Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub

Veteran.gov.az xəbər verir ki, sentyabrın 23-də Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub.

 

Federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, onlar üçün yaradılmış şəraitlə tanış olub.

 

Daha sonra nazir Fərid Qayıbov federasiyanın maddi-texniki bazasına baxış keçirib.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

 

Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev və Güləş Federasiyasının baş katibi Orxan Məmmədov iştirak ediblər.

 

2021-09-24 08:18:00
1327 baxış

Digər xəbərlər

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov jurnalistləri təbrik edib

Veteran.gov.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 22 İyul – Milli Mətbuat Günü münasibətilə media işçilərinə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli media nümayəndələri, əziz jurnalistlər! Sizi Azərbaycanın Milli Mətbuat Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, yaradıcılıq uğurları və fədakar əməyinizdə yeni nailiyyətlər arzulayıram. Bu gün 22 İyul, milli mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzetinin nəşrə başladığı gündür. Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə təsis edilən bu qəzet qısa müddətdə xalqımızın maariflənməsində, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında mühüm rol oynayıb. “Əkinçi” qəzetinin milli mətbuatımızın inkişafında əvəzsiz rolu olmuşdur. Onun qoyduğu təməl üzərində anadilli mətbuatımızın digər nümunələri – “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat” və “Füyuzat” kimi qəzet və jurnallar milli mətbuatımızın zəngin tarixini formalaşdırmışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən başlayaraq ölkəmizdə mətbuat azadlığı, senzura və digər süni maneələrin aradan qaldırılması, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Bu siyasət cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə də uğurla davam etdirilir, mətbuatın inkişafına dövlət dəstəyi göstərilir. Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşılan bu gün, həm də müasir informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə medianın qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilməsinin şahidi oluruq. Media sahəsində peşəkarlıq, obyektivlik və qərəzsizlik prinsiplərinə sadiq qalaraq, jurnalistlərimiz Azərbaycanın dövlətçilik maraqlarını qorumaqda və vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməkdə fədakarlıq göstərirlər. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Postmüharibə dövründə də mətbuatımızın bu işi davam etdirməsi və Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi fikirlərin və bəyanatların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rolu danılmazdır. Sumqayıt şəhərində fəaliyyət göstərən media nümayəndələri də hər zaman yüksək peşəkarlıq və fədakarlıq nümunələri göstərərək, şəhərimizin sosial, iqtisadi və mədəni həyatının işıqlandırılmasında mühüm rol oynamışlar. Hörmətli jurnalistlər, Azərbaycan həqiqətlərinin təbliği, cəmiyyətimizin tərəqqisi naminə göstərdiyiniz xidmətlərə görə təşəkkür edir, yeni-yeni uğurlar arzulayıram. Milli Mətbuat Gününüz mübarək!” Hörmətlə, Zakir Fərəcov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı  

