Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

”Elçin Babayevin tələbələr üçün çəkdiyi zəhmət göz önündədir və böyük ümidlər vəd edir”

Nizami Cəfərov: ”BDU rektorunun yataqxana problemini həll etməsi tələbələrə böyük töhfə olacaq”

 

Bugünlərdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev tələbələr üçün yeni, müasir yataqxanaların tikiləcəyini bildirib. Universitetin 225 nəfərlik yataqxanasının əsaslı şəkildə təmin edildiyini vurğulayan rektor, müasir səviyyədə yeni tələbə şəhərciyinin salınması layihəsi üzərində də çalışdıqlarını qeyd edib. Elçin Babayev bildirib ki, bu layihə gerçəkləşərsə, o zaman sadəcə BDU tələbləri deyil, yaxınlıqdakı digər universitetlərin tələbələri də həmin yataqxanalardan faydalana  biləcəklər.

 

Moderator.az-a açıqlama verən millət vəkili Nizami Cəfərov, tələbələrin yataqxana ilə təmin edilməsinin vacibliyinə diqqət çəkib və BDU rektorunun bu sahədəki fəaliyyətinin  təqdirəlayiq olduğunu qeyd edib:

 

“BDU-da təhsil alan tələbələrin yataqxanalara ehtiyacı olduğu məlumdur və universitet rektoru, hörmətli Elçin Babayevin bu istiqamətdə ciddi addımlar atdığı göz önündədir. Buna nümunə olaraq 250 nəfərlik yataqxana binasının əsaslı şəkildə təmin edildiyini göstərmək olar. Yeni yataqxanaların inşası məsələsi də günəmdədir ki, bunun gerçəkləşdirilməsi Elçin Babayev tərəfindən həyata keçirilən çox böyük qəhrəmanlıq olacaq. Çünki tələbələrin yataqxanalara ehtiyacı həqiqətən də böyükdür.

 

Mənim tələbəliyim BDU-nun yataqxanasında keçib. Hər dəfə bu yataqxanaların yanından keçəndə öz tələbəliyimi xatırlayıram.  

 

BDU-nun ali təhsil müəssisəsi kimi böyük perspektivə malik olduğu bəllidir. Universitetdə xarici tələbələr də təhsil alır. Bu baxımdan tələbələr üçün yeni, müasir yataqxanaların inşasına ehtiyac var.

 

Elçin müəllimin bu yöndə müntəzəm şəkildə çalışdığından xəbərdaram. Bu səy, bu zəhmət heç şübhəsiz təqdir edilməlidir. Hamımız arzulayırıq ki, tələblərimiz müasir yataqxanalarla təmin edilsin. Elçin müəllimin bu məsələ ilə bağlı atdığı addımlar kifayət qədər ümidvericidir. Ümid edirəm ki, yaxın gələcəkdə müasir tələbə şəhərciyinin yaradılmasına şahid olacağıq”.

 

Seymur ƏLİYEV

 

2021-11-26 10:54:00
1352 baxış

Digər xəbərlər

Veteranlara və şəhid ailələrinə verilən Prezident təqaüdünün artırılması dövlətimizin onlara qayğısının təzahürüdür

Prezident İlham Əliyevin Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün məbləği artırılıb. Dövlət başçısının digər bir Sərəncamı ilə şəhid ailələri üçün aylıq təqaüdün məbləği də artırılıb. Bununla bağlı AZƏRTAC-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Prezidentin bu sərəncamlarını dövlətin veteran və şəhid ailələrinə qayğısının və diqqətinin növbəti təzahürü olduğunu deyib: “İstər Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün, istərsə də şəhid ailələrinə verilən aylıq təqaüdün artırılması hər şeydən əvvəl dövlətimizin başçısının bu insanlara olan qayğısının göstəricisidir. Hər iki sərəncam “Heydər Əliyev İli”ndə məlum kateqoriyadan olan vətəndaşlarımız üçün töhfə oldu. Bu fakt bir daha sübut edir ki, dövlətimiz onun müdafiəsində xidməti olan insanların fədakarlığını, xidmətlərini heç vaxt unutmur və daim həmin şəxsləri diqqət mərkəzində saxlayır. Biz Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı adından veteran və şəhid ailələri ilə bağlı sərəncamlara görə Prezident İlham Əliyevə minnətdarlığımızı ifadə edirik. Həmçinin bildiririk ki, hər zaman olduğu kimi, bundan sonra da dövlət maraqlarımızın, milli mənafelərimizin müdafiəsində yaxından iştirak edəcək, dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin tərəqqisi uğrunda səylə çalışmaqda davam edəcəyik”. Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği yanvarın 1-dən 330 manat müəyyənləşdirilib.

Hamısını oxu
Şirvanda “Könüllü qonaq” layihəsi davam edir

15 mart 2022-ci il tarixdə Torpaq çərşənbəsi ilə əlaqədar olaraq Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Gənclər Evinin təşkilatçılığı ilə gənclər və könüllülər Şirvan şəhərində tənha yaşayan və xüsusi qayğıya ehtiyacı olan sakinlərin evlərinə baş çəkiblər. Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər sakinləri Səkinəxanım Ələkbərovanın və Natalya Balaşovanın evində qonaq olan könüllülər ahıl vətəndaşları İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib və bayram xonçasını onlara təqdim ediblər. Evdə təmizlik işləri aparan, səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər. Vətəndaşlarla söhbət zamanı bildirilib ki, ölkəmizdə könüllülük fəaliyyətinin geniş vüsət alması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Həyata keçirilən uğurlu təşəbbüslər sayəsində könüllülük fəaliyyəti ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb. Qeyd olunub ki, ölkə Prezidentinin könüllülük fəlsəfəsinin təbliğ olunması və könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Gənclər və İdman idarəsinin, Şirvan Gənclər Evinin birgə təşkilatçılığı əsasında, könüllülərin iştirakı ilə "Könüllü qonaq" layihəsi uğurla davam etdiriləcək. Xatırladaq ki, bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını, onlara mənəvi dəstək göstərilməsini nəzərdə tutur.

Hamısını oxu
Dağıstan və Azərbaycan Veteranlarının Birgə Forumu – Tarixi Qardaşlığın Təntənəsidi

