Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Vətən uğrunda” medalı ilə təltif edilən qəhrəman: Məhəmmədəli Ələkbərov!

Məhəmmədəli Bayram oğlu Ələkbərov 1990-cı ilin oktyabrın 15-də Ağstafa rayonunun Poylu kəndində anadan olub.    Azərbaycan Ordusunun giziri olan Məhəmmədəli Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda aparılan Vətən müharibəsində iştirak edib. Cəsur döyüşçü oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub, Ağstafa rayonunun Poylu kəndində  dəfn olunub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Ələkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə ölkə başçısnın 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Ələkbərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Ailəli və 2 qız atası idi.

2021-04-15 00:00:00
4729 baxış

Digər xəbərlər

Yaralı hərbçilərimiz Tovuzdakı təxribatdan danışdı

İyul ayının 12-də Ermənistanın hərbi birləşmələri Azərbaycanın dövlət sərhədini pozaraq Tovuz rayonu istiqamətindən irimiqyaslı təxribat törətmək istədi. Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə aldı. Düşmənin neçə-neçə dayaq məntəqəsi dağıdıldı, neçə-neçə döyüş texnikası sıradan çıxarıldı, onlarla hərbçisi məhv edildi. Döyüşdə Azərbaycan əsgərinin döyüş hazırlığı, qələbə ruhu, vətənpərvərliyi düşmənin işğalçılıq niyyətinə qalib gəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə ciddi ədalətli münasibət bildirmədiyini bir daha xatırlatdı. Bu xatırlatma Azərbaycan əsgərinin qüdrətinə inam idi. Axar.az xəbər verir ki, düşmənin törətdiyi təxribatın qarşısını alarkən yaralanan Azərbaycan Ordusunun qəhrəman hərbçiləri hadisənin necə baş verdiyini danışıblar. Baş leytenant Tusi Əliyev: - Artıq neçə gündür Tovuz rayonunun Ağdam kəndi istiqamətində kəskin döyüşlər, əsasən də artilleriya döyüşləri gedir. Döyüşlər zamanı top mərmisinin partlaması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafayev şəhid oldu. Atalarımız "Torpaq uğrunda ölən varsa, Vətəndir" deyiblər. Müharibə itkisiz olmur. Qarabağ uğrunda mübarizədə 1992-ci ildən bu günə kimi minlərlə şəhidimiz olub. Elçin də həmin müqəddəs məqama qovuşdu. Hamımızın onların ruhu və anaları qarşısında borcumuz var. Yaralanmağıma baxmayaraq, şəhidimizin təhlükəsiz mövqeyə təxliyə edilməsinə yardım etdim. Hesab edirəm ki, döyüş meydanında bu gün mənə ehtiyac var. Tez sağalıb döyüş yoldaşlarımın yanına qayıtmağa tələsirəm.Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi Vətənimə, xalqıma, dövlətimə, Azərbaycanın hərbi səhiyyəsinə güvənirəm. Sevindirici hal ondan ibarətdir ki, bu gün hərbi qulluqçuların sağlamlığının keşiyində duran, təcrübəli kadrlarımız, hərbçilərimiz, hərbi həkimlərimiz var. Təsadüfi deyil ki, 2016-cı ilin Aprel döyüşlərində də tibb xidməti ən yaxşı cəhətdən özünü göstərdi. Həkimlərimiz demək olar ki, qəhrəmanlıq nümayiş etdirdilər. Bu gün də biz hərbi həkimlərimizin fədakarlığının şahidiyik. Bu gün mən sağlamlığımızı qorumaq naminə gecə-gündüz çalışan hərbi həkimlərimizə, tibbi personala təşəkkür edirəm. Biz sizinlə fəxr edirik, əziz həkimlərimiz. Biz sağlamlığımızı sizlərə borcluyuq. Ancaq ən böyük borcumuz Vətənimiz Azərbaycanadır.Vətən yolumuzu gözləyir. Vətən naminə bizim işimiz haqq işidir. Azərbaycan Ordusu Aprel döyüşlərində, Günnüt zəfərində, eləcə də Tovuz rayonu istiqamətində gedən döyüşlərdə də düşmənə yerini göstərdi, ona çox böyük sarsıdıcı zərbələr vurdu. Bunun günahkarı ermənilər özləridir. Həmin qələbələr Azərbaycanın qətiyyətli və güclü Ali Baş Komandanının rəhbərliyi altında qüdrətli ordusunun formalaşdığını və xalq-dövlət birliyinin tamamilə yeni çalarlarını ortaya qoydu. Artıq Azərbaycan dövləti güclü dövlətdir, ordusu da güclü ordudur. Azərbaycan ordusunun bütün şəxsi heyəti düşməni məhv etməyə, eyni zamanda, lazım gəldiyi anda Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçməyə hazırdır. Zabitin dəyəri xidmət etdiyi orduya, yaşadığı cəmiyyətə, doğma xalqına, elinə-obasına nə dərəcədə gərəkli olması ilə ölçülür. Bu gün ordumuz müharibə meydanında düşmənlə üz-üzədir. Belə bir məqamda ordumuz üçün hər gün sınaq var. Ali Baş Komandanımızın rəhbərliyi ilə bu sınaqdan tezliklə çıxmağın, Aprel və Günnüt zəfərləri kimi qələbələr qazanmağın, Böyük Qələbənin tarixini yazmağın vaxtıdır. Çavuş Faiq Abdiyev: - Müharibənin nə olduğunu yaxşı bilirəm. Uşaqlığımda ermənilərin bu tərəflərə həmlələri, kəndləri artilleriya atəşinə tutmaları haqqında çox