Hamısını oxu
Qüruru Vətən İnsan

Tanrı müdrik dövlət xadimlərini Azərbaycan xalqından əsirgəməyib. Əslində onların sayının o qədər çox olduğunu söyləmək mümkünsüzdür. Ancaq bu xalq öz dövlət adamlarını sanki zamanın tələbinə uyğun şəkildə yetişdirir. Zaman isə bizdən böyüməyi tələb edir.   Əslində bu tələbat, bir növ, yox olmamaq üçün böyümək, güclənmək zərurəti kimi meydana çıxır. Müstəqilliyimizin ilk illərindəki durumu yada salaq. Min bir çətinliklər bahasına başa gəlmiş, müəyyən mənada həm də tarixin hədiyyəsi kimi meydana çıxmış dövlətçiliyimizin yenidən itirilməsi təhlükəsi yaranmışdı. O zaman Ulu öndər Heydər Əliyev olmasaydı, kim bilir, indiki Azərbaycan var idi ya yox. Var idisə də bu varlıq hansı görkəmdəydi?..   Bəli, Heydər Əliyev bizə tarixin lütfü kimi meydana çıxmış şəxsiyyətdir. Onun baxış bucağı, dünyagörüşü, hadisə və proseslərə yanaşma tərzi, hətta liderlik keyfiyyətlərinin özü də bizim düşüncə və baxışlarımızı aşırdı. Heydər Əliyev Azərbaycandan böyük idi, çox yüksəkdəydi və obrazlı desək, Azərbaycanı da o yüksəkliyə dartıb çıxarmaq istəyirdi. O, əvvəl yolun yoxuşundakı alaq otlarını təmizlədi. Bunu məharətlə bacardı və düzən yaratdı. Düzən liderlikdə varislik prinsipini diqtə edirdi. Heydər Əliyev şəxsiyyəti bu diqtəni də reallıqla uzlaşdırmağı bacardı.   İlham Əliyev idi bu prinsipin adı. Bu, elə bir prinsip idi ki, formalaşmış düzənə mütəhərriklik gətirməliydi, gücə güc qatmalıydı. Başqa cür mümkün də deyildi. Bu dəfə Azərbaycanın miqyasını çox böyük anlamda aşmağa ehtiyac yaranmışdı. Qlobal inkişaf, transformasiyalar, neft amili, gözümüzün önündə viran qalan dövlətlər və ayaqda qalmaq. Dimdik qalmaq. Dimdik qalaraq dünya ilə bərabər addımlamaq. Dünyanın ayrılmaz parçasına çevrilmək. Geridə qalan atların güllələndiyi bir dünya düzənində ayaqda qalmaq, dünya boyda olmaq.   Prezident İlham Əliyevin miqyasının böyüklüyü imkan vermədi ki, güllələnək. Onun şəxsində Heydər Əliyev kursunun müdrikliyi qəribə bir mistika qazandı. Qarabağ atı. Düşünün ki, Heydər Əliyev çıxışlarında Azərbaycan xalqının mütləq və mütləq Qarabağa sahib olacağını vurğulayırdı. Bunu az qala hər nitqində dilə gətirirdi. İlham Əliyevin gücləndirdiyi Azərbaycan Qarabağ atının güllələnməsinə yol verməməklə gücümüzə təntənə qazandırdı. Biz xalq olaraq qeyrətimizin, namusumuzun güllələnməsinin qarşısını aldıq. Bütün güllələyənlərə tarixi dərs verdik. İlahi, Heydər Əliyev bu günləri görürmüş və bu günlərə hamımızdan çox İlham Əliyev inanırmış. Dövlət və dövlətçilik baxışı da elə budur.   İlham Əliyev ona görə böyük liderdir ki, dövlətçiliyə ideoloji obraz qazandırıb. Prezidentin baxışları müstəqilliyimizə dönməzlik libası geyindirib. Ona çətinliklərdən, təlatümlərdən müdafiə, təbii müqavimət instinkti verib. Bir sözlə dövlət kimi dövlət olmuşuq.   Azərbaycan tarixinin heç bir dövründə indiki qədər güclü və qətiyyətli olmayıb. Bir lider ömrünün 60 ilinə baxanda bunlarla fəxr etməzmi, qürur duymazmı? Bəli qətiyyətlə demək mümkündür ki, 60 ilin hesabatı qüdrətli Azərbaycandır! İlham Əliyevin qüdrətləndirdiyi Azərbaycan! Bu Azərbaycana görə hamımız qürur duyur, fəxarət hissi keçiririk. Və bu hissimizdir ən böyük yubiley təbrikimiz.   Azərbaycandan böyük Lider, mən də Sizə ünvanlanmış təbriklərə qoşulmaqdan məmnunam. Azərbaycan həmişə ucalsın, onu görün! Görün, onunla və özünüzlə daim qürur duyun! Qüruru Vətən olan insan kimi yaddaşımızda əbədisiniz! Uca Tanrı yar və yardımçınız olsun!   Əflatun Amaşov Mətbuat Şurasının sədri

