Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xalqın mübarizə tarixini özündə əks etdirən unikal Şəhidlər Kompleksi

Azərbaycan xalqının hər zaman şəhidlərinin xatirəsini uca tutduğu, onları daim böyük hörmət və ehtiram hissi ilə yada saldığı məlumdur. Son illər bir sıra rayonlarda Şəhidlər Xiyabanlarında həyata keçirilən yenidənqurma işləri, şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində atılan addımlar, şəhid ailələrinə olan qayğıkeş münasibət buna nümunədir. Bu baxımdan Masallı rayonundakı Şəhidlər Kompleksi  müstəsna əhəmiyyətə malikdir. Bu kompleksi digər analoqlarından fərqləndirən, ona müstəsnalıq, təkrarsızlıq qazandıran bir sıra amillər var ki, bu amillərin hər biri özlüyündə milli tariximizin, qəhrəmanlıq salnaməmizin carçısıdır.

 

247 işıqlı sima: Ölümsüzlük və əbədiyaşarlıq nümunələri...

 

Masallıdakı Qəhrəmanlar Parkındakı Şəhidlər Kompleksinin ən mühüm özəlliklərindən biri bu kompleksdə Masallı rayonunda olan bütün şəhidlərin fotolarının, habelə onlarla bağlı informasiyaların öz əksini tapmasıdır. Başqa sözlə desək, bir tək bu kompleksi ziyarət etməklə Masallı rayonunun şəhidləri ilə bağlı bütün zəruri məlumatları əldə etmək, bu rayondan olan soydaşlarımızın erməni işğalına qarşı mübarizədəki fədakarlığına şahid olmaq mümkündür.

 

Komplekslə bağlı təqdiredici məqamlardan biri də məlum kompleksdə həm Birinci Qarabağ Müharibəsinin, həm də İkinci Qarabağ Müharibəsinin bütün şəhidləri haqqında məlumatların cəmlənməsi, onların hamısının vahid platforma əsnasında  ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Bu isə xalqımızın Qarabağ uğrunda son 30 ildə apardığı mübarizə və onun nəticəsini bir tam olaraq qiymətləndirməyə imkan verir. Daş abidə və mərmər platformadan boylanan 247 işıqlı simaya – ölümsüzlük və əbədiyaşarlıq nümunəsinə baxdıqca dövlətimizin ərazi bütövlüyü uğrunda aparılan bu mübarizənin nə qədər böyük, nə qədər anlamlı, nə qədər müqəddəs olduğunu daha dərindən anlayırsan. Anlayırsan ki, hər şey – hətta zaman belə həyatını vətəninə, xalqına, bayrağına və torpağına fəda edən insanları unutdurmağa, onların cəsarət və qəhrəmanlığına olan heyranlıq hissini azaltmağa qadir deyil.

 

Məlumat üçün qeyd edək ki, kompleksdə Masallı rayonundan olan bütün şəhidlərin – 247 şəhidin hamısının xatirəsi əbədiləşdirilib ki, onların 242-si haqqında məlumat fotolar və qısa informasiyalar halında, Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 5 nəfər şəhidimiz haqqında bilgilər isə büstlər və onların üzərindəki məlumatlar şəklində əks olunub.

 

Tunc büstlər və dəmir iradəli qəhrəmanlar kompleksi...

 

