Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qarşımızda dayanan vəzifə media adından sui-istifadələrə qarşı geniş cəbhə açmaqdır”

Əflatun Amaşov: “Bu cəbhə təsadüf simaları sıradan çıxaracaqdır”

“Mediadan, jurnalist adından sui-istifadə halları ötən illərdə olduğu kimi, yenə də aktuallığını saxlamaqdadır. Azərbaycan Mətbuat Şurası fəaliyyətə başlayandan bu sayaq təmayüllərə qarşı mübarizə aparmaqdadır”.

Veteran.gov.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Əflatun Amaşov jurnalist adından sui-istifadə hallarına qarşı mübarizədə görülən və görülməsi gərəkən işlərə də diqqət çəkib:

“Qurum məsələyə cəmiyyətin diqqətini çəkmək üçün "reket jurnalistika" anlayışından istifadə edib. Təbii ki, anlayışa izah da verilib. Bu barədə geniş danışmaq istəməzdim. Çünki həm mübarizəmiz, həm onun nəticələri, həm də açıq deyim, müəyyən mənada gözlədiyimiz effekti verməməsi media cameəsindəki hər kəsə məlumdur.

Yeri gəlmişkən, illər ərzində mübarizənin lazımi qədər effekt verməməsinin səbəblərindən geniş danışmışıq. Səbəblər əsasən obyektiv səciyyə daşıyıb. Yəni böyük ölçüdəki obyektivlikdən danışıram. Nəyə görə belə deyirəm? Çünki MŞ problemlərin hamısını diqqətdə saxlayıb, onların ictimai müzakirəsi aparıb. Hətta qanunvericilik baxımından vacib məqamları açıqlayıb, vəziyyətdən çıxış yollarını vurğulayıb. Şura onu da bildirib ki, media adından sui-istifadələrin qarşısının alınmasında hüquqi prosedura ehtiyac duyulmaqdadır. Paradoksal durum yaranır. Diqqət etmişəm ki, bir çox həmkarımız jurnalistikadan sui-istifadələrə qarşı mübarizənin vabliyini diqqətə çatdırsa da, sonralar həmin həmkarlarımızı mübarizəmizə qarşı çıxanların səngərində görrmüşük. Deyərdim ki, bəzən belələrinə qarşı mübarizənin söz və ifadə azadlığı kontekstində dəyərləndirilməsinə, müxtəlif siyasi spekulyasiyalara baş vurulduğuna da şahidliyimiz var.

Hər bir halda məsələyə prinsipial yanaşılmasını, daha böyük həqiqətlərin üstün tutulmasını heç kəs inkar etməyib. Prinsipial yanaşma və daha böyük yanaşma isə budur. Birincisi, jurnalistika onun missiyasına yad təmayüllərdən qurtulmalıdır. İkincisi, jurnalistika informasiya işidir və bu iş həm də ölkənin təhlükəsizliyi ilə bağlıdır. Hər iki nəticə bir-birilə üzvü şəkildə bağlıdır. Birinci hala lazımi qiymət verilməməsi peşənin nüfuzunu zədələyir, ikinci məqama diqqət yetirilməməsi ölkənin təhlükəsizliyini təhdid edir.

Bütün bunları nəzərə alaraq bildirməliyəm ki, qarşımızda dayanan vəzifə media adından sui-istifadələrə qarşı geniş cəbhə açmaqdır. Bu cəbhə təsadüf simaları sıradan çıxaracaqdır. Bir növ, ələnmə baş verəcəkdir. Obrazlı desəm, ələyin gözündən yaxşılar düşəcəkdir. Ən əsas məsələ o ələyi hərəkətə gətirməkdir. Bunun üçün isə qanuni mexanizmlər var. O qanuni mexanizmlər ki, mövcud sahəyə toplanmış müxtəlif təsadüfi şəxsləri sıradan çıxarsın. Yenə də deyim, indiki məqamda məsələ başlıca olaraq həm də ölkənin informasiya təhlükəsizliyi ilə bağlıdır. Biz jurnalist adından sui-istifadə edənlərin spekulyativ davranışlarının təmənna mahiyyətini bilirik və heç kəs təminat verə bilməz ki, bu mahiyyət nə zamansa ölkə miqyaslı məsələlərdə cəmiyyəti yanlış yönləndirmə kimi neqativ təmayüllərin də girovuna çevrilməyəcək. Odur ki, peşəyə sədaqət elə Vətənə sədaqətdir. Prinsipial yanaşma peşəyə sədaqətsizliyin eyni zamanda Vətənə sədaqətsizlik kimi qiymətləndirilməsi üçün şübhələr aktuallaşdırır. Bu yanaşmanı bizdən zaman tələb edir”.

