Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Çoxəsrlik dövlətçilik tariximizin İlham Əliyev zirvəsi

Azərbaycanın dövlətçilik tarixi zəngin, ləyaqətli, qürurlu və şərəfli yolun inikasıdır. Bir əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycan müxtəlif hadisə və proseslərlə, taleyüklü məsələlərlə üzləşsə də, inkişafına zirvəsinə çatmağa müvəffəq olub və tarixində heç vaxt indiki qədər qüdrətli olmayıb. Faktlar və reallıqlar göstərir ki, bunu təmin edən əsas – həlledici amil məhz lider fenomenidir. Daha dəqiq desək, müasir müstəqil Azərbaycan Heydər Əliyev ideyaları və Onun siyasi varisi – layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində böyük uğurlara, inkişafa və qələbəyə nail olub.

 

Milli inkişaf - siyasi-iqtisadi möcüzə və inkaredilməz reallıq

 

Son 18 ilin tarixi mənzərəsi, siyasi, iqtisadi reallıqları göstərir ki, İlham Əliyevin timsalında lider fenomeni Azərbaycanı ən ali məqama yüksəldib, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanmasını mümkün edib. Artıq dünya birliyi – beynəlxalq ictimaiyyət “inkişafın milli – Azərbaycan modeli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, makroiqtisadi sabitliyin, idarəetmədə effektivliyin təmin olunması, nümunəvi sosial siyasətin həyata keçirilməsi, ölkənin maliyyə gücünün – valyuta ehtiyatlarının artırılması, dünya iqtisadiyyatına uğurlu inteqrasiyanın reallaşdırılması və digər mühüm faktlar sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsinin mühüm cizgilərini təşkil edir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu araşdırma mərkəzləri və reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olması və davamlı inkişaf etməsi ilə əlaqədar faktları əks etdirirlər.

 

Sabitlik və təhlükəsizlik adası

 

Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizdə sabitliyin və təhlükəsizliyin qarantıdır. Onun uğurlu siyasəti nəticəsində ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdirlər. Təbii ki, xalq-lider birliyi, dövlət başçısının siyasətinin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi sabitliklə yanaşı, milli həmrəyliyin də möhkəmlənməsini təmin edir. 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək milli birlik nümayiş etdirməsi isə bu baxımdan xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Multikulturalizmin ölkəmizdə həm həyat tərzi, həm də dövlət siyasətinin tərkib hissəsi olması isə xüsusilə nəzərə çatdırılır.

 

Güclü, nüfuzlu dövlət və etibarlı tərəfdaş

 

Cənab İlham Əliyevin strateji kursu, həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu dövlətlərindən birinə çevrilməsini təmin edib. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı, nüfuzlu beynəlxalq təşkilatlara uğurla rəhbərlik etməsi dövlət başçısının uzaqgörən – milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin qlobal təşəbbüsləri çox yüksək qiymətləndirilir, Azərbaycan dialoq məkanı kimi mühüm beynəlxalq tədbirlərə, yüksək səviyyəli görüşlərə uğurla ev sahibliyi edir. Avrasiyanın enerji və nəqliyyat xəritələrinin yenidən yaradılmasını şərtləndirən uğurlu layihələrin həyata keçirilməsi isə Azərbaycana mühüm siyasi və iqtisadi üstünlüklər qazandırır. Bir sözlə, Azərbaycan dünya birliyinin layiqli, məsuliyyətli, güclü, nüfuzlu və etibarlı üzvü kimi çıxış edir. 

 

Dövlətçilik tariximizin zirvə hadisəsi

 

Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm – zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıraraq, uğurlu diplomatik fəaliyyət həyata keçirərək münaqişənin həllinə nail olub - tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən Müharibəsində dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü işğalçıları darmadağın etməsi xalqımızın qürur mənbəyi, dövlətimizin isə gücünün göstəricisidir.

 

Yeni zirvələrə doğru

 

Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək.

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

1367 baxış

Digər xəbərlər

SOCAR AQŞ-nin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, SOCAR AQŞ şirkətinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.   SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev və şirkətin əməkdaşları Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.   Şəhidlərimizin ruhunu dərin ehtiramla anırıq.   Mənbə: www.socar-aqs.az

Hamısını oxu
Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranları Rusiya Prezidentinə müraciət ünvanlayıblar

Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar. Milli.Az müraciəti təqdim edir: "Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranlarının Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciəti Möhtərəm Vladimir Vladimiroviç! Biz Böyük Vətən müharibəsi veteranları sovet ölkəsinin müstəqilliyi uğrunda çiyin-çiyinə vuruşmuşuq. Bu gün biz bütün çoxmillətli Rusiyanın veteranları ilə parçalanmağa deyil, birləşməyə yönəlmiş beynəlmiləl dəyərləri çiyin-çiyinə qorumağa hazırıq. Hörmətli Vladimir Vladimiroviç, Azərbaycan Prezidenti İlham Əliyev və Siz öz xalqlarınıza müraciət edərkən tez-tez deyirsiniz ki, biz birlikdə güclüyük. İndi biz "ayrı-ayrı mənzillərdə" yaşasaq da, qardaşlaşdığımız təkcə cəbhə yoldaşlarına münasibətdə deyil, bütün xoşməramlı insanlara - xeyirxahlıq və sülh, multikulturalizm, tolerantlıq, mənəvi və millətlərarası birlik ideallarını qorumağa həmişə hazır olanlara qardaşcasına münasibətimizi hələ də qoruyub saxlayırıq. Biz yalnız bu halda qüvvə ola və hazırda ən müxtəlif çalarlı liberallar tərəfindən "yenidən baxılmağa" məruz qalan ümumi dəyərlərimizin dağıdılmasına müqavimət göstərə bilərik. Biz Sizə ümumi və etibarlı gələcək naminə, birlikdə qazandığımız və öz nəvə-nəticələrimiz üçün qoruyub saxlamağa borclu olduğumuz sülh üçün əldə etdiklərimizin itirilməsinə yol verə bilməyəcək müdrik siyasi xadim kimi müraciət edirik. İnanırıq ki, Rusiyada doğulmuş etnik azərbaycanlının - 19 yaşlı Vəkil Abdulayevin qətli hadisəsinin bütün iştirakçıları ali ədalət naminə qanunun tam ciddiliyi üzrə cəzalandırılacaqlar. Eynilə qanunlara, ədalət anlayışına etinasızlıq göstərən Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin etdiyi kimi cəzasızlığa şərait yaradanlar da. Yol Hərəkətinin Təhlükəsizliyi Baş Müfəttişliyinin əməkdaşı, həmin gəncin gicgahına atəş açmış Aleksandr Qusev Bastrıkinin göstərişi ilə azadlığa buraxılıb. Biz müharibədə olmuşuq və döyüşdə dostlarımızı itirmişik. Lakin biz orada, müharibədə kimin özümüzünkü, kimin yad olduğunu bilirdik. Biz öz cəbhə dostlarımızı heç vaxt milli mənsubiyyətə görə özümüzünkülərə və yadlara bölməmişik. Ona görə ki, biz hamımız birlikdə güc idik. Bu gün "Yedinaya Rossiya" partiyasının nümayəndəsi, üstəlik, RF İctimai Palatasının üzvü və yuxarıda adı çəkilən partiyadan Dövlət Dumasına deputatlığa namizəd olan Mariya Butina kimilər, görünür, yalnız milli mənsubiyyətə görə "özününküləri" dəqiq müəyyən edirlər. Bizim belə düşünməyimizə əsas verən onun bu sözləridir ki, A.Qusevi belə hərəkətlərinə görə nəinki həbs etmək olmaz, hətta onu təltif etmək lazımdır. Belə çıxır ki, 19 yaşlı gəncin qətlə yetirilməsinə görə kimisə təltif etmək lazımdır? Məgər o, tanka minib şəhərə daxil olub və ağına-bozuna baxmadan hamıya atəş açıb? Yox. Onu, silahsız gənci avtomobilin üstünə sıxıb və guya təsadüfən tabel silahının tətiyini basıblar! Bu, nə deməkdir? Butina insanlar arasında ayrı-seçkiliyə, onları milli mənsubiyyətinə görə cəzalandırmağa çağırır? Rusiyada gəlmələrə divan tutmağa çağırır? Məgər onun belə bəyanatlar etməyə haqqı var? Biz belə fərz edə bilərik ki, Butina gəncdir, nəticə çıxarmağa tələsib. Amma hər halda, bu sözlər deyilib! Özü də necə deyilib?!! Arxasında qüvvə dayanan insana xas olan sərt əminliklə. Bu, hansı qüvvədir? Hörmətli Vladimir Vladimiroviç! Biz müharibədə olmuşuq, hər gün ölümün gözünün içinə baxmışıq. Biz mürəkkəb həyat sürmüşük və bu həyat belə deməyə haqq verir ki, həmin insidentə görə narahat olaq... Biz bu həyatda çox şeylər görmüş ahıl insanlarıq. Biz bu dünyadan belə bir fikirlə getmək istəmirik ki, qazandıqlarımız heç olub. Lakin nə qədər ki, biz sağıq, dünyamızı qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik. Bu isə bizim hər birimizdən asılıdır. Biz Sizin ədalətliliyinizə, vaxtilə ortaq ölkənin və ortaq idealların bizə bəxş etdiyi bütün dəyərləri qiymətləndirməyi və yadda saxlamağı bacaran Azərbaycan xalqına xeyirxah münasibətinizə inanırıq. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri: 1.Səttarova Fatma Hüseyn qızı 2.Quliyev Məmməd Salman oğlu 3.Abdullayeva Natalya Borisovna 4.Yermakov Yurik Vladimiroviç 5.Ramazanov Nazim Tağı oğlu 6.Xarkovskaya Anna Qordeyevna 7.Belikov Aleksandr Vasilyeviç 8.Abdullayev Səfər İbad olğu 9.Sarıyev Qara Alı oğlu 10.Timçenko İvan İvanoviç 11.Ömərov Qaflan İslam oğlu 12.İsgəndərov Ağababa Qənbərli oğlu 13.Vyuqin Mixail Daniloviç 14.Kravtsova Anna Petrovna 15.Mürsəlov Xasay Bayram oğlu 16.Həsənov Tamleyxa Abbas oğlu 17.Əliyev Əli Hüseyn oğlu 18.Baxışov Seyfulla Abdulla oğlu 19.Nəbiyev Daməd Məcid oğlu 20.Dadaşov Azər Tağı oğlu 21.Qasımova Valentina Mixaylovna 22.Qaziyeva Tacirə Həmid qızı 23.İsababayeva Həcər Müştaq qızı 24.Rəsulova Zinaida İliniçna 25.Frunze Natalya Artyomovna".  

