Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”

ABŞ-ın “U.S. News and World Report” nəşri bugünlərdə dünyanın ən güclü ordularının reytinqini açıqlayıb. Azərbaycan siyahıda Kanada, İtaliya kimi dövlətləri qabaqlayaraq 29-cu sırada yer alıb 

Maraqlıdır, bu statistika Prezident İlham Əliyevin də dediyi kimi, ordumuzun Vətən müharibəsindən sonra daha da inkişaf etdiyinin təsdiqi sayıla bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, ordumuzun dinamik şəkildə inkişaf etdiyini, gücləndiyini bildirib:

“Dünyanın ən güclü ordularının siyahısında Azərbaycan ordusunun 29-cu yerdə göstərilməsi hər birimizdə qürur hissi yaşadır. Müxtəlif siyahılar ola bilər. Meyar olaraq, Silahlı Qüvvələrin döyüş texnikası və silahlarla təminatı, şəxsi heyətin say tərkibi, döyüş qabiliyyəti, müasir texnologiyalara malik olması və s. götürülür. Azərbaycan Ordusunu digər ordulardan fərqləndirən əsas meyar isə, Vətən müharibəsində əldə etdiyi nəticələrdir. Cəmi 44 gün ərzində, son dərəcə mürəkkəb, keçilməz dağlıq şəraitdə Ermənistan ordusunu təslim olmağa məcbur etməsidir. Nəzərə almaq lazımdır ki, ermənilər 30 il ərzində çoxpilləli səngərlər qazmış, müdafiə istehkamları qurmuş, çoxsaylı minalar basdırmaqla təhlükəsizlik zolağı yaratmışdılar. Bütün sədlərin aşmasında, ən müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının tətbiqi əhəmiyyətli rol oynadı. Praktiki olaraq, Azərbaycan Silahlı Qüvvələri ilk dəfə XXI əsrin müharibəsini apardı. Təsadüfi deyil ki, bir çox döyüş əməliyyatları dünya hərb tarixinə düşdü və hərbi məktəblərdə öyrənilir. Qarabağ müharibəsində tətbiq olunan taktiki əməliyyatlar Ukrayna müharibəsində, Yaxın Şərq regionunda gedən döyüş əməliyyatlarında tətbiq olunur.

Siyahıda İtaliya və Kanada kimi dövlətlərin ordularını bizim ordumuzun qabaqlaması, ola bilsin texniki səhvdir. Yaxud, subyektiv yanaşmadır. Hər iki ölkə kifayət qədər güclü orduya, iqtisadiyyata malikdirlər. Siyahılarda harada olmağımızdan asılı olmayaraq, Azərbaycan xalqı Ordusu ilə, onu bu səviyyəyə çatdıran Ali Baş Komandanla fəxr edir.

Dünyada və regionda gedən proseslər, Silahlı Qüvələrin daim inkişaf etdirilməsini, döyüş qabiliyyətinin müntəzəm olaraq təkmilləşdirilməsini tələb edir. Prezident İlham Əliyevin də siyasətinin ana xəttini ordunun gücləndirilməsi təşkil edir. Necə deyərlər, güclü ordu, güclü dövlət deməkdir”.

Seymur ƏLİYEV

 

2024-11-01 15:21:15
3103 baxış

Digər xəbərlər

Təzə Alvadı ərazisində səyyar-görüş qəbulu

Veteran.gov.az azadmedia.az-a istinadən xəbər verir ki, 09 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Təzə Alvadı kənd ərazisinin Əhmədli kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.İlk öncə Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Cəfərov Aslan Ələsgər oğlu, İsmayılov Eldar İsmayıl oğlu, Fətullayev Ərzulla Xeybər oğlu, Əliyev Zülfüqar Müzəffər oğlu, Məmmədov Rafiq Davud oğlu, Həsənov Ülfət Məhərrəm oğlu, Fətəliyev Əlihüseyn Qiyas oğlu və başqaları Əhmədli kəndində mərkəzi yola asfalt çəkilməsi, kənd təsərrüfatı əkinlərinin məhsullarının sığortalanması, qaz xəttinin çəkilməsi, Tatyançay çayının Əhmədli ərazisində keçən hissəsinin təmizlənməsi, Əhmədli kəndində tibb məntəqəsinin tikilməsi, Təzə Alvadı kəndində mərkəzi yola asfalt vurulması, Meşəkənarı kəndinə telefon və internet xəttinin çəkilməsi və s məsələlər barədə müraciət etmişlər.Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Hamısını oxu
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alan azərbaycanlı: Həzi Aslanov

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alıb. 1923-cü ildə atası Əhəd kişi  13 yaşında atasını itirən Həzi, atasının çalışdığı kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. İl yarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Zaqafqaziya hərbi hazırlıq məktəbinin məktəb rota qəzetinin redaktoru olub. Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayına vzvod komandiri təyin olunub. Sonralar xidmətini 12-ci zirehli avtomobil divizonunda davam etdirib və texnikayla döyüş texnikasını öyrənib. Bir müddət sonra rota komandiri olub. Döyüş hazırlığı və siyasi hazırlıqda xidmət etdiyi rota haqqında dairə qəzetlərində müsbət məqalələr dərc olunmağa başlayıb. 1934-cü ildə hərbi hissənin Kiyev hərbi dairəsinin komandanı İona Emmanuiloviç Yakir bölmələrin və hissələrin manevrlərə hazırlığını yoxladığı zaman Həzi Aslanovun tank rotası təlimdə fərqlənib. Komandan Həzi Aslanova qiymətli hədiyyə təqdim edib və bu hadisə onun tankçı kimi ilk hərbi uğuru olub. Bu hadisədən qısa müddət sonra Həzi Aslanov Kiyevdə avtomobil batalyonuna komandir təyin olunub. 1937-ci ildə Ukrayna SSR Obruç şəhər sovetinin üzvü (deputatı) seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahidə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışmışdır. Həzi Aslanova 1939-cu ilin axırlarında kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib.   1941-ci ilin dekabrında mayor Aslanov Moskva yaxınlığındakı tarixi döyüşdə iştirak etdi. Moskva ətrafında alman ordsunun 60-dan artıq diviziyası şəhəri ələ keçirmək üçün cəmləşdirilmişdi.   Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən azad etmək üçün mayor Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə Aslanov mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyi bacarır. Bu əməliyyat zamanı Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və Aslanov tankı özü idarə edərək taqımlara komandanlığı davam etdirə bilir. Mühasirədən 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət azad olunur. Həzi Aslanov Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü.   Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı. Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü. 1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir. Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir. Aslanovun polkuna isə qvardiya adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi.   Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında , 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırovun " Sərkərdənin taleyi " adlı sənədli kitabında deyilir:"“ Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur. 1944-cü  ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 46 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Hamısını oxu
Azərbaycanda sabiq icra başçısı həbs edildi

Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Məharət Mustafa oğlu Mustafayev həbs olunub. Demokrat.az-ın məlumatına görə, o, bu gün Baş Prokurorluğun keçirdiyi əməliyyat nəticəsində həbs edilib.   Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 314-2.1-ci (ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddələri ilə ittiham elan edilib.

Hamısını oxu
Qubadlı şəhəri işğalçılardan azad edilib

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.  

Hamısını oxu