Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzindəki mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib.

Mədəniyyət və ədəbiyyat günlərinə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, hər iki ölkənin Yazıçılar birlikləri, Azərbaycanın Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əbu Reyhan Biruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərir.

 

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, dünya ədəbiyyatı tarixinə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Zahirəddin Babur, Əlişir Nəvai və başqa məşhur şairlər verən Azərbaycan və Özbəkistan öz qədim tarixi və mədəniyyəti ilə məşhurdur. O deyib ki, yazıçı və şairlərimizlə bərabər dövlət başçılarımızı da dostluq və qardaşlıq münasibətləri birləşdirir. Belə ki, ulu öndər Heydər Əliyevlə Özbəkistanın sabiq rəhbərləri Şərəf Rəşidov və İslam Kərimovun, Azərbaycanın və Özbəkistanın hazırkı dövlət başçıları İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluğu bir örnəkdir.

 

S.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildiyini və Özbəkistanda da böyük özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması ilə bağlı prezident Şavkat Mirziyoyev tərəfindən Sərəncam imzalandığını iştirakçıların diqqətinə çatdırdı. Diplomat Nizami Gəncəvi və Əlişir Nəvainin xalqlarımızın fəxri olduğunu və onların yaradıcılığının Türk dünyası poeziyasının zirvəsi olduğunu qeyd edərək, hər iki mütəfəkkirin dünya ədəbiyyatına verdiyi töhfələrdən və “Xəmsə”çilik fəaliyyəti barədə fikirlərini bölüşüb.

 

Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov Azərbaycanla Özbəkistan arasında elm, ədəbiyyat, əlyazmalar sahəsində əməkdaşlıqdan danışıb, Azərbaycan və Özbəkistanın klassik şairlərinin əsərlərinin çap olunması istiqamətində görülən işləri təqdir edib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin Özbəkistanda ilk dəfə olaraq çap olunan “Xəmsə”nin ölkənin mədəni həyatında əlamətdar hadisə adlandırıb, digər Azərbaycan klassik şairlərinin əsərlərinin çapının tədqiqatçılar üçün əhəmiyyətinə toxunub.

 

Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərinə nəzər salaraq onların ədəbiyyatımıza gətirdiyi yeniliklər, poeziyamızın zənginləşməsində xidmətlərindən danışıb. Akademik vurğulayıb ki,  Nizaminin “Xəmsə”si olmasaydı, təbii ki, Əlişir Nəvainin də “Xəmsə”si olmayacaqdı. Əl-Fərabi də, Nizami Gəncəvi də, Əlişir Nəvai də türkdür. Əl Fərabi “Xəmsə”ni ərəbcə, Nizami Gəncəvi farsca, Əlişir Nəvai isə türkcə yazıb. Belə müqayisələri çox çəkmək olar deyə Nizami Cəfərov qeyd edib.

 

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, belə tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin dərinləşməsinə təkan verdiyini qeyd edib. Nazirlik rəsmisi  Nizami Gəncəvi və Əlişir Nəvai kimi şairlərin Türk dünyasının sərvəti olduğunu və zaman-zaman şairlər, ədiblər, bəstəkarlar bu mütəfəkkirlərin əsərlərindən qidalanaraq yeni-yeni sənət əsərləri yaratdqlarını söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin məsləhətçisi, yazıçı-tədqiqatçı Sayman Aruz Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərini müqayisə edib. “Şeyx Nizamini Azərbaycan dövlətinin əsas manifestidir adlandırsaq yanılmarıq. Biz bu gün öz mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik və Nizami Gəncəvi də bu mədəniyyətin əsas nəzəriyyəçisidir-deyib S.Aruz.

 Özbəkistan Dövlət Mədəniyyət və Sənət Universitetinin rektoru, professor İbrahim Yuldaşev, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənddəki Nəvai adına Milli Kitabxananın direktoru Umida Keşabayeva və başqaları Nizami Gəncəvi və Əlişir Nəvainin dünya ədəbiyyatı tarixindəki yeri və mövqeyi haqqında danışıblar, bu şairlərin ayrı-ayrı əsərlərini təhlil ediblər.