Masallıdakı Şəhidlər Kompleksində diqqət çəkən məqamlardan biri də kompleksdə şəhidlərin fotoları ilə yanaşı, qəhrəmanların büstlərinin də yer almasıdır. Bütövlükdə Şəhidlər Kompleksində 5 qəhrəmanın büstü mövcuddur ki, onlardan 3-ü Birinci Qarabağ Müharibəsinin Milli Qəhrəmanı, 2-i isə 44 günlük İkinci Qarabağ savaşının Vətən Müharibəsi Qəhrəmanıdır. Dəmir iradəli qəhrəmanların tuncdan hazırlanan bu büstləri Şəhidlər Kompleksində xalqımızın mübarizə əzminin, igidlik və qəhrəmanlıq ruhunun əzəli-əbədi təntənəsi kimi ucalmaqdadır. Heç şübhəsiz, bu büstlər bügünkü və gələcək nəsillərə yaşadıqları xoş və işıqlı günlərə görə kimlərə minnətdar olduqlarını xatırladacaq, dar məqamda onları yeni zəfərlərə, qələbələrə ruhlandıracaqdır. Bu büstlər öz əzəmətli görkəmləri ilə həm də gənc nəsillərə başa salacaq ki, bu xalq onu yaşadan qəhrəmanlarını öz ruhunda, qəlbində, könül dünyasında sonsuza kimi yaşatmağa qadirdir.

 

Milli mübarizəmizin 20 Yanvar səhifəsinin əks olunduğu tarixi yaddaş kompleksi...

 

Masallıdakı Şəhidlər Kompleksinin unikallığını təmin edən amillərdən biri də, bu kompleksdə sadəcə Birinci Qarabağ Müharibəsi və Vətən Müharibəsi ilə yanaşı, həm də müstəqilik tariximizin ayrı-ayrı dönəmlərinə məxsus mübarizə tariximizin əks olunmasıdır. Buna nümunə olaraq Şəhidlər Kompleksində 1990-cı ilin 20 Yanvar tarixinə aid  abidəni göstərmək olar.

 

Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin şanlı səhifələrindən biri olan 90-cı ilin yanvar olayları, bu olaylar zamanı xalqımızın ölümə açıq-aşkar meydan oxuması faktı Masallıdakı Şəhidlər Kompleksində parlaq boyalarla əks olunmaqdadır. Bu abidə Azərbaycan xalqının bu günə - öz müstəqilliyinə və ərazi bütövlüyünə hansı mübarizələrdən, sınaq və imtahanlardan keçib gəldiyini göstərir. Bir sözlə, Masallıdakı Şəhidlər Kompleksini ziyarət edən hər kəs Birinci və İkinci Qarabağ müharibələri ilə yanaşı, 20 Yanvar hadisələri haqqında da aydın təəssürat əldə edə bilər.

 

Şəhidlər Kompleksində tarixin daş yaddaşına hopdurulan bütün əsrlərin ən qorxunc cinayəti – Xocalı soyqırımı abidəsi!

 

Masallıdakı Şəhdilər Kompleksində erməni faşizminin Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərini əks etdirən guşə də mövcuddur ki, bu guşədə 1992-ci ilin 26 fevral Xocalı soyqırımı ilə bağlı abidə yer alır. Bu abidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də erməni vəhşiliyini ifşa edən, erməni vandalizmini aləmə car çəkən, bu vəhşiliyin zamana sığmayan dəhşətlərini anlatan bir abidə kimi mühüm tarixi-mənəvi əhəmiyyətə malikdir. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev erməni faşizminin törətdiyi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməsinin vacibliyini qeyd edib, dövlətimizin bu istiqamətdə bundan sonra da mütəmadi addımlar atacağını vurğulayıb. Habelə, ölkə başçısı erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi tarixi cinayətlərin unudulmayacağını, bu cinayətlərin qorxunc mahiyyəti haqqında beynəlxalq ictimaiyyətin daim məlumatlandırılması gərəkdiyini də qeyd edib. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində Xocalı soyqırımı ilə bağlı inşa edilən abidə sadəcə gənclərin deyil, gələcəkdə bu rayona səfər edən xarici turistləri, əcnəbi vətəndaşları Xocalı soyqırımı, erməni cinayətləri haqqında məlumatlandırmaq baxımından da böyük önəm kəsb edir. Sözügedən abidə tarixi qan yaddaşımızı özündə əks etdirməklə yanaşı, həm də mühüm təbliğati əhəmiyyətə malikdir.

 

Xatırladaq ki,  Xocalı soyqırımının bütün dünya dövlətləri tərəfindən tanınması, bu cinayətdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi dövlət siyasətimizin daim diqqət mərkəzində saxlanılan vacib istiqmaətlərindən biridir. Artıq uzun illərdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” kampaniyası həyata keçirilir ki, kampaniyanın məqsədi beynəlxalq birliyi bu soyqırım haqqında məlumatlandırmaq, erməni cinayətlərini ifşa etmək, bu cinayətə imza atanların məsuliyyəət cəlb edilməsi üçün siyasi-hüquqi zəmin formalaşdırmaqdır. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində Xocalı soyqırımı ilə bağlı ucaldılan abidə dövlət siyasətimizə mühüm dəstək kimi də xarakterizə edilə bilər.

 

Böyük qələbənin vahid simvolu: “Dəmir yumruq!”

 

Şəhidlər Kompleksində Vətən müharibəsi ilə bağlı abidələrdən biri də 3.6 metr hündürlüyündəki “Dəmir yumruq” abidəsidir. Bu abidə torpaqlarımızın işğaldan azad edilməsi məqsədi ilə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun  həyata keçirdiyi “Dəmir yumruq əməliyyatı”na hörmət və ehtiram əlaməti olaraq ucaldılıb. “Dəmir yumruq” abidəsi xalqımızın düşmən üzərində əldə etdiyi qəti qələbənin simvolu olmaqla yanaşı, həm də düşmən üçün daimi xəbərdarlıq siqnalı, zəruri xatırlatmadır. Necə ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra da dəfələrlə “dəmir yumruğun” yerində olduğunu xatırladıb və açıq şəkildə qeyd edib ki, əgər gələcəkdə Ermənistan yenidən xam xəyallara, cəfəng iddialara qapılarsa, o zaman “dəmir yumruğun” ölümcül zərbəsini təkrar hiss edəcəkdir. “Dəmir yumruğun” yerində olduğunu, heç hara getmədiyini xatırladan Ali Baş Komandan, ermənilərin 44 günlük Vətən müharibəsindən dərs çıxarmasının vacibliyini vurğulayıb. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində yüksələn “Dəmir yumruq” abidəsi ölkə başçısının tarixi xəbərdarlığının heykəlləşən, maddiləşən təsdiqidir. Əminliklə demək olar ki, bu abidə, ümumilikdə bu kompleks hər zaman xalqımızın ən müqəddəs and yerlərindən biri kimi vətəndaşlarımız tərəfindən kütləvi şəkildə ziyarət ediləcək, məktəblilər, yeniyetmə və gənclər yaxın keçmişimizlə bağlı ən böyük həqiqətləri bu məkanı ziyarət etməklə əldə edəcəklər. “Dəmir yumruq” abidəsi qalib müharibənin qalib vətəndaşlarına hər zaman öz güc və qüdrətinə əminlik hissi təlqin edəcək, gənc nəslin öz gücünə olan inamını artıracaqdır.

 

Xalqa, dövlətə, prezidentə sevgi və sədaqətlə xidmətin nümunəsi, yaxud görünən əməllərin “görünməyən” müəllifi...

 

Masallıdakı Şəhidlər Kompleksi sabahdan – Zəfər Gününün birinci ildönümündən etibarən istifadəyə veriləcək olsa da, artıq çoxdan media və sosial mediada bu komplekslə bağlı bir sıra məlumatlar yer almaqdadır. Lakin çox az adama məlumdur ki, milli tariximizə, vətənimiz və dövlətimizə böyük töhfə olan bu kompleks millət vəkili Məşhur Məmmədovun maddi-mənəvi səyi nəticəsində ərsəyə gəlib. Xalqa, dövlətə, prezidentə sevgi və sədaqətlə xidmətin nümunəsi olan bu kompleks, vətən eşqinin hansı möcüzələr yarada biləcəyinin real təsdiqidir. Hər zaman böyük və təqdirəlayiq əməllərin müəllifi olan, fəqət gördüyü əməllərdən bəhs etməyi sevməyən təvazökar millət vəkili, Masallıdakı Şəhdilər Kompleksi kimi möhtəşəm layihəyə imza atmaqla ictimai şüura, həm də belə bir mesaj ünvanlamış oldu: “Hər kəsin yaşından və peşəsindən, sosial statusu və maddi durumundan asılı olmayaraq bu xalq, bu dövlət üçün edə biləcəyi hökmən nə isə vardır. Önəmli olan öz vicdanının səsini dinləmək, edə biləcəyin hər şeyi sevgi və məsuliyyətlə, heç bir qarşılıq və təmənna gözləmədən edə bilməkdir”.

 

Seymur ƏLİYEV

 

 

 

2021-11-07 11:43:00
1819 baxış

Digər xəbərlər

Həzi Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib

Yanvarın 22-də görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib. AZƏRTAC xəbər verir ki, həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəhidlər xiyabanında, general Həzi Aslanovun məzar-abidə kompleksinin önündə xalqımızın igid oğulları sırasında adı qəhrəmanlığın rəmzinə çevrilən, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsinə yeni parlaq səhifələr yazan tank qoşunları generalının xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin general, zabit, gizir, kursant və əsgərləri, Təhsil və Mədəniyyət nazirliklərinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, Bakı qarnizonundakı hərbi hissələrin, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisələrin, təhsil və mədəni-maarif ocaqlarının nümayəndələri, generalın ailə üzvləri iştirak ediblər. Əvvəlcə məzar-abidə kompleksi önünə əklillər qoyulub, qəhrəmanın xatirəsi ehtiramla yad edilib, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə dövlət himni ifa olunub. “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin əmri ilə yaradılan təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Həzi Aslanovun hərb tarixində müstəsna xidmətlərindən danışıb. O, Prezidentin Sərəncamının təkcə bir qəhrəmana deyil, ümumiyyətlə, İkinci Dünya müharibəsi illərində müxtəlif cəbhələrdə vuruşan, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən altı yüz mindən çox Azərbaycan övladının xatirəsinə böyük ehtiramın bariz nümunəsi olmaqla yanaşı, həm də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyətinin, eləcə də gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Nəzərə çatdırılıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, eləcə də Kremldə məsul vəzifə tutduğu vaxtlarda xalqımızın tarixinə sonsuz hörmətlə yanaşıb, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işğalçılar qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarının, görkəmli hərbi sərkərdələrin hünər və rəşadətlərini yüksək qiymətləndirib, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri davam etdirməyi məsləhət görüb. Ulu Öndər əcdadlarımızın qəhrəmanlıq nümunələrinin bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olduğunu dəfələrlə qeyd edib. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevə görə xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır. Xatırlanıb ki, Ulu Öndər nəinki respublikamızda, həmçinin Vətənimizin hüdudlarından uzaqlarda da Azərbaycan oğullarının qəhrəmanlıqlarının təbliği, adlarının əbədiləşdirilməsi, tanıdılması istiqamətində çox mühüm işlər görüb. Məhz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Krımın Kerç rayonunda, Sapun-Qora yaxınlığında 77-ci, Rostov vilayətinin Taqanroq şəhərinin Sambek yüksəkliyində 416-cı Azərbaycan milli atıcı diviziyalarının şanlı döyüş yollarını əbədiləşdirmək məqsədilə möhtəşəm abidə kompleksləri yaradılıb. Həzi Aslanov, Mahmud Əbilov, Akim Abbasov, Məlik Məhərrəmov və bir çox general və zabitlərin yubileyləri dövlət səviyyəsində qeyd olunub, neçə-neçə Sovet İttifaqı Qəhrəmanının ev-muzeyi yaradılıb və abidələri ucaldılıb. Anım mərasimində vurğulanıb ki, Heydər Əliyev general-mayor Həzi Aslanovu Böyük Vətən müharibəsində döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisi kimi qiymətləndirərək “O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir”, - deyib. Hər il respublikamızda 9 May - Qələbə Günü tədbirləri ulu öndər Heydər Əliyevin iştirakı ilə məhz Həzi Aslanovun məzar-abidəsi qarşısında keçirilən anım mərasimi ilə başlanardı. Bu ənənələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bildirilib ki, “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində Müdafiə, Təhsil və Mədəniyyət nazirliklərinin birgə tədbirlər planında il ərzində respublikanın bölgələrində, hərbi hissələrdə, təhsil və