80 il. Bu rəqəm təkcə bir zaman ölçüsü deyil. Bu bir xalqın yaddaşında silinməz iz buraxan fədakarlıqların, şəhid qanıyla yazılmış qəhrəmanlıq səhifələrinin, səngərlərdə yaşanan iztirabların və zəfərlə bitən müqəddəs savaşın simvoludur. 1945-ci ildə faşizm üzərində qazanılmış Qələbə yalnız hərbi gücün deyil, həm də xalqın iradəsinin, birliyinin və əzmkar ruhunun təntənəsi idi. Bu Zəfərin 80 illiyi münasibətilə keçirilən Dağıstan-Azərbaycan veteranlarının birgə forumu tarixin canlı şahidlərinin iştirakı ilə zamanın içindən boylanan bir sayğı duruşudur. Bu forumda səslənən hər bir fikir, səsləndirilən hər bir mahnı, bir-birini tamamlayan mədəniyyət nümunələri əslində bir xalqın keçmişinə etdiyi ehtiramın, gələcəyinə inamının ifadəsidir. Bu səfər və forumun ruhunda tarixi şəxsiyyətlərə olan dərin hörmət xüsusi yer tutur. Dağıstanda böyük ehtiramla anılan və Azərbaycan-Dağıstan dostluğunun təməlini atanlardan biri olan böyük dövlət xadimi Əziz Əliyev bu münasibətlərin canlı simvoludur. Onun II Dünya Müharibəsi illərində Dağıstanda göstərdiyi fədakar xidmətlər yalnız bir dövlət xadiminin fəaliyyəti deyildi, həm də qardaş xalqlar arasında mənəvi körpülərin çəkilməsi idi. Əziz Əliyev yalnız Dağıstan üçün deyil, Azərbaycan üçün də mənəviyyatın, humanizmin və qətiyyətin rəmzi kimi tarixə düşmüşdür. Mahaçqalada onun abidəsi önündə gül dəstələri qoyularkən təkcə bir şəxsiyyətin deyil, bir ideyanın, bir dostluğun, bir tarixin önündə baş əyildi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı o qəhrəmanlıq irsini layiqincə yaşadır, qoruyur və təbliğ edir. Böyük Vətən Müharibəsində qazanılan zəfərin ruhu Prezidentin çıxışlarında, qərarlarında və xüsusilə də işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərində yaşayır. Azərbaycanın sülhə, ədalətə və beynəlxalq həmrəyliyə verdiyi töhfələr əslində keçmişdən gələn müqavimət və zəfər ruhunun bu gün də yaşadığını sübut edir. Prezident İlham Əliyev ölkənin daxili və xarici siyasətində tarixi yaddaşı əsas götürərək gələcəyə yönəlmiş sabit və güclü siyasət həyata keçirir. Bu siyasətin təməlində məhz xalqlar arasında birliyə, tarixi həqiqətlərin müdafiəsinə və mədəni irsə verilən dəyər dayanır. Dağıstan və Azərbaycan veteranlarının birgə forumu təkcə sadə bir tədbir deyil, həmçinin hər səhifəsi qürur dolu səhifələrlə dolu olan tarixi memuardır. Bu memuar 80 il öncə qardaşlaşmış əllərlə, eyni düşmənə qarşı çiyin-çiyinə döyüşən Dağıstanlı və Azərbaycanlı əsgərlərin zəhməti və qanı ilə səngərlərdə yazılmışdı. O, Əziz Əliyevin humanist fəaliyyəti ilə onun Dağıstanda xalqın dərdinə yanan bir dövlət xadimi kimi yazdığı səhifələrlə zəngindir. O səhifələrdə təkcə siyasi addımlar deyil, insani münasibətlərin, xalq sevgisinin, vəfa və mərdliyin izləri vardır. Əziz Əliyevin simasında iki xalqın taleyi bir nöqtədə qovuşur və o nöqtə “qardaşlıq” adlanır. Bu xatirə və yaddaş bu gün İlham Əliyev tərəfindən davam etdirilir.  Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev məktəbinin yetirməsi kimi bu mirası uğurla yaşadır. Qarabağda yenidən doğulan şəhərlər, bərpa olunan mədəniyyət abidələri kimi bu forum da keçmişlə gələcək arasında mənəvi körpü salır. Bu forumda səslənən mahnılar, ifa olunan rəqslər, aparılan müzakirələr, xatırlanan igidlər bunların hər biri sanki o tarixi yaddaşın yeni səhifələridir. Dağıstan torpağında oxunan Azərbaycan şeiri, Dərbənd küçələrində səslənən “Qarabağ şikəstəsi” bir daha göstərdi ki, bu əsərin yazılışı hələ bitməyib. Onun hər səhifəsi yaşanır, onun hər misrası dostluq və vəfa ilə tamamlanır. Bu forum sübut etdi ki, zaman keçsə də yaddaş silinmir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci il aprelin 16-da Rusiya Federasiyasının Dağıstan Respublikasına etdiyi səfər məhz bu tarixi və mənəvi bağların yenidən canlandırılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Dağıstan və Azərbaycan veteranları arasında birgə forumun təşkili, qarşılıqlı təcrübə mübadiləsi və birgə tədbirlərin keçirilməsi planlarının müzakirəsi bu əməkdaşlığın praktiki təməllərini formalaşdırdı. Forumda ortaq tarixi hadisələrə bir daha nəzər salındı, müharibə dövrünün qəhrəmanlıq səhifələri yad edildi. Səfərin ən mühüm aspektlərindən biri xalqlarımızın ortaq tarixinin və mədəniyyətinin təbliği idi. Dərbənd və Mahaçqala şəhərlərində təşkil edilən tədbirlər, Azərbaycanın tarix və mədəniyyətə göstərdiyi diqqət və ehtiramı, bu istiqamətdə görülən işlərin davamlı olduğunu sübut etdi. Kitabxanalara bağışlanan kitablar, tarixi şəxsiyyətlərə ehtiramın ifadəsi olan abidələrin ziyarətləri, milli-mədəni dəyərlərin paylaşılması bu əməkdaşlığın mədəni təməllərinin necə güclü olduğunu bir daha göstərdi. Səfər çərçivəsində məktəblərdə keçirilən görüşlər, gimnaziyada aparılan müşahidələr gənclərin həm biliyə, həm də milli ruhda tərbiyəsinə verilən önəmin göstəricisi idi. Bu həm də veteranların öz təcrübə və dəyərlərini yeni nəslə ötürmək istəklərinin təzahürü idi. Forumda səsləndirilən mesajlar, xüsusilə də “Tarixi unutma, gələcəyi qoru” ideyası ətrafında səslənən çağırışlar, gənclər üçün bir yol xəritəsi rolunu oynayır. Səfərin mühüm strateji aspektlərindən biri də tariximizin təhrif olunması cəhdlərinə qarşı birgə mübarizə çağırışları idi. Polkovnik Cəlil Xəlilovun da vurğuladığı kimi zaman-zaman Azərbaycan və Dağıstan xalqları arasında qarşıdurma yaratmağa çalışan qüvvələr olub. Lakin bu səfər və forum göstərdi ki, xalqlarımızın birliyi və həmrəyliyi bu cür təxribatçı təşəbbüslərə qarşı ən güclü sipərdir. Veteranlar səviyyəsində əməkdaşlıq yalnız humanitar aspekt daşımır, həm də geosiyasi baxımdan əhəmiyyətli bir prosesdir. Azərbaycan və Dağıstan arasında qurulan bu körpü, ümumilikdə Rusiya və Azərbaycan arasında münasibətlərin daha sağlam zəmində inkişafına, regionda sabitliyin və qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verir. Forumda çıxış edən polkovnik Cəlil Xəlilov bu tədbirin sadə bir görüş deyil, tarixə olan sadiqliyin ifadəsi olduğunu bildirdi. O, vurğuladı ki, bu forum xalqlarımızın birgə mübarizə tarixinə, İkinci Dünya Müharibəsindəki ortaq zəfərimizə, Dağıstan və Azərbaycanın qəhrəman övladlarının şücaətinə bir ehtiramdır. Forumda Azərbaycan xalqının qələbədəki töhfələri xüsusilə də Bakı neftinin strateji əhəmiyyəti geniş şəkildə müzakirə olundu. Milli musiqilər, rəqslər, mədəniyyət nümunələri isə tədbirə emosional və mənəvi dəyər qatdı. Tanınmış simaların iştirakı forumun əhəmiyyətini daha da atrırdı.Forumda Dağıstan Respublikasının tanınmış dövlət xadimləri, ictimai-siyasi