Hamısını oxu
Kosmetoloqdan xəbərdarlıq: “Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır”

Keyfiyyətsiz kosmetoloji vasitələrin insan sağlamlığına təsiri son dövrlərdə daha çox müzakirə olunan mövzulardan biridir. Bu barədə daha ətraflı məlumat almaq üçün Moderator.az olaraq kosmetoloq Günel Novruzi ilə həmsöhbət olduq. – Günel xanım, keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə nə başa düşülür? – Keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə tərkibi standartlara uyğun olmayan, sertifikasiyadan keçməyən və ya mənşəyi məlum olmayan məhsullar nəzərdə tutulur. Bu cür vasitələr həm də saxlanma və istehsal qaydalarına əməl olunmadan hazırlanmış ola bilər ki, bu da onların təhlükəliliyini daha da artırır. – Bu məhsulların istifadəsi dəridə hansı ilkin fəsadlara səbəb olur? – Ən çox rast gəlinən hallar allergik reaksiyalar və dəri qıcıqlanmalarıdır. İstifadəçilərdə qızartı, qaşınma, səpkilər, quruluq və bəzən də kimyəvi yanıqlar müşahidə olunur. Xüsusilə həssas dəriyə malik insanlarda bu təsirlər daha ağır keçir. – Bəs bu təsirlər yalnız dəridə qalır, yoxsa daha ciddi nəticələr də mümkündür? – Təəssüf ki, təsirlər bununla məhdudlaşmır. Bəzi keyfiyyətsiz məhsulların tərkibində ağır metallar  məsələn, civə və ya qurğuşun olur. Bu maddələr zamanla dəri vasitəsilə orqanizmə daxil olaraq daxili orqanlara təsir göstərə bilər. Bu isə sinir sistemi problemləri, böyrək və qaraciyər funksiyalarının pozulması kimi ciddi fəsadlara yol aça bilər. – Kosmetoloji prosedurlarda istifadə olunan keyfiyyətsiz vasitələr nə kimi risklər yaradır? – Bu, daha təhlükəli sahədir. Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır, toxumaların zədələnməsinə, şişkinliklərə və hətta qalıcı deformasiya hallarına səbəb ola bilər. – Bu məhsullar hormonal balansı da poza bilərmi? – Bəli, bəzi kosmetik vasitələrin tərkibində endokrin sistemə təsir edən maddələr olur. Bu maddələr hormonal balansı poza bilər və nəticədə sızanaqların artması, saç tökülməsi və digər problemlər yarana bilər. – Uzunmüddətli istifadə zamanı daha ciddi xəstəlik riski varmı? – Əlbəttə. Tərkibində kanserogen maddələr olan kosmetik vasitələrin uzun müddət istifadəsi hüceyrə dəyişikliklərinə səbəb ola bilər və bu da xərçəng riskini artırır. – Qarşıdan yay mövsümü gəlir, bu dövrdə xüsusilə nələrə diqqət edilməlidir? – Yay aylarında dəri daha həssas olur və günəş şüalarına birbaşa məruz qalır. Bu səbəbdən keyfiyyətsiz kosmetik vasitələrin istifadəsi daha ağır nəticələr verə bilər. İlk növbədə günəşdən qoruyucu (SPF) məhsulların keyfiyyətli və sertifikatlı olmasına diqqət yetirilməlidir. Ucuz və tərkibi bilinməyən SPF vasitələri dərini qorumaq əvəzinə zərər verə bilər. Eyni zamanda yayda məsamələr daha tez tıxandığı üçün ağır, yağlı və keyfiyyətsiz makiyaj vasitələrindən uzaq durmaq lazımdır. Dərinin nəfəs almasına imkan verən, yüngül və dermatoloji cəhətdən yoxlanılmış məhsullara üstünlük verilməlidir. Həmçinin, açıq havada edilən kosmetoloji prosedurlar və ya steril olmayan şəraitdə aparılan müdaxilələr infeksiya riskini artırdığı üçün bu məsələdə daha diqqətli olmaq vacibdir. Su ilə təmasın artdığı yay mövsümündə (hovuz, dəniz) istifadə olunan kosmetik vasitələrin dəriyə uyğunluğu və keyfiyyəti xüsusilə önəmlidir. Keyfiyyətsiz məhsullar günəş və su ilə birlikdə dəridə ləkələrin yaranmasına və qıcıqlanmanın artmasına səbəb ola bilər. – İstifadəçilərə ümumi olaraq nə tövsiyə edərdiniz? – İnsanlar kosmetik vasitələri alarkən onların sertifikatına, tərkibinə və istehsalçı brendinə diqqət yetirməlidirlər. Çox ucuz və mənşəyi bilinməyən məhsullardan uzaq durmaq lazımdır. Eyni zamanda kosmetoloji prosedurlar yalnız peşəkar və lisenziyalı mütəxəssislər tərəfindən aparılmalıdır. – Sonda bu mövzu ilə bağlı nəyi vurğulamaq istərdiniz? – Gözəllik naminə sağlamlığı riskə atmaq düzgün deyil. Keyfiyyətsiz kosmetoloji vasitələr qısa müddətli effekt versə də, uzunmüddətli ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə yay mövsümündə dəriyə qulluq daha diqqətlə aparılmalı və yalnız etibarlı məhsullardan istifadə edilməlidir. Seymur ƏLİYEV

Hamısını oxu
“Bu festival Azərbaycan ruhunun və mədəniyyətinin Qarabağa yenidən qayıdışıdır”

Məşhur Məmmədov: “Məlum festival həm də bütün dünyaya göstərdi ki, bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir”   Sentyabrın 18-dən başlayan ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı davam etməkdədir. Sentyabrın 24-nə qədər davam edəcək festival çərçivəsində bəzi konsert proqramları Ağdam, Şuşa kimi işğaldan azad edilən şəhərlərdə keçirilməkdədir ki, bu da sadəcə mədəniyyət xadimləri tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən məmnunluqla qarşılanmaqdadır.   Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov sözgedən festivalın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Hesab edirəm ki, bu festival hər şeydən öncə Azərbaycan ruhunun və mədəniyyətinin o torpaqlara yenidən qayıdışıdır. Bu festival Qarabağ və ətraf rayonların Azərbaycan torpağı olduğunu, bizim bu torpağı, bu vətəni nə qədər çox sevdiyimizi göstərir. Bu festival bir daha sübut etdi ki, Azərbaycan öz mədəniyyətinin, tarixinin bərpasında, bu topaqlardan didərgin salınan məcburi köçkünlərimizin həmin torpaqlara qayıdışında son dərəcə qərarlıdır.   Ermənistan 30 il ərzində bu ərazilərdə heç bir iş görməyib. Ancaq ziyan vurub, talayıb, məhv edib... Erməni faşistləri mədəniyyət və tarixi abidələri, qəbiristanlıqları, məktəbləri, məscidləri dağıdıb. Bu gün Azərbaycan erməni vandalizminin dağıtdığı, sıradan çıxardığı abidələri, sosial infrastrukturu, yaşayış məntəqlərini, məscidləri bərpa etməklə məşğuldur.   Bu festival çərçivəsində bəzi konsertlər Şuşa şəhərində keçirilməkdədir. Hansı ki, Şuşa bizim qədim mədəniyyət mərkəzimiz, mədniyyət paytaxtımızdır. Bu festival bütün dünyaya göstərdi ki, Şuşa, Qarabağ Azərbaycan üçün sadəcə adi bir torpaq parçası deyil. Bura, bizim vətənimizdir. Bura bizə öz canımızdan əzizdir. Bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir və hər zaman bizim olaraq qalacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu