Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ermənistanın təxribat cəhdləri ona yeni məğlubiyyət və rüsvayçılıqdan başqa heç nə vəd etmir”

Cəlil Xəlilov: “Rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir”

 

“Ermənistanın təxribat cəhdləri ona yeni məğlubiyyət və rüsvayçılıqdan başqa heç nə vəd etmir”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, bu cür təxribatlar Ermənistanın regionda vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir:

 

“Son vaxtlar bir il öncə açıq hərb meydanında məğlub olan Ermənistan tərəfinin yeni təxribatlara əl atması müşahidə edilir. Hansı ki, bu cür addımlar Ermənistanın bölgədə vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir.

 

Bildiyiniz kimi, Ermənistan tərəfi noyabrın 9-da da 60-ya yaxın hərbçi ilə Laçın rayonunun Qaragöl gölü istiqamətində təxribata cəhd etmiş, lakin onların bu cəhdi Azərbaycan Ordusu tərfindən qətiyyətlə alınmışdır. Ermənistan tərəfi bilməlidir ki, onların bundan sonra da atacaqları təxribat xarakterli addımların hamısının qarşısı qəti şəkildə alınacaq, rəsmi İrəvan bu kimi təxribatlarla heç bir məqsədinə nail ola bilməyəcək. Odur ki, rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir.

 

Məlumdur ki, Vətən müharibəsində öz hərbi potensialının 80%-ni itirən, bütün parametrlərdə ağır məğlubiyyətə uğrayan Ermənistan, öz gücünə güvənərək bu cür təxribatlara cəhd edə bilməz. Çox güman ki, onu bu təxribatlara həvbəsləndirən hansısa qüvvələr mövcuddur. Ancaq Ermənistan rəhbərliyi anlamalıdır ki, bu gün onu bu təxribatlara sövq edən qüvvələr sabah onu müdafiə edə bilməyəcək. Necə ki, bir il öncəki ətən müharibəsində müdafiə edə bilmədilər. Azərbaycan Vətən müharibəsindəki şanlı qalibiyyəti ilə bütün dünyaya sübut etdi ki, o, özünün ərazi bütövlüyünü, xalqın təhlükəsizliyini hər cür təhdid və təhlükədən qorumağa qadirdir. Yeni gərginlik və qarşıdurma Ermənistanın yeni və daha ağır məğlubiyyəti ilə nəticələnəcək ki, bu da qarşı tərəf üçün sözün bütün mənalarında son demək olacaq”.

 

