Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Təlimlər bölgədə sülhün və təhlükəsizliyin təmininə yönəlib”

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təlimləri Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığını, yüksək döyüş hazırlığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

 

 

Polkovnik qeyd edib ki, məhz Azərbaycanla Türkiyənin birgə səyləri bu gün regionda dayanıqlı sülh və sabitliyin əsas qarantı rolunda çıxış edir: “Bildiyiniz kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlub etməklə bütövlükdə erməni faşizminə böyük zərbə vurdu, onun bölgədə möhkəmlənmək, özünə yeni dayaqlar tapmaq cəhdlərini darmadağın etdi. Bu, dövlətimizin, Ali Baş Komandanımızın bütövlükdə region və dünya qarşısındakı mühüm xidmətlərindən biridir. Məhz Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətindən sonra bölgədə sabitlik bərpa olundu. Erməni vandalizminin, davamlı terror cəhdlərinin qarşısı alındı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

 

Qardaş Türkiyə Respublikası Vətən müharibəsi gedişində də öz mövqeyini açıq şəkildə ortaya qoydu və Azərbaycanı həm mənəvi, həm də diplomatik platformada qəti şəkildə dəstəklədi. Bu gün də Azərbaycan və Türkiyənin birgə səyləri regionda sabitliyin, stabilliyin, inkişafın qarantı, bazisi rolunda çıxış edir. Bunu bütün region dövlətləri, qlobal güclər və beynəlxalq təşkilatlar da anlamalı, Azərbaycan və Trükiyənin sülhpərvər siyasətini dəstəkləməlidirlər”.

 

Sədr müavini bu təlimlərin ordularımızın yüksək döyüş hazırlığının qorunub saxlanılması baxımından önəminə də diqqət çəkdi: “Şübhəsiz, bu cür təlimlər həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş hazırlığının qorunub saxlanılması, onun peşəkarlığının daha da artırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Bu təlimlər hər iki ordunun yüksək döyüş hazırlığına malik olduğunu göstərir. Naxçıvandakı hərbi təlimlər sübut edir ki, Azərbaycan ordusu Vətən müharibəsində sərgilədiyi yüksək döyüş hazırlığını qoruyub saxlamaqda və uğurla inkişaf etdirməkdədir.

 

Onu da qeyd edim ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan-Türkiyə brigə təlimləri hər hansı üçüncü bir dövlətə qarşı yönəlməyib və heç kim üçün təhdid təşkil etmir. Ancaq buna baxmayaraq, Azərbaycan və Türkiyəyə düşmən olan məkrili qüvvələr bu təlimlərdən nəticə çıxarmalı və anlamalıdırlar ki, həm Azərbaycan, həm də Türkiyə onlara yönəlik istənilən təhlükəni neytrallaşdırmağa qadirdir və şanlı Vətən müharibəsi bu gerçəyin ən böyük isbatıdır”.

 

Ayşən Vəli

 

2021-10-06 13:59:00
1183 baxış

Digər xəbərlər

Dövlətçiliyimizin keşiyində keçən ömür!