 

Tədbir çərçivəsində Özbəkistanın ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvaiyə həsr olunmuş şeir kompozisiyası səsləndirilib.

 

Daha sonra Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri əsasında hazırlanan konsert proqramı təqdim olunub. Konsertin bədii rəhbər Özbəkistanın Əməkdar Artisti, professor Firuza Abduraxmanova, dirijor Qahraman Bazarov və ifaçılar Moxiçöhrə Şomuradova, Səncər Kodırov və Qosımcan Nazarov  olduğu proqramda Üzeyir Hacıbəyovun “Nizami: Sevgili canan”, “Sənsiz”,   “Ey səba”, “Naz nazı”, “Sarı gəlin” və Nizami simfoniyası ifa edilib. İfa tamaşaçıların alqışları ilə qarşılanıb.

 

2021-12-02 11:50:00
1218 baxış

Digər xəbərlər

Prezident Stevo Pendarovskiyə məktub göndərdi

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Stevo Pendarovskiyə məktub göndərib. Axar.az məktubun mətnini təqdim edir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah diləyirəm

Hamısını oxu
General-leytenant Hüseyn Rəsulbəyov

Sovet dövründə bizim xeyli tanınmış hərbi sərkərdəmiz olub. Onların sıra-sında general-leytenant Hüseyn Rəsulbəyovun xüsusi yeri və dəsti-xətti vardır. Müharibədən əvvəl təhsil və əmək fəaliyyətə başlaması, texniki işlərlə məşğul olması, hərbi akademiyanı bitirdikdən sonra döyüşən orduya, müharibəyə yollanması, orada özünü əsl komandir və mütəxəssis kimi göstərməsi onun peşəkarlığından və parlaq gələcəyindən xəbər verirdi. Bir məsələni açıq şəkildə söyləmək istəyirəm. Sovetlər dönəmində qeyri-slavyan millətindən olan insanların ali vəzifələrə təyin olunması, yüksək rütbələr alması heç də asan məsələ deyildi; səbəb də o idi ki, qeyri-slavyan millətindən olan insanlara o qədər də inanmırdılar. Bu stereotipləri qırmaq yüksək professionallıq tələb edirdi, gərək digərlərindən mütləq dərəcədə fərqlənəydin ki, səni yüksək vəzifəyə təyin edəydilər. Uzun müddət işinlə, əməlinlə sübut yetirməliydin ki, sən professionalsan, sən düzgün insansan, sən ədalətlisən, sən işini bilənsən, yüksək təşkilatçılıq bacarığın var, idarəetmə qabiliyyətinə maliksən. Bu xüsusiyyətlərə malik olmaq sovet dövründə asan məsələ deyildi və Hüseyn Rəsulbəyov general-leytenant rütbəsinə yüksələrək Azərbaycanın adını xeyli ucaltmışdır. Rəsulbəyov 1941-ci ilə Moskvada F.E. Dzerjinski adına Hərbi Mühəndislik Akademiyanı bitirmiş ilk azərbaycanlı olub. O, hava hücumundan müdafiə sisteminin zenit-raket qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır. Rəsulbəyov sayılıb-seçilən generallardan idi. Hər bir Azərbaycan gənci üçün, hər bir Azərbaycan zabiti üçün onun 40 illik xidmət dövrü gözəl bir nümunədir. Ona görə də tarixdə belə şəxsiyyətlər qalmalıdır və qalır. Onun keçdiyi həyat yolu, fəaliyyəti dərindən öyrənilib gənclərimizə, zabitlərimizə, əsgərlərimizə çatdırılmalıdır. Azərbaycan ictimaiyyəti onun haqqında geniş məlumata malik olmalıdır. General-leytenant H. Rəsulbəyov həm Moskvada, həm də keçmiş Sovet İttifaqının müxtəlif yerlərində, hətta uzaq Misirdə, Qvineya-Bisauda, Əfqanıstanda və digər xarici ölkələrdə xidmət etmişdir. Hərbi xidmətdən sonra Azərbaycanın rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın şəhər və kəndlərinin telefonlaşmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsi və yenilənməsində xüsusi xidmətləri olmuşdur. Qədirbilən Azərbaycan xalqı general-leytenant Hüseyn Rəsulbəyovun ölkəmiz qarşısında xidmətlərini heç vaxt unutmayacaqdır. Mən də 40 ildən artıq hərbi sahədə xidmət etmişəm. Biz kursantlar vaxtilə belə sərkərdələrin adını eşidəndə, azərbaycanlılar arasında belə generalların çıxmasını görəndə çox sevinir və fəxr edirdik. Onlar həmişə bizim fəxrimiz, tariximizdilər, Azərbaycan tarixində xüsusi xidmətləri olan insanlardılar. Bunları biz heç vaxt unutmamalıyıq. General-leytenant Hüseyn Rəsulbəyov Vətənimiz üçün yüzlərlə peşəkar hərbiçinin yetişdirilməsində iştirak etmiş, Azərbaycanın inkişafı üçün önəmli addımlar atmışlar. Azərbaycanda rabitə kommunikasiyaların qurulmasında da onun böyük xidmətləri var. Ona görə biz ona minnətdarıq, fəxr edirik ki, Azərbaycan tarixində belə generallar var. Çox istəyərdik ki, general arzusunda olan zabitlərimiz, əsgərlərimiz, gənclərimiz elə insanların həyat yolunu özlərinə nümunə götürsünlər, onlar kimi çətinlikləri keçməyi, hörmət qazanmağı bacarsınlar. Görkəmli sərkərdə və dövlət xadimi general-leytenant Hüseyn Rəsulbəyov Azərbaycan tarixində, onun hərbi salnaməsində əbədi olaraq yaşayacaqdır.    Polkovnik Cəlil XƏLİLOV,  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının sədr müavini,  Azərbaycan Respublikası Prezidenti yanında  Dövlət İdarəçiliyi Akademiyasının dosenti,  siyasi elmlər üzrə fəlsəfə doktoru  

Hamısını oxu
Gəncə İş Adamları İctimai Birliyi İdarə Heyəti və TİKA nümayəndəliyi arasında görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Gəncə İş Adamları İctimai Birliyi İdarə Heyəti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndəliyi arasında görüş keçirilib.   TİKA Bakı nümayəndəliyinin yeni koordinatoru Fatih Yılmaz Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi iqtisadi əlaqələrin də daima inkişafda olduğunu vurğulayıb.   İdarə Heyəti Sədri Zəfər Məmmədov görüş zamanı həyata keçirilən tədbirlər, cari məsələlər və planlaşdırılan layihələrdən bəhs edərək, gələcək əməkdaşlığın önəmli olduğunu qeyd edib. Əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.   Həmçinin yaxın zamanda TİKA Bakı nümayəndəliyi idarə heyətinin Gəncə şəhərinə səfəri ilə bağlı məsələ müzakirə edilib.   Görüşün sonunda hədiyyə təqdim olunaraq, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Cəlil Xəlilov: “Təşkilatımız türkdilli dövlətlərin veteran təşkilatları ilə əlaqələri genişləndirəcək”

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik”  “Hərbi qurumlar və təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik”  “Azərbaycanın haqlı mövqeyinin xaricdə çoxsaylı tərəfdarlar qazanması başlıca hədəflərimizdən olacaq” Məlum olduğu kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 sentyabr 2024-cü il tarixli XI plenumunda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə Təşkilatın gələcək fəaliyyəti, həyata keçiriləcək mümkün yeniliklər haqqındakı sualalrımıza cavab almağa çalışdıq. -Cəlil müəllim, öncə sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI qurultayında sədr seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Maraqlıdır, bundan sonra Təşkilatın fəaliyyətində hansı dəyişikliklər, yeniliklər olacaq? - Təşəkkür edirəm. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün istiqamətlərdə fəaliyyətinin daha səmərəli və operativ təşkili məqsədi ilə mövcud strukturun təkmilləşdirilməsi, rayon şöbələrinin maddi-texniki bazasının, maliyyə təminatının yaxşılaşdırılması əsas məqsədimizdir. Çünki istənilən uğurlu fəaliyyətin arxasında dövrün çağırışlarına cavab verən mobil struktur və düzgün kadr siyasəti dayanır. Bununla yanaşı, Təşkilatımızın yerli şöbələrinin fəaliyyətinin stimullaşdırılması, onların öz rayonlarının ictimai-siyasi həyatında daha fəal iştiraklarının təmin olunması, ərazidəki dövlət orqanları və ictimai təşkilatlarla işgüzar əlaqələrinin gücləndirilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Məlumat üçün bildirim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının demək olar ki, respublikamızın bürün raynlarında şöbələri mövcuddur. Onlar öz fəaliyyətlərini Təşkilatın illik tədbirlər planlarına uyğun qurmaqla, yerlərdə veteranlar, gənclər arasında iş aparır, vətənprəvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi addımlar atırlar. Lakin onların fəaliyyətinin günümüzün tələbləri səviyyəsində qurmaq üçün mövcud maddi-texniki bazanın gücləndirilməsinə ciddi ehtiyac var. Bu baxımdan, gələcək fəaliyyətimizdə rayon şöbələri ilə təmasların daha da sıxlaşdırılması, Təşkilatın bütün bölgələrdə fəaliyyətinin gücləndirilməsi prioritet istiqmaətlərimizdən biri olacaq.  - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə, gənclərin öz xalqına, Vətəninə, dövlətinə sədaqət ruhunda yetişməsinə xüsusi diqqət göstərib. Təşkilatın əsas fəaliyyət prioritetlərindən olan bu istiqamətdə işin daha səmərəli qurulması üçün nələri planlaşdırırsınız? -          Şübhəsiz, bu məsələ Təşkilatımızın əsas və ənənəvi fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzimizdədir. Gənclərin vətənpərvər, öz xalqını, dövlətini, Vətənini sevən və ona layiqincə xidmət etməyə daim hazır olan şəxslər kimi yetişdirilməsi, onların milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyüməsi indiki həssas dönəmdə ikiqat əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə gənclərin vətənpərvərlik və mili-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirilməsinin önəminə toxunub, bunun xalqımızın, dövlətimizin bugünü və gələcəyi baxımından önəmini qeyd edib. Bildiyiniz kimi, bu ilin sentyabr ayının 14-də VII çağrış Milli Məclisin açılışındakı nitqində dövlətimizin başçısı bu məsələlərə xüsusi diqqət yetirərək demişdir: “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq, sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”. Dövlət başçısının vurğuladığı kimi, məhz gənclərin vətənpərvərlik eşqi, Vətənə, torpağa, bayrağa olan məhəbbəti düşmənin darmadağın edilməsi, işğaldakı torpaqlarımızın azad edilməsinə səbəb oldu. Erməni faşizmi gənclərimizin vətən sevgisi qarşısında davam gətirə bilmədi. Biz bu gün gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsinə xüsusi diqqət yetirməli, onların yad ideologiyalardan qorunması üçün lazımi iş aparmalı, bütün bu istiqamətdə əməli addımlar atmalıyıq. Bu məqsədlərin uğurla reallaşdırılması məqsədi ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, o cümlədən Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə müvafiq iş planlarının hazırlanması və həyata keçirilməsini təmin etməyə çalışacağıq. Şübhə etmirəm ki, birgə, əlaqələndirilmiş fəliyyət öz nəticələrini verəckdir. Qeyd edim ki, Təşkilatımız bu məqsədlə ötən illərdə də bu istiqamətdə bir sıra görüşlər keçirib, layihələr gerçəkləşdirib. Bu gün isə biz bu əməkdaşlığın miqyasını genişləndirməklə, daha çox gəncin bu layihələrdən bəhrələnməsini təmin etməklə bərabər, fəaliyyətimizin konkretliyini, səmərəliliyini yüksəlməli, hədəfyönlü olmalıyıq. İnanıram ki, biz səylərimizi artırmaqla, peşəkar kadrları cəlb etməklə bu işin də öhdəsindən gələ biləcəyik. Həmişə olduğu kimi, müxtəlif kateqoriyadan olan veteranlar, Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri ilə Təşkilatımızın mərkəzi ofisində, rayon şöbələrində, hərbi hissələrdə, universitet və orta məktəblərdə mütəmadi görüşlərin təşkili, Müdafiə Nazirliyinin Milli Müdafiə İnstitutunda, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətlərinin Akademiyalarında,  digər hərbi təmayüllü məktəblərdə təhsil alan gənc hərbçilərlə görüşlərin keçirilməsi də diqqət mərkəzimizdə olacaq.  -Cəlil müəllim, şəhid ailələri və veteranlara qayğı dövlətimiz üçün prioritet məsələlərdən biridir. Bu istiqamətdə Təşkilatınız daha hansı addımların atılmasını məqsədəuyğun hesab edir? -Şəhid ailələri və veteranlarla bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılması, onların problemlərinin həlli ilə bağlı dövlət orqanları ilə əlaqələrin gücləndirilməsinə çalışacağıq. Veteranların sanator-kurort müalicəsi, istirahətləri və asudə vaxtlarının təşkili məsələlərinin diqqətdə saxlanılması da həyata keçirəcəyimiz layihələrdə yer alacaq. Ümumiyyətlə, hesab edirik ki, mövcud reallıqlar veteranlara, onların qayğı və tələbatlarına yeni bir baxışı zəruri edir. Buna görə də veteranların problemlərinin həllində mühüm rol oynayacağını nəzərə alaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması üçün müvafiq dövlət orqanları ilə birgə işin təşkilini vacib sayırıq. Hesab edirik ki, 30 il əvvəl qəbul edilmiş bu qanunda zəruri dəyişikliklərin olunması artıq günün tələbidir. Ona görə də, bu qanunda mövcud reallıqlar nəzərə alınmalıdır. Biz bununla bağlı təkliflərimizi aidiyyatı dövlət orqanların diqqətinə çatdırmışıq və lazım gələrsə, qanunun yeni variantının hazırlanmasında yaxından iştirak edə bilərik.  - Ölkədə öz üzvlərinin sayına və digər parametrlərinə görə əsas veteran təşkilatı olaraq beynəlxalq əlaqələrinizin genişləndirilməsi və xarici veteran təşkilatları ilə münasibətlərin yeni keyfiyyət mərəhələsinə yüksəldilməsi üçün hansı planlarınız var? -          Bu istiqamətdə fəaliyyətimizi əsaslı şəkildə canlandırmağı düşünürük. Çünki bu gün dünyada haqq səsimizin eşidilməsi, milli mənafelərimizin qorunması üçün dostlarımızın sayını artırmalı, Azərbaycana qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv münasibətlərin qarşısının alınmasında möhtərəm Prezidentimizin yeritdiyi uğurlu siyasətə hərtərəfli dəstək olmalıyıq. Təşkilatımızın türkdilli dövlətlərin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələrinin gücləndirilməsi ilə Azərbaycanın haqlı mövqeyinin daha dolğun çatdırılması və yeni çoxsaylı tərəfdarlar qazanması üçün bu imkanlardan maksimum yararlanmağı düşünürük. Çünki dünyanın əksər ölkələrində veteran sözü getdikcə daha ucadan eşidilməkdə və dövlətlərin mövqeyinə təsir imkanlarını artırmaqdadır. Əlbəttə, bunun üçün zəruri xarici səfərlərin təşkili məqsədi ilə Təşkilatımıza maliyyə imkanlarının yaradılması lazımdır və biz bu məslənin öz həllini tapacağına inanırıq. - Təbliğat və təşviqat sahəsində hansı yeniliklər gözlənilir? Təşkilatımızın fəaliyyətinin ölkə ictimaiyyətinə daha operativ çatdırılması üçün AzTV, yaxud İctimai TV-nin proqramında ayda 1 saatlıq “Veteran saatı” verilişinin efirə verilməsi, elektron media resursumuzun maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin daha da optimallaşdırılması da başlıca planlarımızdan biridir.  Əminəm ki, dövlətimizin qayğısı, üzvlərinizin əməyi sayəsində bütün planlarımızın reallaşmasına nail olacaq və Təşkilatımızın tarixində yeni bir dönəmin başlanğıcını qoyacağıq. -          - Uğur olsun! -     -   Çox sağ olun. Seymur ƏLİYEV

Hamısını oxu