Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Virtual 71-ci Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident İlham Əliyevin videomüraciəti təqdim olunub

Oktyabrın 12-də “Kiber Kosmos buraxılışı” mövzusunda virtual 71-ci Beynəlxalq Astronavtika Konqresi keçirilib. AZƏRTAC xəbər verir ki, konqresin açılış mərasimində Prezident İlham Əliyevin videomüraciəti təqdim olunub. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd: Gələcəyə baxaraq, gəlin 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək Azərbaycana, Bakıya bağlanaq. Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə söz verməkdən şərəf hissi duyuram. Azərbaycan Prezidenti İlham Əliyev: Hörmətli xanımlar və cənablar, mən sizi Azərbaycanın paytaxtı Bakıdan səmimi qəlbdən salamlayıram. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. İlk növbədə, mən bizim namizədliyimizi dəstəklədiyinə görə Beynəlxalq Astronavtika Federasiyasının üzvlərinə, Bürosuna və komitələrinə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edəcək. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək. Müstəqillik dövründə Azərbaycan möhtəşəm inkişafa nail olub. Azərbaycan beynəlxalq arenada fəal ölkələrdən biridir. Bu gün Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim iqtisadi göstəricilərimiz statistikada öz əksini tapıb. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 20 faizi həcmindədir və ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Hazırda təbii ehtiyatlarımız inkişafımıza xidmət edir və təbii ehtiyatlarımızın insan kapitalına çevrilməsi bizim əsas prioritetlərimizdən biridir. Bu gün Azərbaycan kosmik klubun üzvüdür və Azərbaycan 3 peyki ilə bu istiqamətdə öz fəaliyyətini davam etdirməyi planlaşdırır. Mən əminəm ki, 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqres ölkəmizdə kosmik sənayenin inkişafına əlavə stimul verəcək. Sizə uğurlar arzu edirəm və 2023-cü ildə Bakıda görüşərik. Təşəkkür edirəm. Xanım Paskal Erenfroynd: Cənab Prezident, bu ilhamlandırıcı çıxışınız üçün çox sağ olun. 2023-cü ildə Bakıya gəlməyi səbirsizliklə gözləyirik. Qeyd edək ki, Azərbaycanda kosmik sənayenin inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir. Bu tədbir xalqımızın yüksək intellektual potensialı ilə yanaşı, texniki potensialını da bütün dünyaya nümayiş etdirib. Ulu Öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb. Son 5 ildə ölkəmizin orbitdə 3 peykə sahib olması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin İKT sahəsində son illərdə əldə etdiyi böyük uğurlarla bağlıdır. Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunması planlaşdırılan 71-ci Beynəlxalq Astronavtika Konqresi COVID-19 pandemiyası səbəbindən Beynəlxalq Astronavtika Federasiyası tərəfindən növbəti ilə keçirilib. Lakin tədbirin davamlılığının təmin edilməsi məqsədilə 71 ölkəni təmsil edən 407 təşkilatın üzv olduğu Federasiya builki Konqresi oktyabrın 12-14-də virtual formatda keçirir. Bu Konqres kosmik sahədə aparıcı agentliklərin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünyanın 70-ə yaxın ölkəsindən ümumilikdə 6 mindən çox mütəxəssisi bir araya toplayan qlobal platformadır.

2020-10-13 00:00:00
3131 baxış

Digər xəbərlər

İlham Əliyev:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib. Publika.az Prezident İlham Əliyevin görüşdəki çıxışından əsas məqamları təqdim edir: “Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”. “Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”. “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”. “Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək”. “Biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin, əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”.

Hamısını oxu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib

Zaur Əliyev veteranların müalicə və istirahət şəraiti ilə tanış olub, arzu və təklifləri ilə maraqlanıb Veteran.gov.az xəbər verir ki, iyulun 4-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib, xəstəxananın tibbi heyəti və veteranlarla görüşüb. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xəstəxananın tarixi, onun veteranların istirahəti və müalicəsindəki rolu haqqında məlumat verib. Polkovnik qeyd edib ki, Müharibə Veteranlarının Respublika Xəstəxanası bu gün də respublika veteranlarının müalicəsində mühüm rol oynayır, il ərzində yüzlərlə veterana xidmət edir. Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva xəstəxananın ötən il iki mindən çox veterana xidmət etdiyini, hazırda 150 nəfərdən çox veteranın müalicə aldığını bildirib. Gülşən Əliyeva vurğulayıb ki, müəyyən rekontruksiya işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür. Xəstəxananın korpus və şöbələrini gəzən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xəstəxanadakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla tanış olub. Xəstəxanadakı veteranlarla da görüşən Zaur Əliyev onlarla söhbət edib, palatalarda veteranlara yaradılan şəraitlə tanış olub. Zaur Əliyev həmçinin, xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanıb, xəstəxananın daha effektiv fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanların dəyərləndiriləcəyini qeyd edib. Görüşdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da iştirak edib. Seymur ƏLİYEV Fotolar müəllifə aiddir    

Hamısını oxu
Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova dünyasını dəyişib.

Azərbaycan ictimaiyyətinə, həmçinin müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına  ağır itki üz verib. Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova 14 sentyabr 2024-cü ildə dünyasını dəyişib.   Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmışdır. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova müharibədən sonra  Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil almışdır. Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənmiş, uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirmişdir. Müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının uzun illər Rəyasət heyətinin üzvi olmuş Fatma Səttarova 16 yanvar 2021-ci ildən Təşkilatın sədri vəzifəsinə seçilmişdir. Təşkilatın fəaliyyətinin səmərəli təşkil olunmasında, əsl Azərbaycan qadını, ana kimi gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində təcrübəsini və biliyini əsirgəməmişdir. Fatma Səttarova Prezident İlham Əliyevin 24 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fatma Səttarovanın 100 illiyi münasibəti ilə Təşkilat sədrinə ünvanladığı təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsi zamanı dövlətin, ordunun yanında olduğunu, qazilərə, şəhid ailələrinə dəstək verdiyini qeyd etmiş, Təşkilatın fəaliyyyətini yüksək qiymətləndirmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından mərhumun doğmalarına, əzizlərinə səbir diləyir, kədərlərini bölüşürük.   Allah rəhmət eləsin!”.

Hamısını oxu
Rayon Veteranlar Təşkilatının üzvləri şəhidin doğum günündə məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayonun Vənlik kəndinə gedərək şəhid baş gizir Nahid Məmmədovun doğum gününü yad ediblər.  Tədbirdə ön cəbhədən gələn döyüş yoldaşları çıxış edib. Onlar  baş gizir Nahid Məmmədovun 13 sentyabr 2022-ci ildə qanunsuz  erməni silahlı birləşmələri tərəfindən törədilmiş təxribat nəticəsində şəhid olduğunu bildiriblər və onunla bağlı xatirələrindən söz açıblar. Qeyd edək ki, şəhid baş gizir Nahid Məmmədov ailəli idi, 2 övladı yadigar qalıb. O,  yaşasaydı, bu gün 33 yaşı tamam olacaqdı. Tədbir iştirakçıları şəhid Nahid Məmmədovun məzarını ziyarət edib, qərənfillər qoyduqdan sonra  şəhidlərimizin  ruhuna dualar oxuyublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu