Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib

İyunun 23-də Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışıb. Bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarına əsasən 1918-ci il iyunun 26-da birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Hərbi Nazirlik yaradılıb. Azərbaycanın müstəqilliyini gözü götürməyən istilaçılardan ölkəmizin müdafiə edilməsində Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar və başqalarının böyük xidmətləri olub.   Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Bu məqsədə çatmaqda 1972-ci ildə açılmış Cəmşid Naxçıvanski adına hərbi liseyinin böyük rolu olub. Məktəbin məzunları erməni təcavüzkarlarına qarşı mübarizədə, habelə müasir Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasında iştirak ediblər. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin hərbi sahənin inkişafına daim diqqət göstərməsi nəticəsində ölkəmiz regionda müstəqilliyin keşiyində duran və dövlətimizin pozulmuş sərhədlərini bərpa etməyə hər zaman hazır olan qüdrətli orduya malikdir.  D.Rzayev tədbir iştirakçılarını Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü qeyd edilir. Silahlı Qüvvələrin yaradılmasının ildönümü azərbaycanlı vətənpərvərlər üçün mühüm hadisədir. Sonra Böyük Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan veteranlarına “Rusiya Veteranları İttifaqı” Ümumrusiya Veteranları İctimai Təşkilatının xatirə nişanları təqdim edilib. D.Rzayev Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndəsinə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Həzi Aslanov” medalını təqdim edib. Həmçinin Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi veteranlarına və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərinə “Səməd Mehmandarov”, “Əliağa Şıxlinski” medalları təqdim edilib.

2016-06-28 00:00:00
4888 baxış

Digər xəbərlər

“Bir sessiyada dövlətimizin lehinə 4 qətnamənin qəbul olunması diplomatiyamızın qələbəsidir”

Nəsib Məhəməliyev: “Qəbul olunmuş qətnamələrin hər biri müharibədən əvvəl və sonra bölgədəki real vəziyyəti özündə tam ehtiva edir” Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı ilə bağlı 4 qətnamə qəbul edilib. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bunu Azərbaycan diplomatiyasının növbəti uğuru kimi xarakterizə edib: “İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı qətliamı ilə bağlı 4 Qətnamə qəbul etməsi, şübhəsiz ölkəmizin növbəti diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. “Ermənistan respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan respublikasının təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik”. Qəbul olunmuş qətnamələrin hər biri müharibədən əvvəl və sonra bölgədəki real vəziyyəti özündə tam ehtiva edir. Azərbaycanı narahat edən, regionda sabitliyin formalaşmasına mane olan amillərin aradan qaldırılmasına yönəlik çağırışlar səsləndirilir. Məcburi köçkünlərin öz yurdlarına qayıtmasını və infrastruktur layihələrinin, tarixi abidələrin, ümumiyyətlə bərpa quruculuq işlərinin sürətləndirilməsi üçün maliyyə yardımlarının ayrılması nəzərdə tutulur. Eyni zamanda, erməni təcavüzünü, Xocalı qətliamını pisləyən qətnamələrin qəbulu təşviq olunur. Bir sessiyada, ölkəmizin lehinə 4 qətnamənin qəbul olunması, Prezident İlham Əliyevin beynəlxalq nüfuzu və apardığı balanslaşdırılmış xarici siyasətin nəticəsidir”. Seymur ƏLİYEV

Hamısını oxu
“Brüssel görüşü diplomatiyamızın tarixi uğurlarından biridir”

