Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəman atanın vətənpərvər övladı

Həmzə Cümşüd oğlu Sadıqov 1915-ci il mayın 10-da Ağdam rayonunda anadan olub. İlk təhsilini də Ağdamda alıb. O, təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlir və 1938-ci il mayın 10-da ordu sıralarına çağırılır. 1940-cı ildə Birinci Kiyev artilleriya məktəbini bitirərək leytenant rütbəsi alır və 364-cü alayın batareya komandiri təyin olunur. O, müharibənin ilk günlərindən səngərdə dayanır, düşmənə sarsıdıcı zərbələr vurur. 1941-ci ildən Həmzə Sadıqov Cənub-Qərb, Don və Birinci Ukrayna cəbhələrində vuruşur və burada yaralanır. Bir müddət hərbi hospitalda müalicə alır. 1942-ci il mayın 20-də 76-cı diviziyada 122-ci qvardiya topçu alayının divizion komandiri təyin olunur. İgid həmyerlimizin döyüş şöhrəti də məhz bundan sonra başlayır. Fon Rodenburq Stalinqrad cəbhəsində faşist işğalçılarının məğlub edilməsinin birinci səbəbini Bakı şəhərinin alınmaması və benzinin çatışmaması ilə əlaqələndirir. Tarixdən məlumdur ki, Adolf Hitlerin Bakının işğal planı 1942-ci ilin sentyabrın 25-də başa çatdırılmalı idi. Əgər bu əməliyyat uğurla həyata keçsəydi, İohan Fon Rodenburq Bakının komendantı təyin olunacaqdı. Lakin Hitlerin böyük arzusunu qafqazlı balası, azərbaycanlı Həmzə ürəyində qoyur. Hitlerin 8 kəşfiyyat generalının sırasında bu faşist canisinin xüsusi yeri olub. Təcrübəli alman generalını "Sadıqaşvili" ləqəbli gənc azərbaycanlı kəşfiyyatçı zabit Həmzə Cümşüd oğlu Sadıqov əsir tutub. Həmzə Sadıqovun Stalinqrad cəbhəsindən sonra uzun və çətin cəbhə yolu başlayır. O, Praqanın, Budapeştin və Drezdenin azad olunması uğrunda gedən döyüşlərdə də xüsusi fədakarlığı ilə fərqlənir. Onun döyüşdə göstərdiyi igidliklər dövlət tərəfindən qiymətləndirilir. Həmzə Sadıqov çoxlu orden və medallarla təltif olunur. Keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin Mərkəzi arxivindən alınmış 10 fevral 1978-ci il tarixli sənəddən xalqımızın qorxmaz oğlu Həmzə Sadıqovun döyüş rəşadətləri haqqındakı qeydləri oxuyuruq: "Stalinqrad yaxınlığında faşist işğalçılarının darmadağın edilməsində baş leytenant Həmzə Sadıqovun komandanlıq etdiyi batareya 200 alman əsgər və zabitini, 15 pulemyot, 20 taxta-torpaq atəş nöqtəsini və istehkamını, 6 müşahidə məntəqəsini, canlı qüvvə və hərbi ləvazimatla dolu olan 10 yük maşınını sıradan çıxarmışdır". Qəhrəmanın oğlu Firdovsi Sadıqov atasının sənədlərini səliqə ilə saxlayır, həm də onun haqqında çoxlu arxiv sənədləri toplayıb. Sənədlərin bir hissəsini Volqoqrad dövlət müdafiə muzeyinə təqdim edib. Firdovsi Sadıqovun ağır sınaq illərində şərəfli döyüş yolu keçmiş hər bir Azərbaycan oğlunun və eləcə də atası Həmzə Sadıqovun həyatını  hər zaman araşdırmış, və gənc nəslə örkən olan qəhrəmanlarımızı Azərbaycan gəncliyinə tanıtmışdır. Respublika Veteranlar Təşkilatı ilə daim əməkdaşlıq edən Firdovsi Sadıqov Təşkilatın gördüyü işlərdə yaxından iştirak edir. Firdovsi Sadıqovun fədakar əməyi hər zaman Respublika Veteranlar Təşkilatının rəhbərliyi tərəfindən layiqincə qiymətləndirmişdir. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Rusiya Federasiyasının təsis etdiyi “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyik yubiley medalı”nı Firdovsi Sadıqova təqdim edildi.

2021-02-11 00:00:00
1658 baxış

Digər xəbərlər

Almaniyada əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr olunmuş xatirə lövhəsinin açılışı olub

Mayın 7-də Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb. Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib. Xatırladaq ki, 1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək, burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib.   Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib. Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib. Səfir Sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığını qeyd edib. N.Ağayev, hər il bir milyondan çox insanın ziyarət etdiyi Daxau Memorial Kompleksində Azərbaycandan olan əsirlərin xatirəsinin əbədiləşdirilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Səfir burada saxlanılmış əsirlərin və onlara qarşı törədilənlərin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib. Sonra Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Bergauz çıxış ediblər. Çıxışlarda indiki və gələcək nəsillərin Daxauda baş vermiş cinayətlər haqda maarifləndirilməsinin vacibliyi vurğulanıb, bu səpkidə Azərbaycan əsirlərinin xatirəsinin əbədiləşdirilməsinin yüksək önəmi qeyd edilib. Foto    

