Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublik Veteranlar Təşkilatının VII Plenumu

Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanmış, daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də ötən plenumdan sonra dünyasını dəyişmiş Rəyasət Heyəti üzvlərinin və veteranlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir.   Plenumun işini giriş sözü ilə sədri, general-polkovnik Tofiq Ağahüseynov açaraq qeyd etmişdir ki, Respublika Veteranlar Təşkilatının VII Plenumunda RVT Rəyasət Hüyətinin üzvləri, Mərkəzi aparatın işçiləri, bütün şəhər və rayon təşkilatlarından, İkinci Dünya, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranları olmaqla 120 nəfər üzv seçilmişdir. Plenumda Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının 2017-ci il üzrə Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq fəaliyyətini təhlil edərək demişdir: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikası Prezidentinin uğurla davam etdirdiyi veteranlara qayğı siyasətinin başlıca məqsədi vətənpərvər insanların xidmətlərinin qiymətləndirilməsi, cəmiyyətdəki mövqeyinin, sosial müdafiəsinin gücləndirilməsidir. Azərbaycanda veteranların problemlərinin həlli dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xətdir. Hər il İkinci dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanan fərman və sərəncamlar bu qayğının əyani sübutlarıdır. Hazırda ölkəmizdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13,5 min nəfərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar icra edilir. Müharibə əlilləri və şəhid ailələrinə son 20 il ərzində 3646 şəxsə mənzil və fərdi ev verilib. Təkcə ötən il 450 nəfər müharibə əlili sanatoriya-kurort putyovkası ilə təmin olunub və digər tədbirlər görülüb. Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir və ona layiqincə cavab vermək üçün fəaliyyətinin səmərəliliyini ildən-ilə artırır. Bunu 2017-ci il üzrə Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə Təşkilatın hesabat dövründəki fəaliyyəti də aydın göstərir. Bu dövrdə həyata keçirilən tədbirlər əsasən bir neçə istiqamət üzrə təşkil olunmuşdur. Bunlardan ən başlıcası İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 72 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin müharibənin iştirakçıları ilə görüşünün təşkili və 72 illiyə hazırlıq istiqamətində həyata keçirilən tədbirlərlə bağlı olmuşdur.”. Məruzəçi RVT-nin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları, veteranların sosial müdafiəsinin gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, təşkilati və təbliğati iş istiqamətləri üzrə fəaliyyətindən bəhs etmiş, Bakı şəhərində və ölkənin bütün rayonlarında keçirilmiş tədbirlər barədə Plenum iştirakçılarına qısa məlumat vermişdir. O, 2017-ci ilin oktyabr ayınadək ölkədə 602 nəfər ikinci dünya  müharibəsi iştirakçısı olduğunu, onlardan 16 nəfərinin yaşının 100-ü keçdiyini bildirmişdir. Həmçinin, 6683 nəfər ikinci dünya  müharibəsi veteranların dul qadınları, 4742 nəfər məhəlli döyüş iştirakçıları, 3340 nəfər arxa cəbhə veteranları, 21954 nəfər Silahlı Qüvvələr veteranları, 133.624 nəfər əmək veteranı olduğu vurğulanmışdır. C.Xəlilov il ərzində RVT-yə veteran və veteran ailələri nümayəndələrindən daxil olmuş 150-dən çox məktub, ərizə və müraciətlər əsasında veteranların sosial-hüquqi müdafiəsinin təmin olunması, problemlərinin həlli məqsədi ilə Azərbaycan Respublikası müxtəlif dövlət  orqanlarına rəsmi məktublar, sorğular göndərildiyini bildirmişdir. Eləcə də, il ərzində telefon vasitəsi ilə 100-ə yaxın müxtəlif zümrədən olan veteranın müraciət və xahişi araşdırılmış, zəruri hallarda onlar Təşkilatda qəbul edilmişlər. Həmin müraciətlər mənzillə təminat, mənzil təmiri, xüsusi avtomaşın alınmasından başlamış, şəhid statusunun bərpası, pensiyanın yenidən hesablanması, müharibə veteranı vəsiqəsinin verilməsi, məhkəmə qərarlarının icrasına qədər ən müxtəlif sahələri əhatə etmişdir. C.Xəlilov Təşkilatın keçirdiyi ən mühüm tədbirlər sırasında “Azərbaycan Respublikası “Xatirə” kitabı”nın 15-ci cildinin təqdimatını, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümünü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Hüseyn Rəsulbəyovun, görkəmli alim və hərbi xadim Kərim Kərimovun yubileylərini, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhərinin Səbayil rayonu ərazisində yerləşən 160 saylı orta məktəbdə və Nəsimi rayonu ərazisindəki İlyas Əfəndiyev adına Elitar Gimnaziyada “Beynəlxalq sülh” günündə dünyanın 70-ə yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə  çağrış və s. tədbirləri qeyd etmişdir. O, Azərbaycan Respublikası Veteranlar Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Cənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri, dünyanın 20 ölkəsindən yüksək səviyyəli qonaqların iştirak etdiyi “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfransı xüsusi vurğulamış, bu tədbirin ölkə ictimaiyyəti, həm də xarici ölkə nümayəndələri tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir. Məruzə ətrafında çıxış edən ikinci dünya müharibəsi veteranı Fatma Səfərova, Preziden Admistrasiyası İcyimai-siyasi məsələlər şöbəsinin müdir müavinin Ərəstun Mehdiyev, Respublika Veteranlar Təşkilatının Nəzarət-Təvtiş Komissiyasının sədri Cahangir Nəsirov, Zəngilan rayon Veteranlar Təşkilatının sədri Əşrəf Şükürov, Şamaxı rayon Veteranlar Təşkilatının sədri Ağarza Bayramov, Gəncə şəhər Veteranlar Təşkilatının sədri Yusif Məmmədov, Ağdam rayon Veteranlar Təşkilatının sədri Hümmət Sadıqov, Sabunçu rayon Veteranlar Təşkilatının sədri Elxan Mirzəyev RVT-nin 2017-ci ildəki fəaliyyətin yüksək qiymətləndirmiş, veteranlara göstərilən qayğıdan və qarşıda duran vəzifələrdən danışmışlar. VII Plenum müzakirə olunan məsələlərlə bağlı, o cümlədən Respublika Veteranlar Təşkilatının 2018-ci il üzrə tədbirlər planının təsdiqi barədə müvafiq qərarlar qəbul etmişdir. RVT-nin VII Plenumunda dövlət orqanlarının nümayəndələri, RVT-nin şəhər və rayon təşkilatlarının sədrləri, İkinci dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, media təmsilçiləri iştirak etmişlər.

