Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

27 sentyabr xalqımızın qürur və özünəqayıdış günüdür

Xalqımız hər zaman bizə qələbə bəxş edən qəhrəman övladlarını sevinc və minnətdarlıq hissi ilə anacaq. 27 Sentyabr xalqımızın qürur və özünəqayıdış günüdür. 44 günlük Vətən müharibəsinin ilk günü olan 27 sentyabr Azərbaycanın hərb və dövlətçilik tarixində hər zaman ehtiram və iftixar hissi ilə anılacaq. Bu fikirləri “Xalq qəzeti”nə müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Müsahibəni təqdim edirik:

– Cəlil müəllim, müharibənin baş­ladığını necə xatırlayırsınız?

– 2020-ci ilin 27 Sentybar tarixi 44 günlük şanlı Vətən müharibəsinin baş­ladığı, ordumuzun bütün cəbhə xətti boyu əks-hücuma keçdiyi gündür. Məhz 27 sentyabr tarixində Azərbaycan xal­qı, Azərbaycan Ordusu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 30 illik erməni işğalına qarşı hərbi müstəvidə mübarizəyə başladı və bu mübarizə cəmi 44 gün ərzində yağı düşmənin məğlub olması, Ermənistanın hərbi potensia­lının 80 faizdən çoxunun darmadağın edilməsi ilə nəticələndi. Azərbaycan 44 gün ərzində düşməni torpaqlarımızdan qovub çıxardı. Bir sıra iri rayonlarımız – Ağdam, Laçın və Kəlbəcər isə bir güllə belə atılmadan, Prezident İlham Əliyevin diplomatik səriştəsi nəticəsində erməni işğalından azad edildi. Ermənistanın bu 30 ildə qurduğu bütün istehkamlar 44 gün ərzində yarıldı, hərbi texnikaları dəmir yığınına çevrildi. Bu, Azərbaycan hərb tarixinin ən böyük, ən möhtəşəm qələbəsi idi. Əminəm ki, illər, əsrlər keçsə də, bu qələbə Azərbaycan xalqı­nın qan yadaşında, Azərbaycan tarixində ən şanlı qalibiyyət kimi yaşayacaq, öz əzəmətindən heç nə itirməyəcəkdir. 27 Sentyabr həmişə tarixin yaddaşında qalacaq.

– Cənab polkovnik, istərdik müharibənin tarixi əhəmiyyətindən danışasınız.

– 30 il ərzində Azərbaycan bütün dünya ictimaiyyətinə - xarici dövlətlərə, təşkilatlara öz sülh təklifini verdi. Bu istiqamətdə xeyli görüşlər baş tutdu. Azərbaycan hər zaman sülhə, sülh danışıqlarına sədaqət nümayiş etdir­di. Təəssüf ki, ermənilər işğalçılıq ide­yalarından, vandal aktlarından, faşist təfəkküründən əl çəkmədilər. Bu mənada müharibə qaçılmaz idi. Bu müharibəni həm də xalqımız, gənclərimiz, orduda xidmət edən zabitlərimiz, əsgərlərimiz tələb edirdi. Qələbənin əldə edilməsi Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan xalqının qəhrəman övlad­larının fədakarlığı sayəsində mümkün olub.

Şübhəsiz, 30 il torpaqlarımızı iş­ğalda saxlayan, bu torpaqlarda çoxlu sayda maneə və istehkamlar inşa edən erməniləri tarixi torpaqlarımızdan qo­vub çıxarmaq heç də asan məsələ de­yildi. Bu, yüksək dağ şəraitində döyüşə bilən bacarıqlı, peşəkar ordu, sözün əsl mənasında dahi sərkərdə tələb edirdi. Bundan başqa, bu müharibədə qələbə qazanmaq üçün həm də həqiqi fədakarlıq, yüksək mənəvi keyfiyyətlər tələb olunurdu. Qürurvericidir ki, Azərbaycan xalqı qələbə üçün gərəkli olan bütün amilləri ortaya qoya bildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa zamanda düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi. Müharibə nəticəsində üç min hərbçimiz şəhid oldu, minlərlə hərbçimiz yaralandı.

