Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” adlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” şüarı ilə tədbir keçirilib. Tədbir Türkiyədəki meşə yanğınlarına qarşı Türkiyə dövləti və qəhrəman türk xalqının apardığı mübarizəyə, Azərbaycanın bu mübarizəyə verdiyi dəstəyə həsr olunub, Azərbaycan-Türkiyə qardaşlığı tarixi aspektdən təhlil və şərh edilib.

 

Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

 

Müharibə veteranlarının, ictimai fəalların, kursantların qatıldığı tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tarixin bütün mərhələlərində hər iki xalqın bir-birinə ciddi dəstək verdiyini, xüsusilə dar məqamlarda, həlledici anlarda bir-birlərinin yanında olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin, Türkiyə xalqının Azərbaycana siyasi-diplomatik və mənəvi baxımdan ciddi dəstək verdiyini bildirən Cəlil Xəlilov, bu gün yanğınlara qarşı mübarizə aparan qardaş Türkiyəyə dövlətimizin intensiv və mütəmadi dəstək verdiyini qeyd edib.

 

Sədr müavini çıxışında Türkiyədə yanğınlara qarşı mübarizədə iştirtak edən  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğın-xialsetmə əməkdaşlarının peşəkarlığını da yüksək qiymətləndirib, yanğınsöndürənlərimizin kütləvi meşə yanğınlarına qarşı əzmlə mübarizə apardığını bildirib. Yanan evlərin birindən FHN-nin yanğın-xilasetmə əməkdaşının türk bayrağını xilas etməsi faktına diqqət çəkən Cəlil Xəlilov, bunu Azərbaycan insanının, Azərbaycan vətəndaşının Türkiyəyə, Türkiyə bayrağına, Türkiyə dövlətinə olan münasibəti kimi dəyərləndirib, fövbqəladə hallar naziri Kəmaləddin Heydərova rəhbəri olduğu qurumun fəaliyyətini yüksək səviyyədə təşkil etdiyi üçün öz təşəkkürünü bildirib.

 

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında, onun ərazilərinin erməni-bolşevik qüvvələrindən azad edilməsində Osmanlı dövlətinin göstərdiyi hərbi dəstəyə diqqət çəkib. İstər I Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana böyük dəstək verdiyini qeyd edən polkovnik, Azərbaycan xalqının da Birinci Dünya Müharibəsi və Qurtuluş savaşı dönəmində türk xalqının yanında olduğunu bildirib.

 

Daha sonra polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Azərbaycan yanındadır, Türkiyəm!” klipi nümayiş olunub.

 

Klip nümayişindən sonra çıxış edən tədbir iştirakçıları Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi-mənəvi köklərə malik olduğunu bildiriblər, bu qardaşlığın sarsılmazlığına inamlarını ifadə ediblər.

2021-08-07 11:13:00
1156 baxış

Digər xəbərlər

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib. Görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib.  

Hamısını oxu
“35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq qarşılamaqdan şərəf duyuruq”

