Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“8 Noyabr zəfəri ordumuzun qüdrətinin, xalqımızın mübarizə əzminin təsdiqi və təntənəsidir”

Səmyar Abdullayev: “Azərbaycan bu zəfərlə özünü dövlət və xalq olaraq bir daha isbatlamış oldu”

 

Bu gün 8 noyabr – Zəfər Gününün birinci ildönümüdür.

 

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə bu tarixi günlə bağlı bəzi məqamları şərh etməyə çalışdıq:

 

-Səmyar bəy, bu gün 8 Noyabr – Zəfər Gününün birinci ildönümüdür. Öncə bu tarixi günlə bağlı fikirlərinizi bilmək istərdik.

 

-8 noyabr tarixi Zəfər Günü, Zəfər Bayramıdır. 8 Noyabr zəfəri hər şeydən öncə ordumuzun qüdrətinin, xalqımızın mübarizə əzminin təsdiqi və təntənəsidir. Çünki məhz bu tarixdə ordumuz Azərbaycanın qədim mədəniyyət şəhəri olan, hərbi baxımdan mühüm srateji əhəmiyyətə malik olan Şuşa şəhərini düşməndən azad etdi. Şuşanın erməni işğalından azad edilməsi ordumuzun Vətən müharibəsində əldə etdiyi qələbələrin zirvəsi oldu. Bu uğur Ermənistan ordusunun inamını sarsıtdı, onu sonuncu ümiddən də məhrum etdi. Erməni ordusu Şuşanı itirməklə başa düşdü ki, Azərbaycan ordusunun qarşısını ala, onun uğurlu hücum əməliyyatlarını önləyə bilməyəcək. Elə bu səbəbdən də 8 Noyabr zəfərindən iki gün sonra-10 noyabr tarixində Ermənistan dövləti kapitulyasiya bəyanatını imzalamağa məcbur oldu. Bununla da 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvəlıərinin tam qələbəsi ilə başa çatdı. Ermənistan tərəfi digər yaşayış məntəqələrini döyüşsüz təhvil verməyə hazır olduğunu bəyan etdi. Beləliklə Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu.

 

-Zəfər Günü Azərbaycan ordusunun gücü ilə yanaşı, daha hansı həqiqətləri ortaya çıxardı?

 

-Azərbaycan ordusunun qələbəsi sadəcə dövlətimizin hərbi qüdrətini göstərmədi. Bu qələbə həm də Azərbaycanın  iqtisadi qüdrətini ortaya qoydu. Müharibənin gedişatı sübut etdi ki, Azərbaycan nəinki qısamüddətli, həm də  uzunmüddətli müharibə aparmağa qadirdir və bunun üçün bütün gərəkli potensiala sahibdir. Ordumuzun müharibə ərzində texniki təchizatının yüksək səviyyədə təmin edilməsi, istər müharibə dönəmində, istərsə də post-müharibə zamanı yaralı qazilərimizin müalicəsinin effektiv şəkildə təmini, sosial layihələrin heç bir istisna olmadan tam şəkildə həyata keçirilməsi, müharibənin gedişatında işğaldan azad edilən ərazilərin elektrik enerjisi və digər zəruri infrastrukturla təchizatının uğurlu şəkildə gerçəkləşdirilməsi və s. kimi amillər buna nümunədir.

 

Müharibədən dərhal sonra Qarabağda böyük iqtisadi layihələrin həyata keçirilməsi, regional miqyaslı proyektlərin gerçəkləşdirilməsi bir daha Azərbaycanın iqtisadi gücünün böyüklüyündən, onun böyük maliyyə vəsaiti tələb edən müharibə və digər böhranlara davamlılığını göstərdi. Bu baxımdan Vətən müharibəsi Azərbaycanın hərbi müstəvidə olduğu kimi, iqtisadi müstəvidə də Ermənistanı müqayisəedilməz dərəcədə üstələdiyini göstərdi.

 

-Səmyar bəy, Vətən müharibəsi xalq-ordu və xalq-dövlət həmrəyliyi baxımından hansı özəlliklərlə yadda qaldı?

