Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dağıstan və Azərbaycan Veteranlarının Birgə Forumu – Tarixi Qardaşlığın Təntənəsidi

80 il. Bu rəqəm təkcə bir zaman ölçüsü deyil. Bu bir xalqın yaddaşında silinməz iz buraxan fədakarlıqların, şəhid qanıyla yazılmış qəhrəmanlıq səhifələrinin, səngərlərdə yaşanan iztirabların və zəfərlə bitən müqəddəs savaşın simvoludur. 1945-ci ildə faşizm üzərində qazanılmış Qələbə yalnız hərbi gücün deyil, həm də xalqın iradəsinin, birliyinin və əzmkar ruhunun təntənəsi idi. Bu Zəfərin 80 illiyi münasibətilə keçirilən Dağıstan-Azərbaycan veteranlarının birgə forumu tarixin canlı şahidlərinin iştirakı ilə zamanın içindən boylanan bir sayğı duruşudur. Bu forumda səslənən hər bir fikir, səsləndirilən hər bir mahnı, bir-birini tamamlayan mədəniyyət nümunələri əslində bir xalqın keçmişinə etdiyi ehtiramın, gələcəyinə inamının ifadəsidir. Bu səfər və forumun ruhunda tarixi şəxsiyyətlərə olan dərin hörmət xüsusi yer tutur. Dağıstanda böyük ehtiramla anılan və Azərbaycan-Dağıstan dostluğunun təməlini atanlardan biri olan böyük dövlət xadimi Əziz Əliyev bu münasibətlərin canlı simvoludur. Onun II Dünya Müharibəsi illərində Dağıstanda göstərdiyi fədakar xidmətlər yalnız bir dövlət xadiminin fəaliyyəti deyildi, həm də qardaş xalqlar arasında mənəvi körpülərin çəkilməsi idi. Əziz Əliyev yalnız Dağıstan üçün deyil, Azərbaycan üçün də mənəviyyatın, humanizmin və qətiyyətin rəmzi kimi tarixə düşmüşdür. Mahaçqalada onun abidəsi önündə gül dəstələri qoyularkən təkcə bir şəxsiyyətin deyil, bir ideyanın, bir dostluğun, bir tarixin önündə baş əyildi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı o qəhrəmanlıq irsini layiqincə yaşadır, qoruyur və təbliğ edir. Böyük Vətən Müharibəsində qazanılan zəfərin ruhu Prezidentin çıxışlarında, qərarlarında və xüsusilə də işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərində yaşayır. Azərbaycanın sülhə, ədalətə və beynəlxalq həmrəyliyə verdiyi töhfələr əslində keçmişdən gələn müqavimət və zəfər ruhunun bu gün də yaşadığını sübut edir. Prezident İlham Əliyev ölkənin daxili və xarici siyasətində tarixi yaddaşı əsas götürərək gələcəyə yönəlmiş sabit və güclü siyasət həyata keçirir. Bu siyasətin təməlində məhz xalqlar arasında birliyə, tarixi həqiqətlərin müdafiəsinə və mədəni irsə verilən dəyər dayanır. Dağıstan və Azərbaycan veteranlarının birgə forumu təkcə sadə bir tədbir deyil, həmçinin hər səhifəsi qürur dolu səhifələrlə dolu olan tarixi memuardır. Bu memuar 80 il öncə qardaşlaşmış əllərlə, eyni düşmənə qarşı çiyin-çiyinə döyüşən Dağıstanlı və Azərbaycanlı əsgərlərin zəhməti və qanı ilə səngərlərdə yazılmışdı. O, Əziz Əliyevin humanist fəaliyyəti ilə onun Dağıstanda xalqın dərdinə yanan bir dövlət xadimi kimi yazdığı səhifələrlə zəngindir. O səhifələrdə təkcə siyasi addımlar deyil, insani münasibətlərin, xalq sevgisinin, vəfa və mərdliyin izləri vardır. Əziz Əliyevin simasında iki xalqın taleyi bir nöqtədə qovuşur və o nöqtə “qardaşlıq” adlanır. Bu xatirə və yaddaş bu gün İlham Əliyev tərəfindən davam etdirilir.  Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev məktəbinin yetirməsi kimi bu mirası uğurla yaşadır. Qarabağda yenidən doğulan şəhərlər, bərpa olunan mədəniyyət abidələri kimi bu forum da keçmişlə gələcək arasında mənəvi körpü salır. Bu forumda səslənən mahnılar, ifa olunan rəqslər, aparılan müzakirələr, xatırlanan igidlər bunların hər biri sanki o tarixi yaddaşın yeni səhifələridir. Dağıstan torpağında oxunan Azərbaycan şeiri, Dərbənd küçələrində səslənən “Qarabağ şikəstəsi” bir daha göstərdi ki, bu əsərin yazılışı hələ bitməyib. Onun hər səhifəsi yaşanır, onun hər misrası dostluq və vəfa ilə tamamlanır. Bu forum sübut etdi ki, zaman keçsə də yaddaş silinmir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci il aprelin 16-da Rusiya Federasiyasının Dağıstan Respublikasına etdiyi səfər məhz bu tarixi və mənəvi bağların yenidən canlandırılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Dağıstan və Azərbaycan veteranları arasında birgə forumun təşkili, qarşılıqlı təcrübə mübadiləsi və birgə tədbirlərin keçirilməsi planlarının müzakirəsi bu əməkdaşlığın praktiki təməllərini formalaşdırdı. Forumda ortaq tarixi hadisələrə bir daha nəzər salındı, müharibə dövrünün qəhrəmanlıq səhifələri yad edildi. Səfərin ən mühüm aspektlərindən biri xalqlarımızın ortaq tarixinin və mədəniyyətinin təbliği idi. Dərbənd və Mahaçqala şəhərlərində təşkil edilən tədbirlər, Azərbaycanın tarix və mədəniyyətə göstərdiyi diqqət və ehtiramı, bu istiqamətdə görülən işlərin davamlı olduğunu sübut etdi. Kitabxanalara bağışlanan kitablar, tarixi şəxsiyyətlərə ehtiramın ifadəsi olan abidələrin ziyarətləri, milli-mədəni dəyərlərin paylaşılması bu əməkdaşlığın mədəni təməllərinin necə güclü olduğunu bir daha göstərdi. Səfər çərçivəsində məktəblərdə keçirilən görüşlər, gimnaziyada aparılan müşahidələr gənclərin həm biliyə, həm də milli ruhda tərbiyəsinə verilən önəmin göstəricisi idi. Bu həm də veteranların öz təcrübə və dəyərlərini yeni nəslə ötürmək istəklərinin təzahürü idi. Forumda səsləndirilən mesajlar, xüsusilə də “Tarixi unutma, gələcəyi qoru” ideyası ətrafında səslənən çağırışlar, gənclər üçün bir yol xəritəsi rolunu oynayır. Səfərin mühüm strateji aspektlərindən biri də tariximizin təhrif olunması cəhdlərinə qarşı birgə mübarizə çağırışları idi. Polkovnik Cəlil Xəlilovun da vurğuladığı kimi zaman-zaman Azərbaycan və Dağıstan xalqları arasında qarşıdurma yaratmağa çalışan qüvvələr olub. Lakin bu səfər və forum göstərdi ki, xalqlarımızın birliyi və həmrəyliyi bu cür təxribatçı təşəbbüslərə qarşı ən güclü sipərdir. Veteranlar səviyyəsində əməkdaşlıq yalnız humanitar aspekt daşımır, həm də geosiyasi baxımdan əhəmiyyətli bir prosesdir. Azərbaycan və Dağıstan arasında qurulan bu körpü, ümumilikdə Rusiya və Azərbaycan arasında münasibətlərin daha sağlam zəmində inkişafına, regionda sabitliyin və qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verir. Forumda çıxış edən polkovnik Cəlil Xəlilov bu tədbirin sadə bir görüş deyil, tarixə olan sadiqliyin ifadəsi olduğunu bildirdi. O, vurğuladı ki, bu forum xalqlarımızın birgə mübarizə tarixinə, İkinci Dünya Müharibəsindəki ortaq zəfərimizə, Dağıstan və Azərbaycanın qəhrəman övladlarının şücaətinə bir ehtiramdır. Forumda Azərbaycan xalqının qələbədəki töhfələri xüsusilə də Bakı neftinin strateji əhəmiyyəti geniş şəkildə müzakirə olundu. Milli musiqilər, rəqslər, mədəniyyət nümunələri isə tədbirə emosional və mənəvi dəyər qatdı. Tanınmış simaların iştirakı forumun əhəmiyyətini daha da atrırdı.Forumda