Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dünya azərbaycanlılarına

Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi ürəkdən salamlayır və ən xoş arzularımı çatdırıram. Qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir. Bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir. Bu potensial dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açır. Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq. Nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır. Mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılanır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. İnanıram ki, sizin məqsədyönlü və birgə fəaliyyətiniz gücümüzü daha da artıracaq, hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcəkdir. Sizə bu yolda möhkəm iradə və mütəşəkkillik, şəxsi həyatınızda səadət və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!     İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 dekabr 2017-ci il.

2017-12-29 00:00:00
1865 baxış

Digər xəbərlər

Qəhrəmanlar Unudulmur!

  Avqustun 22-si...Bəzən təqvimdəki bir tarix, sadəcə bir gün deyil. Bəzən o gün bir millətin hekayəsini daşıyır. Bəzən bir tarix torpaqla, bayraqla, qanla, sədaqətlə yazılır. Bu gün biz dörd igid oğulun doğum gününü anırıq ömürləri qısa, izləri əbədi olan şəhidlərimizin...Onlar bir zamanlar dünyaya göz açmışdı. Körpəlik keçmiş, məktəb yollarında addımlamış, həyatın sadə sevincinə qovuşmağa çalışan uşaqlar olmuşdular. Amma alın yazıları fərqli idi. Onlar bu torpaq üçün doğulmuşdular. Onların yolunu tarix seçmişdi şəhidlik yolu ilə ucalan bir ömür... Daşqın Şəfiyev – Laçında dayanan ürək Əsgər Daşqın Hidayət oğlu Şəfiyev 1989-cu ildə Rusiya Federasiyasının Krasnodar şəhərində dünyaya göz açdı. O, Vətən müharibəsinin ən çətin döyüşlərindən birində 5 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Mərdliyi, səssiz qəhrəmanlığı və qətiyyəti ilə silahdaşlarının yaddaşında iz buraxdı.Daşqının adı təkcə ailəsinin yox, millətin fəxridir. Onun igidliyi "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə əbədiləşdirildi. O, torpaq uğrunda döyüşdü, torpağa qovuşdu əbədi yaşamaq üçün... Məhəmməd Məmmədli – Goranboy səngərində düşən ulduz Məhəmməd Murad oğlu Məmmədli 1994-cü ilin bu günündə 22 avqust tarixində Mingəçevirdə dünyaya gəldi. Vətən müharibəsi başlananda, 21 sentyabrda hərbi xidmətə çağırıldı. Cəmi 11 gün sonra, 2 oktyabr 2020-ci ildə Goranboyun Kəhrilər istiqamətində mərmi partlayışı nəticəsində şəhid oldu.Onun əsgərliyi ömür qədər qısa, qəhrəmanlığı isə zaman qədər uzundur. "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunması, onun igidliyinin dövlət səviyyəsində tanınmasıdır. Məhəmməd bu millət üçün yaşadı, bu Vətən üçün can verdi. Elyar Məmmədov - Füzulidə yazılan bir ömür Məmmədov Elyar Elbəyi oğlu 1990-cı ildə Biləsuvarın Ağalıkənd kəndində doğuldu. Sadə kənd həyatının içindən çıxan bu gənc, əsgərliyini tam şərəfi ilə başa vurdu. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdi və 27 oktyabrda şəhid oldu. Elyarın üzərinə düşən tapşırıqlar ən çətin olanlardandı  çünki o ixtisaslı hazırlıq keçmiş döyüşçü idi. Hər səngər, hər zirvə onu tanıyırdı. Onun qəhrəmanlığı "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ölümsüzləşdirildi. Elyar döyüşlərin sükutunda adını səsləndirdi. Ruslan Binnətov - Ad günü səngərlərdə qaldı Ruslan Rafiq oğlu Binnətov 22 avqust 2001-ci ildə Göygöl rayonunun Haça Qaya kəndində dünyaya gəldi. O, Vətən müharibəsinin son günlərində 9 noyabrda Xocavənd uğrunda döyüşdə qəlpə yarası alaraq şəhid oldu. Gənc yaşında, arzularının ən alisində  Vətən sevgisində canını verdi.Onun igidliyi "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə qiymətləndirildi. Ruslanın həyatı qısa oldu, amma o, ömrünü bir millətin gələcəyinə çevirdi.Bu dörd oğul Daşqın, Məhəmməd, Elyar və Ruslan elə bu gün 22 avqustda doğulmuşdular. Onların doğum günü indi bir xalqın qürur günü, bir millətin yaddaş kitabındakı şanlı səhifədir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi sadəcə bir savaş deyildi  bu, bir millətin haqq hayqırtısı, ədalət çağırışı idi. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq mülki əhalini, şəhər və kəndlərimizi ağır artilleriya və raket atəşinə tutması qarşısında Azərbaycan Ordusu səssiz qala bilməzdi. 44 gün boyunca səngərlər döyüşün, dağlar qələbənin, şəhidlər isə millətin hekayəsini yazdı. Bu müharibədə 2908 əsgər şəhid oldu. Dördü isə bu gün 22 avqustda doğulmuşdu. Onların yaşının üstünə yaş gəlmir, onların  şəhid olduqları gündə donub qaldı. Amma adları  zamanla yarışır, xatirələri  xalqın ruhunda yaşayır. Bu gün onlar doğulmasaydı, bəlkə də biz bu azad səmanı, dalğalanan bayrağı, torpağımıza qayıdan ayaq izlərini görə bilməzdik. Onların doğumu  bir millətin taleyinə yazılmış qurtuluşdu. Bəzən tarix bir insanın doğumu ilə dəyişir. Bu gün o dörd doğum dörd istiqamətdən bir millətin qüruruna çevrilib.Qoy bu torpaq, bu millət, bu bayraq daim onların ruhu ilə ucalılsın. Ruhunuz qarşısında baş əyirik, igidlər. Ad gününüz həm mübarək, həm də əbədidir. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və Fəxri Diplomun növbəti dəfə təqdim edilib