 

-Vətən müharibəsi ölkə daxilindəki münasibətlər sisteminin nə qədər sağlam və milli maraqlar əsasında formalaşdığını praktiki olaraq sübut etdi. Müharibənin elə ilk saatından ordu və dövlətlə tam həmrəylik sərgiləyən Azərbaycan xalqı, bütün imkanları ilə orduya böyük dəstək verdi ki, bu dəstək düşmən üzərində tarixi qələbəni tezləşdirdi. Müharibənin ilk günlərindən minlərlə vətəndaşımız könüllü şəkildə orduya qatılmaq üçün əlaqədar dövlət qurumlarına müraciətlər ünvanladı. Dövlət qurumları ilə yanaşı, özəl müəssiələr, şirkətlər, iş adamları, hətta adi vətəndaşlar belə cəbhəyə yardımlar göndərir, müxtəlif məsələlərdə öz köməkliklərini təklif edirdilər. Öz pensiyasını, əmək haqqını, sonuncu qəpiyini belə orduya göndərən insnlar oldu ki, bu da Azərbaycan xalqının öz əsgərinə, öz zabitinə, öz ordusuna müansibətini, sevgi və ehtiramını göstərirdi. Bu, həm də onu göstərirdi ki, Azərbaycan xalqı qələbə əldə etmək üçün hər cür fədakarlığa hazırdır.

 

Azərbaycan xalqı Vətən müharibəsi dönəmində dövlətlə də sıx həmrəylik sərgilədi. Bütün siyasi partiyalar ölkə başçısını dəstəkləyən bəyanatla çıxış etdi. Ali Baş Komandanın hər bir çağırışını qətiyyətlə dəstəkləyən Azərbaycan xalqı göstərdi ki, o öz liderinə, öz sərkərdəsinə inanır və bu mübarizədə ona hər cür dəstək göstərməyə hazırdır. Təsadüfi deyil ki, ölkə başçısı post-müharibə dönəmindəki çıxışlarında dəfələrlə Azərbaycan xalqının ona göstərdiyi etimada toxunmuş, bu etimadı yüksək qiymətləndirərək bildirmişdir ki, məhz xalqın dəstəyi sayəsində Azərbaycan dövləti bu böyük qələbəyə nail ola bildi.

 

Bir sözlə, Vətən müharibəsi xalq-ordu və xalq-dövlət münasibətlərinin nə qədər sağlam olduğunu, bu münasibətin milli maraqlarımızın qorunması baxımından nə dərəcədə önəmli olduğunu sübut etdi.

 

-Səmyar bəy, bu tarixi zəfər ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, sizcə daha hansı uğurlara  yolumuzu açmış oldu?

 

-Təbii ki, 8 Noyabr zəfəri erməni işğalına son qoymaqla yanaşı, ilk növbədə qürurumuzu, özümüzə və gücümüzə olan inamımızı bərpa etdi. Bu qələbə sayəsində cəmiyyətdə milli ruh və mübarizə əzmi daha da yüksəldi.

 

8 noyabr zəfəri hər şeydən öncə dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı. Dünya dövlətlərinə məlum oldu ki, Azərbaycan iqtisadi baxımdan olduğu kimi, hərbi baxımdan da regional gücdür və bu güc hər cür təhdid və təcavüzü dəf etməyə qadirdir.

 

Erməni faşizmi üzərində qələbə ölkəmizin iqtisadi inkişafı üçün də geniş perspektivlər açdı. Təkcə bir faktı qeyd edim ki, Qarabağda kənd təsərrüfatı üçün yararlı olan torpaqların sahəsi min hektarlarla ölçülür ki, bu da kifayət qədər böyük göstəricidir. Artıq işğaldan azad edilən bir sıra rayonlarımızda müxtəlif müəssisələrin əsası qoyulub ki, bu da yaxın illərdə həmin bölgələrin inkişafında müstəsna rol oynayacaq. Qarabağın iqtisadi inkişafı ümumilikdə ölkmizin iqtisadi inkişafına təkan verəcək.

 

Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti regionda nəqliyyat infrastrukturunun inkişafı üçün də əlverişli zəmin formalaşdırıb. Artıq Füzulidə beynəlxalq hava imanı istifadəyə verilib ki, bu da çox böyük iqtisadi əhəmiyyətə malikdir. İşğaldan azad edilmiş ərazilərdə yeni hava limanlarının inşası istiqamətində atılan addılar, habelə Zəngəzur dəhlizinin açılması yönündə gerçkləşdirilən cəhdlər bu sahədə də böyük inkişaf və tərəqqidən xəbər verir.

 

Əgər Ermənistan gələcəkdə xam xəyallara qapılmazsa, Azərbaycanın sülh səylərini dəstəkləyərsə, o zaman gələcəkdə bu inkişafdan bütün region dövlətləri faydala bilər.

 

Bir sözlə, 8 Noyabr zəfəri xalqımızın, dövlətimizin həyatında yeni bir səhifə açdı. Hansı ki, bu səhifə əsrlər sonra da tariximizin qızıl səhifəsi kimi qürurla xatırlanacaq və iftixar hissi ilə yad ediləcəkdir.

 

Seymur ƏLİYEV

2021-11-08 13:09:00
884 baxış

Digər xəbərlər

“Lokal xarakterli antiterror tədbirləri” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev  və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 3 noyabr  2023-ci ildə Bakı şəhəri   Səbail rayonunda tədbir təşkil ediblər. Tədbir  203 saylı tam orta məktəbdə  baş tutub.  “Lokal xaraketrli antiterror tədbirləri” adlı tədbirdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru  Əzizə Kərimova, şagird və müəllim kollektivi iştirak etdilər. Tədbiri məktəbin direktoru Əzizə Kərimova  açdı. O, qonaqları tədbir iştirakçılarına  təqdim etdi. Daha sonra Dovlət Himni səsləndi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev ordumuzun lokal antiterror tədbirlərində sərgilədiyi qəhrəmanlığa diqqət çəkib: “Ordumuz antiterror əməliyyatı zamanı 23.50 saat ərzində bütün dünya dövlətlərinə  xalqımızın qəhramanlığını göstərdi və İkinci Qarabağ müharibəsində olduğu kimi xalqımızın birlik olub Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək düşmənlərimizə qalib gəldik. Mən bir müharibə veteranı kimi söyləyirəm ki, müharibə nə qədər çətin olsa da, mənim üçün şəhid analarının  gözlərinə baxmaq daha çətin idi. Mən bir daha siz valideynlərin qarşısında baş əyirəm, sizlərə “çox sağ olun” deyirəm ki, belə qəhrəmanlar yetişdirmisiniz. 30 ilin həsrətindən sonra bütün Qarabağda yüksələn üçrəngli bayrağmız tökülən qanların hesabına dalğalanır. Şəhidlər ölməzdir, onlar əbədi qəlbimizdə yaşayacaq və gələcək nəsil onlarla fəxr edəcəklər”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову

Hamısını oxu
Dəmir yumruqla intiqamımızı aldıq

Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ birinci dünya müharibəsinin əvvəlindən başlamışdı. Onların müsəlmanlara qarşı özlərini təkəbbürlü aparmaları, milli və dini heysiyyətlərini açıq aşkar təhqir etmələri müşahidə olunurdu. 1917-ci ilin fevralından etibarən çar hakimiyyət orqanlarının ləğvindən istifadə edərək ermənilər gizli şəkildə silah anbarını ələ keçirdilər. Erməni və malakanlardan ibarət qarnizon təşkil etdilər, bu barədə yerli müsəlman Milli Şurasına və qəza komissiyasına məlumat vermədilər. Getdikcə Şamaxı şəhərində və ətraf kəndlərdə silahlanan ermənilər əvvəlcə özlərini müsəlmanlara elə göstərirdilər ki, guya onlara qarşı heç bir düşmənçilik hissi bəsləmirlər. Əslində isə hər şey tam əksinə idi. Belə ki, Cənubi Qafqazın müxtəlif ərzilərindən gizli şəkildə Mədrəsə kəndinə gələn erməni əsgərlərinin köməyinə əlavə olaraq martın əvvəlində Bakıdan bolşevik hakimiyyəti tərəfindən xeyli hərbi sursat, top və pulemyotlarla silahlanmış üç min erməni qoşun dəsətəsi göndərildi. Şamaxı şəhəri 1918-ci il martın 18-də səhər tezdən güclü top atəşinə tutulmağa başlandı, şəhər cənub hissədən ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirəyə alındı. Bu müsəlman əhali üçün gözlənilməz idi, çünki cəmi bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov müqəddəs Xaç və İncil qarşısında and içmişdilər ki, heç vaxt azərbaycanlılara qarşı silah işlətməyəcəklər, sülh və qardaşlıq şəraitində yaşayacaqlar. Lakin bu and bir gün sonra pozuldu. İlk olaraq Piran-Şirvan ərazisinə soxulan ermənilər müsəlman evlərini talan edib yandırır, mülki əhalini öldürürdülər. Yandırılan evlər arasında qəza müftisi Hüseynbəyovun, həmçinin Hacı Vahab Ələkbərovun, Şıxıyevlərin, Həsənovların, Veysovların, Məhərrəmovların və başqalarının mülkləri də var idi. Heç kimə aman verməyən daşnaklar insanları qəddarlıqla, işgəncə verərək qətlə yetirirdilər. 1918-ci ilin martın 18-də şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırdılar: Biz bu günü on iki ildir ki, gözləmişik. Bu Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özününzün müqəddəs Həzrət Abbasınızı çağırın. Şamaxı şəhərindəki bu vəhşiliklər bir neçə gün davam etmişdir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrin Şamaxıya köməyə gəlməsini eşidən ermənilər və malakanlar Qozlu-çay malakan kəndinə çəkilirlər. Köməyə gələn qoşuna tanınmış ictimai-siyasi xadim, I Dövlət Dumasının deputatı İsmayıl Xan Ziyadxanov başçılıq ediridi. Dörd gün sonra qüvvələrin qeyri bərabər olması səbəbindən azərbaycanlı silahlı dəstələr şəhərdən çıxmağa məcbur olurlar və demək olar ki, müsəlman əhalinin böyük hissəsi də şəhəri tərk edir. Ancaq bu proses çox tələsik olduğuna görə əhalinin bir hissəsi şəhərdə qalır. Bir neçə gün sonra yenidən erməni və malakan quldur birləşmələri  ikinci dəfə şəhəri ələ keçirirlər. Bu dəfə talanların, əhaliyə divan tutulmasının daha böyük qəddarlıq və qanişənliklə törədilməsi müşahidə olunurdu. Şəhərin azərbaycanlı əhalisi tamamilə məhv edilmiş, əmlakları qarət edilmiş, bütün müqəddəs yerlər, 13 məsçid, o cümlədən 800 illik tarixi olan Cümə məsçidi yandırılmışdı. Ermənilərin xüsusi qəddarlıqla qətlə yetirdikləri nüfuzlu insanlar içərisində axund Hacı Cəfərqulu (xilas olmaq üçün onun evinə və həyətinə pənah gətirmiş çoxlu qadın və uşaqlarla birlikdə), şəhər hakimi Teymur bəy Xudaverdov, eləcə də Məmməd Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Mir İbrahim Seyidov, Hacı Əbdül Hüseyn Zeynalov üç qardaşı ilə, Əbdürrəhim ağa Ağalarov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Məhiyyədin Əfəndizadə və bir çox başqaları var idi. Şamaxıya hər iki hücum Daşnaksutyun partiyası tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdir. Soyqırım əməliyyatlarına daşnak cəllad Stepan Şaumyanın xeyir duası ilə Stepan Lalayan, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Armenak Matirosyants, Aleksandr Xaçaturov və başqa vandallar rəhbərlik etmişdir. Şamaxı qəzasının azərbaycanlı əhalisinə 1 milyard rubldan çox ziyan dəymişdir, qəzanın 86-dan çox kəndi erməni daşmaklarının hücumlarına məruz qalmışdır. Xüsusilə Əngərxan, Mərzəndiyyə, Quşçu, Sündü, Dilman, Kalva, Ərəbqədim, Nəvahi, Qubalı Baloğlan, Təkəli, Yəhyalı, Bağırlı, Ağsu, Müci, Naburda soyqırıma məruz qalanların sayı çox olmuşdur. Ümumilikdə ermənilər tərəfindən 10000-dən şox azərbaycanlı qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər haqqında Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının tərəfindən 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hökuməti qurulduqdan sonra istintaq dayandırılmış və bu işə xitam verilmişdir. Beləliklə 1918-ci ilin mart-iyul aylarında Şamaxı qəzasında baş verən dəhşətli hadisələr bunun ən qatı soyqırım cinayəti olduğunu sübut edir. Əsrin əvvəlində erməni daşnakları Şamaxı qəzasında və digər ərazilərdə həyata keçirdikləri soyqırım aktını əsrin sonunda Xocalıda təkrarladılar. Bu isə onların mənfur xislətinin dəyişməz olduğunu bir daha isbatladı. Ancaq 2016-cı ildə 4 günlük aprel döyüşləri, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatlarında şanlı ordumuz ölkə prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dəmir Yumruq kimi birləşib erməni vandallarını darmadağın edərək işğal olunan Qarabağ torpaqlarını azad etdi, əsrin əvvəli və sonunda günahsız olaraq öldürülən soyqırım qurbanlarının intiqamını aldı. Rasim Nazimoğlu AMK nəzdində MK-in və ADİU (UNEC) nəzdində QSK-in müəllimiTarix və siyasi elmlər üzrə araşdırmaçı        

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Rusiyada keçirilən beynəlxalq tədbirdə layiqincə təmsil olunub

19-24 may 2019-cu il tarixlərində Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Moskva  şəhərində  Rusiya  Veteranlar  İttifaqı Koordinasiya Şurasının növbəti iclası  və "Qələbənin Varisləri" Beynəlxalq İttifaqın tədbirində iştirak edib. Azərbaycanı təmsil edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrindən, qanlı döyüşlərdə qəhrəmancasına vuruşan 700 minə yaxın soydaşımızdan 350 mininin həyatlarını itirməsindən danışıb. Gələn il Qələbəninin 75 illiyi əlaqədar Respublikamızda həyata keçiriləcək tədbirlərə hazırlıq barəsində geniş məlumat verib. C.Xəlilov, həmçinin Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulayıb. O, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizdə veteranlara diqqət və qayğısını beynəlxalq təşkilatların diqqətinə çatdırıb.

Hamısını oxu