Bu gün xalqımızın görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin istedadlı və sədaqətli yetirməsi, respublikamızın dövlət təhlükəsizliyi  sistemininin sabiq rəhbərlərindən biri, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyanın keçmiş rəisi, general-leytenant Ziya Yusifzadənin 95 yaşı tamam olur.  Onun ömrünün böyük hissəsi xalqımıza xidmətdə, məsul dövlət idarəçiliyi işində, yüksək peşəkar fəaliyyətdə keçmişdir. Z.Yusifzadənin Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında keçdiyi yarım əsrlik şərəfli xidmət  yolu isə bu sahədə çalışan indiki nəsil üçün örnək və canlı məktəbdir. Həyatın ciddi sınaqlarından iti və dərin zəkası ilə çıxan, Vətən və xalq sevgisindən güc alan, ardıcıl və yorulmaz fəaliyyəti  ilə zirvəyə doğru irəliləyən Ziya Yusifzadə zəngin və məzmunlu bir ömür yaşayıb.  Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəki səhərində ziyalı ailəsində anadan olub.  Orta təhsili  1946-cı ildə Zaqatala şəhərində  qızıl medalla başa vurub. 1947-1952-ci illərdə ali təhsil aldığı I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirib. 1952-1956-cı illərdə respublika Maarif Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışıb. 1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunub. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qalxmışdır. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi,  1973-cü ildə komitə sədrinin müavini,  1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilmişdir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri olub. 1977-ci ildə general-mayor, 1984-cü ildə isə  general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə respublika Nazirlər Soveti və Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsinə rəhbərlik etmişdir. 1998-2015-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi olub. Keçmiş SSRİ-nin və xarici dövlətlərin 40-dan artıq orden-medalına, müstəqil dövlətimizin  “Azərbaycan bayrağı” və “Şöhrət” ordenlərinə layiq görülüb.  O, 29 sentyabr 2015-ci ildə Bakı şəhərində vəfat edib. Mərhum II Fəxri xiyabanda dəfn olunub. Seymur ŞEYDAYEV

Hamısını oxu
“Bu festival Azərbaycan ruhunun və mədəniyyətinin Qarabağa yenidən qayıdışıdır”

Məşhur Məmmədov: “Məlum festival həm də bütün dünyaya göstərdi ki, bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir”   Sentyabrın 18-dən başlayan ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı davam etməkdədir. Sentyabrın 24-nə qədər davam edəcək festival çərçivəsində bəzi konsert proqramları Ağdam, Şuşa kimi işğaldan azad edilən şəhərlərdə keçirilməkdədir ki, bu da sadəcə mədəniyyət xadimləri tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən məmnunluqla qarşılanmaqdadır.   Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov sözgedən festivalın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Hesab edirəm ki, bu festival hər şeydən öncə Azərbaycan ruhunun və mədəniyyətinin o torpaqlara yenidən qayıdışıdır. Bu festival Qarabağ və ətraf rayonların Azərbaycan torpağı olduğunu, bizim bu torpağı, bu vətəni nə qədər çox sevdiyimizi göstərir. Bu festival bir daha sübut etdi ki, Azərbaycan öz mədəniyyətinin, tarixinin bərpasında, bu topaqlardan didərgin salınan məcburi köçkünlərimizin həmin torpaqlara qayıdışında son dərəcə qərarlıdır.   Ermənistan 30 il ərzində bu ərazilərdə heç bir iş görməyib. Ancaq ziyan vurub, talayıb, məhv edib... Erməni faşistləri mədəniyyət və tarixi abidələri, qəbiristanlıqları, məktəbləri, məscidləri dağıdıb. Bu gün Azərbaycan erməni vandalizminin dağıtdığı, sıradan çıxardığı abidələri, sosial infrastrukturu, yaşayış məntəqlərini, məscidləri bərpa etməklə məşğuldur.   Bu festival çərçivəsində bəzi konsertlər Şuşa şəhərində keçirilməkdədir. Hansı ki, Şuşa bizim qədim mədəniyyət mərkəzimiz, mədniyyət paytaxtımızdır. Bu festival bütün dünyaya göstərdi ki, Şuşa, Qarabağ Azərbaycan üçün sadəcə adi bir torpaq parçası deyil. Bura, bizim vətənimizdir. Bura bizə öz canımızdan əzizdir. Bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir və hər zaman bizim olaraq qalacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
“35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq qarşılamaqdan şərəf duyuruq”