Dağıstan Respublikasının tanınmış dövlət xadimləri, ictimai-siyasi xadimlər, eləcə də çoxsaylı veteranlar iştirak edirdi. Bu geniş tərkibli iştirak forumun rəsmi və ictimai əhəmiyyətinin bariz göstəricisi oldu. Cəlil Xəlilov xüsusi olaraq Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər üzrə naziri Müslümov Enrik Selimoviç, “Dərbənd Şəhər” Şəhər Dairəsinin başçısı Əhməd Quliyev, Maxaçqala Şəhər Veteranlar Şurasının sədri Qahrimanov Ferezulla Aqakerimoviç, Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədrinin I müavini Barkuyev Barku Maqomedoviç, Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımurad Yacımurad İbramoviç, hüquq-mühafizə orqanlarının veteranı Ağagülov Əmirbəy Xıdıroviç, əmək veteranı Hüseynov Hüseynbala Yəhyayeviç və digərləri iştirak edirdi. Mən bütün bu şəxslərə, xüsusilə də Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimova, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi general-mayor Əliyar Abdullayevə  təşəkkür etdi. Həmçinin, Azərbaycan Respublikasının Prezident Administrasiyasının və dövlət qurumlarının göstərdiyi dəstək də yüksək qiymətləndirildi və mədəni və elmi tədbirlər keçmişə dəyər, gələcəyə yatırım fikri vurğilandı. Səfər çərçivəsində nümayəndə heyəti Dərbənd şəhərindəki Mirzə Kazım bəy adına mərkəzi kitabxanaya baş çəkdi. Burada Əziz Əliyev və Ümummilli lider Heydər Əliyevlə bağlı kitablar hədiyyə olundu. Kitabxanada Azərbaycan tarixi ilə bağlı zəngin və qayğı ilə qorunan mənbələrin mövcudluğu Dağıstan xalqının Azərbaycan mədəniyyətinə və tarixinə olan yüksək ehtiramının göstəricisi kimi dəyərləndirildi. Aprelin 18-də Mahaçqala şəhərinə edilən səfər çərçivəsində nümayəndə heyəti Əziz Əliyevin abidəsini ziyarət etdi. Veteranlar və məktəblilər qarşısında keçirilən çıxışlarda onun Dağıstan-Azərbaycan dostluğundakı tarixi rolu vurğulandı. Mahaçqala gimnaziyasında şagirdlərin yüksək vətənpərvərlik ruhu və bilik səviyyəsi nümayəndə heyətini dərin təsirləndirdi. Forumda gələcək planlar və perspektivlər geniş müzakirə olundu. Polkovnik Cəlil Xəlilov müsahibəsində qeyd etdi ki, qarşıda daha geniş əməkdaşlıq perspektivləri mövcuddur. Bu əməkdaşlıq yalnız veteran təşkilatlarının deyil, bütövlükdə Azərbaycan və Dağıstan xalqlarının strateji maraqlarına xidmət edir. O, bildirdi ki, yaxın vaxtlarda Dağıstanlı veteranların Azərbaycana səfəri təşkil olunacaq, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfərlərin təşkili, Azərbaycanın abadlıq-quruculuq işlərinin nümayişi prioritet istiqamətlərdəndir. Cəlil Xəlilovun vurğuladığı kimi iki xalq arasında zaman-zaman təxribat yaratmağa çalışan qüvvələrə qarşı belə dostluq tədbirləri mühüm sipər rolunu oynayır. Bu həm də gənc nəslə verilən bir mesajdır: tariximizi bilməli, birlik və qardaşlığımızı qoruyub saxlamalıyıq. Dağıstan və Azərbaycan veteranlarının birgə forumu təkcə keçmişə ehtiram deyil, eyni zamanda gələcək üçün möhkəm bir körpüdür. Bu forum göstərdi ki, iki xalq arasındakı qardaşlıq əlaqələri nəinki tarixi bir ənənədir, həm də uğurlu gələcəyə aparan yolun mənbəyidir. Bu dostluq, ortaq dəyərlər və mübarizə ruhu əsasında qurulan əməkdaşlıq, regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Dağıstanın igid oğul və qızları sülh, dostluq və birgə gələcək naminə bu gün də tarix yazmaqda davam edirlər!   