Azərbaycan Mətbuat Şurası (MŞ) və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və onun əsasında Fəxri Diplom növbəti dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində televiziya, xəbər saytları, qəzet və informasiya agentliklərində hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim edilib.  Ordu.az xəbər verir ki, Mətbuat Şurasında keçirilən tədbirdə MŞ-nın sədri Rəşad Məcid, MŞ -nın İdarə Heyətinin üzvləri Səadət Məmmədova, Rey Kərimoğlu və Bəhruz Məmmədzadə, APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı, “ASELSAN Bakü” şirkətinin baş direktorunun müşaviri Yaşar İmanov, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin və “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının təşkilat komitəsinin sədri Ayaz Mirzəyev, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və Rəşad Süleymanovun ailə üzvləri iştirak ediblər.Tədbirin əvvəlində Vətən uğrunda canından keçən şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra qonaqları salamlayan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbiri giriş sözü ilə açıb. Sədr mükafatlandırılan media nümayəndələrini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Mərhum hərbi jurnalistlə bağlı xatirələrini bölüşən R.Məcid, Rəşad Süleymanovun Vətənini sevən peşəkar jurnalist olduğunu vurğulayıb.“Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatı ilə bağlı danışan “Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov bu barədə tədbir iştirakçılarına məlumat verib. Z.Babaşov bildirib ki, gələcəkdə, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının beynəlxalq mükafat standartları səviyyəsinə yüksəldilməsi planlaşdırılır. Tədbirdə çıxış edənlər Rəşad Süleymanovla bağlı xatirələrini bölüşərək mərhum jurnalistin vətənpərvərliyindən, hərbi jurnalistika sahəsindəki fəaliyyətlərindən, Azərbaycan müdafiə sənayesinin beynəlxalq arenada tanıdılmasındakı rolundan danışıblar.Çıxışların ardından hərbi jurnalist Anar Şuşalı tərəfindən hazırlanan “Rəşad xatirələrdə” sənədli filmi nümayiş olunub.Daha sonra qalib olan media nümayəndələrinə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və Fəxri Diplom təqdim edilib.“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına layiq görülüb: Jurnalist Heydər Mirzə – İctimai TV-nin əməkdaşı;Jurnalist Teymur Zahidoğlu – ARB TV-nin əməkdaşı;Jurnalist Vəfa Ağabalayeva – Real TV-nin əməkdaşı;Jurnalist Tahir Ağaməmmədov – AZƏRTAC-ın Qarabağ bölgəsi üzrə müxbiri;Jurnalist Elgün Gəncimsoy – APA İnformasiya Agentliyinin bölgə müxbiri;Operator İlkin Mehdiyev – “AnewZ” Yayım və Media İstehsalat Şirkətinin əməkdaşı.“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı əsasında təsis edilən fəxri diploma layiq görülüb:Jurnalist Turqut Bayramov – AzTV Xüsusi Layihələr Studiyasının redaktoru;Jurnalist Fəqan Muxtar – Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin əməkdaşı;Jurnalist Daşqın Abdullayev – “Report” İnformasiya Agentliyinin əməkdaşı;Jurnalist Seymur Əliyev – Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, Moderator.az xəbər portalının əməkdaşı;Jurnalist Vəfa Şəhlayi – ATV-nin əməkdaşı;Jurnalist Rahim Mirzəcan – Naxçıvan TV-nin bölgə üzrə redaktoru;Operator Şamo İsmayılov – ARB24 TV-nin əməkdaşı. Azərbaycanın region və dost ölkələr ilə müdafiə sənayesi əlaqələrinə böyük töhfələr vermiş Rəşad Süleymanovun adına təsis edilmiş media mükafatına “ASELSAN Bakü” şirkəti təşkilati dəstək göstərib. Eyni zamanda, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının laureatlarına “ASELSAN Bakü” şirkəti tərəfindən hədiyyələr verilib.Qeyd edək ki, bu mükafatın məqsədi hərbi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə, onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, hərbi jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.    

Hamısını oxu
Qubadlı şəhəri işğalçılardan azad edilib

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.  

Hamısını oxu
3x3 Basketbol üzrə Sumqayıt şəhər birinciliyinə yekun vurulub

Veteran.gov.az xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 07-08 iyun 2022-ci il tarixlərində Təhsil Respublika İdman Mərkəzi Sumqayıt 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Şahmat Məktəbində “15 İyun Milli Qurtuluş Günü”nə həsr olunmuş 3x3 basketbol üzrə 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər birincili keçirilib. Gərgin idman mübarizəsi şəraitində davam edən şəhər birinciliyində oğlanlar və qızlar arasında müvafiq olaraq 2 və 18 nömrəli tam orta məktəblərin komandalarıı fəxri kürsünün ən yüksək pillələrinə qalxıblar. Yekunda yarışın qalib və mükafatçılarına baş idarə tərəfindən kubok, fəxri fərman, medal və hədiyyələr təqdim olunub.

Hamısını oxu