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Ərəstun Mahmudov: Səmamızın şahini

Erməni millətçi-şovinistləri tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal ediblər. Nəticədə, dəfələrlə xalqımız ağır faciə və məşəqqətlərə məruz qalıb. Xalqın yaddaşında dərin iz buraxan, heç vaxt silinməsi mümkün olmayan, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələr törətmişlər. 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşlar. 28 il işğal altında qalan torpaqlarımızı 44 günlük Vətən müharibəsi zamanı böyük zəfərimizlə başa çatdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə   Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni qazanan  hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir.  Onların qəhrəmanlığı gələcək nəsillərə örnək  olur. Hər birimizin bu örnək ömürlərə sonsuz ehtiramımız vardır. Azərbaycanın Milli Qəhrəmanı Ərəstun İsfəndi oğlu Mahmudov belə oğul , belə hərbçi olub, belə qəhrəman olub.O,səmamızın şahini qoruyucu mələyi xilaskarı olub. Vətənimizin başını  qara bulud alan zaman bir göz qıpımında Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə dinc əhalinin köçürülməsində, ərzaq və müəyyən ləvazimatlar çatdırıb.Mahmudov Ərəstun İsfəndi oğlu 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində doğulmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1974-cü ildə Bakının Nizami rayonundakı 220 saylı orta məktəbi bitirmişdir. 1975- ci ildə Leninqrad vilayətinin Vıborq şəhəri Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1978-ci ildə təhsilini başa vurub, Azərbaycan Hava Yollarının Zabrat Aviasiya Şirkətində texnik-mexanik kimi AN2 təyyarəsində əmək fəaliyyətinə başlamışdır. O, idmanın ağır atletika növü ilə məşğul olurdu. Azərbaycanda, keçmiş SSRİ məkanında və eləcə də bir sıra xarici ölkələrdə keçirilən mötəbər yarışların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşdür. 1989-cu ildə Omsk şəhərində ixtisasartırma kursu keçmiş, Mİ-2 vertolyotunun bortmexaniki olmuşdur. Ərəstun Mahmudov özünü işgüzar və aviasiya texnikasını yaxşı bilən mütəxəssis kimi tanıtmış və 1990-cı ildə Ukraynanın Kremençuq şəhərində növbəti ixtisasartırma kursuna göndərilmişdir. Bundan sonra o, Mİ-8 vertolyotunun bort-mexaniki təyin edilmişdir.Daha sonra o, Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatı keçirən ekipajın tərkibinə daxil edilmişdir. Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə ezam edilmiş, dinc əhalinin köçürülməsində, döyüş bölgələrinə ərzaq və müəyyən ləvazimatın çatdırılmasında yaxından iştirak etmişdir. 28 yanvar 1992-ci ildə Ağdam və Şuşa marşrutu üzrə yerli əhalini daşıyarkən Mİ-8 vertolyotu erməni yaraqlıları tərəfindən raketlə vurulur. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov qəhrəmancasına həlak olur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı var. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İsfəndi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Oxuduğu 220 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.Qəhrəmanlar ölümü gözə alaraq vuruşur, Şəhidlik məqamına ucalırlar.Buna görə də onların heç birini unutmaq olmaz. Onlar bizim qürur mənbəyimizdir.                                                                    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri,                                                                   polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Vətənin azadlığı uğrunda həlak olan qəhrəmanların xatirəsi daima yaşayacaqdır

İkinci Dünya Müharibəsində  Azərbaycan xalqının göstərdiyi şücaət və qələbəyə olan töhfəsini danmaq, inkar etmək mümkün deyil. Xalqımızın müharibədəki rolu, həm də Qafqaz cəbhəsindəki şanlı döyüşləri və Bakı neftinin strateji əhəmiyyəti daha geniş auditoriyaya çatdırılmalıdır. Onların cəsurluğu, əzmkarlığı və vətənə olan bağlılığı bu gün də bizi qürurlandırır. Azərbaycanın müxtəlif sahələrdə, xüsusilə də təbii sərvətlər və hərbi qüvvə baxımından necə mühüm rol oynadığını qeyd etmək vacibdir. Bu qəhrəmanları təbliğ etmək, gənclərin və ümumiyyətlə hər bir vətəndaşın öz vətəninə olan sevgi və bağlılığını gücləndirə bilər. Qəhrəmanların həyatları, mübarizələri və göstərdikləri fədakarlıq gələcək nəsillərə böyük bir dərsdir. Belə şəxslərin nümunəsi, gənclərin öz milli dəyərlərinə, torpaqlarına və xalqına olan məsuliyyətini artırmağa kömək edir.Bu təbliğat yalnız keçmişi yad etməklə kifayətlənmir, eyni zamanda indiki dövrdə gənclərə vətənpərvər olmağa təşviq edir. Bu mənada Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev şübhəsiz xalqının və torpağının azadlığı uğrunda fədakarlıq göstərmiş bir şəxsiyyət olaraq, müasir gənclər üçün çox böyük bir nümunədir. Belə insanlar göstərdikləri dözüm və vətənpərvərliklə gənclərə yalnız bu günü deyil, həm də gələcəkdə öz dəyərlərini qorumağın vacibliyini öyrədir. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlı döyüşçülərimizin döyüş yollarına nəzər salmaq, həmin ənənəni gənc nəslə çatdırmaq bizim vətəndaşlıq və mənəvi-əxlaqi borcumuzdur. Azərbaycanın belə cəsur oğlanlarından biri də Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevdir. Müseyib Allahverdiyev 1909-cu ildə Qazax rayonunun Dağkəsəmən kəndində dünyaya göz açmışdır.  Müseyib Allahverdiyev 1931-ci ildə hərbi xidmətini Serqo Orconikidze adına Azərbaycan diviziyasında xidmət etmişdir.Hərb sənətinə marağını, komandir qətiyyətinə malik olduğunu görən hərbi hissə rəhbərləri onu 1933-cü ildə hərbi və siyasi hazırlıq əlaçısı kimi Tiflisdəki hərbi məktəbə göndərməyi məsləhət bilmişlər.1936-cı ildə həmin məktəbi bitirən Müseyib Abdullayev taleyini həmişəlik orduya bağlayır. Böyük Vətən müharibəsi başlanarkən könüllü olaraq ordu sıralarına yazılıb. Moskva ətrafındakı döyüşlərdən başlayaraq Macarıstanın paytaxtı Budapeşt şəhərinə qədər şanlı döyüş yolu keçmişdir. Moskva yaxınlığındakı döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Müseyib Allahverdiyev “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir. Xarkov uğrunda döyüşlərin iştirakçısı olmuş, Dnepropetrovsk, Zaporojye, Nikolayev, Krivoy Roq, Kirovqrad, Kişinyov şəhərlərinin azad edilməsində qətiyyətlə döyüşmüşdür. Beləliklə çox keçməmişdir ki, qvardiya kapitanı hərbi rütbəsinə layiq görülmüşdür. Müseyib Allahverdiyev Macarıstan torpağında böyük bir düşmən qrupunun ləğv edilməsində isə xüsusilə fərqlənmişdir. 13 noyabr 1944-cü ildə onun komandanlıq etdiyi batalyon düşmənin müdafiə xəttini yararaq alayın döyüş tapşırığının yerinə yetirilməsini təmin etmişdir. 1944-cü ilin 1 dekabr gecəsi Müseyib Allahverdiyevin batalyonu düşmənin top atəşi altında Dunay çayını keçərək sağ sahildə gedən qızğın döyüşlərə qatımışdır. Çox məsuliyyətli və ağır döyüşdə batalyon komandiri şəxsən özü döyüşçülərin sahilə enməsini pulemyot atəşi ilə himayə etmiş, düşməni geri çəkilməyə məcbur etmişdi. Bu döyüşdə Müseyib Allahverdiyevin batalyonu 500 faşist əsgərini məhv etmiş və 2200 düşmən əsgər və zabitini əsir almış 24 silah, 36 pulemyot, 8 minaatan, 3 avtomaşın, 10 araba, 2 silah və ərzaq anbarlarını ələ keçirmişdir. Macarıstanın paytaxtı Budapeşt uğrunda gedən döyüşlərdə də Müseyib Allahverdiyevin döyüşçüləri fərqlənmişlər. Onun batalyonuna Budapeştdə mühasirədə olan alman qoşunlarının xilas edilməsi üçün tələsən 120 düşmən tankından ibarət dəstənin qarşısını almaq əmri verilmişdi. Mayorun təşkil etdiyi döyüş pusqusu nəticəsində 25 düşmən tankı və 700 əsgər və zabit məhv edilmiş, beləliklə də, düşmənin şəhərə girməsinin qarşısı qətiyyətlə alınmışdır. Ordu komandanlığının həmin xüsusi tapşırığını yerinə yetirərkən alman-faşist işğalçıları ilə döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şəxsi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Müseyib Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, “Lenin” ordeni və “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir. 1946-cı ildə ordudan tərxis olunan Müseyib Allahverdiyev uzun illər Qazax, Ağstafa, Tovuz rayonlarında rəhbər vəzifələrdə, sovet və təsərrüfat işlərində çalışmışdır. Ağstafa rayon xalq deputatları soveti sədrinin müavini, rayonlararası meşə təsərrüfatı idarəsinin direktoru olmuşdur. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına və fəxri diplomuna layiq görülmüşdür. Müseyib Allahverdiyevin döyüşlərdəki şücaəti, xüsusilə də Macarıstan torpağında düşmənin böyük bir qrupunu məhv etməsi və minlərlə əsgər və zabiti əsir alması, onun necə bir komandan və döyüşçü olduğunu bir daha nümayiş etdirir. Həmçinin, onun rəhbərliyindəki batalyonun, faşist qüvvələrinin şəhərə girməsinin qarşısını almaqla böyük bir strateji uğur əldə etməsi də döyüşçülük bacarığının və müharibə taktikasının nümunəsidir. Bu cür qəhrəmanların həyat hekayələrini gələcək nəsillərə çatdırmaq yalnız keçmişi yad etmək deyil, həm də indiki dövrün gənclərinə öz ölkələrini qorumaq və azadlığı uğrunda mübarizə aparmaq barədə dəyərli dərslər vermək deməkdir. Bu cür təbliğat həm də gənclərin vətənə, tarixə və mədəniyyətə olan bağlılıqlarını artıraraq, onların daha məsuliyyətli və vətənpərvər olmalarına səbəb ola bilər. Müseyib Allahverdiyev 1969-cu ildə dünyasını dəyişmişdir. Hazırda Ağstafa rayonunun Dağkəsəmən kəndindəki orta məktəb onun adını daşıyır. Ağstafa və Qazax rayonlarında onun adına küçələr salınmış, büstü qoyulmuşdur. Müseyib Allahverdiyev kimi igidlərin mübarizəsi və vətənə bağlılığı minlərlə insanın qəlbində əbədi iz buraxıb. Belə insanlar yalnız öz dövründə deyil, gələcək nəsillər tərəfindən də hörmətlə yad edilir. Onların vətənə olan sevgisi və fədakarlığı heç vaxt unudulmur, çünki onların qoyduğu dəyərlər və göstərdikləri qəhrəmanlıq zamanın sərhədlərini aşıb.Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri   polkovnik  Cəlil Xəlilov

Hamısını oxu