Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan Respublikası Prokurorluğunun Veteranlar Təşkilatının sədri Seyfulla Aslanovla görüşüb

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətində sədr Fatma xanım Səttarova ilə Azərbaycan Respublikası Prokurorluğunda yeni yaradılmış Veteran Təşkilatının sədri Seyfulla Aslanovun görüşü olub.   Görüşdən öncə Seyfulla Aslanova təşkilatın tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəilov, görülən işlər, həyata keçirilən layihələrdən danışıb.   Görüşdə sədr təşkilatın fəaliyyəti, gördüyü işlər, qarşıda duran vəzifələr barədə qonağa məlumat verib. Fatma xanım Səttarova qeyd edib ki, Respublikanın Prokurorluq OrqanlarındaVeteranlar Təşkilatının yaradılması barədə dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, nədənsə onların təşəbbüsləri cavabsız qalmışdır. Lakin yeni Baş Prokuror, çox hörmətli Kamran Əliyevə müraciət edilən kimi dərhal reaksiya vermiş və qısa müddət ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunda Veteran Təşkilatı yaradılıb və onun sədri Seyfulla Aslanov seçilib.   Qeyd olunub ki, prokurorluqda aparılan köklü kadr islahatı, prokuror nəzarətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində veteranların rolu mühüm əhəmiyyət kəsb edir. Gənc kadrların yetişdirilməsində, onların çətin və mürəkkəb vəziyyətlərdə peşəkarlıq səviyyəsinin artırılmasında, yeni məktəb və təcrübə mübadilələrinin aparılmasında, müsbət təcrübənin yayılmasında, veteranlarla gənclərin işgüzar görüşlərinin keçirilməsində, prokurorluq əməkdaşlarının sosial hüquqlarının genişləndirilməsində, maddi rifah halının yaxşılaşdırılmasında veteran təşkilatlarının rolunun gücləndirilməsi əhəmiyyətli dərəcədə aktuallaşıb. Son günlər prokurorluq əməkdaşlarının əmək haqqının iki dəfə artırılması, prokurorluğun cəmiyyətdə rolunun gecləndirilməsinə dair davamlı islahatlar ölkə rəhbərliyinin bu orqana verdiyi xüsusi diqqətin və əhəmiyyətin nəticəsi kimi dəyərləndirilə bilər. Bu yaxınlarda Baş Prokuror Kamran Əliyevin övladları itkin düşmüş valideynlərlə görüşü və onların qaldırdığı məsələlərin xüsusi nəzarətə götürməsi, müvafiq qanuni göstərişlər verməsi cəmiyyətdə təqdirdə qarşılanıb.   Yerlərdə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi respublika əhalisi tərəfindən yüksək qiymətləndirilir, prokurorluğa olan inamın və etibarın artmasına təsir göstərir.   Yekunda Fatma xanım Səttarova Prokurorluğun Veteran Təşkilatının sədri seçilmiş Seyfulla Aslanova işində uğur arzulayıb, əlverişli şərait yarandıqda Baş Prokuror Kamran Əliyevi Veteranlarla görüşməyə dəvət edib.   Görüşdə sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov və Təşkilatın hüquq və kadr şöbəsinin müdiri, hüquq elmləri doktoru professor Bəhram Zahidov da iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

2021-04-29 00:00:00
3620 baxış

Digər xəbərlər

Vətən müharibəsində böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayıb

Tovuz döyüşləri böyük qələbəyə gedən yolun başlanğıcı, xalqımızın şərəf tarixidir. Aprel döyüşləri kimi, bu döyüşlər də xalqımızı həlledici qələbəyə ruhlandırdı. 8 Noyabr zəfərinə - böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik deyib ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı, Azərbaycan xalqının birlik və mübarizə əzmini də nümayiş etdirdi. Bu döyüşlər sadəcə ordumuzun düşmən təxribatına qarşı qəhrəmanlıq mübarizəsi ilə məhdudlaşmır. Tovuz döyüşləri həm də Azərbaycan xalqı ilə ordumuz arasındakı birlik və bərabərliyin nümunəsidir. Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı öz ordusunun, Ali Baş Komandan İlham Əliyevin yanındadır və onu qətiyyətlə dəstəkləyir. Qeyd edilib ki, Tovuz döyüşlərindən sonra xeyli sayda vətəndaşımız düşmənə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün əlaqədar dövlət qurumlarına müraciət etdi, kütləvi şəkildə cəbhəyə üz tutmağa hazır olduqlarını bildirdi. Tovuz döyüşləri və ondan sonra baş verən hadisələr göstərdi ki, Azərbaycan xalqı otuz illik işğalla nəinki barışmayıb, bu torpaqları işğaldan azad etmək üçün qanından və canından keçməyə hazırdır. Tovuz döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla yanaşı, daha 11 hərbçimiz şəhid oldu, o cümlədən bir mülki şəxs həyatını itirdi. Ordumuz, elə Tovuz döyüşlərində şəhid olan hərbçilərimizin qisasını aldı, çoxlu sayda düşmən hərbçisi, o cümlədən onun hərbi texnikası məhv edildi. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, bu döyüşlər Vətən müharibəsi üçün də uğurlu başlanğıc oldu. Tovuz döyüşlərindən qısa müddət sonra - sentyabrın 27-də düşmən hücumunu uğurlu əks-hücuma çevirən Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni məğlub etməklə ərazi bütövlüyümüzü təmin etdi. Bu döyüşlərdə bütün şəhidlərimizin qisası bir daha alındı, Ermənistan biabırçı şəkildə məğlubiyyətə uğradıldı. “Azərbaycan xalqı bütün şəhidlərini, o cümlədən Tovuz döyüşlərində həlak olan şəhidlərinin xatirəsini hər zaman ehtiramla anır. Bundan sonra da onları böyük ehtiramla xatırlamaqda və xatirəsini sevgi ilə yaşatmada davam edəcək”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi

Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Bununla bağlı Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunmuş, birtərəfli qaydada onların bir hissəsi azad edilib. Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmış və digər hüquqları təmin edilib. Həmçinin, müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılmış və bütün mümkün başqa tədbirlər həyata keçirilib. Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunmuş və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar. Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq, əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

Hamısını oxu
“Dilrubə Camalovanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır”

Cəlil Xəlilov: “Onun cəsarəti, fədakarlığı Ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymələndirilib” Bu gün Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı Dilrubə Camalovanın doğum günüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Dilrubə Camalovanın tarixi xidmətlərinə diqqət çəkib, onun əsl vətənpərvər, böyük ziyalı kimi xalq tərəfindən daim sevildiyini vurğulayıb: “Dilrubə Camalova Azərbaycan xalqının vətənpərvər ziyalılarından biri olub. Sovet dönəmində müxtəlif məsul vəzifələrdə çalışan Dilrubə Camalova,  müstəqillik dönəmində də öz ağlı, bilik və bacarığı ilə xalqımıza ləyaqətlə xidmət edib. O, Azərbaycanın cənub rayonlarında separatçı qüvvələrə qarşı da mətanətlə mübarizə aparıb. Təsadüfi deyil ki, onun cəsarəti, fədakarlığı Ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymələndirilmiş, Dilrubə Camalova Lənkəran  şəhərinə icra başçısı təyin edilmişdir. O, bu vəzifədə çalışdığı dönəmdə də xalqın arzu və istəklərinə, qayğı və problemlərinə həssaslıqla yanaşmış, hər zaman xalqın səsinə səs vermişdir. Bu səbəbdən də Azərbaycan xalqı bu gün də Dilrubə Camalovanı sevgi və minnətdarlıq hissi ilə xatırlayır, onu hörmət və ehtiram hisis ilə yad edir. Əminəm ki, Dilrubə Camalovanın ölümsüz xatirəsi hər zaman xalqımızın qəlbində beləcə yaşayacaq, daim ehtiramla yad ediləcəkdir”. Xatırladaq ki, Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir. 1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır. 1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur. 1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr. 2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur. Allah rəhmət eləsin.  

Hamısını oxu
İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Dövlətimizin başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd etdi ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur. Əli Əkbər Əhmədian İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın Ali Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş etdi. Əli Əkbər Əhmədian vurğuladı ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil. O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və bütün bunlara görə çox sevindiklərini dedi. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Prezident İlham Əliyev xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir. İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksəksəviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlandı. Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub. Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edildi. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunuldu, Azərbaycanda bu istiqamətdə böyükhəcmli yüklərin olduğu bildirildi. Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparıldı, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edildi. Azərbaycan ilə İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olundu. Azərbaycan, Rusiya və İran arasında elektrik xətlərinin birləşdirilməsi məsələsinə toxunuldu, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulandı. Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edildi.

Hamısını oxu