Cəlil Xəlilov: “Təşkilatımız yaradıcısı olduğu Heydər Əliyevin ideyalarına sadiqdir və hər zaman dövlətinin, Prezidentinin yanındadır” “Veteranlarımız bundan sonra da dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcək” Bu il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının keçdiyi 35 illik yola nəzər salmağa çalışdıq. -Cəlil müəllim, bu il  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Rəhbərliyində təmsil olunduğunuz təşkilatın 35 illik fəaliyyətini necə dəyərləndirirsiniz? -Təbii ki, 35 il bir təşkilat üçün heç də az müddət hesab edilə bilməz. Bizim üçün qürurvericidir ki,  Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan bu təşkilat 35 ildir ki, əsl veteran evi, veteran ocağı kimi fəaliyyət göstərə, veteranların, o cümlədən xalqımızın, dövlətimizin ona olan ümidlərini doğrulda bilib. Bu müddət ərzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq sadəcə ölkə daxilində deyil, respublikamızın hüdudlarından kənarda onlarla böyük layihələr həyata keçirmiş, Azərbaycan veteranlarının dünya veteranlar hərəkatında öz dəsti-xətti ilə seçilməsini təmin etmişik. Təbii ki, bütün bunlar Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dəstəyi və qayğısı sayəsində olub. Bir sözlə, hesab edirəm ki,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyəti qənaətbəxşdir və tarixi uğurlarla yadda qalıb. -Bu gün ölkəmizdə veteranlarla, müharibə əlilləri və şəhid ailələri ilə bağlı çoxlu sayda təşkilat fəaliyyət göstərir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını onlardan fərqləndirən, ona özünəməxsusluq və təkrarsızlıq qazandıran nədir? - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının özünəməxsus xüsusiyyətlərindən biri onun özündə sadəcə müharibə veteranlarını deyil, həm də əmək və və Silahlı Qüvvələr veteranlarını əhatə etməsidir. Yəni təşkilatımızda demək olar ki, bütün kateqoriyadan olan veteranlar cəmləşib. Müharibə veteranlarımız arasında isə İkinci Dünya müharibəsində, Əfqanıstan müharibəsində, Birinci və İkinci Qarabağ müharibəsində, eyni zamanda 2016-cı ilin aprel döyüşlərində, habelə, müxtəlif məhəlli müharibələrdə iştirak edən çoxsaylı veteranlar mövcuddur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını digər təşkilatlardan fərqləndirən digər mühüm xüsusiyyət onun fəaliyyətinin bütün respublikanı – onun hər bir bölgəsini əhatə etməsi ilə bağlıdır. Bu gün respublikamızın demək olar ki, bütün rayonlarında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yerli təşkilatları fəaliyyət göstərir. Onların hər biri ofislə təmin edilib və yerlərdəki veteranlarla aktiv iş aparırlar. Yerlərdəki veteranların qayğı və problemlərinin öyrənilməsi, onların təşkilatlanması, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi prosesində veteranların yaxından iştirakının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi, milli maraqlarımızın müdafiəsi və s. kimi məsələlərdə veteranların avanqard qüvvə kimi aparıcı mövqeyinin təmin edilməsi yerli təşkilatalrımız tərəfindən uğurla həyata keçirilməkdədir. Təşkilatımız üçün xarakterik olan mühüm özəlliklərdən biri də onun beynəlxalq müstəvidə uğurla fəaliyyət göstərməsi, geniş beynəlxalq əməkdaşlıq əlaqələri qurmasıdır. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını dünyanın bir sıra ölkələrinin veteranları, o cümlədən beynəlxalq veteran təşkilatları ilə geniş əlaqələr qurub ki, bu da dünya veteranlar hərəkatında uğurla təmsil olunmağımızı, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmağımızı təmin edir. -Cəlil müəllim, bütün cəmiyyətlərdə nəsillər arasında bağlılığın, mənəvi birliyin güclü, sarsılmaz olması həm cəmiyyətin birliyi, bütövlüyü, həm də milli tarixi yaddaşın yaşadılması baxımından vacib hesab edilir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən yaşlı nəsillə gənc nəsil arasınna bu birlik və harmoniyanın güclənməsi istiqamətində hansı addımlar atılıb? -Yaşlı nəsil, o cümlədən yaşlı veteranlarla gənclər arasında əlaqələrin güclənməsi, nəsillər arasında mənəvi bağların möhkəmlənməsi hər zaman təşkilatımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri olub. Təkcə bir faktı qeyd edim ki, 2021-ci il oktyabrın 1-də Bakı Konqres Mərkəzində Təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı böyük konfrans təşkil edildi. Hansı ki, bu konfransda həm gənclər, həm də bütün kateqoriyadan olan veteranlar iştirak edirdi. Bundan başqa, 2021-2022-ci illərdə respublikamızın bir sıra bölgəsində təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı silsilə konfranslar həyata keçirilib ki, bu konfranslar böyük maraqla qarşılanıb. 9 mart 2022-ci ildə Şirvanda, 15 aprel 2022-ci ildə Şəkidə, 22 aprel 2022-ci il tarixində Qubada və digər rayonlarda “Nəsillərin görüşü” adlı zona konfranslar təşkil olunub, bu konfranslarda veteranların, gənclərin, şəhər ziyalılarının onlarla nümayəndəsi çıxış edib, aktual məsələlər ətrafında açıq diskussiyalar keçirilib. Bütün bu görüş və konfranslarda səslənən fikirlərin ümumiləşdirilməsi bir daha göstərib ki, yaşlı və gənc nəslin bir-biri ilə qırılmaz tellərlə bağlanması olduqca vacibdir.  