Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında Respublika Günü ilə bağlı tədbir keçirilib

Dünən Respublika Veteranlar Təşkilatında  28 may – Respublika Gününə həsr edilən tədbir keçirilib. Bütün kateqoriyadan olan veteranların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Respublika Gününün önəmindən bəhs edib:   “Respublika Günü Azərbaycanın dövlətçilik tarixindən ən mühüm, ən şanlı günlərdən biridir. Məhz bu gün Azərbaycan öz müstəqilliyini əldə edib. Azərbaycan xalqı azad yaşamaq, müstəqil fəaliyyət göstərmək arzusunu reallığa çevirib. Lakin təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində əldə edilən bu müstəqiliyin ömrü elə də uzun olmadı.   Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşdu. Lakin ağır iqtisadi-siyasi böhran, daxili gərginlik, Ermənistanla qarşıdurma fonunda əldə edilən bu müstəqilliyin dayqaları o qədər də möhkəm deyildi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın müstəqilliyi möhkəmləndi, onun iqtisadi, hərbi əsasları gücləndirildi. Heydər Əliyev Azərbaycanı müstəqil dövlət kimi bütün dünyaya tanıtdı”.   Cəlil Xəlilov prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndiyini qeyd edib:   “Azərbaycanın müstəqilliyinin Ali Baş Komandan, prezident İlham Əliyevin hakimiyyəti dönəmində daha da möhkəmləndiyi birmənalıdır. Ölkə başçısı uzunmüddətli gərgin əməyi sayəsində Azərbaycanı istər iqtisadi-siyasi, istər hərbi, istərsə də mədəni baxımdan bütün regionun lider dövlətinə çevirə bilib. Bu gün Azərbaycan öz uğurları, nailiyyətləri ilə dünyanın bir çox ölkəsinə nümunədir.   Əminəm ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, düşmən üzərində əldə edilən şanlı qalibiyyət ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, müstəqilliyimizi daha da gücləndirəcək, bu mühüm işə öz töhfəsini verəcəkdir”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

2021-05-25 00:00:00
3915 baxış

Digər xəbərlər

İlham Əliyevdən şəhid ailələrinə və müharibə əlillərinə BÖYÜK DƏSTƏK

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür. Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldı. Prezident İlham Əliyevin daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılaraq: I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırıldı. Qeyd edək ki, şəhid ailələri və qeyd edilən əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar. Dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı. İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsi də Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu. İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100% artırılaraq 150 manatdan 300 manata çatdırıldı. Eyni zamanda, bir sıra digər kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılmış və artımlar müəyyən edilmişdir. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək. Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Bir azərbaycanlının qəhrəmanlığı, bir imperiyanın susqunluğu...