Ermənistan müharibəni beynəlxalq hüquq prinsiplərinə uyğun aparmırdı. Dinc sakinləri, mülki obyektləri, şəhər və kəndlərimizi hədəf olaraq seçirdi. Bütün bunlar qəzəb, hiddət doğururdu. Lakin bütün bunlara baxmayaraq, xalqı­mız qələbəyə imza ata, düşmənə tarixi dərs verə bildi. Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından iki il ötür. Biz sadəcə 27 sentyabr tarixində de­yil, hər zaman qəhrəman şəhidlərimizi sevgi ilə anır, onlarla fəxr edir, qəlbən öz minnətdarlığımızı bildiririk. Çünki dövlətimizin ərazi bütövlüyü məhz onla­rın sayəsində bərpa olunub. Xalqımız öz mənəvi bütövlüyünü, öz qürurunu məhz onların igidliyi, fədakarlığı sayəsində bərpa edib. Məhz onların sayəsində biz hər kəsin gözünə dik baxa, öz mil­li kimliyimizlə fəxr edə, işğaldan azad edilən torpaqlarımızda azad və qürurla gəzə bilirik.

Dünyanın aparıcı ölkələri belə Azərbaycana irad tuta bilmirlər. Çünki bu müharibə Azərbaycanın haqq savaşı idi. Azərbaycan Ordusu Azərbaycan torpa­ğında terrora, erməni silahlı dəstələrinə qarşı ədalətli müharibə aparırdı. Ədalət tərəfdarı olan Türkiyə, Pakistan kimi bir çox ölkələr Azərbaycanın haqq savaşını dəstəkləyirdi.

– Cəlil müəllim, ordumuz, gənclərimiz müharibəyə hansı səviyyədə hazırlıqlı idi?

– Biz qələbəni olduqca yüksək əhval-ruhiyyə ilə hazırlıqlı olan ordumuz, gənclərimiz sayəsində qazandıq. Son 30 ildə gənclərimiz yüksək səviyyədə döyüşə hazırlanmış, mənəvi-psixoloji cəhətdən yetişmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən son­ra bu proseslər başladı – ictimai-siyasi sabitlik yarandı, ordu quruculuğu, iqtisa­diyyat və idarəetmə gücləndirildi, xarici dövlətlərlə iqtisadi-siyasi əlaqələr qu­ruldu, Azərbaycan gənclərinin xaricdə hərbi təhsil almaları üçün imkanlar ya­radıldı. Hərbi məktəblərin yaradılması, güclü ordunun formalaşması, NATO kimi təşkilatların ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildi. Azərbaycan Ordusu yüksək səviyyədə təmin olun­muş, NATO standartları səviyyəsinə çatdırılmışdı. Türkiyə, Rusiya, Çexiya, İsrail kimi ölkələrdən ən müasir silah və texnikalar alınaraq, Azərbaycan Ordu­sunun arsenalına daxil edilmişdi. Bütün bu imkanlardan sonra qalib gəlməmək mümkün deyildi. Bu müharibədə Ali Baş Komandan həm də diplomat kimi olduqca yüksək səriştə göstərdi. Dün­ya ictimaiyyətinə Azərbaycanın haqq savaşını çatdırmaqla yanaşı, ordumu­za da yüksək dəstək göstərdi. 44 gün ərzində hərbi formanı çıxarmadı, zabit və əsgərlərimizin yanında oldu. Prezi­dent hər an cəbhədə gedən məsələləri araşdırır, analiz edir və təkliflər verirdi.

– Düşünürəm ki, qələbənin qaza­nılmasında xalq-dövlət birliyi də az rol oynamadı.

– Əlbəttə ki, bu belə idi. Səfərbərlik və hərbi çağırış xidməti idarələrinin qar­şısı gənclərlə, ehtiyatda olan zabitlərlə dolu idi. Hər kəs döyüşmək istəyirdi. Hər bir azərbaycanlı əsgərlərimizin yanında olmaq, onlarla birgə döyüşmək istəyirdi.

– Biz həm də arxa cəbhədə xüsusi fəallıq görürdük.

– Bəli, iş adamlarımız, dövlət müəssisələri, qurum və təşkilatlar ordu­ya lazım olan ləvazimatlar göndərirdi. Təminat o qədər güclənmişdi ki, onları yerləşdirmək belə olmurdu. Müharibədə iştirak edən bir qazimizin mənə danışdı­ğı hissələri sizinlə bölüşəcəm. Qazimiz deyirdi ki, bir məktəbli uşaq əsgərə co­rab göndərmişdi və üzərinə yazmışdı ki, “əsgər əmi, geyin bunu, ayaqlarına soyuq olmasın”. Bu məktəblidən tutmuş yüz yaşındakı veteranlarımıza maddi və mənəvi birlik nümayiş etdirdi. Ordumuzu bu birlik daha da irəli aparırdı. Hər gün irəli gedir, 44 gün ərzində bir gün belə ləngimirdi, ancaq irəli.

– Siz Əfqanıstan və Qarabağ müharibələrinin veteranı olmaqla yanaşı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavinisiniz. Təmsil olunduğunuz təşkilat istər müharibə ərəfəsində, istərsə də müharibədən sonra hansı işləri həyata keçirib?

– Təmsil olunduğum təşkilat hər zaman şəhidlərimizin təbliğinə, onların xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirib və bu amil təşkilatın gələcək fəaliyyətində də əsas istiqamətlərdən biri olaraq qalacaqdır. Hesab edirəm ki, kimliyindən, sosial statusundan, ha­rada, hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər kəs şəhidlərimizin xatirəsini uca tutmalı, onların xatirəsinin əbədiləşdirlməsi, müharibədə göstərdikləri qəhrəmanlıqların təbliğ edilməsi, gənc nəslə tanıdılması istiqamətində əlindən gələni etməlidirlər. Bu mənada, təşkilatımız gənclərin ordu­ya hazırlanması ilə bağlı müxtəlif qurum­larda, təhsil ocaqlarında görüşlər keçirib. Hərbi qanunvericiliyi, Azərbaycanın tari­xini xüsusi təbliğ edirik. Ordumuzda olan texnikalardan istifadə qaydaları, nizam-intizama riayət edilməsi məsələlərinin təbliği istiqamətində, gənclərin fiziki hazırlığı cəhətdən xeyli işlər görmüşük. Təkcə ölkə daxilində deyil, müxtəlif xa­rici dillərdə dünya ictimaiyyəti, dünya veteranlar təşkilatları qarşısında da təbliğatımızı yüksək səviyyədə aparmı­şıq.

Həmin proses bu gün də davam et­dirilir. Biz həm xaricə dəvət olunur, həm də ölkəmizə qonaqlar dəvət edərək nəzərlərinə çatdırırıq ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməsi üçün mübarizə aparır, heç bir dövlətə ərazi id­diası yoxdur. Sadəcə, bugünkü gənclər deyil, gələcək nəsillər də bilməlidirlər ki, biz 8 Noyabr Zəfərinə görə kimlərə borcluyuq. Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteran­lar Təşkilatı mütəmadi iş aparmaq­da, orta və ali təhsil müəssiələrində, müxtəlif auditoriyalarda şəhidlərimizin və onların qəhrəmanlıqlarının təbliği ilə məşğul olmaqda, onların xatirəsinin əbədiləşdirilməsi üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldır­maqdadır. Biz hər vasitə ilə çalışırıq ki, gənclərimiz şəhidlərimizi tanısın, onların döyüş yoluna dərindən bələd olsunlar. Bu, həm milli və hərb tariximi­zin öyrənilməsi, həm də qəhrəmanlıq ənənələrinin davam etdirlməsi baxımın­dan əhəmiyyətlidir. Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteranlar Təşkilatı ola­raq gələcəkdə bu istiqaməti daim diqqət mərkəzində saxlayacaq, şəhdilərimizin təbliği istiqamətində yeni-yeni addımlar atacaq, layihələr həyata keçirəcəyik.

