Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Xocavənd əməliyyatı" keçirilən ərazidə şəhid olan kəşfiyyatçıların xatirəsi anılıb

“Xocavənd əməliyyatı”nın (1997-ci il) ildönümüdə 7 hərbçinin şəhid olduğu əraziyə səfər təşkil olunub, şəhidlərin xatirəsi anılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xətti ilə təşkil edilən səfərdə şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.

 

Yuxarı Güzlək kəndi ərazisində Xocavənd əməliyyatı şəhidlərinin xatirəsinə salınan guşə ziyarət edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Çıxış edənlər hərbçilərin keçdiyi şərəfli döyüş yolundan danışıblar.

Bildirilib ki, 7 aprel 1997-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin əmri ilə iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilib.

Tapşırığın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.

Birinci qrup tapşırığı yerinə yetirərək itkisiz qayıdıb. Leytenantlar Elxan Ağayev (qrup komandiri) və Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Musatafayev və Aqil Əhmədovdan ibarət olan ikinci qrup Füzuli rayonu Horadiz istiqamətindən təmas xəttini keçib və təxminən 40-50 kilometr yol qət edərək döyüş tapşırığı yerinə yetiriblər.

Lakin əməliyyatın üçüncü günü, geri qayıdarkən Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində düşmən tərəfindən aşkarlanıblar. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif kəşfiyyatçılar tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb.

Çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə qalıb, döyüşçü yoldaşları onun şəhid olduğunu düşünüblər. Qrupun digər yeddi üzvü döyüşə davam ediblər.

Onlar sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar.

Huşsuz vəziyyətdə qalan çavuş Aqil Əhmədov ermənilər tərəfindən aşkarlanıb və əsir götürülüb.

Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. Onlar Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn olunublar.

Hər biri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif ediliblər.

Ermənilər tərəfindən əsir götürülən Aqil isə 1998-ci ilin fevral ayında məhkəmə qarşısına çıxarılıb, ona güllələnmə hökmü təyin edilib.

Azərbaycan dövləti tərəfindən Aqilin xilas edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Uzun sürən danışıqlardan sonra 1999-cu ilin mart ayında Prezident Heydər Əliyevin köməkliyi ilə Aqili bir erməni əsir və iki erməni cəsədi ilə dəyişmək mümkün olub, o, Vətənə qaytarılıb.

Həmçinin çıxışlar zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun parlaq qələbəsi sayəsində torpaqlarımızın azad edilməsindən danışılıb.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərba olunub. Artıq azad edilən ərazilərə həyat qayıdıb keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşublar.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra "Xocavənd əməliyyatı" şəhidlərinin xatirəsinə onların şəhid olduğu ərazidə bulaq tikilib və simvolik bir guşə yaradılıb.

2025-04-08 15:33:31
5004 baxış

Digər xəbərlər

Ağaməmməd Mikayılovun xatirəsinə həsr olunmuş tədbir

Hamısını oxu
Dövlət Xidmətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı dəyirmi masa keçirilib. Xidmət rəisinin müavini, general-mayor Azər Məmmədovun iştirakı ilə keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, o cümlədən vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak edib. Dəyirmi masada Dövlət Xidmətində ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması məsələləri müzakirə edilib. Görüşdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası haqqında ətraflı məlumat verilib, o cümlədən Xidmətdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər diqqətə çatdırılıb. Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib.  

Hamısını oxu
Birinci Qarabağ müharibəsinin şəhidi Şərurda torpağa tapşırılıb

Mayın 16-da Naxçıvan Beynəlxalq Hava Limanında birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşinin qarşılanma mərasimi keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub. Sonra şəhidin cənazəsi doğulduğu Sədərək rayonunun Dəmirçi kəndinə yola salınıb. Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

Hamısını oxu
Zərdabda “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib

Hamısını oxu