Gənclik o zaman güclü, o zaman yenilməz olur ki, öz keçmişindən güc alır, öz tarixini, babasının, atasının keçdiyi mübarizə yolunu bilir, onun qəhrəmanlıqlarından dərs alır, öyrənir... Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclərlə yaşlı nəsil arasında mənəvi bağların güclənməsinə xüsusi önəm verib, bu bağların möhkəmlənməsi üçün əlindən gələni edib. Bu arada onu da qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqalalr Şurası arasında sıx əməkdaşlıq mövcuddur ki, bu əməkdaşlıqda da məqsəd daha dolğun, daha vətənpərvər, mənəvi dəyərlərə daha dərindən bağlı olan gəncliyin formalaşmasına töhfə verməkdir. Məhz bu məqsədlə 2022-ci ilin 8 iyul tarixində Beynəlxalq Muğam Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə əməkdaşlıq forumu keçirilmişdir. Həmçinin, 12 avqust 2022-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında 2022-2024-cü illərdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Gənc və yaşıl nəsil arasında təmasların artırılması, gənclərin ağsaqqallarımızın, veteranlarımızın təcrübəsindən, bilik və bacarığından yararlanmasının təmin olunması bundan sonra da təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaqdır. - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyətini necə xarakterizə edərdiniz? Bu fəaliyyət nə ilə yaddaqalan oldu? -2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqillik tarixində, o cümlədən hərb tarixmizdə yeni səhifə açdı. Təbii ki, müharibə bütün qurumlar və təşkilatlar, eləcə də fərdlər qarşısında yeni vəzifələr qoydu. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların sıx birləşməsinə təkan vermək, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə təkan vermək idi. Bu məqsədlə də 44 günlük Vətən müharibəsi dönəmində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərmiş, cəmiyyətdə geniş təbliğat işi aparmış, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak etmişdir. Müharibədən sonra 44 günlük Vətən müharibəsinin yüzlərlə iştirakçısı təşkilatımıza üzv olmuş, təşkilatımız tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq post-müharibə dönəmində də Ermənistanın terror və təxribatçılıq siyasətinə qarşı fəali müabrizə aparmış, bununla bağlı beynəlxalq təşkilatlara, dünya veteranlarına, qabaqcıl dövlətlərə tərəfimizdən müraciətlər ünvanlanmışdı. Nümunə olaraq qeyd edim ki,   2021-ci ilin 4 iyun tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Ermənistanın mina terroru, 13 sentyabr 2022-ci il tarixində isə 12 sentyabr erməni təxribatı ilə bağlı müvafiq bəyanatlarla çıxış etmiş, bütün dünyanın, eləcə də dünya veteranlarının, beynəlxalq təşkilatların diqqətini erməni vəhşiliklərinə cəlb etmişik. Həmin bəyanat təşkilatımız tərəfindən müxtəlif xarici dillərə tərcümə edilərək veteran.gov.az saytında yerləşdirilmiş, həm də müxtəlif beynəlxalq təşkilatlara, diplomatik korpuslara göndərilmişdir. Təşkilatımız bu gün də erməni yalanlarına, dezinformasiyalarına qarşı mübarizə aparır və bu bu mübarizədə veteranların bilik və bacarığından, təcrübəsindən uğurla istifadə edir. 35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq keçirməkdən şərəf duyuruq.  -Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir? Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hansı layihələr və yeniliklər haqqında düşünürsünüz? -Bu il Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il Sərəncamı ilə “Şuşa İli” elan edilmişdi və biz də veteranlarla bilrikdə mədəniyyət paytaxtımıza səfər etdik, Şuşa, onun tarixi, mədəniyyəti, ermənilərin 30 illiik işğal dönəmində bu şəhərdə törətdiyi vəhşiliklər haqqında həm yerli, həm də xarici mediaya açıqlamalar verdik. Təşkilatımızın mətbuat xidmətinin Şuşa ilə bağlı hazırladığı reportajlar bir sıra media orqanlarında geniş şəkildə işıqlandırıldı. İlin sonuna kimi Şuşamızın təbliği, onun zəngin mədəniyyətinin dünyaya tanıdılması istiqamətindəki səylərimizi davam etdirəcəyik. Gələn il isə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd ediləcək. Bu müstəvidə də bir sıra layihələr həyata keçirməyi düşünürük ki, məqsəd Heydər Əliyev ideyalarını gənclərə çatdırmaq, onların Ulu öndərin işıqlı ideyaları, xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri haqqında daha dolğun təsəvvür əldə etməsinə nail olmaqdır. Veteranları düşündürən, onları narahat edən problemlərin müəyyən edilərək əlaqədar dövlət orqanlarının diqqətinə çatdırılması, onlarla müvafiq qurumlar arasında əlaqənin təmin edilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük şanlı Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizin, həlak olan şəhidlərimizin döyüş yolunun təbliğ edilməsi, onların cəmiyyətə tanıdılması və s. istiqamətində səylərimizi də davam etdirəcəyik. Ümid edirəm ki, bu il olduğu kimi 2023-cü ildə də veteranlarımız cəmiyyətin ictimai həyatında yaxından iştirak edəcək, dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcəkdir.   Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi

Hamısını oxu
Hərbi bilik yarışının qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, bu gün Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının final mərhələsi keçirilib. Finalda 12 komanda iştirak edib. Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Təlimə Dəstək Mərkəzinin direktoru Anar Mustafazadə və mərkəzin  metodisti Qılman Eyvazov yarış iştirakçılarına uğurlar arzulayıblar. Sonra çağırışaqədərki hazırlıq fənni üzrə 10-cu sinfin tədris proqramı əhatə olunmaqla hərbi sahəyə dair məntiqə əsaslanan, gəncləri düşündürməyi bacaran, gələcək həyatlarında onlara lazım olacaq bilikləri özündə əks etdirən 25 sual təqdim edilib və yarışın qalibləri müəyyən olunub. 1-ci yeri 80 nömrəli tam orta məktəbin, 2-ci yeri 220 nömrəli məktəb-liseyin, 3-cü yeri isə 55 nömrəli tam orta məktəbin komandaları tutublar. Qalib komandalar və həmin təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən diplomla mükafatlandırılıblar. Yarışın bağlanış mərasimində çıxış edən Füzuli İsmayılov Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq postmüharibə dövründə gənclər arasında vətənpərvərlik hisslərinin təbliğ olunması, təhsil müəssisələrində vətəndaşlara çağırışaqədərki hazırlıq fənni üzrə dərslərin keyfiyyətli tədrisinə yaxından köməklik göstərilməsi və çağırışaqədər yaş həddində olan vətəndaşların Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə belə platformaların əhəmiyyəti barədə məlumat verib.

Hamısını oxu