– Müsahibəmizin sonuna gəldik. Sonda vurğulamaq istədiyiniz fikirlərinizi bölüşə bilərsiniz.

– Ermənistan sülhdən yayınır. Bu həm də Ermənistan rəhbərliyinin xalqına olan xəyanətidir. İşğalçılıq niyyətindən əl çəkərək, orada yaşayan insanların firəvanlığı üçün nələrsə edə bilərlər. Ermənilər xaricdən yardım ala­raq, təxribatlar törətməyə son qoymalı, kiminsə oyuncağına çevirlməkdən yaxa qutarmağı düşünməlidirlər. Görünən odur ki, himayədarları onları düzgün təlimatlandıra bilmirlər.

Müharibə itkisiz, qələbə şəhidsiz ol­mur. Sözsüz ki, şəhidlərimiz, qazilərimiz oldu. Mən həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirəm. Şəhidlərimizə olan sevgimiz sonsuz və əbədidir. Qazilərimizə can sağlığı arzulayıram.

Qələmə aldı: Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

2022-09-27 09:44:00
1083 baxış

Digər xəbərlər

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, bu gün Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının final mərhələsi keçirilib. Finalda 12 komanda iştirak edib. Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Təlimə Dəstək Mərkəzinin direktoru Anar Mustafazadə və mərkəzin  metodisti Qılman Eyvazov yarış iştirakçılarına uğurlar arzulayıblar. Sonra çağırışaqədərki hazırlıq fənni üzrə 10-cu sinfin tədris proqramı əhatə olunmaqla hərbi sahəyə dair məntiqə əsaslanan, gəncləri düşündürməyi bacaran, gələcək həyatlarında onlara lazım olacaq bilikləri özündə əks etdirən 25 sual təqdim edilib və yarışın qalibləri müəyyən olunub. 1-ci yeri 80 nömrəli tam orta məktəbin, 2-ci yeri 220 nömrəli məktəb-liseyin, 3-cü yeri isə 55 nömrəli tam orta məktəbin komandaları tutublar. Qalib komandalar və həmin təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən diplomla mükafatlandırılıblar. Yarışın bağlanış mərasimində çıxış edən Füzuli İsmayılov Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq postmüharibə dövründə gənclər arasında vətənpərvərlik hisslərinin təbliğ olunması, təhsil müəssisələrində vətəndaşlara çağırışaqədərki hazırlıq fənni üzrə dərslərin keyfiyyətli tədrisinə yaxından köməklik göstərilməsi və çağırışaqədər yaş həddində olan vətəndaşların Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə belə platformaların əhəmiyyəti barədə məlumat verib.

Hamısını oxu
Zakir Fərəcov beynəlxalq mükafata layiq görülüb

Veteran.gov.az xəbər verir ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu “Türk Dünyasında ilin adamı” Beynəlxalq Diplomu və “Türk Birliyi” Medalı ilə təltif edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin 17 mart 2025-ci il tarixli, 03 saylı qərarı ilə “Türk Dünyasında ilin adamı” (İlin icra başçısı) seçilmişdir. Eyni zamanda “Türk Birliyi” (Turan) medalı ilə təltif edilmişdir.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı general-mayor Mürsəl İbrahimova başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun anası vəfat edib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə veteranlar adından general-mayor Mürsəl İbrahimova dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu
Dünya azərbaycanlılarına

Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram. Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir. Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq. Nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır. Mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılanır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. İnanıram ki, sizin məqsədyönlü və birgə fəaliyyətiniz gücümüzü daha da artıracaq, hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcəkdir. Sizə bu yolda möhkəm iradə və mütəşəkkillik, şəxsi həyatınızda səadət və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!     İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 2017-ci il.

Hamısını oxu