2017-12-05 00:00:00
5027 baxış

Digər xəbərlər

Masallıda vəzifəli şəxslər həbs edilib

Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə zərər vuran vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir. Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb. Bundan əlavə,  23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıb. 25 iyul 2020-ci il tarixdə Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Hamısını oxu
Bu gün 1941-1945-ci illər müharibəsinin başlanmasının 80-ci ildönümüdür

22 iyun 1941-1945-ci illər müharibəsinin başlanmasının 80-ci ildönümüdür.   Xatırladaq ki, 1 sentyabr 1939-cu ildə başlayan İkinci Dünya Müharibəsi 1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücumu ilə daha da genişlənib, miqyas etibari ilə növbəti mərhələyə qədəm qoyub.   Ümumi əhalisi 3,4 milyon olan Azərbaycan SSR-dən 681 min nəfər cəbhəyə yollanmışdır ki, onlardan 10 mini qadın idi. 300 mindən çox azərbaycanlı bu döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Müharibədə, həmçinin snayper Ziba Qəniyeva, zenitçi Almaz İbrahimova, partizan Aliyə Rüstəmbəyova, dəniz gəmisi kapitanı Şövkət Səlimova və başqa azərbaycanlı qadınlar da iştirak edirdi.   Azərbaycan SSR-də olan əsgərlər Brest qalası, Leninqrad, Moskva Stalinqrad, Qafqaz uğrunda döyüşlərdə iştirak etmiş, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişlər. Onlar Ukraynada, Krım yarımadasında vuruşmuş, Qırmızı Ordunun tərkibində Pribaltikanı, Şərqi Avropanı azad etmişlər.   Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstələri yaradılmışdır. Qızıl Ordunun 8 diviziyasının çox hissəsini azərbaycanlılar təşkil edirdi. İkinci Dünya Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı. General Həzi Aslanov daxil olmaqla, 3 nəfər iki dəfə bu ada layiq görülmüşdür. Sovet İttifaqı Qəhrəmanı adını alanlar arasında 42 nəfəri milliyyətcə azərbaycanlıdır. Onlardan 14-ü ölümündən sonra bu ada layiq görülüb. Sovet İttifaqı   Qəhrəmanı adını alan ilk azərbaycanlı leytenant İsrafil Məmmədov olub. Fransa, İtaliya, Krımda, Belarusiyada azərbaycanlıların rəhbərlik etdiyi partizan dəstələri yaradılmışdı. Məsələn Fransadakı azərbaycanlı partizan dəstəsinə Hüseynrza Məmmədov, İtaliyadakı azərbaycanlı partizan dəstəsinə Cavad Həkimli, Krımdakı Azərbaycan partizan dəstəsinə Məmməd Əliyev, Belarusda fəaliyyət göstərən partizan dəstəsinə isə Məmməd İsayev rəhbərlik edib.   Böyük Vətən müharibəsi başlamamışdan əvvəl Azərbaycan SSR neft sənayesinin - neft və neft məhsullarının əsas tədarükçüsü, neft sənayesindəki mütəxəssislərin hazırlanmasında və neft avadanlığı istehsalında lokomotiv idi. Müharibəyə baxmayaraq Bakı yanacaq və sürtkü təchizatında aparıcı idi. Müharibə illərində Azərbaycan neftçiləri bütün ölkənin yanacağının 80%-ni təşkil ediblər. Müharibənin ilk ilində 23,5 milyon ton neft göndərildi. Böyük Vətən müharibəsi dövründə hərbi ehtiyaclar üçün ümumilikdə 75 milyon ton neft göndərilib.   Sovet İttifaqı marşalı Georgi Jukov qeyd etmişdir: Bakının neftçiləri Vətənini qorumaq, düşmən üzərində tez qələbə çalmaq üçün  cəbhəyə və ölkəyə lazım olan qədər yanacaq verdilər.   Rusiyanın Azərbaycandakı sabiq səfiri Vasili İstratov yazırdı: Azərbaycanın təbii ehtiyatları olmadan Böyük Vətən müharibəsində heç bir qələbə qazanmaq olmazdı. Böyük Vətən müharibəsi dövründə Azərbaycan neftçiləri 160 dəfə o illərdə yüksək əmək qabiliyyətinin göstəricisi olan Dövlət Müdafiə Komitəsi, Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının və SSRİ-nin Neft sənayesi üzrə Xalq Komissarlığının keçici Qırmızı bayrağını almışdılar.   