2021-11-12 13:13:00
879 baxış

Digər xəbərlər

Polkovnik: Ermənistan Azərbaycanın ərazilərini mina gölünə döndərib

Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz idi. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə “Envoy” jurnalına müsahibəsində söyləyib. Xarici siyasət idarəsinin sözçüsü vurğulayıb ki, beynəlxalq təzyiqdən sonra Ermənistan bəzi xəritələri təqdim etsə də, onlar minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edirdi və yalnız 25 faiz dəqiq idi. Son mina partlayışı hadisələrinin 55 faizdən çoxu bu xəritələrlə əhatə olunmayan ərazilərdə baş verib. Onun sözlərinə görə, Ermənistanın xəritələri Azərbaycan ərazilərində təxminən 400 000 minanın yerləşdirildiyini göstərsə də, faktiki rəqəm 1,5 milyona yaxındır: “Ermənistanın mina təhlükəsinə münasibətdə bu cür davranışı regionda münaqişədən sonrakı dövrdə sülh və etimadın möhkəmləndirilməsi istiqamətində atılan tədbirlərə daha bir geri addımdır. Bu baxımdan, beynəlxalq ictimaiyyətin Ermənistandan gələn mina təhlükəsini pisləmək üçün ardıcıl tədbirlər görməsini son dərəcə vacib hesab edirik və Ermənistanın hələ də Azərbaycana tam təqdim edilməmiş bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyirik. Məcburi köçkünlərin təhlükəsiz qayıdışını və zərər çəkmiş regionların bərpasını təmin etmək üçün Ermənistanın bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsi son dərəcə vacibdir”. Qeyd edək ki, “Envoy” BMT-nin nəşr etdiyi jurnaldır.     Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Sherg.az”a bildirib ki, Ermənistanın sülhlə bağlı müsbət qərarı yoxdur:   “Ona görə də bir tərəfdən sülhə hazır olduğunu dilə gətirir, digər yandan isə mina xəritələrini Azərbaycana təhvil vermir. Eyni zamanda Ermənistan sərhəddə tez-tez atəşkəsi pozur, xarici dövlətlərdən silah-sursat tədarükünə davam edir, müqavilələr bağlayır və təlimlər həyata keçirir. Lakin Ermənistan başa düşməlidir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində  göstərdiyi gücü hər an təkrarlamağa hazırdır. Beynəlxalq təşkilatlar da mina xəritələriylə bağlı Ermənistana təzyiq göstərməlidir. Lakin beynəlxalq təşkilatların bəziləri mina təmizləmək üçün  Azərbaycandan daha çox Ermənistana yardım ayırırlar. Xarici dövlətlərə sual verən yoxdur ki, niyə Ermənistanın ərazisində mina basdırılmadığı halda onlara daha çox maliyyə yönləndirilir?”.    Ekspert söyləyib ki,  Ermənistan tərəfindən minalar basdırılan zaman o qədər qurumlar iştirak edib ki, bəlkə də özlərində heç xəritələr yoxdur: “Məsələn, mina basdıran hərbiçilərin çoxu savaşda həlak oldu və bəziləri dəyişdirildi. Həmçinin, Azərbaycana qarşı olan qərəzlərinə görə mina xəritələrini gizlədə və yaxud yandıra da bilərlər. Təbii ki, hər bir halda Ermənistanın ərazisində mina olmadığı halda bu qədər maliyyənin ayrılmasının hansı əsasla yerinə yetirildiyini dair Azərbaycan beynəlxalq təşkilatlar qarşısında tələb qoymalıdır. Ermənistan Azərbaycanın ərazilərini mina gölünə döndərib. Ermənistan torpaqlarında isə heç bir mina basdırılmayıb”.  

Hamısını oxu
Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq axtarış-xilasetmə təliminə start verilib. Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin edilməsi və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir. Qeyd edilib ki, 17 aprel tarixinədək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.  

Hamısını oxu
Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib. Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb. – Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib? – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi. – Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu? – Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi. – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz? – Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular. – 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz? – Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı. Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir. Hafta.az

Hamısını oxu
Ordumuz xalqımızın iftixar mənbəyi, təhlükəsizliyimizin qarantıdır!

Dünyanın müxtəlif regionlarında dövlətlərin bir-birlərinə qarşı mübarizədə istifadə etdikləri yeni müharibə üsulları, iqtisadi sankiyalar, törədilmiş terror aktları, separatizm, etnik-dini-siyasi qarşıdurmalar və s. proseslərin geniş vüsət alması, regiona dövlətlərin milli və hərbi təhlükəsizlikləri üçün ciddi təhdidlər yaradır. Mövcud vəziyyətin mürəkkəbliyi problemin qarşısının alınması mexanizmlərinin səmərə vermədiyini deməyə əsas verir. Azərbaycan Respublikasının hərbi siyasəti, təhlükəsizlik üçün xarici və daxili hərbi təhdidləri qiymətləndirməyə və hərbi təhlükəsizliyi təmin etmək üçün qeyri-hərbi və hərbi vasitələrin nisbətini təyin etməyə imkan verən bir sistemi yaratmaq vəzifəsini qarşıya qoyur. Hərbi təhlükəsizliyin təmin edilməsində dövlətin hərbi strukturunun yaradılmasına, gücləndirilməsinə və təkmilləşdirilməsinə, habelə dövlətin hərbi qüdrətinin müasir təsirlərə qarşı müqavimətini təmin edən səviyyədə saxlanılmasına xüsusi yer verilir. Hərbi təhlükəsizliyin təmin olunması, həm sırf hərbi, həm də siyasi-diplomatik, iqtisadi, ideoloji və digər quruluşlu bütün komponentlər, dövlət qurumlarının məqsədyönlü və əlaqəli səyləri sayəsində əldə olunur. Hərbi təhlükəsizlik üç səviyyəyə bölünür: qlobal, regional və milli. Qlobal səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi kütləvi qırğın silahlarının yayılmamasına çalışmaq, strateji hücum silahlarının azaldılması və s. tədbirlərlə təmin edilir. Regional səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi Rusiya və NATO ilə hərbi əməkdaşlığı çərçivəsində ölkənin hərbi-strateji mövqeyini gücləndirməklə təmin edilir. Milli səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi əsasən ölkənin lazımi hərbi potensialının yaradılması ilə təmin edilir. Ordu – müstəqilliyimizin və təhlükəsizliyimizin qarantı! Ümumilikdə götürsək, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas vəzifə və istiqamətlərindən biri ölkə ərazisinin və əhalisinin birbaşa xarici hərbi müdaxilələrdən, hər hansı təhdidlərdən qorunması, dövlətin hərbi təhlükəsizliyinin təmin olunması və suveren hakimiyyət səlahiyyətlərinə xarici müdaxilələrin qarşısının alınmasından ibarətdir. Hərbi siyasətin məqsədi -  hərbi təhlükəsizliyi təmin etmək üçün hərbi gücdən istifadənin mümkünlüyünü, zəruriliyini və hədlərini müəyyənləşdirmək; mövcud hərbi qüvvənin keyfiyyət və kəmiyyət xüsusiyyətlərinin qiymətləndirilməsi; hərbi təhlükəsizliyi təmin etmək üçün hərbi gücdən istifadə yollarının və vasitələrinin müəyyən edilməsi, zəruri hallarda hərbi qüvvənin potensial düşmənə təsir etməsi. Bu baxımdan Azərbaycan Respublikasının hərbi siyasəti, təhlükəsizlik üçün xarici və daxili hərbi təhdidləri qiymətləndirməyə və hərbi təhlükəsizliyi təmin etmək üçün qeyri-hərbi və hərbi vasitələrin nisbətini təyin etməyə imkan verən hərbi təhlükəsizliyin təmin edilməsi sistemini yaratmaq vəzifəsini qarşıya qoyur. Hərbi təhlükəsizliyin təmin edilməsində dövlətin hərbi strukturunun yaradılmasına, gücləndirilməsinə və təkmilləşdirilməsinə, habelə dövlətin hərbi qüdrətinin müasir təsirlərə qarşı müqavimətini təmin edən səviyyədə saxlanılmasına xüsusi yer verilir. Hərbi təhlükəsizliyin təminində iqtisadi, hüquqi və digər amillərin rolu... Ölkənin hərbi təhlükəsizliyinin təmin olunmasında qanunverici aktların layihələrini hazırlayan və qəbul edilmiş qanunların icrasını təmin edən hüquqi təsisatlar böyük rol oynayır. Hərbi təhlükəsizliyin təmin olunmasında daxili siyasi strukturların rolu olduqca çoxşaxəlidir. Ölkənin müdafiəsi, əhalinin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı hökumətin bütün qanunvericilik aktlarını və qərarlarını səmərəli şəkildə yerinə yetirməli, iqtisadiyyatın və ölkə ərazisinin hərbi cəhətdən hazırlanması sahəsində fəaliyyətini təmin etməli, güclənməsinə və sabitləşməsinə töhfə verən sosial və milli siyasətləri praktikada həyata keçirməlidirlər. Hərbi təhlükəsizliyin təmin olunmasında iqtisadi strukturların rolu böyükdür. Hərbi potensial Silahlı Qüvvələrin saxlanması və təkmilləşdirilməsi, döyüşün effektivliyinin artırılması, müasir silahlar, hərbi texnika və bütün növ müavinətlərlə təmin edilməsi iqtisadiyyatdan birbaşa asılıdır. Azərbaycanın hərbi təhlükəsizliyini təmin etmək üçün zəruri şərt hamı üçün təhlükəsizlik bərabərliyi prinsipinə əsaslanan qlobal və regional təhlükəsizliyin təmin edilməsi üçün bir modelin yaradılması olmalıdır. Hərbi təhlükəsizlik sistemi təkcə təhdid və çağırışlara cavab verməməli, həm də qabaqcadan düşünmək, mümkün təhdidlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək bacarığına sahib olmalıdır. Sülh dövründə Silahlı Qüvvələrin əsas vəzifələri sırasına Azərbaycana qarşı silahlı təcavüzə hazırlığın vaxtında aşkarlanması, ölkəmizə yönəlmiş hər hansı təcavüzə qarşı kifayət qədər güc və çəkindirmə vasitələri potensialının yaradılması, qoşunların döyüşə hazırlığı kimi əsas vəzifələr də daxildir. Əslində, gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən asılı olmayaraq bu ölkənin “monoetnik dövlətçiliyi, etnik təmizləmə və ərazi ekspansiyasını öz siyasətinin tərkib hissəsi kimi davam etdirməsi” və s. kimi addımları göstərir ki, Azərbaycan ona qarşı öz müdafiə qabiliyyətini daim yüksək səviyyədə saxlamalıdır. Silahlı təcavüzün dəf edilməsi vəzifələrinin icrası Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmr və göstərişlərinə uyğun olaraq həyata keçirilir. Silahlı Qüvvələrin birləşmələri Hərbi Doktrinada müəyyən edilmiş potensial və real hərbi təhdidlərin konkret istiqamətlərinə uyğun olaraq yerləşdirilir. Azərbaycan dövləti öz təhlükəsizlik mühitini, real və potensial hərbi təhdidləri, eləcə də ümumi hərbi-strateji vəziyyəti nəzərə alaraq, Silahlı Qüvvələrinin strukturunu formalaşdırır və idarə edir. Bu sahədə iş aparılarkən zəruri hərbi qabiliyyətin yaradılması və saxlanılması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında olmaqla, hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi, qarışıq (könüllü və çağırış üzrə) sistemə uyğun olaraq komplektləşdirmə, daim döyüşə və səfərbərliyə hazır vəziyyətin saxlanılması və s. prinsiplər əsas götürülür. Ölkənin siyasi və hərbi rəhbərliyinin ciddi fəaliyyətinin nəticəsi olaraq hazırda Azərbaycanda müasir döyüş sistemləri və silahlarla təmin olunmuş, taktiki, hərbi, fiziki və mənəvi cəhətdən əksər hərbi və döyüş vəzifələrini yerinə yetirməyə hazır olan, məxsusi zabit korpusuna malik, dəqiq strukturlaşdırılmış və öz komandir heyətinin tapşırıqlarını icra etməyə hazır olan həqiqi müasir və peşəkar ordu yaradılmışdır. Vahid hərbi komandanlığın formalaşması, idaretmə mexanizminin təşəkkül tapması, müasir ordu quruculuğu, ən son nailiyyətlərə əsaslanan silahların, peşəkar zabit kadrlarının mövcudluğu, ən əsası 44 günlük Vətən müharibəsindəki şanlı qalibiyyət onu deməyə əsas verir ki, artıq Azərbaycan Respublikası müstəqil hərbi siyasətinin həyata keçirməklə, özünün hərbi təhlüksizliyini təmin etməyə qadirdir. İlham Əliyev müasir Azərbaycan tarixinin memarı, bu tarixin qəhrəmanıdır Prezident İlham Əliyevin ölkə başçısı kimi hansı iqtisadi-siyasi nailiyyətlərə imza atdığı, Ali Baş Komandan kimi ordumuzun döyüş hazırlığını, texniki təchizatını hansı səviyyəyə yüksəltdiyi məlumdur. Azərbaycan bu gün iqtisadi gücünə görə bütün Qafqazda lider dövlətə çevrilib. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin  44 gün içində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Ölkə başçısının siyasi fəaliyyəti əsrlər sonra da öyrəniləcək, təbliğ ediləcəkdir. Lakin prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti, heç şübhəsiz, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq. 8 noyabr zəfərinin önəmi sadəcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu zəfər Azərbaycan xalqının özünə olan daxili  inamının, mənəvi gücünün, tapdanmış heysiyyatının bərpası demək idi. Və bizə bu böyük sevinci, bu böyük qürur hissini məhz möhtərəm prezidentimiz yaşatdı. Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir. Veteranlarımız bu böyük, müqəddəs işdə bu günə qədər olduğu kimi, bundan sonra da prezidentimizi dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcəkdir. 8 noyabr qalibiyyəti sadəcə bu ilin deyil, bu əsrin ən böyük zəfər salnaməsidir Təbii ki, 2020-ci illə bağlı ən böyük və ən mühüm olay Azərbaycanın erməni işğalında qalan torpaqlarının azad edilməsi, düşmən üzərində 8 noyabr zəfərinin əldə edilməsidir. Bu, o qədər böyük hadisədir ki, onun böyüklüyünü bir günə, bir aya, yaxud bir ilə sığdırmaq mümkün deyil. 44 günlük Vətən müharibəsində ordumuz düşmən üzərində o qədər parlaq, o qədər qəti və həlledici qələbə qazandı ki, bu qələbə və onun nəticələri haqqında əsrlər uzunu danışılacaq. Doğrudur, bu qələbə itkisiz başa gəlmədi. Üç minə yaxın hərbçimiz ərazi bütövlüyümüzün təmin olunması, erməni işğalının ordan qaldırılması üçün öz həyatını qurban verdi, şəhidlik zirvəsinə yüksəldi. Biz onları hər zaman dərin hörmət və ehtiram hissi ilə yad edəcəyik. Biz məhz onların qəhrəmanlığı sayəsində işğaldakı torpaqlarımızı azad etməyə, yağı düşməni diz çökdürməyə nail olduq. Ordumuzun əsgər və zabitləri şəhidlərimizin qisasını artıqlaması ilə aldılar. Erməni ordusunu Qarabağdan qovaraq bu torpaqlar üzərində dövlətimizin faktiki nəzarətini bərpa etdilər. Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı, öz döyüş tapşırığını yüksək bacarıqla yerinə yetirməsi qələbəmizi təmin etdi. Azərbaycan ordusu ilə müharibədə rüsvayçı məğlubiyətə uğrayan Ermənistan, hərbçilərimizin ölümcül zərbələri qarşısında davam gətirməyərək işğal etdiyi torpaqlardan qaçmağa məcbur oldu. Vətən müharibəsindəki şanlı Qələbəmiz ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək Vətən müharibəsindəki şanlı qələbə və Ermənistanın kapitulyasiyası həm Azərbaycanın, həm də regionun inkişafı üçün geniş perspektivlər açıb. Doğma Qarabağımızın bərpası ilə bağlı böyük planlar, möhtəşəm layihələr mövcuddur. Artıq bir çox layihələrin icrasına start verilib. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu Qələbəni şərtləndirən mühüm amillərdir. Bu Qələbə ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək. İşğaldan azad edilə ərazilər “ağıllı kənd”, “ağıllı şəhər” layihələri əsasında yenidən inşa ediləcək, müasir qaydada yenidən bərpa olunacaq. Artıq qardaş Türkiyənin bir çox şirkətləri bu quruculuq işinə cəlb edilib və Qarabağdakı abadlıq prosesində yaxından iştirak edir. Biz yaxın günlərdə iqtisadi müstəvidə böyük uğurlara şahid olacağıq. Bütün bu uğurlara zəmin yaradan isə Azərbaycan ordusunun Vətən müharibəsindəki qalibiyyətidir. Azərbaycan bu Zəfəri ilə bütün dünyaya sübut etdi ki, onun qüdrətli, məğlubedilməz ordusu var. Bu ordu istənilən missiyanı yerinə yetirməyə, ölkənin və xalqın təhlükəsizliyini təmin etməyə qadirdir. Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi Şübhəsiz, Azərbaycan ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması deməkdir. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Bildiyiniz kimi, Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyət bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımıdnan böyük əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi. Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənprəvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk etmiş, fərarilik etmişdir. Bunu Ermənistanın rəsmi dövlət qurumlarını da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi. Mən 26 iyun – Silahlı Qüvvələr Günü ilə bağlı bütün hərbçilərimizi təbrik edir, onlara öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Onlar əmin olsunlar ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, xalqımıza bəxş etdikləri qələbə şanlı tariximizin ən parlaq səhifələrindən biri kimi daim qürur hissi ilə yad ediləcək və alışlanacaqdır. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru  

Hamısını oxu