Qorqut Süleymanlı

2025-04-25 13:17:39
3882 baxış

Digər xəbərlər

Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın yubileyi qeyd edilib

Veteran.gov.az xəbər verir ki, 15 mart 2026-cı il tarixdə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın yubileyi münasibəti ilə "Xortdanın cəhənnəm məktubları" (Ə.Haqverdiyev) tamaşası oynanılıb. Tamaşadan əvvəl çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, Sənərşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, Xalq artistləri Yasin Qarayev, Xalidə Quliyeva, Milli Gənc Tamaşaçılar Teatrının Yaradıcı şöbəsinin müdiri Nicat Kazımov və rejissor Elşad Rəhimzadə Zemfira Əbdülsəmədovanı yubileyi münasibəti ilə təbrik ediblər, aktrisanın yaradıcılıq yolundan, onun səhnədə və kinoda yaratdığı maraqlı obrazlardan danışıblar. Zemfira Əbdülsəmədova milli teatr sənəti sahəsindəki xidmətlərinə görə və əlamətdar yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif olunub. Təbriklərdən sonra aktrisanın iştirakı ilə "Xortdanın cəhənnəm məktubları" tamaşası göstərilib.  

Hamısını oxu
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Polis Günü münasibətilə paylaşım edilib

Bakı, 2 iyul, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 2 iyul - Polis Günü münasibətilə paylaşım edilib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.

Hamısını oxu
“44 günlük Vətən Müharibəsindən sonra” mövzusunda Niderland Krallığında silsilə görüş və tədbirlər təşkil olunub