Cəlil Xəlilov: “Təşkilatımız yaradıcısı olduğu Heydər Əliyevin ideyalarına sadiqdir və hər zaman dövlətinin, Prezidentinin yanındadır” “Veteranlarımız bundan sonra da dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcək” Bu il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının keçdiyi 35 illik yola nəzər salmağa çalışdıq. -Cəlil müəllim, bu il  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Rəhbərliyində təmsil olunduğunuz təşkilatın 35 illik fəaliyyətini necə dəyərləndirirsiniz? -Təbii ki, 35 il bir təşkilat üçün heç də az müddət hesab edilə bilməz. Bizim üçün qürurvericidir ki,  Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan bu təşkilat 35 ildir ki, əsl veteran evi, veteran ocağı kimi fəaliyyət göstərə, veteranların, o cümlədən xalqımızın, dövlətimizin ona olan ümidlərini doğrulda bilib. Bu müddət ərzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq sadəcə ölkə daxilində deyil, respublikamızın hüdudlarından kənarda onlarla böyük layihələr həyata keçirmiş, Azərbaycan veteranlarının dünya veteranlar hərəkatında öz dəsti-xətti ilə seçilməsini təmin etmişik. Təbii ki, bütün bunlar Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dəstəyi və qayğısı sayəsində olub. Bir sözlə, hesab edirəm ki,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyəti qənaətbəxşdir və tarixi uğurlarla yadda qalıb. -Bu gün ölkəmizdə veteranlarla, müharibə əlilləri və şəhid ailələri ilə bağlı çoxlu sayda təşkilat fəaliyyət göstərir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını onlardan fərqləndirən, ona özünəməxsusluq və təkrarsızlıq qazandıran nədir? - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının özünəməxsus xüsusiyyətlərindən biri onun özündə sadəcə müharibə veteranlarını deyil, həm də əmək və və Silahlı Qüvvələr veteranlarını əhatə etməsidir. Yəni təşkilatımızda demək olar ki, bütün kateqoriyadan olan veteranlar cəmləşib. Müharibə veteranlarımız arasında isə İkinci Dünya müharibəsində, Əfqanıstan müharibəsində, Birinci və İkinci Qarabağ müharibəsində, eyni zamanda 2016-cı ilin aprel döyüşlərində, habelə, müxtəlif məhəlli müharibələrdə iştirak edən çoxsaylı veteranlar mövcuddur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını digər təşkilatlardan fərqləndirən digər mühüm xüsusiyyət onun fəaliyyətinin bütün respublikanı – onun hər bir bölgəsini əhatə etməsi ilə bağlıdır. Bu gün respublikamızın demək olar ki, bütün rayonlarında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yerli təşkilatları fəaliyyət göstərir. Onların hər biri ofislə təmin edilib və yerlərdəki veteranlarla aktiv iş aparırlar. Yerlərdəki veteranların qayğı və problemlərinin öyrənilməsi, onların təşkilatlanması, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi prosesində veteranların yaxından iştirakının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi, milli maraqlarımızın müdafiəsi və s. kimi məsələlərdə veteranların avanqard qüvvə kimi aparıcı mövqeyinin təmin edilməsi yerli təşkilatalrımız tərəfindən uğurla həyata keçirilməkdədir. Təşkilatımız üçün xarakterik olan mühüm özəlliklərdən biri də onun beynəlxalq müstəvidə uğurla fəaliyyət göstərməsi, geniş beynəlxalq əməkdaşlıq əlaqələri qurmasıdır. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını dünyanın bir sıra ölkələrinin veteranları, o cümlədən beynəlxalq veteran təşkilatları ilə geniş əlaqələr qurub ki, bu da dünya veteranlar hərəkatında uğurla təmsil olunmağımızı, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmağımızı təmin edir. -Cəlil müəllim, bütün cəmiyyətlərdə nəsillər arasında bağlılığın, mənəvi birliyin güclü, sarsılmaz olması həm cəmiyyətin birliyi, bütövlüyü, həm də milli tarixi yaddaşın yaşadılması baxımından vacib hesab edilir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən yaşlı nəsillə gənc nəsil arasınna bu birlik və harmoniyanın güclənməsi istiqamətində hansı addımlar atılıb? -Yaşlı nəsil, o cümlədən yaşlı veteranlarla gənclər arasında əlaqələrin güclənməsi, nəsillər arasında mənəvi bağların möhkəmlənməsi hər zaman təşkilatımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri olub. Təkcə bir faktı qeyd edim ki, 2021-ci il oktyabrın 1-də Bakı Konqres Mərkəzində Təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı böyük konfrans təşkil edildi. Hansı ki, bu konfransda həm gənclər, həm də bütün kateqoriyadan olan veteranlar iştirak edirdi. Bundan başqa, 2021-2022-ci illərdə respublikamızın bir sıra bölgəsində təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı silsilə konfranslar həyata keçirilib ki, bu konfranslar böyük maraqla qarşılanıb. 9 mart 2022-ci ildə Şirvanda, 15 aprel 2022-ci ildə Şəkidə, 22 aprel 2022-ci il tarixində Qubada və digər rayonlarda “Nəsillərin görüşü” adlı zona konfranslar təşkil olunub, bu konfranslarda veteranların, gənclərin, şəhər ziyalılarının onlarla nümayəndəsi çıxış edib, aktual məsələlər ətrafında açıq diskussiyalar keçirilib. Bütün bu görüş və konfranslarda səslənən fikirlərin ümumiləşdirilməsi bir daha göstərib ki, yaşlı və gənc nəslin bir-biri ilə qırılmaz tellərlə bağlanması olduqca vacibdir.  Gənclik o zaman güclü, o zaman yenilməz olur ki, öz keçmişindən güc alır, öz tarixini, babasının, atasının keçdiyi mübarizə yolunu bilir, onun qəhrəmanlıqlarından dərs alır, öyrənir... Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclərlə yaşlı nəsil arasında mənəvi bağların güclənməsinə xüsusi önəm verib, bu bağların möhkəmlənməsi üçün əlindən gələni edib. Bu arada onu da qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqalalr Şurası arasında sıx əməkdaşlıq mövcuddur ki, bu əməkdaşlıqda da məqsəd daha dolğun, daha vətənpərvər, mənəvi dəyərlərə daha dərindən bağlı olan gəncliyin formalaşmasına töhfə verməkdir. Məhz bu məqsədlə 2022-ci ilin 8 iyul tarixində Beynəlxalq Muğam Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə əməkdaşlıq forumu keçirilmişdir. Həmçinin, 12 avqust 2022-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında 2022-2024-cü illərdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Gənc və yaşıl nəsil arasında təmasların artırılması, gənclərin ağsaqqallarımızın, veteranlarımızın təcrübəsindən, bilik və bacarığından yararlanmasının təmin olunması bundan sonra da təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaqdır. - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyətini necə xarakterizə edərdiniz? Bu fəaliyyət nə ilə yaddaqalan oldu? -2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqillik tarixində, o cümlədən hərb tarixmizdə yeni səhifə açdı. Təbii ki, müharibə bütün qurumlar və təşkilatlar, eləcə də fərdlər qarşısında yeni vəzifələr qoydu. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların sıx birləşməsinə təkan vermək, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə təkan vermək idi. Bu məqsədlə də 44 günlük Vətən müharibəsi dönəmində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərmiş, cəmiyyətdə geniş təbliğat işi aparmış, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak etmişdir. Müharibədən sonra 44 günlük Vətən müharibəsinin yüzlərlə iştirakçısı təşkilatımıza üzv olmuş, təşkilatımız tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq post-müharibə dönəmində də Ermənistanın terror və təxribatçılıq siyasətinə qarşı fəali müabrizə aparmış, bununla bağlı beynəlxalq təşkilatlara, dünya veteranlarına, qabaqcıl dövlətlərə tərəfimizdən müraciətlər ünvanlanmışdı. Nümunə olaraq qeyd edim ki,   2021-ci ilin 4 iyun tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Ermənistanın mina terroru, 13 sentyabr 2022-ci il tarixində isə 12 sentyabr erməni təxribatı ilə bağlı müvafiq bəyanatlarla çıxış etmiş, bütün dünyanın, eləcə də dünya veteranlarının, beynəlxalq təşkilatların diqqətini erməni vəhşiliklərinə cəlb etmişik. Həmin bəyanat təşkilatımız tərəfindən müxtəlif xarici dillərə tərcümə edilərək veteran.gov.az saytında yerləşdirilmiş, həm də müxtəlif beynəlxalq təşkilatlara, diplomatik korpuslara göndərilmişdir. Təşkilatımız bu gün də erməni yalanlarına, dezinformasiyalarına qarşı mübarizə aparır və bu bu mübarizədə veteranların bilik və bacarığından, təcrübəsindən uğurla istifadə edir. 35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq keçirməkdən şərəf duyuruq.  -Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir? Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hansı layihələr və yeniliklər haqqında düşünürsünüz? -Bu il Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il Sərəncamı ilə “Şuşa İli” elan edilmişdi və biz də veteranlarla bilrikdə mədəniyyət paytaxtımıza səfər etdik, Şuşa, onun tarixi, mədəniyyəti, ermənilərin 30 illiik işğal dönəmində bu şəhərdə törətdiyi vəhşiliklər haqqında həm yerli, həm də xarici mediaya açıqlamalar verdik. Təşkilatımızın mətbuat xidmətinin Şuşa ilə bağlı hazırladığı reportajlar bir sıra media orqanlarında geniş şəkildə işıqlandırıldı. İlin sonuna kimi Şuşamızın təbliği, onun zəngin mədəniyyətinin dünyaya tanıdılması istiqamətindəki səylərimizi davam etdirəcəyik. Gələn il isə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd ediləcək. Bu müstəvidə də bir sıra layihələr həyata keçirməyi düşünürük ki, məqsəd Heydər Əliyev ideyalarını gənclərə çatdırmaq, onların Ulu öndərin işıqlı ideyaları, xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri haqqında daha dolğun təsəvvür əldə etməsinə nail olmaqdır. Veteranları düşündürən, onları narahat edən problemlərin müəyyən edilərək əlaqədar dövlət orqanlarının diqqətinə çatdırılması, onlarla müvafiq qurumlar arasında əlaqənin təmin edilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük şanlı Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizin, həlak olan şəhidlərimizin döyüş yolunun təbliğ edilməsi, onların cəmiyyətə tanıdılması və s. istiqamətində səylərimizi də davam etdirəcəyik. Ümid edirəm ki, bu il olduğu kimi 2023-cü ildə də veteranlarımız cəmiyyətin ictimai həyatında yaxından iştirak edəcək, dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcəkdir.   Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi

Hamısını oxu
Zəfərdən Dirçəlişə: Beş ildə Qarabağın yoxdan var olması, Azərbaycanın qlobal səsə çevrilməsi

Zəfərdən Dirçəlişə: Beş ildə Qarabağın yoxdan var olması, Azərbaycanın qlobal səsə çevrilməsi   Beş il öncə 2020-ci il noyabrın 8-dəAzərbaycan xalqı tarixinin ən qürurlu səhifəsini yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində əldə edilən tarixi Qələbə yalnız ərazi bütövlüyümüzü bərpa etmədi, eyni zamanda xalqın milli ruhunu, dövlətin siyasi iradəsini və ordunun gücünü dünyaya nümayiş etdirdi.     Bu Qələbə yalnız hərbi zəfərlə yekunlaşmadı. Ardınca yeni bir mərhələ – Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, “Böyük Qayıdış” prosesi və regional sülhün qurulması dövrü başlandı. Son beş ildə bu torpaqlarda həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq və diplomatik təşəbbüslər Azərbaycanın qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi. 2020-ci ildən bəri Qarabağda görülən bərpa işləri misilsiz miqyas alıb. Prezident İlham Əliyev hələ müharibədən sonra “Biz bu torpaqları dirçəldəcəyik, Qarabağı cənnətə çevirəcəyik” demişdi. Bu gün həmin sözlər gerçək olur. Artıq 1400 kilometrdən çox yeni avtomobil yolu, 300 kilometrə yaxın dəmir yolu, üç beynəlxalq hava limanı Füzuli, Zəngilan və Laçın istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya inşa olunaraq dünya miqyasında tikinti rekorduna imza atdı. Bu, yalnız mühəndislik uğuru deyil, həm də azad torpaqlarda yeni həyatın rəmzidir. Zəngilan və Laçın hava limanları regionun beynəlxalq əlaqələrinə yeni nəfəs gətirib. Bu limanlar Qarabağın “hava qapısı” kimi xidmət edir, həm humanitar yüklərin daşınmasında, həm də xarici investorların bölgəyə gəlməsində mühüm rol oynayır.   Ağıllı Kəndlərdən Ağıllı Şəhərlərə – Qarabağın Yeni Həyat Nəbzi   Beş il əvvəl sükutun hökm sürdüyü, hər addımda mina təhlükəsinin hiss olunduğu Qarabağ torpaqları bu gün həyat səsi ilə doludur. Küləyin səsi indi tikinti maşınlarının, uşaqların gülüşünün, məktəb zənglərinin səsinə qarışır. Azadlıqdan sonra başlayan “Böyük Qayıdış” proqramı artıq reallığa çevrilib, yurd həsrəti bitir, həyat yenidən doğulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqram təkcə köç prosesi deyil, həm də tarixi ədalətin bərpası, milli ruhun dirçəlişi deməkdir. Ötən 5 il ərzində 10 mindən çox sakin öz doğma torpaqlarına Füzuli, Laçın, Zəngilan rayonlarına qayıdıb. Hər qayıdış bir ailə hekayəsidir, bir həyatın yenidən başlanğıcıdır. Bərpa prosesi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərinin baş planlarının təsdiqlənməsi Qarabağda müasir şəhərsalmanın yeni mərhələsini açdı. Bu planlar sadəcə tikinti sənədi deyil, həm də azad olunmuş torpaqlarda həyatın yenidən təşkili konsepsiyasıdır. Yeni baş planlar üzrə hər şəhərin memarlıq ruhu həm milli kimliyi, həm də müasir urbanizasiyanı əks etdirir. Füzuli şəhərinin planında “ağıllı nəqliyyat sistemi”, “yaşıl enerji ilə işləyən küçə işıqlandırması” və “ekoloji park zolaqları” nəzərdə tutulub. Şəhərin mərkəzi meydanında yerləşəcək “Zəfər Kompleksi” isə azadlıq və yenidənqurmanın rəmzinə çevriləcək. Cəbrayıl şəhərində sənaye və logistika zonası qurulur. Bu istiqamətdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təsis edilib və onun əsas məqsədi regionu istehsal və ticarət mərkəzinə çevirməkdir. Eyni zamanda, şəhərin cənub hissəsində “Yaşıl Texnopark” layihəsi reallaşdırılır. Burada günəş panelləri, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri və aqrotexnologiya laboratoriyaları fəaliyyət göstərəcək. Laçın şəhərinin baş planı isə dağ ekosisteminə uyğun, təbiətlə harmoniya içində planlaşdırılıb. Burada dağ turizmi, ekoloji kənd təsərrüfatı və qış idmanı infrastrukturu əsas inkişaf istiqamətləridir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Laçın Azərbaycan dağ turizminin paytaxtına çevriləcək.” Bu konsepsiyaların ən parlaq nümunəsi isə Zəngilanın Ağalı kəndidir. Bu kənd artıq “ağıllı kənd” modelinin gerçək simasına çevrilib. Burada enerji tam bərpa olunan mənbələrdən günəş panelləri və bioenerji sistemlərindən əldə olunur. Kənddə ağıllı idarəetmə sistemi fəaliyyət göstərir: hər evdə “ağıllı sayğac”, “ağıllı suvarma”, “enerji monitorinqi” və rəqəmsal kənd idarəetmə mərkəzi mövcuddur. Eyni zamanda, Qarabağın mədəni paytaxtı – Şuşa şəhəri yenidən qurulur. Azərbaycanın musiqi və ədəbiyyatının beşiyi olan bu qədim şəhər, hər daşında tarix, hər küçəsində mədəniyyət nəfəsi ilə canlanır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, Xurşidbanu Natavan və Üzeyir Hacıbəyli irsinə həsr olunmuş tədbirlər, Bülbülün ev-muzeyi Qarabağın dirçəlişinin, mədəni zənginliyinin göstəricisidir. Beləcə, Qarabağda kənd və şəhər həyatı bir-birinə inteqrasiya olunur: burada texnologiya, davamlı inkişaf, mədəni irs və təhsil bir araya gəlir. Kəndlər müasir imkanlarla, şəhərlər isə tarixi və mədəniyyət zənginliyi ilə seçilir. Bu sintez Qarabağın gələcəyinin həm dayanıqlı, həm də mədəni baxımdan zəngin olacağını göstərir. Şuşada yalnız mədəniyyət deyil, həyatın bütün sahələri yenidən canlanır. Burada yaşayış kompleksləri inşa edilir, tarixi memarlıq abidələri bərpa olunur, məscidlər və çeşmələr sakinlər və turistlər üçün yenidən açılır. Yaradıcı mərkəzlər, konfrans və turizm infrastrukturu şəhəri gənclərin yaradıcılığı və regional iqtisadi inkişaf üçün də cəlbedici məkana çevirir. Təhsil də regionun gələcəyində mühüm rol oynayır. Regionun universitet və musiqi məktəbləri, o cümlədən Qarabağ Universiteti və Ağdam Musiqi Məktəbi gəncləri yalnız biliklə təmin etmir, onları gələcək nəsillərə dayanıqlı bacarıqlar ötürməyə hazırlayır. Hər tələbə, hər musiqi ifası, hər elmi araşdırma Qarabağın dirçəlişinə bir işıq qatır. Şuşa indi həm tarix, həm mədəniyyət, həm də müasir həyatın harmoniyasını əks etdirir. Burada qədim qala divarları ilə yeni yaşayış kompleksləri, tarixi məscidlər ilə innovativ təhsil müəssisələri bir-birinə qarışır. Bu şəhər Azərbaycanın zəfərinin, Qarabağın dirçəlişinin nişanəsidir. Şuşa yalnız keçmişi xatırlatmır, həm də gələcəyi formalaşdırır. Burada hər addım tarix, hər baxış mədəniyyət, hər nəfəs isə Qarabağın inadkar ruhu ilə doludur.   