Bakı sakini Nikolay Konstantinoviç Baybakov hərbi hissələri və müəssisələri yanacaqla təmin edən xüsusi təyinatlı qərargahı idarə edib. N.K.Baybakov yazırdı: Sovet döyüş maşınlarının 75-80 faizi bakılıların əməyi sayəsində hərəkət edirdi. Müharibənin taleyi onların işindən asılı idi. Ön cəbhədə olmadan, Azərbaycanın paytaxtı neft arteriyaları vasitəsilə Qırmızı Ordunun əməliyyat qrupu ilə əlaqədə idilər. Sovet İttifaqı marşalı Konstantin Rokossovski Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinə yazdığı məktubunda qeyd edirdi:   Qorxmaz şahinlərin hər bir zərbəsində, sovet tanklarının hər basqınında, alman-faşist qüvvələri üzərində hər bir zəfərdə Bakı neftçilərinin payı az deyil.   1945-ci il aprelin 28-də Sovet İttifaqı marşalı Fyodor Tolbuxin "Azərbaycan xalqına eşq olsun" adlı məqaləsində yazırdı:   Qırmızı Ordu Azərbaycan xalqına və cəsur Bakı neftçilərinə çoxlu zəfərlər üçün, keyfiyyətli yanacağın vaxtında çatdırılmasına görə borcludur. Stalinqrad yaxınlığında, Donda və Donbasda, Dnepr və Dnestr sahillərində, Belqradda, Budapeşt və Vyana yaxınlığında vuruşan döyüşçülər Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayır və Bakının cəsur neftçilərini salamlayırlar. Müharibədən sonra Bakıya gələn Sovet İttifaqı marşalı Semyon Budyonnı jurnalistlərə deyib: Sizin neftiniz olmadan çətin ki, biz müharibədə süvarilərin köməyi ilə bu qədər qələbə qazana bilərdik.   Belarus Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Qleb Krasnevski yazırdı: Məhz, Azərbaycan nefti Böyük Vətən müharibəsində qələbənin həlledici amillərindən biri olmuşdur.   Böyük Vətən müharibəsi başlayandan sonra bütün respublika "Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!" şüarı ilə çalışırdı. Bütün sahələr cəbhənin maraqlarına qulluq edirdi. İstehlak mallarının istehsalı hərbi təchizat, qida və digər məhsulların istehsalına keçdi. Ordunun təmin olunması üçün Azərbaycanda əvvəllər istehsal olunmayan böyük miqdarda qida, geyim, ayaqqabı və digər mal növlərinin istehsalına ehtiyac var idi.   Böyük Vətən müharibəsinin ilk dövründə Azərbaycan yüngül sənaye müəssisələri Qırmızı Ordunun ehtiyacları üçün təxminən 30 növ məhsul istehsal edirdilər.   Kimya sənayesi zavodları da hərbi məhsul və digər avadanlıqların istehsalına yönəldilmişdi. Bu zavodlarda yanğınsöndürmə avadanlıqları istehsal olundu, qoruyucu geyimlərin münbitləşdirilməsi prosesi mənimsənildi.   Azərbaycanın ət və süd sənayesi müəssisələri əvvəllər xaricdən gətirilən bir sıra yeni dərman növlərinin istehsalına başlamışdılar. Yerli xammalın istifadəsi əsasında tibbi ləvazimatlar zavodu yaradılmışdı.   Yerli sənayedə işləyənlər hərbi təchizatın istehsalında da iştirak edirdilər. Ən qısa müddətdə bu müəssisələrin avadanlıqları cəbhə üçün lazım olan yeni məhsulların buraxılması üçün uyğunlaşdırılmışdı. Azərbaycan SSR-də 130 növdən çox silah və döyüş sursatı istehsal edilmişdi. Məsələn, Bakıda əfsanəvi “Katyuşa”lar üçün mərmi, ​​Yak-3 və UTI-4 döyüş təyyarələri düzəldilirdi. Azərbaycan SSR-də sakinlərin şəxsi ehtiyatlarından 15 kq qızıl, 952 kq gümüş, 320 mln. rubl müdafiə fonduna verilmişdi.   Bakı müəssisələri Dnepr SES, Azov limanı və Sovet İttifaqının digər mühüm strateji obyektlərini bərpa etməkdə fəal iştirak edirdi.   Böyük Vətən müharibəsi dövründə Bakıda və ölkə daxilində onlarla hərbi xəstəxana fəaliyyət göstərirdi. Rəsmi məlumatlara görə, Azərbaycan SSR-in xəstəxanalarında yarım milyon sovet əsgəri müalicə edilmişdi. Onların bir çoxu müharibədən sonra Azərbaycanda qalıblar. 1945-ci il mayın 2-də səhər saatlarında döyüşçülər Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev leytenant A.Məcidovun rəhbərliyi altında Brandenburq qapısı üzərində qalibiyyət bayrağını qaldırdılar.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Qələmini süngüyə çevirən jurnalist

Azərbaycanın Milli Qəhrəmanı, Qələmini süngüyə, çevirən peşəsinin müsəlləh əsgəri olan jurnalist Salatın Əsgərova  1961-ci ilin 16 dekabrında Bakı şəhərində ziyalı ailəsində anadan olub.1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur, 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alır. Ancaq Salatın Əsgərova jurnalistika sahəsi ilə maraqlanırdı. Başqa bir ixtisası bitirsə də, sevdiyi sahəyə olan maraq onun həmin istiqamətə getməsinə səbəb olur. Salatın Əsgərova 1984-cü ildə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayır. İşlədiyi dövrdə bir çox məqalələr yazır. Həmin dövrlərdə Azərbaycan və Ermənistan arasında problemlər başlayır. Erməni tərəfi ölkəmizə qarşı təxribatlar törədir, torpaq iddiaları qaldırırlar. Salatın Əsgərova isə yazdığı məqalələrdə bu mövzulara xüsusilə toxunurdu. Ermənistanın Azərbaycana qarşı müharibəyə başlaması ilə Salatın Əsgərova döyüş bölgələrindən, qaynar nöqtələrdən xəbərlər, məqalələr hazırlayaraq yayımlamaq qərarına gəlir. Çünki digər azərbaycanlılar kimi o da düşmən təxribatlarından çox təsirlənmişdi. Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarır. Salatın Əsgərovanın sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən yazısı olub. O, “Molodyoj Azerbaydjana” qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında azərbaycanlı döyüşçülərin igidliyindən danışır, həm də, imperiyanı sərt tənqid edirdi.  Salatın Əsgərova 1991-ci il yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Qarabağa Oleq Larionovun yanına getmək qərarına gəlir. Batalyon komandiri polkovnik-leytenant Oleq Larionov sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini düşmənin hücumlarından qorumuşdu. Buna görə də, onlar Larionovun başına pul mükafatı qoymuşdular. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi. Salatın Əsgərova Oleqlə görüşür. 1991-ci il yanvarın 9-u onlar daha bir neçə hərbçi ilə birgə eyni avtomobildə hərəkət edərkən erməni silahlılarının pusqusuna düşürlər.Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir.Laçın Rayon Daxili İşlər Şöbəsinin əməkdaşı, Milli Qəhrəman (ölümündən sonra) İsrafil Şahverdiyev Salatın Əsgərova və digər hərbçiləri qətlə yetirən erməni silahlılarının tutulması üçün cinayət işi açır. Nəticədə, onları qətlə yetirən Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs edilir. 1993-cü ildə onlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də Ermənistana təhvil verilir.Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd adlanır”.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
Mehriban Əliyeva: Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!

Hamısını oxu