eşidirdim. Torpaqlarımızı işğaldan azad edənlərin sıralarında olmaq üçün həqiqi hərbi xidmətdən sonra xidmətimi davam etdirməyi qərara aldım. Ön xətdə xidmət etməyin məsuliyyəti mənə də yaxşı tanışdır. Özüm hərbi nizamnamələr çərçivəsində xidmət etməyə çalışıram, söz düşəndə əsgərlərimizə də belə xidmət etməyi tövsiyə edirəm. Əsgərlərimiz Vətənə sədaqətlə xidmət edirlər. İyulun 12-dən başlayan döyüşlərdə də onlar mərdliklə, Azərbaycan əsgərinin adına layiq vuruşdular. İyulun 12-də ermənilər artilleriya qurğularından istifadə etməklə mövqelərimizə hücum etdi. Dövlət sərhədimizi keçməyə cəhd göstərdi. Qəfil hücum həmişə döyüş növbətçiliyini diqqətlə, məsuliyyətlə aparan, mövqelərdə, səngərlərdə ayıq-sayıq dayanan əsgərlərimizi çaşdırmadı. Cavab atəşi açdıq. Komandanlığın əmri ilə hücumun qarşısını alma əməliyyatına qoşulduq. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz qətiyyətlə vuruşurdular. 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu döyüşdə də düşməni darmadağın etdik, döyüş texnikalarını sıradan çıxartdıq, canlı qüvvəsini məhv etdik. Komandanlığın əmri yerinə yetirilməliydi. Bu əmr Vətənin əmri kimi yerinə yetirilməliydi. Ağdam kəndi istiqamətində gedən döyüşdə baş gizir Elşən Məmmədəliyevlə birlikdə vuruşurduq. Bölməmiz düşmənin hücumunun qarşısını aldığı məqamlarda başqa istiqamətdən atılan minaatan mərmisinin qəlpələrindən ikimiz də yaralandıq. İndi müalicə olunuruq. Tibb bacıları Aynurə Məmmədova və Leyla Quliyeva təkcə vəzifə borclarını yerinə yetirmirlər, həm də bizə əzizləri kimi qulluq edirlər. Mənə elə gəlir ki, onların bizə olan qayğısı xalqın ehtiramıdır. Tez sağalmaq, yenidən hərbi xidmətə qayıtmaq, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq əsgərlərimizin sırasında olmaq istəyirəm. Belə də olacaq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik! Əsgər Nurlan Quliyev: - 2016-cı ilin Aprel döyüşlərində orta məktəbdə oxuyurdum. Mən də sinif yoldaşlarım kimi yaşımın azlığına təəssüflənirdim. Hərbi xidmətə çağırıldım. Atamdan, bu yolu keçən qonşularımdan hərbi xidmət haqqında çox eşitmişdim. Özümü xəyalən sırada hiss edirdim. Hərbi xidmətin mahiyyətini ilk döyüş növbətçiliyimdə daha ətraflı hiss etdim. Mən də digər əsgər yoldaşlarım kimi, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək döyüşlərin iştirakçısı olmaq istəyirdim. Ermənilər iyulun 12-də günortaya yaxın hücum etdi. Biz mövqelərimizdə, səngərlərdə onsuz da həmişə ayıq-sayıq dayanmışıq. Hücumun qarşısını almaq üçün atışdıq. Düşmən artilleriya qurğuları ilə, iriçaplı pulemyotlarla bizim döyüş aparmağımıza mane olmağa çalışırdı. Əsgərlərimiz bu təhlükənin də içindən mərdliklə çıxıb döyüşdülər.Dayandığımız mövqeni Vətən kimi qoruduq. Əsgərlərimizin qətiyyəti, vətənsevərliyi döyüşün axarını tamam dəyişdi. Düşmən gördü ki, Azərbaycanın dövlət sərhədini pozmaq cəhdi onlara baha başa gələcək. Bir dəfə sizin qəzetinizdə Türkiyənin qurtuluş savaşının iştirakçısı olmuş Şükrü paşanın vəsiyyəti dərc olunmuşdu: "Düşmən sərhədlərimizi keçəndən sonra ölsəm məni dəfn etməyin, qoy ətimi itlər yesin, düşmən sərhədlərimizi keçməmiş ölsəm kəfənim, sabunum çantamdadır." Bu döyüşdə əsgərlərimizin hər biri Şükrü paşa amalıyla döyüşürdü. Döyüşdə yaralandım. İndi özümü yaxşı hiss edirəm. Düşmən məğlub oldu. Biz Böyük Qələbənin də əsgəri olacağıq! Həkimlərin, tibb bacılarının qayğısı sayəsində tezliklə sağalıb xidmət yoldaşlarımın yanına qayıdacağam.Əsgər Murad Mövlanlı: - İyulun 12-də günorta saatlarında ermənilər hücuma keçdi. Biz həyəcan siqnalıyla döyüşə qoşulduq. Düşmənin artilleriya atəşi irəliləməyimizi çətinləşdirsə də, döyüşə girdik. Ancaq qələbə haqqında düşünürdük. Bizə belə gəlirdi ki, bu döyüş müharibənin son döyüşüdü, Qarabağı azad etməyin başlanğıcıdı. Cəsarətlə döyüşürdük, bütün təlimatlara əməl etməklə döyüşürdük, qələbə üçün döyüşürdük. Qəflətən qolumun heydən düşdüyünü hiss etdim. Yaralanmışdım. Əsgər yoldaşlarım məni döyüşün içindən çıxartdı. Yaralanmağıma çox, lap çox təəssüfləndim. Sonacan döyüşə bilmədiyimə görə təəssüfləndim. Biz qalib gəldik. Hospitalda eşitdim ki, Bakıda, Tovuzda və digər bölgələrdə orduya dəstək aksiyası keçirilib. Bu, döyüşən hərbçilərin qələbə ruhunu daha da kükrədir, ordu ilə xalqın birliyini nümayiş etdirir. Müalicədən sonra xidmətimi davam etdirəcəm. Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayacaq əsgərlərin sırasında mən də olacam. Xalq orduya inanır, ordu xalqa güvənir...

Hamısını oxu
“Milli təhlükəsizliyimizin peşəkarlara etibar olunması dövlətçiliyimizin xeyrinədir”

Prezident İlham Əliyevin son sərənacamları ilə ölkənin güc orqanlarının rəhbərliyində ciddi dəyişikliklər edilib. Belə ki, general Əli Nağıyev DTX-ya, general Vilayət Eyvazov DİN rəhbərliyinə, sabiq daxili işlər naziri Ramil Uusbov isə prezident yanında Təhlküəsizlik Şurasının katibi vəzifəsinə təyinat alıb. Sabiq DTX rəisi Mədət Quliyev isə müdafiə sənayesi naziri təyin olunub. Moderator.az-a açıqlamasında məlum təyinatları şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təyinatların dövlətimizin nüfuzu və təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini vurğuladı: “Ölkə başçısının son təyinatları Azərbaycan dövlətinin təhlükəsizliyinin etibarlı şəkildə təmini, onun nüfuzunun artması, dövlətçiliyimizin dayaqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə də general Əli Nağıyevin DTX-nın rəhbərliyinə gətirilməsi, bu sahənin peşəkarlara etibar edilməsi milli təhlükəsizliyimizlə bağlı təhdid və təhlükələrə qarşı uğurla mübarizə aparmağa imkan verəcək. Sabiq DİN rəhbəri Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinat alması da ölkəmizin təhlükəsizliyi ilə bağlı daha effektiv addımların atılmasına imkan verəcək. Bir sözlə, hesab edirəm ki, son təyinatlar ölkə başçısı tərəfindən dövlət maraqlarımızın ən yüksək səviyyədə qorunması baxımından hərtərəfli düşünülərək atılan addımlardır. Bu təyinatların cəmiyyət tərəfindən təqdir edilməsi, ictimai rəy tərəfindən alqışlanması da həmin təyinatların önəmindən xəbər verir. Düşünürəm ki, bu təyinatlar güc orqanlarının daha effektiv fəaliyyətini stimullaşdırmaqla yanaşı, dövlət maraqlarımızın, milli təhlükəsizliyimizin bütün sahə və sferalarda daha effektiv qorunmasını təmin edəcək, bu müstəvidə daha böyük uğurların əldə edilməsinə rəvac verəcək”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Nərimanov rayonunda Vətən müharibəsi qəhrəmanının doğum günü qeyd olunub