Yaşıl Enerji və “Zəngəzur Dəhlizi” – Yeni İqtisadi Arxitektura Bu iki nəhəng layihə Azərbaycanın gələcək iqtisadi simasını formalaşdırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilib. Bununla da bölgədə yeni bir dövr - “yaşıl dirçəliş dövrü” başlayıb. Bu, Azərbaycanın enerji strategiyasının növbəti mərhələsidir. Cəbrayıl və Zəngilanda BP, Masdar və ACWA Power kimi beynəlxalq şirkətlərin iştirakı ilə günəş və külək stansiyaları tikilir. Bu layihələr həm enerji ixracını artırır, həm də ekoloji baxımdan dayanıqlı inkişaf modelini formalaşdırır. 240 meqavat gücündə Cəbrayıl Günəş Elektrik Stansiyası, Zəngilan - Cəbrayıl Enerji Korridoru, Laçın və Kəlbəcərdə yeni hidroqovşaqları Azərbaycanın enerji xəritəsini yenidən yazır.   Bu yenidənqurmanın ikinci nəfəsi isə Zəngəzur Dəhlizidir. Bu dəhliz Azərbaycanı Naxçıvan, Türkiyə və daha sonra Avropa və Orta Asiya ilə birləşdirən yeni tranzit xəttidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur Dəhlizi XXI əsrin əsas nəqliyyat arteriyası olacaq.” Horadizdən Qarsa uzanan bu strateji yol Azərbaycanın qitələri birləşdirən logistika sisteminə çevrilir. Artıq 80 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun əsas hissəsi hazırdır, Zəngəzur magistralında tunellər və körpülər yüksəlir. Bu dəhliz Naxçıvanı və Türkiyəni birləşdirməklə, Asiyadan Avropaya uzanan yeni “İpək Yolu”nu reallığa çevirir. Bu marşrut yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının iqtisadi və logistik birliyini möhkəmləndirir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının son Zirvə görüşündə bu layihə “Türk birliyinin arteriyası” adlandırıldı.   Qarabağ Zəfəri – Türk Birliyinin Oyanışı 2020-ci ilin payızında baş verən Qarabağ Zəfəri yalnız bir müharibənin qalibiyyəti deyildi. Bu, həm də Türk dünyasının birliyinin, ortaq ruhunun oyanışı idi. Həmin günlərdə bütün türk dövlətlərinin ürəkləri bir döyünürdü. Azərbaycan bayrağı ilə Türkiyə və Pakistan bayraqlarını yanaşı dalğalanarkən, bu qardaşlıq hissi təkcə duyğu deyil, yeni bir siyasi, iqtisadi və mənəvi ittifaqın təməl daşı kimi formalaşırdı. Bu gün artıq həmin birlik sarsılmaz strateji müttəfiqliyə çevrilib.  2021-ci ilin 15 iyunu günü tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan mədəniyyətinin beşiyi, müqəddəs Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzaladılar. Bu sənəd təkcə iki dövlətin dostluq rəmzi deyil, bütün Türk dünyasının birliyinin strateji əsasnaməsi kimi dəyərləndirilir. Bəyannamə ilə Azərbaycan və Türkiyə münasibətləri “strateji müttəfiqlik səviyyəsinə” yüksəldi. Sənədin hər bəndi müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində birgə addımların yol xəritəsini müəyyənləşdirdi. Bu birliyin əyani təzahürü artıq Qarabağ torpağında görünür. 50-dən çox türk şirkəti Şərqi Zəngəzur və Qarabağın yenidən qurulmasında iştirak edir. Onların hər biri yalnız inşaat deyil, sülhün, dostluğun və sabitliyin memarlarıdır. 2023-cü ilin iyulunda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bu mənada simvolik idi. Zəfər torpağında toplanan türk liderləri “Türk Dünyası 2040 Baxış Sənədi” üzrə gələcək yol xəritəsini müəyyən etdilər. Nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, müdafiə və mədəni inteqrasiya kimi sahələrdə vahid türk stratejisi artıq reallığa çevrilir.   Vaşinqtonda tarixi imza: “Tramp Memorandumu” Azərbaycanın qlobal rolunu gücləndirir 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında tarixi əhəmiyyətə malik “Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Bu sənəd Azərbaycan ilə ABŞ arasında münasibətləri yeni strateji tərəfdaşlıq mərhələsinə daşıyaraq iki ölkənin enerji, təhlükəsizlik və innovasiya sahələrində birgə fəaliyyətini sistemli şəkildə genişləndirməyi nəzərdə tutur. Prezident İlham Əliyev qeyd etdi ki, bu razılaşma “Azərbaycan diplomatiyasının çoxvektorlu və müstəqil kursunun növbəti uğurudur.”   Memoranduma əsasən iki dövlət arasında yaradılan Strateji İşçi Qrupu qarşıdakı altı ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasını hazırlayacaq və əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək. Enerji və tranzit - Cənub Qaz Dəhlizinin genişləndirilməsi, enerji ixrac marşrutlarının təhlükəsizliyinin təmin edilməsi və Xəzər - Qara dəniz bağlantılarının inkişafı, İqtisadiyyat və innovasiya, rəqəmsal infrastruktur və yüksək texnologiyalar üzrə birgə layihələrin icrası, Təhlükəsizlik və müdafiə - Müdafiə sənayesi məhsullarının satışı, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorizmə qarşı mübarizədə əməkdaşlıq kimi sahələr məhz bu anlaşmanın əsas istiqamətlərini müəyyən edir. Qarabağda aparılan bərpa və enerji layihələri, xüsusən də Zəngilan–Laçın istiqamətində tətbiq olunan “Sərhəd Texnologiyaları Layihəsi” ABŞ ilə strateji əməkdaşlığın praktiki təzahürü hesab olunur. Bu layihə çərçivəsində müasir müşahidə