Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev və Azərbaycan Gəncliyi: Vətənə Sadiq, Dövlətə Bağlı, Milli Dəyərlərə Sahib Yeni Nəsil

2 Fevral Azərbaycan gəncliyi üçün xüsusi məna daşıyan tarixi gündür. Bu gün gənclərimizə göstərilən dövlət qayğısının, onlara olan inamın və etimadın təcəssümüdür. Milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik tariximizdə gənclərin rolu həmişə mühüm olub. Qüdrətli orduların tərkibində xidmət edən, dövlət və hökumət qurumlarının aparıcı hissəsini təşkil edən gənclər ölkəmizin müdafiəsində də əvəzsiz xidmətlər göstərirlər.

Ötən əsrin əvvəllərində Şərqin İlk Demokratik Cümhuriyyətini quran liderlərimiz “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə yoxdan bir dövlət yaratdılar və onu Azərbaycan gəncliyinə etibar etdilər. Həmin gənclik müxtəlif sınaqlardan - müharibələrdən, repressiyalardan, II Dünya Müharibəsinin qanlı dövrlərindən, milli azadlıq hərəkatından, 20 Yanvar faciəsindən və Birinci Qarabağ müharibəsindən keçdi. Bu sınaqlar gənclərimizin vətənpərvər ruhunu möhkəmləndirdi və onları xalqımızın gələcəyinin təminatçısına çevirdi.

Bu əlamətdar tarixi gün siyasi fəaliyyətinin hər iki mərhələsində gənclərə böyük diqqət və qayğı ilə yanaşan, onları dövlətin gələcəyi hesab edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, siyasi hakimiyyətinin hər iki mərhələsində gəncləri önə çəkmişdir. Ulu Öndər sağlam düşüncəli yeni bir nəslin yetişdirilməsi sahəsində cəsarətli addımlar ataraq mühüm qərarlar aldı. Onların Vətənpərvər ruhda yetişməsi, ölkənin intellektual potensialının formalaşması üçün çoxsaylı elm və təhsil mərkəzlərinin təməlini qoydu. Gənclərin böyük bir qismini SSRİ-nin nüfuzlu universitetlərinə təhsil almağa göndərməklə təkcə Azərbaycan Xalq Cümhuriyyətinin elm, təhsil siyasətini uğurla davam etdirmədi, milli dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Elə həmin əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə qüdrətli sərkərdələr yetirən Vətən tarixində yeni bir səhifə yazıldı. Bu liseyin açılması gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, hərpi peşəyə marağının artmasına zəmin yaratdı.

Siyasi hakimiyyətinin ikinci mərhələsində dövlətçilik təlimində yenə də gənclər siyasətinə mühüm əhəmiyyət verən Ulu Öndər gənc nəslin yenidən mütəşəkkil formada yetişdirilməsi üçün tarixi bir qərar aldı: 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin təməlini qoydu. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm nəaliyyətlərə imza atıldı. 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən 1996-cı il fevralın 2-də respublikamızda gənclərin ilk forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də Gənclərin I Forumunun ildönümündə Ulu Öndərin fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı sərəncamı imzalandı. Bu sərəncam ölkənin ən ciddi kadr potensialı olan gənclərə göstərilən etimad, verilən dəyər idi.

Bu gün Azərbaycanda Ulu Öndərin gənclər siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətində uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirildi. Gənclər ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, könüllülük hərəkatı fəaliyyətə başladı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı.

Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur, kadr kimi yetişirlər.

Azərbaycan gənclərinin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alınaraq, 30 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu tədbirlərin davamı kimi, 2022-ci ilin dekabrında Bakıda Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib.

2022-ci ildə Şuşada Diaspor Gənclərinin III Yay, Şuşa və Bakı Gənclər İncəsənət Düşərgələrinin keçirilməsi, orada müxtəlif ölkələrdən çoxsaylı gənclərin iştirakı onların təşkilatlanmasında və diaspor fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynadı. Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin “Şuşa İli”ndə qədim şəhərdə vahid platforma ətrafında bir araya gəlməsi və ölkəmizlə daha yaxından tanış edilməsi mühüm nailiyyətlərdəndir. Azərbaycan gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstəricisi kimi 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsini göstərmək olar. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncama əsasən, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə şəhər və rayonlardakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir.

Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın, Fondun Vitse-Prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

“Sağlam bədəndə sağlam ruh olar!” nidasına söykənən Respublikamızda idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Bunun sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Hazırda respublikamızda 50-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına, Birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Tarixin bütün dönəmlərində qüdrətli sərkərdə-xaqanlar yetişdirən Odlar Yurdu Azərbaycanın qüdrətli ordusu, peşəkar zabitləri, vətənpərvər əsgərləri ilə 44 günlük Vətən müharibəsində tarix yaradan Azərbaycan xalqı məhz gənclərə söykəndi. Gənclərimiz Azərbaycan bayrağını Xudafərin körpüsündən, Şuşa qalasından asdı, Şuşanın sərt,sıldırım qayalarını aşıb, Cıdır düzünə vardı. Qəhrəman gənclər ordunun aparıcı qüvvələri kimi tarix yazdılar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.” Bu fikirlər Azərbaycan gəncliyinə verilən yüksək dəyərin və etimadın bariz ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qazilərimiz və veteranlarımız isə bu gün gənclərimiz üçün qürur və şərəf nümunəsidir.

Əminliklə deyə bilərik ki, gənclərlə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq, müstəqil dövlətimizin daha da güclənməsinə xidmət edəcəkdir.

Sonda bir daha bütün gənclərimizi “2 Fevral – Gənclər Günü” münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uğurlar və Vətənimizin inkişafı naminə daim yüksək əzmkarlıq arzulayıram.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik        Cəlil Xəlilov

2026-02-02 16:13:00
3128 baxış

Digər xəbərlər

Deputat Nəsib Məhəməliyev şəhid ailələri ilə görüş keçirib

Veteran.gov.az Balaken.infoya-ya istinadən xəbər verir ki, sentyabrın 27 - də Ümumxalq anım günü ilə bağlı Balakən rayonunu  Milli Məclisdə təmsil edən deputat Nəsib Məhəməliyev, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və rayon rəhbərliyi Balakən rayon Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən övladlarının məzarlarını ziyarət etmişdir. Şəhidlər Xiyabanında övladlarını , yaxınlarını ziyarət edən şəhid ailələri ilə ayaq üstə söhbət edən deputat Nəsib Məhəməliyev daha sonra şəhid ailələrini görüş üçün YAP-ın Balakən rayon təşkilatına dəvət etmişdir.Şəhid ailələri görüşdə öz problemlərini rayonun deputatına çatdırmış, həmçinin həll edilmiş məsələlərlə bağlı ölkə rəhbərliyinə öz təşəkkürünu çatdırmışlar. Görüşdə ölkə prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin və qazilərin sosial müdafiəsini gücləndirmək üçün həyata keçirdiyi siyasət şəhid ailələri tərəfindən minnətdarlıqla xatırlanmışdı.    

Hamısını oxu
Velosiped idmanının MTB-Downhill növü üzrə yarış keçirilib

03.10.2021-ci il tarixində Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, MTB mütəxəssisləri Orxan Məmmədov və Aqşin Bağırlının təşkilatçılığı, o cümlədən “Gənc Velosipedçilər” İctimai Birliyinin dəstəyi ilə Velosiped idmanının MTB-Downhill növü üzrə yarış keçirilib.   Veteran.gov.az xəbər verir ki, bu barədə Respublika Olimpiya Velosiped Məktəbinin sosial mediadakı rəsmi səhifəsində məlumat verilib.   Yarışda 30 iştirakçı mübarizə aparıb. Ekstrim həvəskarlarından fəxri kürsünün ən yüksək pilləsinə Mackay Kayl qalxdı. Məmmədov Kamran 2-ci, Abdullayev Şirxan isə 3-cü olub. Qaliblər medal, diplom, Berg Enerji, o cümlədən “2 Təkər” və “Velo lider” mağazalarından qiymətli hədiyyələrlə təltif edilib.      

Hamısını oxu
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Dövlət başçısı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu da imzalayıb.   Bununla da Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsində dəyişikliklər qüvvəyə minib. Eyni zamanda, Prezident “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb. Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının avqustun beşi, altısı və yeddisi keçirilən plenar iclaslarında müzakirəyə çıxarılmışdı. Büdcə zərfinə dəyişikliklərlə bağlı sənədlərin hamısı üç oxunuşdan keçmişdi. 

Hamısını oxu
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”

ABŞ-ın “U.S. News and World Report” nəşri bugünlərdə dünyanın ən güclü ordularının reytinqini açıqlayıb. Azərbaycan siyahıda Kanada, İtaliya kimi dövlətləri qabaqlayaraq 29-cu sırada yer alıb  Maraqlıdır, bu statistika Prezident İlham Əliyevin də dediyi kimi, ordumuzun Vətən müharibəsindən sonra daha da inkişaf etdiyinin təsdiqi sayıla bilərmi? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, ordumuzun dinamik şəkildə inkişaf etdiyini, gücləndiyini bildirib: “Dünyanın ən güclü ordularının siyahısında Azərbaycan ordusunun 29-cu yerdə göstərilməsi hər birimizdə qürur hissi yaşadır. Müxtəlif siyahılar ola bilər. Meyar olaraq, Silahlı Qüvvələrin döyüş texnikası və silahlarla təminatı, şəxsi heyətin say tərkibi, döyüş qabiliyyəti, müasir texnologiyalara malik olması və s. götürülür. Azərbaycan Ordusunu digər ordulardan fərqləndirən əsas meyar isə, Vətən müharibəsində əldə etdiyi nəticələrdir. Cəmi 44 gün ərzində, son dərəcə mürəkkəb, keçilməz dağlıq şəraitdə Ermənistan ordusunu təslim olmağa məcbur etməsidir. Nəzərə almaq lazımdır ki, ermənilər 30 il ərzində çoxpilləli səngərlər qazmış, müdafiə istehkamları qurmuş, çoxsaylı minalar basdırmaqla təhlükəsizlik zolağı yaratmışdılar. Bütün sədlərin aşmasında, ən müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının tətbiqi əhəmiyyətli rol oynadı. Praktiki olaraq, Azərbaycan Silahlı Qüvvələri ilk dəfə XXI əsrin müharibəsini apardı. Təsadüfi deyil ki, bir çox döyüş əməliyyatları dünya hərb tarixinə düşdü və hərbi məktəblərdə öyrənilir. Qarabağ müharibəsində tətbiq olunan taktiki əməliyyatlar Ukrayna müharibəsində, Yaxın Şərq regionunda gedən döyüş əməliyyatlarında tətbiq olunur. Siyahıda İtaliya və Kanada kimi dövlətlərin ordularını bizim ordumuzun qabaqlaması, ola bilsin texniki səhvdir. Yaxud, subyektiv yanaşmadır. Hər iki ölkə kifayət qədər güclü orduya, iqtisadiyyata malikdirlər. Siyahılarda harada olmağımızdan asılı olmayaraq, Azərbaycan xalqı Ordusu ilə, onu bu səviyyəyə çatdıran Ali Baş Komandanla fəxr edir. Dünyada və regionda gedən proseslər, Silahlı Qüvələrin daim inkişaf etdirilməsini, döyüş qabiliyyətinin müntəzəm olaraq təkmilləşdirilməsini tələb edir. Prezident İlham Əliyevin də siyasətinin ana xəttini ordunun gücləndirilməsi təşkil edir. Necə deyərlər, güclü ordu, güclü dövlət deməkdir”. Seymur ƏLİYEV  

Hamısını oxu