xadimlər, eləcə də çoxsaylı veteranlar iştirak edirdi. Bu geniş tərkibli iştirak forumun rəsmi və ictimai əhəmiyyətinin bariz göstəricisi oldu. Cəlil Xəlilov xüsusi olaraq Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər üzrə naziri Müslümov Enrik Selimoviç, “Dərbənd Şəhər” Şəhər Dairəsinin başçısı Əhməd Quliyev, Maxaçqala Şəhər Veteranlar Şurasının sədri Qahrimanov Ferezulla Aqakerimoviç, Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədrinin I müavini Barkuyev Barku Maqomedoviç, Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımurad Yacımurad İbramoviç, hüquq-mühafizə orqanlarının veteranı Ağagülov Əmirbəy Xıdıroviç, əmək veteranı Hüseynov Hüseynbala Yəhyayeviç və digərləri iştirak edirdi. Mən bütün bu şəxslərə, xüsusilə də Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimova, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi general-mayor Əliyar Abdullayevə  təşəkkür etdi. Həmçinin, Azərbaycan Respublikasının Prezident Administrasiyasının və dövlət qurumlarının göstərdiyi dəstək də yüksək qiymətləndirildi və mədəni və elmi tədbirlər keçmişə dəyər, gələcəyə yatırım fikri vurğilandı. Səfər çərçivəsində nümayəndə heyəti Dərbənd şəhərindəki Mirzə Kazım bəy adına mərkəzi kitabxanaya baş çəkdi. Burada Əziz Əliyev və Ümummilli lider Heydər Əliyevlə bağlı kitablar hədiyyə olundu. Kitabxanada Azərbaycan tarixi ilə bağlı zəngin və qayğı ilə qorunan mənbələrin mövcudluğu Dağıstan xalqının Azərbaycan mədəniyyətinə və tarixinə olan yüksək ehtiramının göstəricisi kimi dəyərləndirildi. Aprelin 18-də Mahaçqala şəhərinə edilən səfər çərçivəsində nümayəndə heyəti Əziz Əliyevin abidəsini ziyarət etdi. Veteranlar və məktəblilər qarşısında keçirilən çıxışlarda onun Dağıstan-Azərbaycan dostluğundakı tarixi rolu vurğulandı. Mahaçqala gimnaziyasında şagirdlərin yüksək vətənpərvərlik ruhu və bilik səviyyəsi nümayəndə heyətini dərin təsirləndirdi. Forumda gələcək planlar və perspektivlər geniş müzakirə olundu. Polkovnik Cəlil Xəlilov müsahibəsində qeyd etdi ki, qarşıda daha geniş əməkdaşlıq perspektivləri mövcuddur. Bu əməkdaşlıq yalnız veteran təşkilatlarının deyil, bütövlükdə Azərbaycan və Dağıstan xalqlarının strateji maraqlarına xidmət edir. O, bildirdi ki, yaxın vaxtlarda Dağıstanlı veteranların Azərbaycana səfəri təşkil olunacaq, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfərlərin təşkili, Azərbaycanın abadlıq-quruculuq işlərinin nümayişi prioritet istiqamətlərdəndir. Cəlil Xəlilovun vurğuladığı kimi iki xalq arasında zaman-zaman təxribat yaratmağa çalışan qüvvələrə qarşı belə dostluq tədbirləri mühüm sipər rolunu oynayır. Bu həm də gənc nəslə verilən bir mesajdır: tariximizi bilməli, birlik və qardaşlığımızı qoruyub saxlamalıyıq. Dağıstan və Azərbaycan veteranlarının birgə forumu təkcə keçmişə ehtiram deyil, eyni zamanda gələcək üçün möhkəm bir körpüdür. Bu forum göstərdi ki, iki xalq arasındakı qardaşlıq əlaqələri nəinki tarixi bir ənənədir, həm də uğurlu gələcəyə aparan yolun mənbəyidir. Bu dostluq, ortaq dəyərlər və mübarizə ruhu əsasında qurulan əməkdaşlıq, regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Dağıstanın igid oğul və qızları sülh, dostluq və birgə gələcək naminə bu gün də tarix yazmaqda davam edirlər!    Qorqut Süleymanlı

