Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Adı əziz, xatirəsi əbədidir Yaşarın” adlı vətənpərvərlik tədbirində hər kəs ondan fəxarətlə danışıb

Bu gün İkinci Şəhidlər xiyabanında Müdafiə Nazirliyinin,  Füzuli və Binəqədi rayon İcra Hakimiyyətlərinin rəsmiləri, ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, döyüşçü dostları onun gül-çiçəyə qərq olunan, başı üstündə müqəddəs bayrağımız dalğalanan məzarını ziyarət edib, burada uyuyan bütün şəhidlərimizin, eləcə də onun ruhuna dualar oxunub, 46 illik həyat yoluna çıraq tutulub.

 1975-ci ilin 10 avqustundan şəhid olduğu 2020-ci ilin oktyabr ayının 2-dək olan ömür yolu kitab olub vərəqlənib, xatirələr yumaq kimi çözələnib, hər kəs ondan qürur ilə, iftixarla danışıb.
Füzuli ata: “Ölümünə inanmıram, o, öləsi oğul deyildi. Yaşar yenə döyüşdədir, Murovdağın zirvəsində yağılarla savaşır. Şəri qovur, zülmətləri yarıb keçir igidim”, - deyə özü-özünə təsəlli verir.
Övladları Xanış, İnci “Ata” deyib kövrəlir: “Atam ilə fəxr edirik hər zaman, qara daşdan bizə baxır atamız. Bu torpağın qədrin bilin, qoruyun hər qarışın. Torpaq qanla qarışanda Vətəndir. Atam bizi bu torpağı qorumağa çağırır!”.
Yaraları qaysaqlanan əsgərin gözündəki qığılcıma, oda bax: “Qisasını vuruşaraq, döyüşərək almışıq. Rahat uyu komandirim, qardaşım. Bizim olub, bizimkidir Qarabağ!” deyib qamətini uca tutur qazimiz.
Şair yenə fikrə dalıb, dindirməyim amandı. Şimşək olub kükrəyəcək, çaxacaq: “Qızıl qanı lalə olub göyərib. Od nəfəsi Murovdağın qarın, buzun əridib. Minnətdardır sənə Vətən, bu torpaq! Köç qayıdır yurd yerinə ay qağa, yubanma gəl, gedirik Qarabağa!”.
Xiyabanda izdiham var. Burda sevinc qəm-kədərə qalib gəlir, güc gəlir, burda hər gün “Vətən” sözü, “Əsgər” sözü, “Rəhmət” sözü milyon kərə səslənir.
Bu fikirlər İkinci Şəhidlər xiyabanında Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Yaşar Sadıqovun doğum günü münasibətilə keçirilən mərasimdə polkovnik Abdulla Qurbaninin bir az şairanə, bir az kövrək, əsasən də qürur hissi ilə dilə gətirdiyi düşüncələridir.
Şəhidin məzarı ziyarət olunduqdan sonra xatirə mərasimi başlanır. Əvvəlcə respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunur.
Mərasimdə A.Qurbani tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Yaşar Füzuli oğlu 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində doğulub. 1992-ci ildə kənd orta məktəbini bitirib. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olub və 1995-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub.
Qeyd olunub ki, 1993-cü il dekabr ayının sonlarında ulu öndər Heydər Əliyevin rəhbərliyi altında “Horadiz əməliyyatı” başlananda Yaşar hələ kursant idi. Çox çalışsa da, kursant taborunun komandirinə, məktəb rəisinə doğma rayonlarının düşmən işğalından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə getmək üçün müraciət etsə də müsbət cavab ala bilməyib. Düşmənə qarşı qəzəbini, nifrətini, kinini içində boğub. 1994-cü ilin ilk yanvar günlərində Füzuli və Cəbrayıl rayonlarının Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi xəbəri onun hədsiz sevincinə səbəb olub.   
Təhsilini başa vurduqdan sonra Yaşar gənc zabit kimi Naxçıvan Muxtar Respublikasına göndərilib, motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin kəşfiyyat bölməsinin zabiti vəzifəsinədək yüksəlib.
2016-cı ilin aprel döyüşlərindən az sonra xidmət yeri Bakı Qarnizonunda yerləşən hərbi hissələrdən birinə dəyişdirilib və o, burada da xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Motoatıcı tabor komandiri, hərbi hissə komandirinin müavini olaraq nümunəvi xidmətləri ilə həmişə komandanlığın rəğbətini, tabeliyində olanların isə böyük sevgisini qazanıb.
Yaşar Sadıqov 2018-ci ildən Beyləqan, Xocavənd istiqamətlərində hərbi hissə komandirinin müavini kimi xidmətini davam etdirib və nəhayət Vətən müharibəsini Murovdağ istiqamətlərində yerləşən hərbi hissənin qərargah rəisi – briqada komandirinin müavini vəzifəsində qarşılayıb. Artıq o, “polkovnik-leytenant” idi.
A.Qurbani xatırlayaraq vurğulayıb ki, müharibənin ilk günündə Silahlı Qüvvələr veteranı olan Y.Sadıqov döyüşə yollanacaq şəxsi heyəti təcili olaraq ətrafına topladı. Cəlb edildiyimiz bu müharibənin son dərəcə ciddi bir müharibə olduğunu, bununla da torpaqlarımızın 30 illik işğalına, xalqımızın isə 30 illik həsrətinə tezliklə son qoyulacağına zəmin yarandığını bildirdi və şəxsi heyətə bir daha xatırlatdı kı, xidmət etdiyimiz bu hərbi hissə 1994-cü ilin yanvarında yaradılıb və həmin ayın 24-də xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə cəbhəyə yola düşüb.
Yolasalma mərasimində o vaxt dahi liderimiz demişdir: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz və indi cəbhəyə yola düşürsünüz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz Sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır. Ona görə də hər birinizə və ümumiyyətlə, hamınıza cansağlığı, səadət arzulayıram. Bu şərəfli vəzifənizi – Vətəni müdafiə etmək vəzifənizi yerinə yetirməkdə qəhrəmanlıq nümunələri göstərməyinizi arzulayıram.
Ümidvaram ki, bu deyilənlərin hamısına əməl edəcəksiniz və öz vəzifənizi igidliklə yerinə yetirəcəksiniz. Vətənimizi, ana və atalarımızı, bacı və qardaşlarımızı sevindirəcəksiniz.
Azərbaycan Ordusuna yeni-yeni uğurlar diləyirəm, sizin hər birinizə uğurlar arzulayıram.
Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpağı, müqəddəs Azərbaycan Respublikası uğrunda irəli!”.
Polkovnik-leytenant nəinki əbədiyaşar Ali Baş Komandanın bu fikirlərini, xeyir-duasını döyüşə yollanacaq igidlərə təkrarən xatırlatdı, eyni zamanda, onun özü də igid oğullara qoşularaq Murovdağın strateji yüksəkliklərində neçə illərdir ki, özlərinə mövqe seçmiş və bərkidib, möhkəmləndirilmiş səngərlərdə oturmuş məkrli və hiyləgər düşmənlərin təxribatlarına cavab olaraq əks-hücuma keçdilər.
Düşmən mövqeyi  darmadağın edildi, onlara canlı qüvvə və hərbi texnika sarıdan xeyli itki verildi. Lakin bir həftə sonra igid zabitimiz özü də bir neçə cəsur silahdaşı ilə birlikdə qəhrəmancasına şəhid oldu.
 Uzun müddət onun da nəşini döyüş meydanından çıxarmaq mümkün olmadı. Həmin günlərdə şəhidin ailəsi, valideynləri böyük dözüm, səbir nümayiş etdirdilər. Nəhayət,  2021-ci il fevralın 26-da şəhid zabitimizin nəşi çıxarılaraq Bakı şəhərinə gətirildi və Xocalı faciəsi qurbanlarının xatirəsinin qeyd olunduğu bir vaxtda İkinci Şəhidlər xiyabanında böyük izdihamın iştirakı ilə son mənzilə yola salındı.
Sağlığında 6 döyüş medalı ilə təltif olunan igid zabitimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olundu.
Tədbirdə Füzuli rayon icra hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov və Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Sevinc Süleymanova hər iki  rayonun ictimaiyyəti adından şəhid valideynlərinə Vətənə layiqli oğul yetirdiklərinə görə minnətdarlıq edib, şəhidin Əsli və İnci adlı yadigar övladlarının dövlətimizin və xalqımızın qayğısı səyəsində atalarının adına layiq tərbiyə olunacaqlarına, boya-başa çatacaqlarına əminliklərini bildiriblər.
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Vətən müharibəsinin əhəmiyyətindən, bu müharibədə qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli ordumuzun əsgər və zabitlərinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin hücum diplomatiyasının, sərkərdəlik məharətinin qələbəsi olduğunu qeyd edib və qələbə şəhidlərinin sıralarında adı və xidmətləri həmişə iftixarla xatırlanan polkovnik-leytenant Yaşar Sadıqovun xalqımızın qan yaddaşında əbədi yaşayacağını deyib.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov dövlətimizin başçısına və Müdafiə nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bilidirib.
Füzuli Sadıqov şəhid oğlu ilə fəxr etdiyini, qürur duyduğunu bildirərək xalqımıza, dövlətimizə bundan sonra daha da xoşbəxt günlər, əmin-amanlıq, firavan həyat arzulayıb.
Xanış Sadıqov universiteti bitirəcəyi və müddətli həqiqi hərbi xidmətə yollanacağı günü, əsgər çəkməsi, əsgər uniforması geyəcəyi anı səbirsizliklə gözlədiyini diqqətə çatdırıb və şəhid atası ilə bağlı xatirələrini bölüşüb.
Tədbir iştirakçıları hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında İkinci Şəhidlər xiyabanından ayrılıblar.

 

2021-08-10 10:09:00
815 baxış

Digər xəbərlər

DTX genefondumuzun keşiyində: Yad torpaqlarda doğma insanların ölümünə son!

Məlum olduğu kimi, Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  ictimaiyyətə verdiyi məlumatda deyilir: “Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olmuş, itkin düşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilmişdir. Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir”. DTX-nın verdiyi məlumatdan da göründüyü kimi, xeyli sayda azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub, Azərbaycandan uzaqda yad maraqlar uğrunda həyatlarından keçiblər. Bu isə sadəcə qanun pozuntusu deyil, həm də Azərbaycan xalqının genefondunun təhlükə altında olması deməkdir. Çünki gənc nəslin hər hansı səbəbdən Rusiya-Ukrayna müharibəsində yer alması, bu döyüşlərdə həyatını itirməsi Azərbaycan qanunvericiliyinə zidd olmaqla yanaşı, həm də dövlətimizin demoqrafik siaysətinə, onun müdafiə qabiliyyətinə, təhlükəsizlik maraqlarına ziddir.  Bu baxımdan DTX-nın Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarını məsuliyyətə cəlb etməsi genefondumuzun qorunması, insanlarımızın həyatının xilası baxımınan mühüm əhəmiyyətə malikdir. Onu da unutmaq olmaz ki, müharibələrdə iştirak edən şəxslərin bir çoxu döyüşlərdə ağır psixoloji travma alır, bu travmaların nəticəsi bəzi hallarda özünü mülki həyatda ən ağır formada büruzə verir. Nəticədə, bu şəxslərin bəzisi intihar edir, bəzisi isə digər şəxslərə qarşı ciddi aqressiya sərgiləyirlər. Bu baxımdan DTX-nın Rusiya-Ukrayna müharibəsində iştirak edən vətəndaşları məsuliyyətə cəlb etməsi ilk növbədə  bu şəxslərin həyatının xilasına, həmçinin, cəmiyyətin təhlükəsizliyinin təmininə xidmət edir. Bütün bunları nəzərə alaraq ehtimal etmək olar ki, DTX-nın proseslərə müdaxiləsi bu tendensiyanı əhəmiyyətli dərəcədə azaldacaq, Azərbaycan insanının yad torpaqlarda ölümünə son qoyacaq. Unutmaq olmaz ki, qanun Azərbaycan vətəndaşlarına qanunsuz silahlı birləşmələrə qatılmağı, digər ölkələrdə gedən müharibələrdə iştirak etməyi qadağan edir. Ümid edirik ki, gənclərimiz heç olmasa bundan sonra başqa ölkələrdə gedən hərbi əməliyaytlara qatılmayacaq, hər zaman hər yerdə yalnız Azərbaycanın maraq və mənafeyi uğrunda mübarizə aparacaq. Həm də qanun çərçivəsində... Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  görkəmli dövlət xadimi, diplomat və yazıçı Hidayət Orucovun vəfatı ilə əlaqədar olaraq veteranlar adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbr diləyib.  Allah rəhmət eləsin! Veteran.gov.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, 1944-cü il təvəllüdlü Hidayət Orucov uzun illər ərzində dövlət idarəçiliyi, diplomatik xidmət və ədəbi yaradıcılıq sahələrində fəaliyyət göstərib. 27 dekabr 2012-ci ildə ona Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Həmin gün Prezident sərəncamı ilə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2019-cu ilin iyul ayında Hidayət Orucov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, 2021-ci il oktyabrın 6-da Qırğızıstandakı səfir vəzifəsindən geri çağırılıb. Hidayət Orucov həmçinin ədəbi yaradıcılığı ilə də tanınıb. Onun poeziya, nəsr, publisistika və tərcümə sahələrində 60-dan çox kitabı nəşr olunub. Əsərləri bir çox dillərə tərcümə edilərək xarici ölkələrdə də maraqla qarşılanıb. Onun “Mən belə yaşayıram”, “Nura qovuşacağıq”, “İntizar”, “Sənsiz”, “Sabaha çox var”, “Dağlar nəğməsi” kimi əsərləri müxtəlif dillərdə işıq üzü görüb və geniş oxucu auditoriyası qazanıb. Hidayət Orucov 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.  

Hamısını oxu
Nadir şahdan sonra ilk dəfə O alır!

Elə bil indiyədək heç yaşamamışıq. Gözümüz indi, məhz indi, bu günlərdə açılıb... Nə gözəlmiş yaşamaq haqqı, sevinmək haqqı, qürurlanmaq haqqı... Yaşamağın bir adı da Qürurmuş... O biri adı Şərəf... Koronaviruslu 2020-ci ili heç bəyənməmişdik, xatırlayırsınız? Hətta ömrümüzdən saymayacağımızı deyirdik. Pandemiyanın planlarımıza əngəl olmasından şikayətlənirdik. Amma həyatımızın ən gözəl, ən dəyərli ili olmaqdadır 2020: Ən Yeni Tarix yazılır bu günlərdə... Torpaqlarımız işğaldan azad olunur!!! Şərəfimiz, Qürurumuz, Heysiyyətimiz yenilənir. Bərpa olunuruq sanki... Artıq sevə bilirik! Bütün varlığımızla sevirik bu məmləkəti. Ali Baş Komandanımız 30 ildir tamarzı olduğumuz möhtəşəm duyğular yaşadır bizə. Biz Qalib gəlirik, təsəvvür edirsiniz?!. Biz qalibik, təsəvvür etmək belə lazım deyil, gözümüzlə görürük Qələbəni - işğaldan azad olunan Qarabağı... Yaralı Qarabağı... Şöhrətli Qarabağı... Cəbrayılı, Ağdərəni, Füzulini, Hadrutu, Xocavəndi.... Şuşanı, Xankəndini, Laçını, Kəlbəcəri... Qubadlını, Zəngilanı, Ağdamı, Xocalını... Ayaq səslərini eşidirsiniz?! Addım-addım yaxınlaşmağımızı, qovuşmağımızı... Bu gözəl, çox gözəl, fövqəladə gözəl və möhtəşəm günlərdə - şərəfli tariximiz yazılan bu əziz günlərdə təkrar-təkrar ifadə etdiyim və etmək istədiyim kəlmələr bunlardır: Cənab Ali Baş Komandanım, Sizi çox sevirəm! Sizi çox sevirik!!! Bizim Liderimiz, Xilaskarımız, Qarabağımız!!! İlham Əliyev. Bu ölkədə Sevgiyə və Sayğıya, ən ali, ən ülvi münasibətə, rəğbətə, xoşgörüyə ən layiqli Birinci şəxs məhz odur. Sevgilərimiz və Dualarımız Ona ünvanlıdır!!! Çünki... Qarabağ çox yox, 20 gün öncəyədək bizimçün arzu, xəyal və solğun ümid, hətta ümidsizlik idi. Arzularımızı, Ümidlərimizi, Xəyallarımızı O gerçəkləşdirir! Bayrağımızı O dalğalandırır işğaldan azad olunan torpaqlarımızda! Tariximizi və taleyimizi dəyişdirir O. Yadların və yadellilərin bizə yazdığı dəhşətli və dözülməz tarixi-taleyi... Adam kimi Adamdır O! Qəhrəmandlr, qəhrəmanımızdır O! Rəisimiz, Komutanımız, Sərkərdəmizdir. Qalib Ali Baş Komandanımızdır. Möcüzədir varlığı. Nə yaxşı ki, var. Nə yaxşı ki, bizimdir, bizə aiddir!!! Bayraqdır O, Ordudur O, Vətəndir O, Dövlətdir O! Azərbaycandır O!!! Sizi çox, çox, lap çox, hədsiz çox sevirik, Bayraq Adam, Ordu Adam, Vətən Adam, Dövlət Adam! Tanrıya sonsuz şükranlarımızın səbəbi! Bizi heçliyin, yoxluğun, gücsüzlüyün, güvənsizliyin girdabından çıxaran Adam! Birləşdirən, bütünləşdirən, bütövləşdirən Adam! Son 250 illik tariximizdə - Nadir şahdan üzü bu yana yalnız itirdik - ərazilərimiz, coğrafiyamız kiçildi, işğal olundu, yağmalandı. Çox səbəblər oldu - bizdən asılı olan və olmayan: daha çox olmayan... Fəth olmadı. İtkilər oldu. Torpaq itkisi... Qürur itkisi... Mənəviyyat itkisi... Amma indi... gözümüzün önündə baş verənlər şok effekti yaradır izlədikcə: Prezident İlham Əliyev torpaqlarımızı-itirdiklərimizi geri alır, Qarabağı fəth edir. Qürurumuzu, Şərəfimizi, Heysiyyətimizi qaytarır. Qarabağı qaytarır. “Şuşasız olmaz” deyir!!! Özü də “Müqəddəs Şuşa” deyir. Bilir ki, Şuşa açardır. Şuşa mənəviyyatımızın paytaxtıdır. Şuşa olmazsa, olmaz. Şuşasız olmaz! Varlığımızın, mövcudluğumuzun, qan yaddaşımızın, ilham mənbəyimizin sirri ordadır - Şuşada... Bu gözəlliyi, bu əzəməti, bu ruhaniyyəti təsvir və ifadə etməyə söz acizdir: Şükranlığı və minnətdarlığı; Sevgini və heyranlığı... Heyrəti... Xoşbəxtliyi... Sevinci... Fərəhi... Boynubükük, gözləriylə kədər və iztirab daşıyan bir topluma xoşbəxtliyi və qüruru yaşatmaq... bilirsiniz, nə deməkdir?! Heç bilirsiniz Millətə qol-qanad olmaq, nəfəs olmaq, ruh olmaq nə deməkdir?! Millətin boyunu ucaltmaq, başını dikəltmək, köksünü qabartmaq nə deməkdir, bilirsiniz?! Millətə can vermək, Milləti diriltmək, Yeri Göy etmək nə deməkdir, bilirsiniz?! Bilirsiniz bu millətə Oğul olmaq, Sərkərdə olmaq, Ordu olmaq, Qəhrəman olmaq nə deməkdir?! Bilirsiniz... Bizim Hekayəmiz başlayıb, Millət, gözümüz aydın! Millət, Qarabağın mübarək! Bəxtəvərliyin, səadətin mübarək!!! Bizim Hekayəmiz yazılır! Bu hekayəni yazana, yazdırana haqqımız halal olsun! Min dəfə, yüz min dəfə, milyon dəfə halal olsun!!! Doğma Adam, Əziz Adam, Böyük Adam, Qalib Adam, Qələbə Adam!!! Bizim Adam!!!

Hamısını oxu
Azərbaycanı zirvəyə ucaldan Lider

Bu gün dünyanın nəzərləri Azərbaycana yönəlib. Azərbaycan son əsrlərin möhtəşəm zəfərini qazanır. Yazdığımız şanlı tarix, qazandığımız möhtəşəm qələbələr, bərpa etdiyimiz tarixi ədalət dillər əzbəridir. Azərbaycan xalqının başı ucadır. Bu, Ali Baş Komandanın, qəhrəman ordumuzun ucalığıdır! Biz təkcə torpaqlarımızı azad etmirik, həm də bölgəyə sülh, yeni reallıqlar gətiririk. Regionda əsrlər boyu oturuşmuş geosiyasi mövqelər dəyişir, güc nisbəti yenidən formalaşır. Bu tarixi missiyanı İlham Əliyev həyata keçirir. Bütün qələbələrimizin müəllifi odur! Artıq bir aydan çoxdur ki, Azərbaycan Vətən müharibəsi aparır. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda uğurlu döyüşlər gedir. Azərbaycan əsgəri hər gün bir qədər də irəliləyir, qələbələri ilə xalqımızın qüdrətini bütün dünyaya göstərir. Bu qələbələr hər bir azərbaycanlının, ümumilikdə türk dünyasının fəxr, qürur mənbəyidir. Bu gün Azərbaycan cəmiyyətindəki möhkəm milli birliyin, görünməmiş vətəndaş həmrəyliyinin timsalında biz həm də sarsılmaz türk birliyinin yüksək nümunəsini müşahidə edirik. Bu gün cəbhədəki real vəziyyət Azərbaycan ordusunun üstünlüyünü göstərir. Azərbaycan işğal altında olan digər rayonların azad edilməsinin növbəti mərhələsindədir. Azərbaycan xalqı tarixinin ən möhtəşəm, ən qüdrətli və ən qürurlu dövrünü yaşayır. Milyonlarla azərbaycanlı son yüzlikliklərdə rast gəlinməyən möhtəşəm qələbələrin sevincini dadır. Xalqımız heç vaxt olmadığı kimi həmrəydir, birdir, yüksək döyüş əzmindədir. Tarix boyu üzləşdiyimiz ədalətsizliklərə, işğala son qoyulur, insanların qəlbindəki nisgil, vətən həsrəti aradan qalxır. Azərbaycanın əraziləri ilə birgə qüruru, mənəviyyatı da bütövləşir. Cəmi bir ay ərazində işğalçılara misli-bərabəri görünməyən dərs verilməsinə baxmayaraq, Ermənistan rəhbərliyi bundan nəticə çıxarmır. Paşinyan hakimiyyəti işağlçı və terrorçu niyyətindən əl çəkmir. Düşmən təslim olmaq əvəzinə beynəlxalq aləmdən imdad istəyir, havadarlarından kömək umur. Amma işğalçı rejim artıq meydanda tək qalıb. Müharibənin miqyasının genişləndirilməsi, digər ölkələrin döyüş əməliyyatlarına cəlb edilməsi cəhdləri baş tutmur. Xüsusilə də, son günlərdə erməni baş nazirin Rusiya Prezidentinə dəfələrlə zəng etməsi, dalbadal məktublar göndərərək hərbi yardım istəməsi növbəti dəfə nəticəsiz qalıb. Aydın məsələdir ki, Ermənistanın hərbi siyasi rəhbərliyinin məsuliyyətsiz və işğalçı mövqeyi heç bir halda dəstəklənə bilməz. İndi Ermənistan üçün ən düzgün yol məğlubiyyəti qəbul edib torpaqlarımızdan çıxmaq barədə öhdəlik götürməkdir. Paşinyan isə hələ ki, bunu etmir, özü ilə bərabər erməni xalqını da məhvə aparır. Bu gün beynəlxalq aləm, o cümlədən qonşu ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Torpaqlarını işğaldan azad etmək Azərbaycanın suveren hüququdur, öz daxili işidir. Digər tərəfdən isə, ortada Prezident İlham Əliyevin qətiyyəti, sərt və birmənalı mövqeyi var. Azərbaycan Prezidenti bütün dövlərdə olduğu kimi bu gün də ölkəmizin milli maraqlarını şərəflə qoruyur. Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı düşməndən qarış-qarış, hissi-hissə təmizləyir. Bir neçə il ərzində işğal edilən ərazilərimizin təxminən yarısı cəmi bir aya azad edilib. Bu, ordumuzun gücünün və qüdrətinin göstəricisidir. Lakin, döyüşlərin indiki mərhələsi artıq çətin relyefli dağlıq ərazilərdə aparılır. Nəzərə almaq lazımdır ki, düşmən 30 ilə yaxındır bu ərazilərdə möhkəmlənib. Bütün bu amillər müəyyən ləngimələr yarada bilər. Prezident İlham Əliyevin məqsədi təkcə torpaqlarımızı azad etmək deyil, həm də döyüş meydanlarındakı əsgər və zabitlərimizi qorumaqdır. Unutmayaq ki, hər qarış torpağımız əsgərlərimizin qanı hesabına azad olunur. Ona görə də, döyüşlər düşünülmüş manevrlərlə aparılır. Hansısa ərazilərin tez və böyük itkilər hesabına deyil, təmkinlə, taktiki gedişlərlə, mərhələli şəkildə və az itki ilə azad etmək yolu seçilir. Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə xalqa verdiyi hər bir vədi yerinə yetirib. Əgər, Ali Baş komandan torpaqlarımızın tam azad olunacağına söz veribsə, deməli, tezliklə vədinə əməl edəcək, buna heç kimin zərrə qədər də şübhəsi olmamalıdır. Azərbaycan Prezidenti işğalçıları torpaqlarımızdan qovmaqla təkcə ölkəmizin deyil, ümumilikdə regionun təhlükəsizliyini təmin edir. Bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirilir. İlham Əliyev Qarabağda tarixi haqq-ədaləti bərpa edir, işğala, terrora son qoyur. Xalqımız, ümumilikdə bütün Qafqaz uzun illərdir yaşadığı təhlükə və təhdidlərdən xilas olur. Bu tarixi missiyanı uğurla həyata keçirməklə Azərbaycan dövləti dünyada öz yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycan lideri onsuz da son on yeddi illik qətiyyətli fəaliyyəti ilə beynəlxalq aləmdə böyük nüfuz sahibi, dərin hörmət və ehtirama layiq dövlət başçısı kimi tanınıb, qəbul edilib. Lakin, İlham Əliyevin yaratdığı yeni reallıqlar, bölgədə tamamilə yeni dövrün başlanması onu dünya liderləri sırasında daha ön plana çıxarır. Ermənistan isə günü bu gün də biabırçı məğlubiyyətindən nəticə çıxarmır, növbəti hərbi cinayətlərə əl atır. Mülki insanların sıx yaşadığı ərazilərin qadağan olunmuş silahlarla bombalanması, müharibə qaydalarının kobudcasına pozulması işğalçının mahiyyətini dünyaya göstərir. Amma heç bir qüvvə Azərbaycan xalqının birliyini sarsıda bilməz, düşmənin heç bir təxribatı ordumuzun döyüş əzminı qıra bilməz. Əksinə, terorçu rejimin vəhşilikləri Azərbaycan cəmiyyətində hiddəti daha da artırır, insanları daha sıx birləşdirir. Azərbaycan vətəndaşları düşmən terroru qarşısında sarsılmır, insan təlafatları olsa da xalqımız birliyini qoruyub saxlayır. Bu gün hər bir vətəndaşımız vətən, torpaq uğrunda bütün varlığı ilə səfərbərdir. Milli həmrəylik, Ali Baş Komandan ətrafında olan monolit birlik, Qarabağın azadlığı uğrunda mübarizə hər gün daha da güclənir. Azərbaycanın necə bir mənfur düşmənlə mübarizə apardığı, hansı ağlasığmaz vəhşiliklərlə üz-üzə qaldığı göz önündədir. Biz misli-bərabəri görünməyən cinayətlər törədən terorçu və faşist mahiyyətli rejimlə döyüşürük. Paşinyan və onun Dağlıq Qarabağdakı quldurları uşaq qatilləridir. Onlar dinc insanları qətlə yetirməkdən zövq alır, onlar azərbaycanlıların qanına susayıb. Biz isə düşməndən fərqli olaraq sözümüzü yalnız döyüş meydanında deyirik. Dağlıq Qarabağda yaşayan ermənilərin gələcək təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan həmişə buna yüksək zəmanət verib. Ümumiyyətlə, bizim düşmənimiz Qarabağdakı işğalçı və separatçı rejim, döyüş meydanlarında vuruşan ermənilərdir. Azərbaycan dövləti sadə, dinc erməni xalqını heç vaxt özünə düşmən bilməyib. Qarabağın erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır və Prezident İlham Əliyev onların həyatına, rifahına və firəvan gələcəyinə təminat verir. Qarabağda daimi sülhün və təhlükəsizliyin təmin ediləcəyi gün uzaqda deyil. 30 ildən sonra bu torpaqlara yeni həyat veriləcək, tamamilə fərqli dövr başlayacaq. Qarabağ nəinki Azərbaycanın, Qafqazın ən gözəl guşəsinə, ən müasir və inkişaf etmiş mərkəzinə çevriləcək. Sahil Kərimli,Trend BİA-nın Baş redaktor müavini

Hamısını oxu