Veteran.gov.az BAK-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, “44 günlük Vətən Müharibəsindən sonra”  mövzusunda Miqrasiya Proseslərinin Tətbiqi İctimai Birliyinin sədri, Docent Doktor Fəridə Hicran Vəliyevanın layihəsi əsasında Niderland Krallığında silsilə görüş və tədbirlər təşkil olunmuşdur. Belə tədbirlərdən biri də Benilüks Azərbaycanlıları Konqresi (BAK ) sədri Elsevər Məmmədovun təşkilatçılığı ilə baş tutdu. Tədbirdə Bakıdan gələn qonaq, Sahibkar Qadınlar İctimai Birliyinin Prezidenti Zemfira Ağayeva da iştirak etmişdir. Giriş sözü ilə qonaqları salamlayan və BAK-a təşrif buyurduqları üçün, onlara öz təşəkkürünü bildirən  BAK sədri Elsevər Məmmədov sözü Fəridə Hicrana verdi. Fəridə Hicran  44 günlük müharibə zamanı şanlı Ordumuzun və xalqımızın göstərdiyi igidlik və fədakarlıqdan danışaraq doğma Qarabağımızın 30 illik düşmən caynağı altından axırı ki, azad olmasını və rahat nəfəs almasını vurğuladı. Bu illər ərzində çəkdiyi Vətən həsrətinin acılı xatirələri Fəridə xanımın, bir qarabağlı kimi, qəlbinə qubar olub dərdə çevrilməsi onu nakam bir şairəyə çevirmişdir.  Erməni vəhşıyı ucbatından yerlə-yeksan olan Qarabağımızın şəhər və kəndlərini bu halda aşkarlamaq Fəridə Xanımın dərdli fəryadına, ahu-zarına çevrildi.  Tarixi memarlıq abidələrinin darmadağın edilməsindən, təbiətimizə vurulan ziyandan ürək ağrısı ilə danışan Fəridə Hicran, Prezident İlham Əliyevin apardığı məntiqli və uzaqgörən siyasəti və hərbi  uğurları  barədə geniş məlumat verdi. Şanlı Qələbəmiz bir çıraq olaraq bütün həsrətli qəlblərin məlhəmi olmuş,  xalqımıza Vətən torpağına bir daha qayıdış sevincini yaşatmışdır. Qazandığımız Qələbəyə görə Ordumuza dərin rəğbət və minmətdarlığını bildirən Fəridə Xanım, eləcə də, xaricdə yaşayan həmvətənlərimizin bu işdə, “arxa cəbhə” kimi gostərdiyi iş və fədakarlığına görə öz təşəkkürlərini bildirdi. Bu əsas işdə bizlərə daha mətinli və cəsur olmağa səslədi. Azərbaycanın ədalətli mübarizəsinin bütün dünyada səs salmasını vurğulayan Fəridə Hicran, həmçinin, Vətənimizin təbliğatına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı və gələcək işlərində, burada fəaliyyət göstərən bütün icmalara uğurlar arzuladı. Şəhidlərin ruhunun xatirəsini bir dəqiqəlik sükutla yad edən Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin sədri Mayisə Ağamirzəyeva muharibədən əvvəl, müharibə zamanı və sonrası görülən işlərdən danışaraq həmvətənlərimizin bu işdə çiyin-çiyinə fədakarcasına çalışaraq Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə və lazımi təşkilatlara layıqıncə çatdırıldığını vurğuladı. BAK sədrinin müavini Sima Cəfərli də  BAK-da gedən iş və tədbirlərdən söhbət açaraq gələcək plan və işlərə nəzər saldı. O, həmçini BAK üzvlərinin 44 günlük müharibə zamanı və sonrası keçirilən tədbirlərindən danışdı. Şuşanın alınması ilə bağll BAK qərargahında Niderlandda fəaliyyət göstərən bütün icmaların iştirakı ilə keçirilən Bayram abu havalı yığıncağını xatırlayaraq hər kəsin keçirdikləri sevinc və qürur hisslərini bölüşdu. Daha sonra Lady Club təsisçisi Kəmalə Cəlilova öz   ürək sözlərini söyləyərək, Vətən yolunda görüləcək işlərdə hər kəsə uğurlar arzuladı. Həmçinin,  iştirakçılar arasında fikir mübadiləsi aparıldı və müharibədən öncə və sonrakı dövrdə Niderlandda Azərbaycan İcmalarının keçirdikləri tədbir və aksiyalar barədə müzakirələr oldu. Öz xatirə və hisslərini bölüşən tədbir iştirakçıları bir birlərinə gözəl əhval ruhiyyə və xoş ovqat bəxş etdilər. Vətənimizdən gələn hər bir qonaq özü ilə qürbətdə yaşayan həmvətəninə sevinc payı bəxş etdi. İştirakçılar, Fəridə Hicrana və Zemfira Ağayevaya maraqlı tədbirə görə öz təşəkkürlərini bildirdilər, onlara işlərində bol uğurlar arzuladılar. Gələcəkdə belə görüşlərin təşkil olunması və yeni layıhələr keçirilməsi istəyini bildirdilər.  