Seymur ƏLİYEV

 

2022-08-01 09:04:00
1084 baxış

Digər xəbərlər

Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi

Respublika Veteranlar Təşkilatının sədri general-polkovik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından general-leytenant Hikmət Mirzəyevi təbrik edir, ona tutduğu bu şərəfli və çətin yolda uğurlar arzulayır, zəfər sevincini yaşamağı diləyir! O, dövlətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən bir Vətən oğludur. Vətənpərvərliyi, millətsevərliyi, mərdliyi və s. yüksək keyfiyyətləri ilə Hikmət Mirzəyev onu tanıyan hər kəsin hörmətini qazanan bir insandır. Qeyd edək ki, Hikmət Mirzəyev Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrin Komandanıdır. Oktyabrın 4-də Prezident İlham Əliyev Birlik komandiri Hikmət Mirzəyevi və onun rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib. H.Mirzəyev 2016-cı ilin aprelində aparılan hərbi əməliyyatlara da rəhbərlik edən zabitlərdən biri olub. O, “Vətənə xidmətə görə”, “Azərbaycan bayrağı” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə”, 3 dəfə “Hərbi xidmətdə fərqlənməyə görə”, 4 dəfə isə Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif edilib. 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib

Bu il əlamətdar yubileyini - 80 illiyini qeyd edən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi hazırda yenə də izləyiciləri müxtəlif ölkələrin pavilyonları, özünəməxsus eksponatlar ilə heyrətə gətirir. Dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir. Bu gündən isə Azərbaycanın da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz evi var. Heydər Əliyev Fondunun dəstəyi ilə buradakı “Azərbaycan” pavilyonu əsaslı bərpa olunub. Nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin direktoru Sergey Şaqurov qarşıladı. Birinci vitse-prezident Mehriban Əliyeva, Federasiya Şurasının sədri Valentina Matviyenko və Moskva şəhəri merinin müavini Natalya Serqunina “Azərbaycan” pavilyonunun rəmzi açılışını bildirən lenti kəsdilər. Sonra pavilyonun yenidənqurmadan əvvəlki və təmir işləri aparılan zaman görüntüləri əks etdirən stendlə tanışlıq oldu. Hazırda nadir memarlıq siması bərpa olunan milli pavilyon, həmçinin yeni məzmunla izləyicilərini qarşılayır. Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür. Bərpa zamanı ornamentlərlə bağlı iş onların əvvəlki qatlarının təmizlənməsi ilə başladı və ilkin hesab edilən rəng çoxsaylı qatların altından üzə çıxarıldı. Bir illik gərgin iş nəticəsində mərmər döşəmələr, sütunlar, divar və tavandakı naxışlar, kitabxana və oranjereya tamamilə bərpa olundu. İzləyiciləri sürprizlər də gözləyir. Belə ki, tapıntılardan biri bərpa işləri ilə məşğul olanları da təəccübləndirdi. Metal konstruksiyaların bərpası zamanı torpağa basdırılmış fəvvarə aşkar edildi. Onu çıxarıb bərpa etdilər və hazırda həmin fəvvarə Azərbaycan pavilyonunda qoyulub. Daimi ekspozisiya zalında milli musiqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir. Həmçinin pavilyonda Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur. Burada ayrı-ayrı zallarda müxtəlif mövzularda mühazirə və konfransların keçirilməsi, musiqi proqramlarının, eləcə də turizm zonasında Azərbaycanın turizm imkanları barədə məlumatların təqdimatı nəzərdə tutulur. “Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir. Burada “Aznar”, “Aspi Aqro” MMC, “Azersun Holding”, “Şirvan Şərabları”, “Gazelli Qrup”, “Gilan” MMC, “İsmayıllı Şərab-2”, “Balxurma” MMC, “Marandi” MMC, “Kənddən şəhərə” brendi, “Xurcun”, “Viva” və digər yerli istehsalçıların məhsulları ilə tanış olmaq, eyni zamanda, milli suvenirlər əldə etmək mümkündür. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hektardan çoxdur. Burada memarlığın bir sıra şah əsərləri yer alıb, 49 obyekt, o cümlədən “Azərbaycan” pavilyonu mədəni irs nümunəsi kimi tanınıb. Kitabxana və oxu zalında müxtəlif kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri ilə tanış olmaq mümkündür. Pavilyonun açılışı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” pavilyonunun tarixini əks etdirən kitab nəşr olunub. Kitabda müxtəlif materiallar, arxiv fotoları əsasında “Azərbaycan” pavilyonunun tarixi, burada aparılan kompleks bərpa işlərinin xronikası təqdim edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi. Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı -Hörmətli Valentina İvanovna. Hörmətli qonaqlar, əziz dostlar. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” milli pavilyonunun açılışında sizi ürəkdən salamlayıram. Sizin hamınızı yaxın vaxtlarda 80 yaşı tamam olmuş bu əfsanəvi sərgi məkanının yubileyi münasibətilə təbrik etmək istəyirəm. İlk növbədə, hörmətli Valentina İvanovnaya bizim milli pavilyonun açılışında iştirak etdiyinə, ölkəmizə səmimi, mehriban münasibətinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü tədbirdə iştirak edən rusiyalı qonaqlarımızın hamısını salamlamağa şadam. Öz həmvətənlərimizi də görməyə şadam. Bu gün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi nadir sərgi şəhəridir. O, dünyanın 50 ən iri sərgi mərkəzi sırasına daxildir. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə hər il 30 milyona yaxın qonaq gəlir. Əlbəttə, bu gün mən qürur hissi keçirirəm ki, Moskvanın bu tarixi memarlıq mərkəzində bərpadan sonra “Azərbaycan” milli pavilyonu açılır. Pavilyon öz qapılarını bütün qonaqların üzünə açır. Bizim ölkəmizə milli pavilyonun bərpasında iştirak etmək imkanına görə Rusiya Federasiyasının rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə, Moskva şəhərinin hökumətinə, Moskvanın meri cənab Sobyaninə təşəkkürümü bildirmək istəyirəm. “Azərbaycan” pavilyonu 1939-cu ildə məşhur Azərbaycan memarları Sadıq Dadaşov və Mikayıl Useynovun layihəsi üzrə yaradılıb. Sonrakı illərdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisindəki bir çox başqa pavilyonlar kimi bu pavilyon da çoxsaylı dəyişikliklərə məruz qalıb, yenidən qurulub. Məsələn, 1966-cı ildə bu nadir memarlıq binasının fasadı bütöv metal qutu ilə örtülüb, bu isə heç şübhəsiz, onun simasını tamamilə dəyişib. Bir sözlə, sonrakı illərdə pavilyon özünün memarlıq, funksional və milli identikliyini itirib. 2014-cü ildə Moskva şəhəri hökumətinin təşəbbüsü ilə keçmiş müttəfiq respublikalara öz milli pavilyonlarının bərpasında iştirak etmək təklif olunanda Azərbaycan bu xəbəri böyük coşqu ilə qəbul etdi və hazırlıq işlərindən sonra 2017-ci ildə bərpa işləri başlandı. Pavilyonda bərpa işləri Azərbaycan dövlətinin dəstəyi və Heydər Əliyev Fondunun rəhbərliyi ilə aparılıb. Bu binanın ilkin memarlıq-etnik simasını qaytarmaq məqsədi qarşıya qoyulmuşdu. Çox gərgin iş aparıldı, Azərbaycandan və Rusiyadan ən yaxşı mütəxəssislər, memarlar, rəssamlar, bərpaçılar, mədəniyyət tarixçiləri dəvət edildi. Bu gün nəticəni görürük. Bu binanın tamamilə bərpa olunmuş autentikliyini görürük. Şübhəsiz, bu cür gözəl nəticə komanda şəklində işin yekunudur. Bu gün mən bizim milli pavilyonun bərpası üçün səy göstərənlərin hamısına təşəkkürümü bildirmək istəyirəm. “Azərbaycan” pavilyonunun zahiri simasının bərpa olunması ilə bərabər, o, həm də yeni məzmun kəsb edib. Burada bizim pavilyonun qonaqları xalqımızın zəngin çoxəsrlik tarixi, mədəniyyəti, ənənələri ilə tanış ola, eyni zamanda, müasir müstəqil Azərbaycan haqqında, onun ictimai-siyasi, iqtisadi, humanitar sahələrdə uğurları barədə informasiya əldə edə bilərlər. Əlbəttə, şübhə etmirəm ki, gələcəkdə bu məkanda təşkil ediləcək tədbirlər, görüşlər, sərgilər Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaq. Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Bu gün biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq. Fürsətdən istifadə edib, məni Rusiyaya rəsmi səfərə dəvət etdiyinə və məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni almaq mənim üçün böyük şərəfdir və mən bu mükafatı Rusiya-Azərbaycan dostluq münasibətlərinin daha bir təsdiqi kimi qəbul edirəm. Bu gün ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər bunu təsdiq edir. Azərbaycanın və Rusiya Federasiyasının prezidentləri arasında etimada əsaslanan dostluq münasibətləri demək olar ki, bütün sahələrdə bizim ikitərəfli əlaqələrin dinamik və intensiv inkişafını təyin edir. Bizim uğurlu iqtisadi əməkdaşlığımız öz bəhrələrini verir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə isə birinci yeri tutur. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi davamlı şəkildə artır. Keçən il bu göstərici 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə 26 faiz artım müşahidə olunur. Sevindirici haldır ki, qarşılıqlı investisiyaların həcmi artır. Rusiya Azərbaycana sərmayə yatırır. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard, o cümlədən qeyri-neft sektoruna sərmayə yatırımının həcmi 1 milyard dollardır. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyaları 1,2 milyard dollar təşkil edir. Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı bizim ölkəmizə səfər edib, cari ildə bu göstəricilərin artacağını gözləyirik. Bizim ikitərəfli əlaqələrimizdə regionlararası əməkdaşlıq mühüm yer tutur. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə həm iqtisadi, həm də humanitar sahədə əlaqələr qurub. Bu gün mənim səfərim çərçivəsində hörmətli Valentina İvanovna ilə birlikdə X yubiley Regionlararası Forumun açılışında iştirak edəcəyik. Ölkələrimizi bir-birinə bağlayan humanitar əlaqələri xüsusi vurğulamaq istəyirəm. Bildiyiniz kimi, Azərbaycanda Rusiya mədəniyyətinə, rus dilinə dərin hörmətlə yanaşırlar. Ölkəmizdə rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanılıb. 338 məktəbdə tədris rus dilində aparılır, Azərbaycanın 14 dövlət ali məktəbində rusdilli bölmə var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir. Ali təhsil səviyyəsində də uğurlu əməkdaşlıq edirik. Bizim paytaxtımızda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bizim tələbələrin Rusiyada təhsil almasının dəstəklənməsinə görə Rusiya hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda çoxminli rus icması ölkəmizin ümumi inkişafına layiqli töhfə verir. Bir sözlə, humanitar sahədə münasibətlərimizin nümunəvi olduğunu desəm, zənnimcə, yanılmaram. Əziz dostlar, sizi bu əlamətdar hadisə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində “Azərbaycan” pavilyonunun açılışı münasibətilə bir daha təbrik edirəm. Əminəm ki, istər iqtisadi, istərsə də humanitar sahədə Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mövcud potensial gələcəkdə xalqlarımızın rifahı naminə uğurla reallaşdırılacaq. Diqqətinizə görə sağ olun. Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm. Sağ olun. X X X Sonra Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış etdi. Federasiya Şurasının sədri Valentina Matviyenkonun çıxışı -Çox hörmətli Mehriban Arif qızı. Hörmətli xanımlar və cənablar, əziz dostlar. Biz bu gün belə təntənəli şəraitdə əlamətdar bir hadisə münasibətilə toplaşmışıq. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən biri əsaslı bərpadan sonra yenidən öz qapılarını moskvalılara və paytaxtımızın qonaqlarına açır. “Azərbaycan” pavilyonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin yaşıdıdır və hörmətli Mehriban Arif qızının artıq dediyi kimi, düz 80 il əvvəl açılıb. O, görkəmli Azərbaycan arxitektorları tərəfindən tikilib və deyərdim ki, həmin vaxt da, bu gün də memarlıq incisidir. Əlamətdar haldır ki, pavilyonun açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyeva iştirak edir. Bu, bugünkü hadisəyə xüsusi əhəmiyyət qazandırır. Mən çox şadam ki, Mehriban Arif qızı, dünən Rusiya Federasiyasının Prezidenti Sizə “Dostluq” ordeni təqdim edib. Bu, Sizin şəxsən Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və bir çox başqa məsələlərə, mədəniyyətin inkişafına, humanitar layihələrə Sizin töhfənizin qiymətləndirilməsidir. Həmkarlar, gəlin Mehriban Arif qızı Əliyevanı yüksək dövlət mükafatı münasibətilə bir daha təbrik edək. Biz bilirik ki, Prezident İlham Əliyev və Siz ölkələrimiz arasında dostluğun möhkəmlənməsi, o cümlədən mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün çox işlər görürsünüz. Biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan arxitektorlarının düşündüyü kimi, “Azərbaycan” pavilyonu ziyarətçilərə köhnə Bakının küçələrini xatırladacaq, onları sanki günəşli Azərbaycan torpağına aparacaqdı. Pavilyonun bəzədilməsində nadir ornament kompozisiyalarından, şəbəkə freskalarından, Azərbaycan ustalarının mismardan istifadə etmədən kiçik qoz ağacı detallarından yığdıqları şəbəkələrdən istifadə olunmuşdu. Burada milli ənənələr, milli mətbəx yer almışdı, amma zaman keçir, zövqlər dəyişirdi. 1960-cı illərdə pavilyon yenidən quruldu. Təəssüf ki, nadir dəyərə malik olanların bir çoxu məhv edildi. Beş il əvvəl “Azərbaycan” pavilyonunun onun əvvəlki tarixi görkəmində bərpa edilməsi haqqında razılıq əldə olundu. 2016-cı ildə “Azərbaycan” pavilyonu Azərbaycan tərəfinə təhvil verildi. Ötən müddətdə Azərbaycanın və Rusiyanın nadir ustaları tərəfindən belə incə, dəqiq, gözəl işlər görülüb. Bu gün bizim qarşımızda bərpa olunmuş belə gözəl pavilyon var. İstərdim ki, hər şeydən əvvəl, pavilyonun yenidən qurulmasına öz əməyini sərf etmiş bərpaçılara, ustalara təşəkkürümü ifadə edim. Bütün bərpa işləri hörmətli Mehriban Arif qızının başçılıq etdiyi Heydər Əliyev Fondunun rəhbərliyi ilə aparılıb. Göstərdiyiniz dəstəyə və burada yerinə yetirilmiş nadir işlərə görə Sizə və Fonda “Çox sağ olun!” deyirəm. Yeri gəlmişkən, demək istəyirəm ki, Rusiyada Heydər Əliyevi dəyişməz olaraq hər zaman böyük səmimiyyət və böyük ehtiramla xatırlayırlar. Bərpa işlərinin gedişinə böyük diqqət yetirən, zəruri təşkilati yardım göstərən Moskva meri Sergey Semyonoviç Sobyaninə də minnətdarlığımı çatdırmaq istəyirəm. Vitse-mer Natalya Alekseyevna Serqunina burada iştirak edir, zəhmət olmasa, Sergey Semyonoviçə böyük minnətdarlığımı çatdırın. Həmçinin Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri, artıq Rusiya ilə Azərbaycan arasında dostluğun bir növ rəmzinə çevrilmiş və bərpa işlərinin gedişinə də böyük diqqət yetirən Polad Bülbüloğluna da təşəkkür etmək istəyirəm. Hesab edirəm ki, bugünkü pavilyonun açılışı böyük hadisədir. Bu, ölkələrimiz arasında dostluğun əlaməti və rəmzidir. Əminəm ki, bu pavilyon Azərbaycanın Moskvadakı qeyri-formal mədəniyyət nümayəndəliyi statusunu daşıyacaq. Bilirəm ki, pavilyonun rəhbərliyinin müxtəlif sərgilərin, konfransların, digər tədbirlərin keçirilməsi üzrə böyük planları var. Beləliklə, Moskva sakinləri də, paytaxtın çoxsaylı qonaqları da bu məkanda həm Azərbaycan xalqının qədim mədəniyyəti və ənənələri, tarixi və əlbəttə, həm də Azərbaycanın müasir uğurları ilə tanış ola biləcəklər. Biz sizin əsl dostlarınız kimi, ölkənin necə dəyişməsi, ölkədə iqtisadi və sosial inkişaf, vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində görülən böyük işlərə görə çox şadıq və bunlarla fəxr edirik. Bakı çox gözəlləşib, hər dəfə səfər edəndə valeh olursan, həmişə yeni nə isə görürsən. Ona görə də təəccüblü deyil ki, Rusiyadan turistlərin sayı bu cür templərlə artır. Bakı da, çox gözəl ölkə olan Azərbaycan da olduqca qonaqpərvər və xoşniyyətlidir. Əminəm ki, bizim turistlərin sayı gələcəkdə də artacaq. Biz isə Azərbaycandan Rusiyaya gələn turistlərin sayının artmasında maraqlıyıq. Həmçinin bunun üçün də şərait yaradacağıq. Mən hamını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı 2020-ci ilə planlaşdırılan Azərbaycan Mədəniyyəti Günlərinin ərəfəsidir. Bu yaxınlardakı səfərim zamanı Azərbaycanda Rusiya Federasiyası Mədəniyyət Günlərinin açılışını etmək mənim üçün böyük şərəf idi. Bizim təşkil etdiyimiz mədəniyyət tədbirlərinə necə böyük marağın olduğunu bilirəm. Hörmətli Mehriban Arif qızı, biz Azərbaycanın mədəniyyət təmsilçilərini də bu cür səbirsizliklə Rusiyada gözləyirik. Biz Azərbaycanı sevirik. Biz Azərbaycan mədəniyyətini sevirik. Əminəm ki, Mədəniyyət Günləri böyük uğurla keçəcək. Bir daha hamını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istəyirəm. Hörmətli Mehriban Arif qızı, Rusiyanın ünvanına söylədiyiniz sözlərə və əməkdaşlığımızın gələcək inkişafı üçün göstərdiyiniz səylərə görə Sizə “Çox sağ olun!” deyirəm. Sağ olun. X X X Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışını tarixi hadisə adlandırdı. Səfir bildirdi ki, vaxtilə bu pavilyonda Azərbaycanın layiqincə təmsil olunması üçün bütün işlər görülmüşdü və bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə pavilyonumuz yenidən öz fəaliyyətini bərpa edir. Qeyd edək ki, bu layihə mədəniyyətlərarası və millətlərarası dialoq, xalqların bir-birinə yaxınlaşması baxımından böyük rol oynayır.

Hamısını oxu
Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirləri birgə bəyanatla çıxış ediblər

Moskva, 10 oktyabr, AZƏRTAC Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov, Sergey Lavor və Zöhrab Mnatsakanyan arasında Moskvada keçirilən danışıqlar başa çatıb. AZƏRTAC xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıqların nəticələrinə əsasən, birgə bəyanatı elan edib. Bəyanatda deyilir: “Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın razılaşmasına əsasən, tərəflər aşağıdakı addımların atılması barədə razılığa gəliblər: 1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur; 2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq; 3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar; 4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər”.   Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva

Hamısını oxu
Akademik Sudeyf İmamverdiyev Respublika Veteranlar Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri,  YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev və adıçəkilən təşkilatın bir qrup nümayəndəsi Respublika Veteranlar Təşkilatının qonağı olub.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilarının sədri polkovnik Cəlil Xəlilov qonaqlara Təşkilatın fəaliyyəti, həyata keçirdiyi vətənpərvərlik layihələri haqqında ətraflı məlumat verilib. 44 günlük Vətən müharibəsində hərbçilərlə yanaşı, Azərbaycan həkimlərinin də böyük fədakarlıq göstərdiyini bildirən polkovnik Cəlil Xəlilov, türk xalqları arasında əlaqələrin daha da genişlənməsinin vacibliyinə toxunub. Cəlil Xəlilov qeyd edib ki, bu məsələdə “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin fəaliyyəti xüsusilə təqdirəlayiqdir və bu fəaliyyət türk dünyası daxilində mənəvi birliyin möhkəmlənməsinə töhfə verir. Görüşə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən akademik Sudeyf İmamverdiyev, Respublika Veteranlar Təşkilatının qonağı olmaqdan məmnunluq duyduğunu vurğulayıb, Təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Respublika Veteranlar Təşkilatı ilə “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi arasında əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə olunub, bir sıra məsələlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb. Seymur ƏLİYEV  

Hamısını oxu