Cəlil Xəlilov: “Bu görüş dövlətimizin sülh istəyini bir daha nümayiş etdirdi” Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında görüş  keçirilib, bir sıra məsələlərlə bağlı razılıq əldə olunub. Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəliov, bu görüşün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib: “Brüssel görüşü Azərbaycan diplomatiyasının tarixi uğurlarından biridir. Çünki bu görüş nəticəsində əldə edilən razılaşmalarda dövlətimizin maraqları tam şəkildə öz əksini tapıb. Nümunə üçün qeyd edim ki, görüşlə bağlı mətbuata verilən bəyanatda bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsi işlənilməyib. Halbuki, Ermənistan hakimiyyəti bundan öncə dəfələrlə bu ifadəyə müraciət edir, hətta “Dağlıq Qarabağ”a müstəqillik tələbi səsləndirirdi. Ancaq Brüssel danışıqları ilə bağlı bəyanatda “Dağlıq Qarabağ” ifadəsi yer almadı. Bu faktın özü Azərbaycan diplomatiyasının prinsipliyindən, onun milli maraqlarımızı uğurla müdafiə etməsindən xəbər verir. Bu, həm də dövlət başçısının dəfələrlə səsləndirdiyi bir həqiqəti – “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur” – gerçəyini yada salır. Görüşlə bağlı diqqət çəkən məqamlardan biri də Azərbaycan tərəfinin rəsmi İrəvanın bir sıra addımları ilə bağlı öz narazılıq və narahatlığını açıq şəkildə dilə gətirməsi, Ermənistan hökumətinin qeyri-səmimi davranışını ifşa etməsi ilə bağlıdır. Görüşdə Ermənistanın Azərbaycaan verdiyi mina xəritələrin dəqiqlik göstəricinin 25%-ə yaxın olması, Birinci Qarabağ müharibəsində itkin düşən dörd minə yaxın insanın taleyinə aydınlıq gətriməməsi və s. kimi məqamlara da açıq şəkildə toxunuldu, bütün bu məsələlər əsas müzakirə predmetlərindən birini təşkil etdi. Nəqliyyat-kommunukasiya əlaqələrinin bərpa ediməsi, sülh müqaviləsinin imzalanması məqsədi ilə danışıqların davam etdirilməsi də Brüssel görüşündə müzakirə edilən əsas məsələlərdən biri oldu. Ümumiyyətlə, Brüssel görüşü bir sıra konkret nəticələri ilə birlikdə həm də dövlətimizin, xalqımızın sülh istəyinin bir daha nümayiş etdirilməsi ilə yadda qaldı. Bu görüş bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan sülh dövlətidir və regionda sülhün təmin edilməsi, sabitliin qorunub saxlanılması üçün bütün imkanlarından maksimum istifadə edir. Bu baxımdan hesab edirəm ki, Brüssel görüşünün nəticələri bundan sonra aparılacaq danışıqlar üçün əlverişli zəmin formalaşdıracaq, Azərbaycanın diplomatik müstəvidə yeni uğurlar qazanmasını stimullaşdıracaqdır”.  

Hamısını oxu
Yeni Surxanıda şəhidlərimizlə bağlı möhtəşəm bulaq-kompleks inşa olunub

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində şəhidlərimiz - əsgər Məhərrəmli Fuad Füzuli oğlu və polis baş leytenantı Mehdiyev Fərrux İslamyıl oğlunun adına möhtəşəm bulaq-kompleks inşa edilib. Kompleksdə hər iki şəhidimizin fotosu ilə yanaşı, onların qısa tərcüməyi-halı öz əksini tapıb.  Üzərində Azərbaycan və qardaş Türkiyənin bayraqları dalğalanan kompleksin ətrafı ekzotik gül və dekorativ ağaclarla bəzədilib, böyük abadlıq işləri həyata keçirilib. Məlumat üçün qeyd edək ki, Məhərrəmli Fuad Füzuli oğlu 28 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun azad edilməsi uğrundakı döyüşlərdə şəhid olub, Göygöl rayon Şəhdilər Xiyabanında dəfn edilib. İsmi bulaq-kompleksdə yer alan polis baş leytenantı Mehdiyev Fərrux İsmayıl oğlu isə 1981-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib, Qubadlı rayonunun Qaralar kəndində dəfn olunub. Kompleks iş adamı Cəlil Nağıyevin təşəbbüsü və vəsiti hesabına inşa edilib. Xatırladaq ki, Cəlil Nağıyev bundan öncə də Vətən müharibəsi şəhidləri ilə bağlı oxşar layihələr həyata keçirib,  dövlətin həssas kateqoriyadan olan vətəndaşlarımızla bağlı siyasətinə mütəmadi dəstək verib.   Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yolda yaşıllıq zolağının salınması da iş adamı Cəlil Nağıyev tərəfindən həyata keçirilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı tədbir keçirilib