Hamısını oxu
TƏBİB “Sağlam həyat - sağlam həyət” layihəsinə başlayıb

Vətəndaşların diqqətinin insan sağlamlığına yönəldilməsi, əhalidə bir sıra xəstəliklərin erkən aşkarlanması, səhhətində yaranan xəstəliklərdən xəbərsiz olan vətəndaşların zamanında ixtisaslı həkimlərə yönləndirilməsi və eləcə də müxtəlif tibbi mövzularda maarifləndirmə işinin təşkili məqsədilə TƏBİB tərəfindən “Sağlam həyat - sağlam həyət” layihəsinə başlanılıb.  Layihə çərçivəsində ilk dəfə Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış massivində baş tutan tibbi aksiyada vətəndaşlara terapevtik, kardioloji, oftalmoloji, pediatrik, nevroloji, endokrinoloji, immunoloji, otorinolarinqoloji, radioloji, USM, laborator və s. tibbi xidmətlər göstərilib. Layihənin daha əhatəli və keyfiyyətli icrası məqsədilə əraziyə 2 ədəd “Mobil klinika” avtomobili, habelə baş verə biləcək təcili və təxirəsalınmaz halların qarşısının vaxtında alınması məqsədilə təcili tibbi yardım briqadası cəlb olunub. Tibbi aksiya zamanı cəmi bir həyətdə 230 vətəndaşa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində 375 adda tibbi xidmət göstərilib. Müayinələr nəticəsində 44 nəfərdə qaraciyərin distrofik dəyişikliyi, 34 nəfərdə arterial hipertoniya, 26 nəfərdə miopiya, 17 nəfərdə böyrək daşları, 16 nəfərdə qalxanvari vəzin düyün, 14 nəfərdə şəkərli diabet, 6 nəfərdə katarakta, 7 nəfərdə vegetativ distoniya və kistaları, 8 nəfərdə stenokardiya və onlarla şəxsdə digər xəstəliklərin əlamətləri aşkarlanıb.  Müayinələr zamanı 5 nəfərdə isə müxtəlif xəstəliklərin daha ağırlaşmış formaları müəyyən edilib. Sağlamlığı üçün ciddi təhdid olan xəstəliklərdən bu günədək xəbəri olmayan vətəndaşlar dərhal TƏBİB-in tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Qeyd edək ki, tibbi aksiya zamanı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşları tərəfindən tibbi mövzular üzrə təqdimatlar edilib, sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara ilkin səhiyyə xidmətinin əhəmiyyətindən və müxtəlif xəstəliklər, onlarla mübarizə yollarından bəhs edən təbliğat materialları paylanılıb. Məlumat üçün bildirək ki, “Sağlam həyat - sağlam həyət” layihəsi insanların sıx məskunlaşdığı yaşayış komplekslərində, eləcə də məhəllələrdə səyyar tibbi xidmətin göstərilməsini və sakinlərin şifahi maarifləndirilməsi tədbirlərini özündə ehtiva edir. Layihə çərçivəsində uşaqdan tutmuş böyüyə kimi hər kəsin ilkin müayinələrə cəlb olunması, səyyar müayinələr zamanı hər hansı xəstəlik müşahidə edilərsə, həmin şəxslərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən ilkin səhiyyə müəssisələrinə və ya ixtisaslaşmış tibb mərkəzlərinə yönləndirilməsi nəzərdə tutulur. Sağlam həyat-sağlam həyət” layihəsi bundan sonra da davam etdiriləcək. Sağlamlıqla bağlı heç bir addımı ertələməyin! Çalışın sağlam qalın!  

Hamısını oxu