Hamısını oxu
Bakıda V Dünya Etnoidman Forumu keçirilib

Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Dünya Etnoidman Forumu keçirilmişdir. Veteran.gov.az Sportline.az-a istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, BMT İnsan Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd Şərif, AMİNA-nın prezidenti Kazım Qurbanov və 45 ölkədən nümayəndələr iştirak ediblər. İlk olaraq etnosporta aid xüsusi videoçarx nümayiş olunub. Burada müxtəlif ölkələrin tarixi idman növləri göstərilib. Azərbaycan Respublikasının Gənclər və İdman naziri F.Qayıbov bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini diqqətə çatdıraraq forumun Bakıda keçirilməsinə dəstək verdiyinə görə Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana təşəkkür etmişdir. Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan V Dünya Etnoidman Forumuna yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Forumda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov da iştirak edib. Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan tərəfindən Kazım Qurbanov V Etnoİdman Forumunun sertfikatı ilə təltif olunub. Həmçinin AMİNA-nın prezidenti Kazım Qurbanov tərəfindən Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana və Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova xatirə hədiyyələri təqdim edilmişdir. Qeyd edək ki, V Beynəlxalq Etnosport Forumu martın 6-da başa çatıb.  

Hamısını oxu
“Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!”

           Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının  maliyyə dəstəyi ilə  “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə 08 noyabr 2016-cı il  tarixdə Respublika Veteranlar Təşkilatının akt zalında seminar–müşavirə keçirilmişdir. Tədbiri Respublika  Veteranlar Təşkilatinın  sədr müavini Cəlil Xəlilov giriş sözü ilə açaraq tədbir haqqında məlumat verib.          Tədbir Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Tədbirin  əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.          Tədbirin əsas məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır. Seminar-müşavirəyə Binəqədi, Xəzər, Xətai, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal, Abşeron, Sumqayıt, Qaradağ şəhər (rayon )  veteran təşkilatlarının   sədrləri  dəvət olunublar. Eyni zamanda seminar-müşavirədə  Respublika Veteranlar Təşkilatının əməkdaşlarının, fəal gənclər, veteranlar,  müvafiq dövlət və ictimai təşkilatlarının nümayəndələri, şəhid ailələri,  eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanı Rafıq Alıcanovun ailə üzvləri  iştirak ediblər. Seminar-müşavirədə “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq  səhifəsidir”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Milli qəhrəmanlarımız” mövzularında məruzələr dinlənilib, çıxışlar olub. Tədbirin sonunda bir neçə şəhid ailəsinə maddi yardım edilib, Milli Qəhərmanlara həsr olunan film nümayiş etdirilib.

Hamısını oxu
“Hər hansı referendum və ya parlament seçkisinə heç bir ehtiyac yoxdur”

Hikmət Babaoğlu: “Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var” “Bu gün Azərbaycanın bir nömrəli gündəmi tarixi qələbəmiz, uzun illərdir gözlədiyimiz Qarabağa Böyük Qayıdış və inkişafımızın bundan sonra da davam etdirilməsidir. Bunlardan başqa hər hansı bir ekstroardinar məsələnin ictimai gündəmə daxil edilməsi cəhdləri ölkəmizdə süni gündəm yaratmaq istəyənlərin uğursuz manipulyasiyasıdır. Ona görə də son günlər Azərbaycanda referendumun, yaxud Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Ən önəmlisi isə bu tip məsələlər ictimai sifariş deyil”. Bunu veteran.gov.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkili pandemiya şəraitində görülən işlərə diqqət çəkib, bütün qurumlar kimi Milli Məclisin də pandemiya şəraitində uğurla fəaliyyət göstərdiyini qeyd edib: “Hazırda Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var. Hökumət olduqca səmərəli fəaliyyət göstərməklə COVID-19 pandemiyası şəraitinə baxmayaraq, iqtisadi-siyasi və sosial sahədə mümkün olan bütün işləri uğurla həyata keçirir. Hakimiyyətin başqa bir qolu olan ali qanunverici orqan - Azərbaycan Respublikasının Milli Məclisi yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm işlər görür. Elə bu günlərdə Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi parlamentin beynəlxalq əlaqələri necə yüksək səviyyədə qurmağı bacarmasının bir göstəricisidir. Buna paralel olaraq 2020-2021-ci qanunvericilik ilində qanun yaradıcılığı istiqamətində parlamentin intensiv fəaliyyəti yalnız təqdir oluna bilər. Eyni zamanda, yeni tərkibdə Milli Məclis üzvlərinin seçicilərlə işləmək, onların problemlərinin həll edilməsi işində yeni təcrübə yaratması da xüsusi vurğulanmalı məsələlərdən biridir. İcra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyət nəticəsində Milli Məclisə ünvanlanmış vətəndaş müraciətlərinin qısa müddətdə həll edilməsi istiqamətində atılan addımlar da ictimai diqqətin təqdir etdiyi hadisədir. Əgər ictimai münasibətləri layiqincə tənzimləyə bilən, demokratik siyasi sistemin hüquqi əsaslarını təşkil edən Konstitusiya və bu konstitusion tələblərdən irəli gələn əsaslarda formalaşmış yeni Milli Məclis varsa, o zaman nə hər hansı bir referenduma, nə də yeni parlament seçkilərinə heç bir ehtiyac yoxdur”. Seymur ƏLİYEV

Hamısını oxu