mədəniyyət müəssisələrində beynəlxalq konfransların, tank heyətləri arasında yarış-müsabiqələrin, fotosərgilərin, teatrlaşdırılmış kütləvi mərasimlərin, vətənpərvərlik filmləri həftəsinin keçirilməsi nəzərdə tutulub. İl ərzində Həzi Aslanovun keçdiyi döyüş yolu və adı ilə bağlı ünvanlara ekskursiyalar təşkil olunacaq, yeni kitablar, albom, plakat və açıqcalar nəşr ediləcək, qəhrəmanın tank və mexanikləşdirilmiş digər zirehli texnikalar sahəsində yenilikləri və hərbi elmi məqalələri əsasında sənədli tədris filmi çəkiləcək. Eləcə də Bakı Bələdiyyə Teatrında Abdulla Qurbaninin “Həzi Aslanov xatirələr işığında” pyesi tamaşaya hazırlanacaq. Bundan əlavə, faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan beynəlxalq əsgər mahnıları festivalı iştirakçılarının Lənkəran şəhərinə səfəri və festival çərçivəsində qəhrəman həmyerlimizə həsr olunan konsert proqramının təşkili reallaşacaq. Rusiya Federasiyası “Zvezda” televiziya kanalının istehsalı olan “Ordu əfsanəsi Həzi Aslanov” filminin yaradıcı heyəti ilə görüş, respublika musiqi və teatr kollektivlərinin iştirakı ilə ədəbi-bədii gecə, Azərbaycan Dövlət Pedaqoji və İqtisad Universitetlərində konfrans və kütləvi vətənpərvərlik tədbirinin keçiriləcəyi də planlaşdırılıb. Anım mərasimində Həzi Aslanov irsinin tədqiqi və araşdırılmasında müstəsna xidmətləri olan Əməkdar incəsənət xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov, Respublika Veteranlar Təşkilatı sədrinin birinci müavini polkovnik Cəlil Xəlilov, Aslanovlar ailəsi adından qəhrəmanın nəvəsi Emin Aslanov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər. Tədbir Azərbaycan Bayrağı altında Fəxri Qarovulun Həzi Aslanovun abidəsi önündən təntənəli keçidi ilə başa çatıb.

Hamısını oxu
Yeni il təbriki

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov Azərbaycan xalqını və Veteranlar   Təşkilatının çoxminli üzvlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Təbrikdə  deyilir! Əziz həmvətənlər, hörmətli veteranlar! Birlik, Bütövlük, Həmrəylik hər bir xalqın, dövlətin milli sərvəti tarixi naliyyətidir. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabr ayının 16-da Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 31 dekabr uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi.  Bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin təməli qoyuldu. Artıq 35 ilə yaxındır ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Torpaqlarımızın işğaldan azad olunması milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin dayaqları daha da möhkəmlənərək Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasına böyük töhfələr verilib. Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir. Əziz hənmətənlər, hörmətli veteranlar! Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram. Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti uğurlar  arzulayıram. Bayramınız mübarək olsun!    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  polkovnik   Cəlil Xəlilov    

Hamısını oxu
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı (23.03.2020)

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.Bu müddət ərzində: 1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin. 2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılsın. 3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın. 4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin. 5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər. 6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin. 7. İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin. 8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin; 9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın; 10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin. 11. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar. Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib. Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Hamısını oxu