Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şuşanın azadlığı da, tarixi də, təbiəti də qürur doğurur”

Səmyar Abdullayev: “Nəhəng quruculuq prosesi göstərir ki, Şuşa qısa zamanda daha gözəl, daha qüdrətli şəhərə çevriləcək”

 

Məlum olduğu kimi, sentyabrın 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin Şuşa şəhərinə səfəri təşkil olunub.

 

Səfərdə iştirak edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Veteran.gov.az-a açıqlamasında səfərlə bağlı təəssüratını bölüşüb:

 

“Şuşa səfəri sözün həqiqi mənasında bizdə qürur və həyacan doğuran,  bizə qeyri-adi hislər və duyğular bəxş edən bir səfər oldu. Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun qanı, canı bahasına azad etdiyi Şuşaya səfər əsnasında şəhərin tarixi yerlərini ziyarət etdik, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Bülbülün, Üzeyir bəyin, Xurşidbanu Natəvanın heykəllərini, Yuxarı Gövhər ağa məscidini ziyarət etdik. Məlum səfər əsnasında ermənilərin 30 ilə yaxın müddət ərzidə Azərbaycanın tarixi mədəniyyət mərkəzi, hazırkı mədəniyyət paytaxtı olan Şuşada törətdikləri vəhşiliklərə şahid olmaq bizim üçün nə qədər ağır olsa da, dövlətimizin qısa zaman ərzində Şuşada həyata keçirdiyi təmir-bərpa və yenidənqurma işləri bizdə bir o qədər böyük fərəh doğurdu. Məlumat üçün qısaca qeyd edim ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Şuşada mərkəzi küçələri təmir edilib, tarixi abidələrin, memarlıq nümunlərinin, sosial obyektləri bərpası prosesi uğurla davam etdirilir. Görülən işlərin miqyası onu söyləməyə əsas verir ki, Şuşa qısa zamanda daha gözəl, daha qüdrətli, daha möhtəşəm bir şəhərə çevriləcək”.

 

Səmyar Abdullayev qeyd edib ki, şəhəri gəzdikcə, onun təbiəti ilə yaxından tanış olduqca əsgərlərimizin qəhrəmanlığına, onların əzminə heyran olmamaq mümkün olmur:

 

“Yüksək dağlıq relyefdə yerləşən, möhtəşəm dağlar, sıx meşələrlə əhatə olnan Şuşanı dolaşıb, onun ecazkar təbiəti ilə yaxından tanış olduqca, istər-istəməz 44 günlük Vətən müharibəsində Şuşanı azad edən hərbçilərimizin döyüş əzmi, qəhrəmanlığı, cəsarət və rəşadəti yada düşür. Şuşanın sıldırım qayalarına, sərt dağlarına tamaşa etdikcə insan güllə və mərmi yağışı altında sərt qayaları dırmaşaraq şəhərə daxil olan, bıçaq və yalın əllə düşmənə divan tutan hərbçilərimizin necə böyük qəhrəmanlığa imza atdığını bir daha dərk edir. Və bu qavrayış fonunda onu da anlayırsan ki, belə cəsur, yenilməz, fədakar oğullara malik olan vətən heç vaxt məğlub ola bilməz”.

 

Səmyar Abdullayevin sözlərinə görə, səfər əsnasında Şuşa ilə bağlı yeni məlumat və təəssüratlara malik olan iştirakçılar erməni vəhşiliyinin ifşa edilməsində daha ciddi səy göstərməli, dünya ictimaiyyətini, beynəlxalq aləmi erməni vandalizmi haqqında daha ətraflı məlumatlandırmalıdır:

 

“Məlum səfər hər bir iştirakçının Şuşa, onun keçmişi və bugünü ilə bağlı təəsüratının zənginləşməsi, şəhərlə bağlı daha ətraflı məlumata sahib olması baxımından mühüm rol oynadı. Hesab edirəm ki, həm QHT, həm də media nümayəndələri səfər əsnasında şahidi olduğu hadisə və yeniliklərdən – erməni vəhşiliyindən, onun şəhərin  sosial-mədəni həyata vurduğu zərbədən, habelə işğaldan sonra Şuşada həyata keçirilən nəhəng quruculuq işlərindən beynəlxalq media platformasında geniş bəhs etməli, dünya ictimaiyyətini bu haqda ətraflı şəkildə məlumatlandırmalıdır. Dünya erməni vəhşiliyi haqqında da, Azərbaycan xalqının qurmaq-yaratmaq əzmi haqqında da geniş informasiya almalı, erməni faşizminin dağıdıcı xisləti ilə müqayisədə Azərbaycan xalqının qurucu-yaradıcı təbiəti haqqında daha dolğun məlumata sahib olmalıdır”.