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizləmiş və ərazi bütövlüyümüzü bərpa etmişdir. Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də “Vətən Müharibəsi Qəhrəmanı”, pilot şəhid, polkovnik Zaur Nudirəliyevdir. Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olan Zaur Nudirəliyev, həmin ildəcə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuş və 2000-ci ildə oranı "Təyyarəçi" ixtisası üzrə bitirmişdir. Daha sonra Zaur Nudirəliyev 2011-2013-cü illərdə Almaniyada General-Admirallar üçün Hərbi Liseydə təhsil almışdır.   Zaur Nudirəliyev 20 il davam edən hərbi xidməti ərzində Müdafiə Nazirliyi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli və digər medallarla təltif edilmişdir.   Vətən Mügaribəsi zamanı Hərbi Hava Qüvvələri tərəfindən Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmiş, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı. Bu uçuş zamanı ağır yaralanmasına baxmayaraq Zaur Nudirəliyev təyyarədən hatapult edə bilərdi. Amma o, mənfur düşmənə əsir düşməməsi üçün təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmış, çoxlu sayda düşməni məhv etmiş və özü isə şəhid olmuşdur.   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarıı ilə təltif edilib.   01 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid Zaur Nudirəliyevin ailəsi, hərbçi yoldaşları, eləcə də rayonun digər şəhid ailələri II Şəhidlər Xiyabanına gəlmiş, Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər. Çıxışçılar Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Zaurun xatirəsinin əziz tutulduğunu, hər zaman xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etmişlər. Şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyi bildirilmişdir. Şəhid ailəsi üzvləri bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri bu qayğıya görə ona təşəkkür etmişlər. Sonda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə digər Vətən Müharibəsi şəhidlərinin də məzarlarını ziyarət etmiş, xatirələri dərin hörmətlə anılmışdır.   Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən abad məhəllədə “Qəhrəman ömrü” adlı tədbir keçirilmişdir. Belə ki, “Vətən Müharibəsi Qəhrəmanı”, polkovnik Zaur Nudirəliyevin xatirəsinə həsr olunmuş futbol turniri, şahmat və dama yarışları keçirlimişdir. Həmçinin tədbir zamanı müxtəlif yarışların qalib karateçiləri tərəfindən nümunəvi çıxışlar göstərilmiş, gənc rəssamlar tərəfindən Qarabağa həsr edilmiş rəsmlər çəkilmiş və sonda rəsmlər tədbir iştirakçıları üçün nümayiş etdirilmişdir. Sonda yarış iştirakçıları, gənc rəssamlar şəhid ailə üzvləri və digər tədbir iştirakçıları tərəfindən diplomlarla təltif edilmiş, şəhidin ailə üzvünə Xatirə Diplomu və Azərbaycan Dövlət Bayrağı təqdim edilmişdir.   Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin ailəsi yaşadıqları ünvanda bir daha ziyarət olunmuş, şəhidin yağlı boya ilə çəkilmiş portreti ailəsinə təqdim edilmişdir.  

Hamısını oxu
Heydər Əliyev və Azərbaycan Gəncliyi: Vətənə Sadiq, Dövlətə Bağlı, Milli Dəyərlərə Sahib Yeni Nəsil