sistemləri, enerji təhlükəsizliyi infrastrukturu və kibermüdafiə texnologiyaları bölgədə tətbiq ediləcək. Tramp Memorandumu həm enerji sektorunda, həm də rəqəmsal diplomatiya sahəsində yeni imkanlar açır. ABŞ şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrinə sərmayə yatırması, süni intellekt və innovasiya sahəsində birgə mərkəzlərin yaradılması nəzərdə tutulur. Azərbaycanın çoxşaxəli diplomatiyası nəticəsində bu sənəd yalnız iki ölkə arasında deyil, qlobal enerji və təhlükəsizlik sistemində də mühüm hadisəyə çevrilib. “Tramp Memorandumu” Azərbaycanın beynəlxalq nüfuzunun, müstəqil diplomatik kursunun və regional liderliyinin daha da möhkəmləndiyini göstərir. Bu sənəd bir daha sübut etdi ki, Azərbaycan artıq regionda təkcə enerji ixracatçısı deyil, həm də sabitliyin və tərəqqinin etibarlı qarantıdır.   Azərbaycan – Şərqlə Qərbin Kəsişdiyi Yeni “İpək yolu” Körpüsü Bu gün qədim İpək Yolunun nəfəsi yenidən dirçəlir, lakin bu dəfə onun ritmi müasir Bakıdan gəlir. Azərbaycanın qapılarından keçən ticarət karvanları artıq yalnız tarixin deyil, həm də gələcəyin xəritəsini cızır. Şərqdən – uzaq Çindən başlayan bu yol Qafqazın ürəyinə - Bakı limanına qədər uzanır və buradan Avropaya səmərəlilik, sürət və etibar daşıyır. “Bir Kəmər, Bir Yol” təşəbbüsünün ən mühüm tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan bu gün Avrasiyanın logistik nəbzini əlində tutur. Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi ilə Çin yüklərinin bu marşrut üzrə həcmi son illərdə 20 faiz artıb. Bu rəqəmlər sadəcə iqtisadi göstərici deyil  bu, Azərbaycanın beynəlxalq etimad və etibar körpüsünə çevrildiyinin sübutudur.  Hazırda Bakı ilə Pekin arasında “Yaşıl Ticarət Dəhlizi” üzrə yeni saziş layihəsi hazırlanır. Bu sənəd həm də ekoloji məsuliyyətin də sərhədlərini genişləndirəcək. “Rəqəmsal İpək Yolu” konsepsiyası ilə Azərbaycanın coğrafiyası yenidən bir mədəni və iqtisadi qovuşma məkanına çevrilir. Burada Şərqin zəngin təcrübəsi Qərbin innovasiyası ilə birləşir. Eyni zamanda Bakı və Moskva arasında münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulub. Əsas diqqət sərhəd təhlükəsizliyinə, xüsusilə də Qarabağ və Ermənistan sərhədlərində sabitliyin qorunmasına yönəlib. Zəngilan və Laçın istiqamətlərində müasir sərhəd məntəqələrinin inşası artıq tamamlanıb, Azərbaycan Ordusu və Dövlət Sərhəd Xidmətinin fəaliyyəti regionda sülhün və təhlükəsizliyin etibarlı təminatına çevrilib. Bu gün Azərbaycan diplomatiyası üç istiqamətdə Türk dünyası, Qərb və Şərq arasında incə, amma möhkəm bir tarazlıq yaradır. Şuşadan Astanaya, Vaşinqtondan Pekinə qədər uzanan bu diplomatik xəritənin mərkəzində Bakı – sabitliyin və tərəqqinin paytaxtı dayanır. Bu çoxşaxəli siyasət Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, ölkəni enerji, logistika və təhlükəsizlik baxımından regionun əsas dayağına çevirib. Əsrlər öncə karvan yolları ilə daşınan ipək indi rəqəmsal məlumat, enerji və ideyalar şəklində Azərbaycan torpağından keçir. Beləcə, qədim İpək Yolunun müasir nəfəsi bu torpaqlarda yenidən duyulur  lakin bu dəfə karvanların başında Azərbaycan dayanır: müstəqil, güclü və qlobal nizamın etibarlı dayağı kimi.   Zəfərin Beş İli – Qəhrəmanlıq, Vətənpərvərlik və Dövlətçilik Salnaməsi “Zəfərin beş ili”, bu ifadə artıq Azərbaycan tarixində qürur, fərəh və milli dirçəliş rəmzinə çevrilib. 2020-ci ilin şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi, əzmi və iradəsi sayəsində tarixi ədalətin bərpası ilə nəticələndi. Bu möhtəşəm Qələbə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, strateji düşüncəsinin və sarsılmaz iradəsinin bəhrəsidir. İlham Əliyevin rəhbərliyi altında ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və dövlətimizin suverenliyini bərpa etdi. Bu Zəfər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin illərlə arzuladığı müqəddəs amalların gerçəkləşməsi, onun siyasi kursunun və milli ideyalarının real nəticəsidir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamı artıq təkcə ideya deyil, müzəffər ordumuzun qanı, xalqımızın birliyi ilə təsdiqlənmiş tarixi həqiqətdir. Prezident İlham Əliyev bu böyük missiyanı – ata vəsiyyətini – ləyaqətlə, şərəflə yerinə yetirdi. Lakin Zəfər təkcə hərbi güc və qələbə ilə ölçülmür. Bu qələbənin mənəvi dayağı xalqın birliyi, dövlətin xalqına olan diqqəti və qayğısıdır. Hər bir qəhrəmanın, hər bir ailənin arxasında dayanan güc – Azərbaycan qadınının mərhəməti, şəfqəti və fədakarlığıdır. Bu ali keyfiyyətlərin bariz nümunəsi olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli birliyini, humanizmi və Vətənə məhəbbəti öz şəxsiyyətində birləşdirir.  Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi mənəvi dəstək, onların həyatına işıq saçan qayğı və diqqəti hər bir vətəndaş üçün nümunədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə sosial məsuliyyətin, mərhəmətin və insanlığa xidmətin rəmzinə çevrilib. Fondun həyata keçirdiyi çoxsaylı layihələr şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qazilərin reabilitasiya və müalicə proqramları, təhsil, mədəniyyət və idman sahəsindəki təşəbbüslər dövlətin və cəmiyyətin bir məqsəd uğrunda birləşməsinin bariz göstəricisidir. Heydər Əliyev Fondu təkcə yardımlar paylamır, o, insanlara ümid verir, həyatlarını dəyişir, gələcəyə inam bəxş edir. Fond tərəfindən həyata keçirilən "Yeniləşən Qarabağ", "Şəhid ailələrinə dəstək", "Qazilər üçün reabilitasiya mərkəzləri" kimi layihələr bir millətin öz qəhrəmanlarına göstərdiyi dərin hörmətin ifadəsidir. Hər bir tədbir, hər bir yardım paketi, hər bir reabilitasiya proqramı həm də bir mesaj daşıyır – “Siz Vətən üçün döyüşdünüz, Vətən də sizin üçün var.” Bu mesaj xalqla dövlət arasında sarsılmaz bağın, etimadın və qarşılıqlı sevginin rəmzidir. Zəfərin beşinci ili münasibətilə biz bir daha anlayırıq ki, bu Qələbə yüzillərlə formalaşmış milli kimliyimizin, iradəmizin və birliyimizin təntənəsidir. Qarabağ artıq dirçəlişin, quruculuğun, bərpa və yenidən doğuluşun məkanıdır. Azad edilmiş torpaqlarda tikilən məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və məscidlər Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini göstərir. Bu gün Azərbaycan xalqı Zəfər bayramını qeyd edərkən həm qəhrəman şəhidlərimizin ruhuna ehtiramını bildirir, həm də dövlətimizin gücünə, xalqımızın birliyinə inamını bir daha nümayiş etdirir.    Qarabağ Zəfəri: Gücün, İradənin və Qəhrəmanlığın Manifesti   Bu beş ildə Azərbaycan Ordusu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığı artdı, şəxsi heyətin döyüş ruhu yüksəldi, mənəvi-psixoloji hazırlığı gücləndi, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu. Bu səylər Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordularından birinə çevirdi. Ali Baş Komandanın uzaqgörən strategiyası “Güclü dövlət – güclü ordu” prinsipi üzərində qurulmuşdu və ilk məqsəd torpaqlarımızı düşmən tapdağından xilas etmək, ərazi bütövlüyümüzü təmin etmək idi. Dövlət büdcəsində hər il müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu modernləşdirildi. Bu qüdrət beynəlxalq səviyyədə də tanındı və Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. 2011-ci il iyunun 26-da Bakıda keçirilən Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilmiş hərbi parada bu güc və peşəkarlıq ilk dəfə açıq nümayiş etdirildi. Ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt Zəfəri ilə uğurlu əməliyyatlar həyata keçirdi. Bütün bu nailiyyətlərdən sonra isə tarixi an yetişdi: 2020-ci il sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq Azərbaycan Ordusunun Haqq yürüşü başladı. 44 gün davam edən Vətən müharibəsi zamanı ordumuz sarsıdıcı zərbələr endirdi, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Ermənistan cəmi 44 gün tab gətirə bildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri xalqımızı həsrətində olduğu torpaqlara qaytardı, vətəndaşların ürəklərində qürur və sevinc yarandı.  2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı bu Qələbənin və Ordumuzun gücünün dünyaya nümayişi oldu. Hərbi qulluqçularımız 2 min 900-dən çox şəhid vermişdi, lakin onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Dövlət başçısının imzaladığı sərəncamlarla ərazi bütövlüyümüzün bərpasında iştirak edən hərbi qulluqçular orden və medallarla təltif edildi, bir qismi isə yüksək hərbi rütbəyə layiq görüldü.   Zəfərin Beş İli – Ordumuzun Qüdrəti, Xalqın Birliyi və Dövlətin Əzəməti   Ordumuzun qəhrəmanlığı 2020-ci ilin şanlı Qələbəsi ilə tamamlanmadı. Azərbaycan əsgəri, Ali Baş Komandanın əmrlərini dəqiqliklə yerinə yetirərək, daim ayıq-sayıq mövqedə dayandı, ölkəmizin suverenliyinin və təhlükəsizliyinin keşiyində mətin dayanmağı davam etdirdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu əməliyyatla Azərbaycanın suverenliyi bərpa edildi, dövlətin bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qürurla dalğalandı.  Bu tarixi hadisə bir daha göstərdi ki, Azərbaycan Ordusu regionda sülhün, ədalətin və sabitliyin qarantıdır. Onun qarşısında heç bir qüvvə dayana bilməz, çünki bu ordu xalqın iradəsindən, dövlətin qüdrətindən, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyindən güc alır. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Zəfər paradı bu möhtəşəm tarixi yekunlaşdırdı. O gün Xankəndidə dalğalanan üçrəngli bayraq suveren Azərbaycanın rəmzinə çevrildi.               Parad bir daha nümayiş etdirdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir, qalibdir və bu qalibiyyət əbədi olacaq! Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində ən uca, ən müqəddəs yerdədir. Onların canı, qanı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir. Onların ruhuna ehtiram əlaməti olaraq Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradıldı. 10 hektara yaxın ərazini əhatə edən Zəfər Parkı Azərbaycanın qəhrəmanlıq salnaməsinin canlı yaddaşına çevrildi. Burada ucaldılan Zəfər Tağı, memorial abidələr, tematik bağçalar və ümumi baxış nöqtəsi Qələbənin əzəmətini, xalqın birliyini və dövlətin qüdrətini əks etdirən amil kimi tarixi abidəyə döndü. Muzeydə şəhidlərimizin adları qızıl hərflərlə həkk olundu, ordumuzun igidliyi, xalqımızın dözümü və əzmi əbədiləşdirildi.  Bu Qələbə təkcə əsgərlərin deyil, həm də bütün xalqın, bütün nəsillərin zəfəridir. Respublika Veteranlar Təşkilatının üzvləri bu tarixi qələbə ilə dərin qürur hissi keçirir, özlərinin bu zəfərdə payı olduğuna görə fəxrlə danışırlar. Onlar Ali Baş Komandan İlham Əliyevin onlara göstərdiyi diqqət və ehtirama, veteranlara verilən yüksək qiymətə görə minnətdarlıq ifadə edir, Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirlər.    Zəfər Günü – bu, millətin birliyinin, dövlətin qüdrətinin, xalqın sarsılmaz iradəsinin rəmzidir. Bu gün biz bir daha fəxrlə deyirik: Qarabağ Azərbaycandır! Bu Qələbə əbədi olacaq, çünki onu xalqın inamı, şəhidlərin qanı, ordumuzun şücaəti və dövlətin iradəsi ilə qazanmışıq!   Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
“İrana yardım İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”

“İrana qida və dərman yardımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu, Azərbaycanın qonşu dövlət olan İrana ənənəvi dostluq münasibətinin göstəricisidir: “Azərbaycan hər zaman bütün qonşu dövlətlərə, eləcə də İrana dostluq münasibəti bəsləyib, mehriban qonşuluq siyasəti yürüdüb. ABŞ-İsrail koalisiyası ilə müharibədə olan İrana Azərbaycanın göstərdiyi humanitar yardım, dövlətimizin dostluq siyasətinin əməli davamıdır. Bu addım bir daha sübut edir ki, Azərbaycan heç bir halda qonşu dövlətlərdə yaşanan humanitar fəlakətlərə biganə qalmır, onları daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, dövlətimizin İrana 30 tona yaxın humanitar yardım göstərməsi bəşəri-insani dəyərlər baxımından da təqdirəlayiqdir”. Polkovnik qeyd edib ki, İran Azərbaycanın humanist münasibətinə eyni səmimiyyətlə cavab verməli, ölkəmizə qarşı təxribatlara son qoymalıdır: “Azərbaycan bu addımı ilə bir daha sübut etdi ki, onun İrana olan münasibəti səmimidir və beynəlxalq hüquqa, mehriban qonşuluq siyasətinə, dostluq münasibətlərinə söykənir. Odur ki, İranın da Azərbaycanın səmimi münasibətinə eyni səmimiyyətlə cavab verməsi, ölkəmizə yönəlik təxribatlara son qoyması zəruridir. Yalnız bu halda ikitərəfli münasibətləri dostluq və mehriban qonşuluq siyasəti çərçivəsində davam etdirmək mümkündür. İnanırıq ki, İran Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin bu davranışından lazımi nəticə çıxaracaq və biz yaxın gələcəkdə İranın ölkəmizə münasibətində lazımi həssaslığa şahid olacağıq”. Seymur ƏLİYEV  

Hamısını oxu