 

Seymur ƏLİYEV

 

 

 

 

2021-09-14 09:28:00
1492 baxış

Digər xəbərlər

Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Ermənistanın 2 ədəd PUA-sı məhv edildi

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Hamısını oxu
“Separatçıların məhkəmə qarşısında dayanması dövlətimizin gücündən və ədalətindən xəbər verir”

Yanvarın 21-də Bakı Hərbi Məhkəməsində Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərdə təqsirləndirilən Arayik Arutyunyan və digərlərinin açıq məhkəmə prosesi keçirilib. Saytımıza açıqlamasında məlum məhkəmə prosesinə toxunan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, separatçılarla bağlı keçirilən məhkəmə prosesinin həm hüquqi, həm də mənəvi baxımdan mühüm önəm kəsb etdiyini bildirib: “Separatçıların məhkəmə qarşısında dayanması hər şeydən öncə dövlətimizin gücündən və ədalətindən xəbər verir. Vaxtiylə Azərbaycan xalqına qarşı ağır hərbi cinayətlərə yol verən, insanlarımızın həyatına qəsd edən, dinc vətəndaşlara qarşı belə xüsusi amansızlıq sərgiləyən şəxslərin bu gün məhkəmə qarşısında dayanması göstərir ki, Azərbaycan dövləti ədaləti təmin etməyə, kimliyindən asılı olmayaraq xalqımıza qarşı cinayət törədənləri cəzalandırmağa qadirdir. Heç kimə sirr deyil ki, qondarma “Dağlığ Qarabağ respublikası”nın rəhbərləri 44 günlük Vətən müharibəsinə qədər özlərini toxunulmaz hesab edirdi. Onlar belə hesab edirdi ki, heç vaxt etdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmayacaq, cəzasızlıq mühitində növbəti cinayətlərini həyata keçirəcəklər. Lakin Azərbaycan dövlətinin qətiyyəti və əzmi sayəsində onlar tutularaq məhkəmə qarşısına çıxarıldı və bununla da bütün dünya gördü ki, dövlətimizin təhlükəsizliyinə qəsd edən, onun ərazi büövlüyünü pozmağa çalışan, xalqımıza qarşı cinayət törədən heç kim məsuliyyətdən qaça, cəzadan qurtula bilməyəcək. Separatçılarla bağlı məhkəmə prosesində Azərbaycan dövlətinin ədalətini əks etdirən məqamlardan biri də ittiham olunan şəxslərin hüquqlarının yüksək səviyyədə qorunması, onların tərcüməçilər, vəkillər və s. ilə təmin edilməsidir. Məhkəmə prosesi açıq şəkildə keçirilir ki, bu da şəffaflığın təmin edilməsi, bütün dünyanın, eləcə də beynəlxalq ekspert və müşahidəçilərin bu prosesi rahat şəkildə izləməsi baxımından olduqca əhəmiyyətlidir. Bu fakt bir daha göstərir ki, xalqımız qarşısında törətdikləri cinayətlərin hədsiz ağırlığına baxmayaraq, rəsmi Bakı məhkəmə prosesinin beynəlxalq hüquq normaları çərçivəsində, şəffaf və ədalətli şəkildə keçirilməsini təmin edir. Dövlətimiz bununla yalnız separatçılara deyil, demokratiya, beynəlxalq hüquq, insan haqları adı altında insan hüquqlarını kütləvi şəkildə pozan, ağır cinayətlər törədən Fransa və bu qəbildən olan ermənipərəst dövlətlərə hüquq və insanlıq dərsi keçir. Rəsmi Bakı bununla bir kəs daha göstərir ki, Azərbaycan hüquq dövlətidir və kimliyindən, törətdiyi cinayətlərin ağırlığından asılı olmayaraq, hər kəsin məhkəmə qarşısında ədalətli mühakimə olunmaq hüququna hörmət edir, bu hüququ zərrə qədər də olsun pozmaq niyyətində deyil. Özünü “demokratiyanın beşiyi” hesab edən, insan hüquqlarının müdafiəsi adı altında insan hüquqlarına qəsd edən dövlətlər Azərbaycanın ədalətindən ibrət götürməli, sözdə deyil, əməldə insan hüquqlarına hörmət sərgiləməlidirlər”. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Seymur ƏLİYEV

Hamısını oxu
Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib. Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb. – Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib? – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi. – Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu? – Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi. – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz? – Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular. – 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz? – Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı. Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir. Hafta.az

Hamısını oxu