2 Fevral Azərbaycan gəncliyi üçün xüsusi məna daşıyan tarixi gündür. Bu gün gənclərimizə göstərilən dövlət qayğısının, onlara olan inamın və etimadın təcəssümüdür. Milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik tariximizdə gənclərin rolu həmişə mühüm olub. Qüdrətli orduların tərkibində xidmət edən, dövlət və hökumət qurumlarının aparıcı hissəsini təşkil edən gənclər ölkəmizin müdafiəsində də əvəzsiz xidmətlər göstərirlər. Ötən əsrin əvvəllərində Şərqin İlk Demokratik Cümhuriyyətini quran liderlərimiz “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə yoxdan bir dövlət yaratdılar və onu Azərbaycan gəncliyinə etibar etdilər. Həmin gənclik müxtəlif sınaqlardan - müharibələrdən, repressiyalardan, II Dünya Müharibəsinin qanlı dövrlərindən, milli azadlıq hərəkatından, 20 Yanvar faciəsindən və Birinci Qarabağ müharibəsindən keçdi. Bu sınaqlar gənclərimizin vətənpərvər ruhunu möhkəmləndirdi və onları xalqımızın gələcəyinin təminatçısına çevirdi. Bu əlamətdar tarixi gün siyasi fəaliyyətinin hər iki mərhələsində gənclərə böyük diqqət və qayğı ilə yanaşan, onları dövlətin gələcəyi hesab edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, siyasi hakimiyyətinin hər iki mərhələsində gəncləri önə çəkmişdir. Ulu Öndər sağlam düşüncəli yeni bir nəslin yetişdirilməsi sahəsində cəsarətli addımlar ataraq mühüm qərarlar aldı. Onların Vətənpərvər ruhda yetişməsi, ölkənin intellektual potensialının formalaşması üçün çoxsaylı elm və təhsil mərkəzlərinin təməlini qoydu. Gənclərin böyük bir qismini SSRİ-nin nüfuzlu universitetlərinə təhsil almağa göndərməklə təkcə Azərbaycan Xalq Cümhuriyyətinin elm, təhsil siyasətini uğurla davam etdirmədi, milli dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Elə həmin əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə qüdrətli sərkərdələr yetirən Vətən tarixində yeni bir səhifə yazıldı. Bu liseyin açılması gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, hərpi peşəyə marağının artmasına zəmin yaratdı. Siyasi hakimiyyətinin ikinci mərhələsində dövlətçilik təlimində yenə də gənclər siyasətinə mühüm əhəmiyyət verən Ulu Öndər gənc nəslin yenidən mütəşəkkil formada yetişdirilməsi üçün tarixi bir qərar aldı: 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin təməlini qoydu. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm nəaliyyətlərə imza atıldı. 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən 1996-cı il fevralın 2-də respublikamızda gənclərin ilk forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də Gənclərin I Forumunun ildönümündə Ulu Öndərin fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı sərəncamı imzalandı. Bu sərəncam ölkənin ən ciddi kadr potensialı olan gənclərə göstərilən etimad, verilən dəyər idi. Bu gün Azərbaycanda Ulu Öndərin gənclər siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətində uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirildi. Gənclər ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, könüllülük hərəkatı fəaliyyətə başladı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur, kadr kimi yetişirlər. Azərbaycan gənclərinin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alınaraq, 30 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu tədbirlərin davamı kimi, 2022-ci ilin dekabrında Bakıda Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib. 2022-ci ildə Şuşada Diaspor Gənclərinin III Yay, Şuşa və Bakı Gənclər İncəsənət Düşərgələrinin keçirilməsi, orada müxtəlif ölkələrdən çoxsaylı gənclərin iştirakı onların təşkilatlanmasında və diaspor fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynadı. Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin “Şuşa İli”ndə qədim şəhərdə vahid platforma ətrafında bir araya gəlməsi və ölkəmizlə daha yaxından tanış edilməsi mühüm nailiyyətlərdəndir. Azərbaycan gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstəricisi kimi 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsini göstərmək olar. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncama əsasən, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə şəhər və rayonlardakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın, Fondun Vitse-Prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. “Sağlam bədəndə sağlam ruh olar!” nidasına söykənən Respublikamızda idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Bunun sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Hazırda respublikamızda 50-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına, Birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Tarixin bütün dönəmlərində qüdrətli sərkərdə-xaqanlar yetişdirən Odlar Yurdu Azərbaycanın qüdrətli ordusu, peşəkar zabitləri, vətənpərvər əsgərləri ilə 44 günlük Vətən müharibəsində tarix yaradan Azərbaycan xalqı məhz gənclərə söykəndi. Gənclərimiz Azərbaycan bayrağını Xudafərin körpüsündən, Şuşa qalasından asdı, Şuşanın sərt,sıldırım qayalarını aşıb, Cıdır düzünə vardı. Qəhrəman gənclər ordunun aparıcı qüvvələri kimi tarix yazdılar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.” Bu fikirlər Azərbaycan gəncliyinə verilən yüksək dəyərin və etimadın bariz ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qazilərimiz və veteranlarımız isə bu gün gənclərimiz üçün qürur və şərəf nümunəsidir. Əminliklə deyə bilərik ki, gənclərlə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq, müstəqil dövlətimizin daha da güclənməsinə xidmət edəcəkdir. Sonda bir daha bütün gənclərimizi “2 Fevral – Gənclər Günü” münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uğurlar və Vətənimizin inkişafı naminə daim yüksək əzmkarlıq arzulayıram. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik        Cəlil Xəlilov

Hamısını oxu