır”

Cəlil Xəlilov: “Region dövlətləri İrəvanın bu siyasətinə etiraz etməlidir”   “Ermənistan Avropa İttifaqı missiyasını, Fransa, ABŞ hərbi təlimatçılarını regiona cəlb etməklə Cənubi Qafqazı faktiki olaraq Qərbin plasdarmına çevirməyə çalışır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvəlıər Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra kənar qüvvələri həvəslə Ermənistana dəvət edən İrəvan, bununla regionda hərbi-siyasi status-kvonu süni şəkildə dəyişməyə çalışır:   “Təbii ki, İrəvanın Qərbi Ermənistana dəvət etməsində məqsəd regionda möhkəmlənməyə çalışan bu qüvvələrin vasitəsilə bölgədə qüvvələr nisbətini dəyişmək, onların dəstəyi ilə nələrəsə nail olmaqdır. Halbuki, Ermənistanı həvəslə silahlandıran və ona dəstək xarakterli bəyanatlar verən dövlətlərin əsl niyyəti sadəcə, regionda möhkəmlənməkdən, öz maraqlarını təmin etməkdən ibarətdir. Bunun xaricində, Ermənistan və onun aqibəti heç kim üçün maraqlı deyil. İrəvan isə bu həqiqəti anlamaq və qəbul etmək iqtidarında olmadığı üçün Qərbin hər bir avantürasını dəstəkləyir, bunu ona verilən qiymət hesab edir.   Düşünürəm ki, Ermənistanın kənar gücləri, təxribatçı qüvvələri bölgəyə gətirməsi yalnız ölkəmizin deyil, bütün region dövltələrinin maraqlarına ziddir. Buna görə də rəsmi İrəvanın bu siyasətinə bütün region dövlətləri etiraz etməli, bu siyasətdən imtina etməsi üçün İrəvana təzyiq göstərməlidir.   İran və Rusiya ilə qarşıdurma vəziyyətində olan Qərbin Cənubi Qafqazdakı hərbi mövcudluğu regiona gərginlikdən, qeyri-müəyyənlikdən başqa heç nə vəd etmir. Bu isə bütün region dövlətləri kimi Ermənistanın öz mənafeyinə də ziddir”.

Hamısını oxu
“Dəfn olunan hər şəhid nəşi bir ailənin nisgilinə son qoyulması deməkdir”

“Hazırda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ardıcıl və məqsədyönlü iş aparılır. Məsələ mütəmadi olaraq aidiyyəti dövlət qurumlarının gündəliyində saxlanılır, eyni zamanda beynəlxalq platformalarda da müzakirəyə çıxarılır”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib. Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin əldə etdiyi zəfər bu istiqamətdə daha sistemli və məqsədyönlü işlər görməyə zəmin yaradır: “44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar olunması bu istiqamətdə aparılan işlərin yeni mərhələyə keçməsinə imkan yaradıb. Aşkarlanan insan qalıqları üzərində müvafiq ekspertizalar, o cümlədən molekulyar-genetik müayinələr aparılır, itkin düşmüş vətəndaşlarımızın şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onların ailələrinə məlumat verilir və şəhidlərimizin nəşləri ehtiramla torpağa tapşırılır. Bu, sadəcə olaraq bir şəxsin kimliyinin müəyyən edilməsi və dəfn olunması məsələsi deyil. Burada 30 ildən artıq müddətdə doğmasının yolunu gözləyən ailələrin, valideynlərin, həyat yoldaşlarının, övladların və yaxınların mənəvi iztirabına son qoyulmasından söhbət gedir. İtkin düşmüş şəxslərin doğmaları uzun illər boyu ümidlə yaşayıblar. Onların ən böyük arzusu isə heç olmasa doğmalarının taleyini bilmək, məzarını görmək və onun qarşısında son borclarını yerinə yetirmək olub. Bu baxımdan, Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, axtarışların bu gün də davam etdirilməsi və şəhidlərimizə aid meyit qalıqlarının eyniləşdirilərək  öz doğmalarına qaytarılması olduqca böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. Hər bir şəhidin qalıqlarının tapılaraq ailəsinə təhvil verilməsi, onun dövlət səviyyəsində ehtiramla dəfn olunması, əslində, həmin ailənin illərlə davam edən nisgilinə son qoyulması deməkdir. Dövlətimizin mövqeyi də ondan ibarətdir ki, Vətənin müdafiəsi zamanı itkin düşmüş hər bir şəhidin taleyi müəyyənləşdirilənədək axtarışlar davam etdirilməlidir. Çünki zamanın keçməsi bu insanların dövlət və cəmiyyət qarşısındakı xidmətlərini, eləcə də onların ailələrinin haqqını azaltmır. Əksinə, hər bir itkinin taleyinin müəyyənləşdirilməsi həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də onların ailələri qarşısında mənəvi borcumuzdur. Bu gün daha 5 itkin-şəhidimizin kimliyinin müəyyənləşdirilməsi və onların dəfn mərasimlərinin keçirilməsi göstərir ki, Ermənistan hərbçiləri tərəfindən Birinci Qarabağ müharibəsində törədilmiş  humanitar pozuntuların izləri tədricən üzə çıxarılır və ailələrin 30 ildən artıq davam edən həsrətinə son qoyulur. Bu iş davam etdikcə daha çox ailə öz doğmasının taleyini öyrənəcək, onun məzarına qovuşacaq və illərlə yaşadığı qeyri-müəyyənlikdən xilas olacaq. Ən əsası isə budur ki, itkinlərimizin axtarılması və şəhidlərimizin ailələrinə qaytarılması dövlətimizin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir. Vətən uğrunda canından keçən heç bir insan unudulmur və onların hər birinin taleyinin müəyyənləşdirilməsi istiqamətində işlər dövlətimiz durduqca davam etdiriləcək”. Seymur ƏLİYEV

Hamısını oxu