Hamısını oxu
Bahadur Məmmədqulu oğlu Hüseynov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, İkinci Dünya Müharibəsi və Silahlı Qüvvələr veteranı, general-mayor Bahadur Məmmədqulu oğlu Hüseynov uzun sürən xəstəlikdən sonar 96 yaşında vəfat etmişdir. Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə 1924-cü ildə ailəsi Naxçıvandan Gəncəyə köçməli olmuşdur. 1934-cü ildə yeddiillik təhsilini başa vuran Bahadur Gəncə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Həmin vaxtlar Xarkov şəhərində təhsil alan böyük qardaşı Əhməd Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırı. Təhsilini davam etdirmək və ürəyinə daha çox yatan işlə məşğul olmaq istəyən Bahadur Hüseynov bu istəklə 1939-cu ilin mayında Xarkov şəhərinə gedir və burada Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olur. Həmin şöbəni bitirdikdən sonra təhsilini çoxdan arzusunda olduğu F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etdirir. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Bahadur da təhsilini vaxtından əvvəl başa vuraraq, kiçik leytenant rütbəsində, tağım komandiri kimi cəbhəyə yollanır. Onun ilk döyüşü 1941-ci ildə Smolensk istiqamətində vuruşan 246-cı diviziyanın 908-ci alayının tərkibində olur. Düşmənlə amansız ölüm-dirim savaşında kiçik leytenant B.Hüseynov üç dəfə ağır yaralanır. Qorki şəhərində bir müddət müalicə olunduqdan sonar, yenidən cəbhəyə yola düşmək üçün Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir. Ancaq Bahadur Hüseynovun Sərhəd Məktəbini bitirdiyini bilən briqada komandanlığı onun cəbhəyə getmə xahişini qəbul etmir və Gürcüstanda — Sərhəd qoşunlarında xidmətə yollayır. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi Gürcüstanın müxtəlif bölgələrində tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. 1960-cı ildə polkovnik-leytenant rütbəsi alır və az sonra xidmət etdiyi hissənin rəis müavini təyin edilir. Elə həmin dövrdə, 1961-ci ildə xidmətdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olur və 1967-ci ildə universiteti ali təhsilli hüquqşünas ixtisası almaqla bitirir. Polkovnik-leytenant Bahadur Hüseynovun biliyi, intizamlılığı, bacarığı nəzərə alınıb, onun xidmətini Dövlət Təhlükəsizlik orqanlarında davam etdirməsi tövsiyə olunur. 1963-cü ildə baş tutan bu təyinatda həmin vaxt Təhlükəsizlik orqanlarında rəhbər vəzifədə çalışan ulu öndər Heydər Əliyevin rolu olmuşdur. B.Hüseynov az sonra məhz Heydər Əliyevin təqdimatı ilə Dövlət Təhlükəsizlik Komitəsində bölmə müdiri vəzifəsinə təyin edilir. Xüsusi xidmət orqanlarında vəzifə pillələrində inamla irəliləyən Bahadur Hüseynov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olunur. B.Hüseynov bu məsuliyyətli vəzifədə 7 il şərəflə, ləyaqətlə xidmət edir. 1976-cı ildə Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyevin təklifi və təqdimatı ilə polkovnik Bahadur Hüseynov Azərbaycan DTK-sına sədr müavini təyin edilir. Həmin vaxt o, rəhbər vəzifəli şəxs, təvazökar və sadə insan kimi artıq respublikada kifayət qədər tanınırdı. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini Bahadur Hüseynovun xidmətləri nəzərə alınaraq, ona 1978-ci ildə general-mayor rütbəsi verilmişdir. 1986-cı ildə təhlükəsizlik orqanlarından ehtiyata buraxılan Bahadur Hüseynov yenə də ölkənin ictimai-siyasi həyatından kənarda qalmır, Azərbaycan naminə bütün bilik və bacarığını sərf edirdi. Həqiqi vətənpərvər insan və ictimai xadim kimi xidmətləri yüksək qiymətləndirilərək, Bahadur Hüseynov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul katibi, sədrin müavini vəzifələrinə seçilmiş, 1992-ci ildən 2001-ci ilə kimi isə Təşkilatın sədri vəzifəsində seçilmşdir. O, 1987-ci ildə fəaliyyətə başlayan bu Respublika Veteranlar Təşkilatının yaradıcılarından biri olmuşdur. Təşkilatın sədri olduğu müddətdə də Bahadur Hüseynovun bütün fəaliyyəti Azərbaycanın tərqqisi, gənclərin Vətənə, xalqa layiq insanlar kimi yetişmələrinə həsr edilmişdir. O, sədr olduğu dövrdə Azərbaycan Veteranlar Təşkilatının xarici əlaqələri xeyli genişlənmişdir. Məhz Bahadur Hüseynovun təşəbbüsü ilə Azərbaycan Veteranlar Təşkilatı Ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olmuş və həm də o, bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlı olmuşdur. Bahadur Hüseynov ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə, dəfələrlə Cəlilabad rayon Zəhmətkeş Deputatları Sovetinə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçilmişdir. O, Azərbaycan KP-nin qurultaylarının nümayəndəsi, Bakı şəhər Partiya Komitəsinin üzvü seçilmişdir. Onu ölkədən kənarda, xüsusilə MDB məkanında yaxşı tanıyır, peşəkarlığına, bacarığına hörmətlə yanaşır, xidmətlərini nəzərə alırdılar. Bahadur Hüseynov 1991-2001-ci illərdə MDB ölkələri veteranlar təşkilatının Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü olmuşdur. Bahadur Hüseynovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. İki dəfə Qırmızı Əmək Bayrağı, I və II dərəcəli Vətən müharibəsi ordenlərinə, həmçinin 30-a yaxın medala layiq görülmüşdür. Müharibə veteranları arasında fəal beynəlmiləlçi fəaliyyətinə görə, Bahadur Hüseynov MDB ölkələrinin və Monqolustan Xalq Respublikasının də mükafatları ilə də təltif edilmişdir. Bahadur Hüseynov Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, keçmiş SSRİ-nin fəxri çekisti idi. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xidməti fəaliyyətində əldə etdiyi nəticələrə görə, iki dəfə Azərbaycan Respublikasının, üç dəfə Naxçıvan MR-nin fəxri fərmanları ilə təltif edilmiş, SSRİ və Azərbaycan DTK-nın qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. Bahadur Hüseynovun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.

Hamısını oxu