Tədbir rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığına həsr edilib Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında  rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığına həsr edilən “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xalqımızın öz azadlığı, ərazi bütövlüyü uğrudna apardığı mübarizəyə toxunub, Azərbaycan həqiqətlərinin, şanlı qələbəmizin təbliğində incəsənətin önəminə diqqət çəkib: “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 44 günlük müharibədə əldə etdiyimiz zəfərin, bütövlükdə Azərbaycanın uğurlarının memarıdır. Bu qələbəyə aparan yol sadəcə 44 gündən ibarət deyil. Uzun bir zaman kəsiyində Azərbaycan prezidenti ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi və müttəfiqlərinin artması, ölkəmizin mövqelərini müdafiə edən dövlətlərin çoxalması, milli maraqlarımızın müdafiəsi istiqamətində ciddi addımlar atıb. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Ermənistan 30 illik dönəmdə təkcə torpaqlarımızı işğal etmədi,  ilk növbədə bölgənin mədəni tarixinə qarşı soyqırımı törətdi. Onlar çox yaxşı bilirdilər ki, bölgədə olan tarixi abidələr Qarabağın Azərbaycan tarixinə bəxş etdiyi ən qiymətli sərvətdir. Ermənilərin vəhşi əməllərinə məruz qalan ərazimizdən biri də Şuşa şəhəridir. Bu şəhərdə də xeyli sayda tarixi və mədəni abidələrimiz yer üzündən silinmişdir. Belə binalardan Şuşa şəhərinin tarixi muzeyi, Üzeyir Hacıbəyov, Bülbül, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Rəsm Qalereyası və digər tarixi binalar dağıdılıb. İşğal dövründə ermənilər həmçinin, 550 qədim yaşayış binasını sökərək şəhərin ümumi görünüşünə xeyli ziyan vurmuşlar. Məhv edilən 210 tarix və mədəniyyət abidəsi Azərbaycanın dövlət qeydiyyatında olan abidələrdir. Ermənilərin vandal əməllərindən tanınmaz hala düşən abidələrdən biri də Molla Pənah Vaqifin məqbərəsi idi. Məqbərənin yalnız uçuq sütunları qalmışdı. Şuşa işğaldan azad olunan kimi dövlət başçısının Şuşanın bərpası ilə bağlı verdiyi ilk tapşırıqlardan biri də Vaqifin məqbərəsinin bərpası oldu. Tez bir zamanda təmir-bərpa işləri nəticəsində əvvəlki vəziyyətinə qaytarılan  məqbərə görünüşü ilə şəhərə ayrı bir gözəllik verir. Ənənəvi Vaqif Poeziya Günləri də artıq hər il məqbərənin önündə keçirilir. Məhz bu gün burada rəssam Nigar Helminin Qarabağın mirası Təsviri İncəsənətdə mövzusuna həsr olunmuş sərgi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizə həsr olunub. Qarabağın mirası Təsviri İncəsənətdə mövzusuna həsr olunmuş tədbiri aşıq elan edirəm”. Bundan sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra  rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili və  Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı  Sayman Aruz çıxış edib, milli tariximizin və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən, bu qələbələrin təbliğində mədəniyyətimizin və incəsənətimizin rolundan bəhs ediblər. Hər iki çıxışçı rəssam Nigar Helmi Abbasbəylinin əsərlərinin milli tariximizin, qan yaddaşımızın yaşadılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonda çıxış edən rəssam Nigar Helmi Abbasbəyli iştirakçılara öz təşəkkürünü bildirib, uşaqlıq xatirələrindən, milli tarximizlə bağlı şahidi olduğu ağrılı məqamlardan, apardığı tarixi araşdırmalardan bəhs edib. Rəssam Nigar Helmi Abbasbəyli qeyd edib ki, zəngin tariximizin, xüsusilə də ermənilərin 200 il ərzində Azərbaycan xalqının başına gətirdiyi faciələrin daha dərindən araşdırılmasına, bu araşdırmaların nəticəsi ilə bağlı daha fundamental əsətlərin yaradılmasına ehtiyac var. Tədbirin sonunda polkovnik Cəlil Xəlilov rəssam Nigar Helmi Abbasbəylini Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xüsusi mükafatı ilə təltif edib, xatirə şəkli çəkilib. Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin siyasi sənədlər arxivinin müdiri Elmira xanım Ələkbərova, Milli Qəhrəman Ramiz Qasımovun həyat yoldaşı Günel xanım və övladları, şəhid Telman Kəlbəliyevin hıyat yoldaşı Günay xanım və digər qonaqlar iştirak edib.    

Hamısını oxu