Tarix bəzən susar. Bəzən isə qışqırar sükutla. Elə Həmzə Sadıqovun həyat hekayəsi kimi: bir qəhrəmanın tarixin tozlu səhifələri arasına sıxışdırılmış, amma yenə də işıq saçan ömrü kimi. Hələ 1942-ci ildə Stalinqradın qan içində boğulduğu, insanlıqla vəhşiliyin bir-birinə qarışdığı vaxtda bir azərbaycanlı zabit Həmzə Sadıqov SSRİ-nin ən təhlükəli tapşırığını nasist generalı, yəhudi soyqırımının əsas icraçılarından biri olan İohan Rodenburqu əsir alma əməliyyatını həyata keçirdi. Bəs Həmzə Sadıqov kim idi? O, 1915-ci il oktyabrın 7-də Şuşada anadan olmuşdur. 1938-ci ildə Kiyev Artilleriya Məktəbində təhsil almışdır. Təhsilini tamamladıqda sonra İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərməyə başlamışdır. Stalinqrad döyüşləri zamanı baş leytenant rütbəsində batareya komandiri vəzifəsində xidmət etmiş, eyni zamanda Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı olmuşdur. Müharibənin gedişatını dəyişən Stalinqrad döyüşlərində Həmzə Sadıqov da misilsiz igidlik göstərmişdir. 1941-ci ildə Stalinqradda müsəlman məscidinin, yəhudi sinaqoqunun, iki xristian kilsəsinin faşistlərdən təmizlənməsində yaxından iştirak etmişdir. 1942-ci ilin sonlarında bu şəhərdə yerləşən hərbi əsir düşərgəsindəki yəhudi ailələrini ölümün pəncəsindən qurtarmışdır. 1943-cü il yanvarın 31-də Stalinqradda alman ordusunun qərargahlarından birinin mühasirəyə alınması Həmzə Sadıqovun komandirlik etdiyi qrupa həvalə olunmuşdu. İyirmi beşdən çox faşisti təkbaşına məhv edən Həmzə Sadıqov binanın zirzəmisində saxlanılan onlarla yəhudi uşağını əsirlikdən azad etmiş, qərargahdakı alman general-leytenantı İohann Fon Rodenburqu əsir götürmüşdür. Bu əməliyyatın uğurla başa çatması təkcə bir generalın əsir alınması deyildi. Bu nasizmin qəlbinə endirilmiş simvolik bir zərbə idi. Rodenburq Adolf Hitlerin etibar etdiyi generallardan biri idi. O, faşist ideologiyasının təkcə döyüş meydanında deyil, həm də insanlıq əleyhinə cinayətlərindəki bariz təmsilçilərindən biri idi. Onun rəhbərlik etdiyi qoşunlar Stalinqradda yalnız hərbi əməliyyatlarla məşğul deyildi. Onlar həm də şəhərin zirzəmilərində yəhudi ailələrini məhv edirdilər. Bu vəhşiliyin qarşısında isə bir azərbaycanlı zabit Həmzə Sadıqov dayanmışdı. “Sadıqaşvili”, “Ded Qamza” kod adları ilə SSRİ-nin Baş Kəşfiyyat İdarəsində (QRU) fəaliyyət göstərən Həmzə Sadıqov Rodenburqun qərargahını mühasirəyə alır. Alman dilini mükəmməl bilən bu igid Rodenburqu təslim olmağa razı salır. Lakin alman generalı son anda silahından istifadə edərək Sadıqovu yaralayır. Amma o, yaralı halda belə öz tapşırığını yerinə yetirir və Rodenburqu əsir götürərək tarixi dəyişdirir. Bu əməliyyat bir xalqın qüruru, faşizmə nifrətin təntənəsi, bəşəriyyətə isə bir töhfə idi. Rodenburqun əsir düşməsi Hitlerə böyük zərbə idi. Qeyri-rəsmi “general Sadıqov” titulunu daşıyan Həmzə Sadıqov təcili olaraq hospitala yerləşdirilir. Onun növbəti “döyüşü” isə məhz burada başlamış olur. Həmzə Sadıqov hər gün saatlarla sorğuya çəkilir. Məqsəd ondan ibarət olur ki, alman generalının əsir götürülməsi milliyətcə azərbaycanlı olan bir qəhrəmanın adına yazılmasın. Həmin ərəfədə Anastas Mikoyanın Stalinqrad cəbhəsi ilə sıx əlaqələri olmuşdur.  O, bu cəbhənin təminat və təchizatı ilə məşğul olmaqda idi. Rodenburq əsir götürüləndə Mikoyan Stalinə generalın Ermənistan könüllüləri tərəfindən əsir götürüldüyünü bildirib. Mübahisəyə həkim ekspertlər son qoyur. Həmzə Sadıqovun bədənindən çıxarılan qəlpə Rodenburqun şəxsi silahının gülləsindən olduğu sübuta yetirilir. Əsl həqiqətin üzə çıxarılmasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da böyük rolu olub. O, Həmzə Sadıqovun müalicə aldığı hospitalda onu ziyarət etmiş və öz xətti ilə məsələni tam araşdırdıqdan sonra Stalinə və Beriyaya müraciət etmişdir. Stalin Siyasi Büronun iclasında məsələyə son qoyaraq fikrini belə bildirib: “Həmzə Sadıqov əsl qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib...”Mircəfər Bağrov Bakıya qayıtdıqdan sonra Həmzə Sadıqova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı Moskvaya - Kremlə müraciət edir. Bu məsələdə də Anastas Mikoyan bütün mümkün variantlardan istifadə edərək təltif məsələsinin qarşısını almağa çalışmışdı. Bununla da imperiyanın içində başqa bir savaş başlayır: haqsızlıq savaşı. Sovet rəhbərlərindən Anastas Mikoyan bu tarixi uğuru erməni könüllülərinin adına yazdırmağa çalışır. Həmzə Sadıqovun adı silinməyə çalışılır. O, NKVD tərəfindən sorğuya çəkilir, daha sonra işgəncəyə məruz qalır. Məqsəd sadə idi: həqiqət susdurulsun, qəhrəman erməni elan edilsin. Sadıqov isə hətta əvəzində həyatının axarını dəyişəcək zülmə məruz qalacağını bilə-bilə bu yalanı imzalamağa razı olmur. Tarixin yaddaşını bəzi siyasətçilər pozmaq istəsə də Həmzə Sadıqovun qəhrəmanlığını Mircəfər Bağırov, Lavrenti Beriya, Heydər Əliyev kimi şəxsiyyətlər unutmur. Onlar bu haqsızlığın aradan qaldırılması üçün mübarizə aparır, onun adını tarixə qaytarmağa çalışmışdır. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Ulu öndər Heydər Əliyev Volqoqradda sənaye işçiləri ilə görüşündə Həmzə Sadıqovun faşist generalını təkbaşına əsir götürdüyünü xatırlatmış, qələbənin əldə olunmasında azərbaycanlıların da şücaətini qeyd etmişdi. Qəhrəman Həmzə Sadıqov haqqında həqiqətlərin dünya mətbuatında işıqlandırılmasında Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti dağ yəhudilərinin STMEQİ Beynəlxalq xeyriyyə fondunun prezidenti German Zaxaryayevin böyük rolu olmuşdur. Həmzə Sadıqov müharibədən sonra doğma yurduna - Ağdama qayıdır. Amma aldığı yaralar onu vaxtsız şəkildə həyata əlvida deməyə vadar edir. O, 1964-cü ildə, 49 yaşında vəfat etmişdir. Ağdam qəbiristanlığındakı məzarı da erməni vandalları tərəfindən dağıdılır. Ancaq tarixi silmək olmur. Həmzə Sadıqov, bu ad təkcə bir zabitin yox, bütöv bir xalqın şərəfinin, ədalət uğrunda mübarizəsinin adıdır. O, təkcə Rodenburqu əsir almadı, o, faşizmə və imperiya daxilindəki məkirə qarşı ruhun, vicdanın, insanlığın qalibiyyətini simvollaşdırdı. Azərbaycan xalqı bu gün Həmzə Sadıqovu sadəcə bir hərbçi kimi yox, haqqı qoruyan rəmzi, bəşəriyyətin yaddaşında qalan bir xilaskar kimi tanımalıdır.   Cəlil Xəlilov    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı akademik Arif Paşayevi təbrik edib

Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin ad günüdür.   Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə Arif Paşayevi təbrik edib. Təbrikdə deyilir:   “Hörmətli Arif müəllim. Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, hər zaman olduğu kimi bundan sonra da, dəyərli elmi əsərləriniz və ixtiralarınızla ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verəcək, doğma Azərbaycanımızı beynəlxalq elmi konfranslarda, mötəbər elmi təşkilatlarda uğurla təmsil edəcəksiniz. İftixar hissi ilə qeyd edirik ki, Siz hər zaman zəngin elmi fəaliyyətinizi davam etdirməklə yanaşı, təcrübəli pedaqoq və elmi rəhbər kimi ölkəmizdə yüksək intellektə malik gənc kadrların hazırlanması prosesinə də böyük dəstək vermisiniz, dövlətimizin savadlı, dünyagörüşlü və vətənpərvər milli kadrlarla təmin edilməsində mühüm rol oynamısınız. Sevindiricidir ki, Sizin bu müqəddəs missiyanız bu gün də uğurla davam edir.   Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından ən xoş arzularımızı bildiririk”.   Hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından  Fatma Səttarova və  Cəlil Xəlilov  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib. Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu ildə Bakı şəhərinin Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) Geoloji-kəşfiyyat fakültəsini Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə “Azneft” Birliyində böyük geoloq vəzifələrində çalışıb. 1954-cü ildə “Gürganneft” Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib. X.Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib. 1960-cı ildə, o, Sovet İttifaqi Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş “Gürganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, “Dənizneft” İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub. 1970-1992-ci illərdə “Xəzərdənizneft” İB-nin (müxtəlif illərdə strukturun adı fərqli olub) Baş direktorunun müavini-baş geoloq vəzifələrində işləyib. 1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. 1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və “Neft Daşları” yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-minerologiya elmləri namizədi, 1987-ci ildə isə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 2005-ci ildə ona “Professor” elmi adı verilib. X.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, ADNSU-nun professorudur. Akademik 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 8 ixtiranın müəllifidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Azərbaycanda 20-dən artıq neft və qaz-kondensat yatağı, o cümlədən “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Kəpəz”, “Bahar”, “Ümid”, “Abşeron” kimi məşhur yataqlar kəşf edilib. Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə bir çox orden və medallarla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu