Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

2021-ci il Azərbaycan üçün uğurlu və əlamətdar oldu

2021-ci il başa çatmaq üzrədir. Bu il də dünyanın mənzərəsi həm rəngarəng, həm də ziddiyyətli və mürəkkəb oldu. Bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilmiş və ciddi dəyişikliklərə səbəb olan pandemiya şəraiti, iqtisadi problemlər, ayrı-ayrı regionlarda hərbi-siyasi qarşıdurmalar, siyasi kataklizmlər və s. bir çox güclü, inkişaf etmiş ölkələrin çox sayda problemlər və çətinliklərlə qarşılaşmasına səbəb oldu. Cənubi Qafqazın lider ölkəsi, dünyada güclü – qüdrətli, nüfuzlu və qalib dövlət kimi tanınan Azərbaycan isə öz inkişaf yolunda əmin addımlarla irəliləməyə davam etdi.

 

Zəfər yürüşünün davamı

 

Yola salmağa hazırlaşdığımız il Azərbaycan üçün Zəfər ilinin, yaxud Zəfər yürüşünün davamı oldu. Belə ki, ötən il işğaldan azad olunmuş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışa hazırlıq məqsədilə mühüm layihələrin reallaşdırılması, xüsusilə də Müzəffər Ali Baş Komandanımızın əzəli və əbədi torpaqlarımıza möhtəşəm tarixi səfərləri mühüm əhəmiyyətə malik olmaqla yanaşı, milli yaddaşımıza əbədi həkk olundu. Bu, həmçinin Azərbaycanın milli inkişafın yeni mərhələsinə qədəm qoymasına imkan verən mühüm amillərdən biridir.

 

Ardıcıl islahatlar və uğurlu siyasi dialoq prosesi Azərbaycanın qüdrətini artırır

 

2021-ci ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələri əhatə edən sistemli islahatların həyata keçirilməsi Azərbaycanın gücünün daha da artmasını şərtləndirdi. İslahatlar iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik oldu.  Xüsusilə də, siyasi dialoq prosesinin uğurla davam etdirilməsi milli birliyin – həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə oldu. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, postmüharibə mərhələsində də siyasi qüvvələr milli maraqlara, xalqın və dövlətin mənafeyinə dair məsələlərdə birlik – vahid mövqe nümayiş etdirməklə Azərbaycan Prezidentinin qətiyyətli siyasətinə birmənalı dəstək verdilər. Bu isə xalqımızın həmrəyliyinin daha da güclənməsidir.

 

Həmrəyliyimiz milli gücümüzdür

 

Həmrəylikdən  bəhs edərkən xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək öz qüdrətini bütün dünyaya göstərən Azərbaycan xalqı bu il 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü daha böyük qürur və sevinc hissi ilə qeyd edir. Çünki biz qalib ölkənin vətəndaşları, qalib xalqın nümayəndələriyik!

 

Burada haşiyə çıxaraq bir daha xatırlatmağı borc bilirəm ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilməsi böyük tarixi əhəmiyyətə malikdir. O zaman Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etmişdi. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi. Ümummilli Liderimiz “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı ilə milli mənsubluğumuzla, milli kimliyimizlə qürur duymağı aşılamışdı. Onun əsasını qoyduğu müasir azərbaycançılıq ideologiyası Azərbaycan xalqının birliyini, həmrəyliyini təmin edən məfkurəyə çevrildi. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi isə milli birliyimizi zirvəyə daşıdı və Vətən müharibəsində biz bunun canlı şahidi olduq. Bu gün də dünya azərbaycanlıları Heydər Əliyev ideyalarını, Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir, milli məfkurəmiz olan azərbaycançılıq ətrafında sıx birləşib.

 

Yeni mərhələ və yeni hədəflər

 

Müasir müstəqil Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub, ümummilli məqsədlərə və strateji hədəflərə çatmaq uğrunda inamla addımlar. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan daha güclüdür, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq əzmindədir. Xalq-iqtidar birliyi ölkəmizin qarşısında yeni perspektivlər açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”.

Xalqımızı, dünyanın dörd bir tərəfində yaşayan məğrur və qürurlu soydaşlarımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın həmrəy Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandanımız!

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2021-12-30 18:05:00
1067 baxış

Digər xəbərlər

“Vətən uğrunda ölərəm”

Oturub düşünsən bir az dərindən Bu torpaqda ulu hər yan, hər yerdi. Bu qədər dəyərsiz idisə Vətən, Mübariz nə üçün canını verdi?! Bu misraları yazanda əsgər Əlikram Xanışovun heç 20 yaşı yox idi. Qonşu rayondan olan əfsanəvi Milli Qəhrəman Mübariz İbrahimov haqqında düşüncələ­rini qələmə almağa çalışmışdı. Elə bu duyğularla da onun yolunu davam etdir­mək üçün müddətli hərbi xidmətdən cəmi 20 gün sonra müqavilə əsasında işləyən kiçik komandir heyətinə qəbul olunmuş­du.  Bir neçə ay keçməmiş Vətən mühari­bəsi başlananda həyatını hərb işinə həsr edən Əlikram sevinmişdi ki, nəhayət, iş­ğalçılardan qisas almaq üçün fürsət yara­nıb. Buna görə də ön cəbhədə mərdliklə döyüşür, azacıq sakitlik yaranan kimi isə qeyd dəftərçəsinə Vətənlə bağlı poetik duyğularını yazırdı:  İnsan deyərəm mən sənə, haqqına can ver, Gəl, saxlama öz haqqını pünhan ürəyində. Bəli, Vətən uğrunda şərəflə vuruşa­raq ölmək onun amalı idi. Odur ki, döyüş­lər başlanandan bir həftə sonra şəhadətə ucalması ilə sanki arzusuna qovuşdu Əlikram. “Əgər ölsəm, eləyin cismimə bayrağı kəfən”, – deyən şəhid, arzuladı­ğı kimi, üçrəngli Azərbaycan bayrağına bükülərək doğma Göytəpə şəhərinə gə­tirildi...  Əlikram Xanışov ölümündən sonra Prezident sərəncamları ilə “Cəsur dö­yüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Cəlilabad Rayon Veteranlar Təşkilatının təşəbbüsü ilə çap olunan şe­irlər kitabına isə onun müqəddəs məslə­kinə uyğun ad qoyulub: “Vətən uğrunda ölərəm”.  Cəlilabad şəhərindəki 3 nömrəli tam orta məktəbin geniş akt zalında şəhid şairin kitabının təqdimat mərasiminə top­laşanlar – hərbçi dostları, qazilər, əmək və müharibə veteranları, ictimaiyyət nü­mayəndələri, müəllim və şagirdlər öncə onun ölməz xatirəsinə baş əyiblər. Ra­yon Veteranlar Təşkilatının sədri – kita­bın redaktoru və ön sözünün müəllifi, şair Ədalət Salman Vətən müharibəsi şəhidi Əlikramın həyat və döyüş yolu haqqın­da danışıb, onun fitri istedad sahibi kimi erkən yaşlarından yaradıcılıqla məşğul oldugunu bildirib. Qeyd edib ki, kitabdakı şeirlərin böyük əksəriyyəti vətənpərvərlik ruhunda yazılan nümunələrdir.  Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, tanın­mış mədəniyyət işçisi Xeyrulla Şahba­zov, hərbçi mayor Elşən Abbasov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Rəşidov, şəhidin döyüş yoldaşı Mirnatiq Cabbarlı, AYB üzvləri Əfrahim Abbas, İman Abdulla, Sakit İsayev, xeyriyyəçi sahibkar Rafiq Abışov və başqaları çıxış edərək torpaq­larımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu, şəhid ailələrinə və qa­zilərə dövlətimizin daim diqqət və qayğı göstərdiyi xüsusi vurğulayıblar. Şəhid Əlikram Xanışovun məktəblilərin ifasın­da səslənən şeirləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Şəhidin anası Xoşqədəm Xanışova kitabın nəşrini və təqdimatını təşkil etdi­yinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Sonda şəhid Əlikram Xanışovun "Vətən uğrunda ölərəm" adlı kitabı tədbir iştirakçılarına hədiyyə olunub.  “Xalq” qəzeti Ə.ƏLİYEV  

Hamısını oxu
“Bizim bu müharibədəki xidmətlərimiz dünya üçün də maraqlıdır”

Gələn il faşizm üzərində qələbənin 75 illiyi bəşəriyyət tərəfindən qeyd ediləcək. Bu tarixi olayla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkəmizin II Dünya Müharibəsindəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi ilə çıxış edib. Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən millət vəkili Nizami Cəfərov məlum təklifi dəstəklədiyini vurğuladı: “Şübhəsiz ki, Azərbaycanın faşizm üzərindəki qələbəyə verdiyi töhfələrin yada salınması, təbliği müsbət olar. Bununla bağlı muzeyin yaradılmasını da məqsədəuyğun hesab edirəm. II Dünya müharibəsi dünya tarixinin hadisəsidir. Azərbaycan bu hadisələrdə öz qəhrəman döyüşçüləri, nefti, iqtisadi potensialı və s. ilə iştirak edib. Mənim yadımdadır ki, bir vaxtlar Bakıya “Qəhrəman şəhər” adının verilməsi məsələsi də qaldırılmışdı. Bunlar tariximizin bir hissəsidir. Hesab edirəm ki, bu məsələlərdə çox da təvazökar olmaq lazım deyil. Dünya müharibəsində hər bir xalqın iştirakçılıq səviyyəsi, ortaya qoyduğu mövqe dünya üçün də maraqlıdır. Odur ki, belə bir muzeyin yaradılması faydalı addım olar. 80-ci illərin sonu, 90-cıə illərin əvvəllərində bu müharibədə Azərbaycan xalqının iştirakı, göstərdiyi qəhrəmanlıq özümüz tərəfindən bir xeyli dərəcədə gözdən salındı.  Amma ümummilli liderimizin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Heydər Əliyev bu müharibənin mahiyyətini, fəlsəfəsini bilən bir şəxs idi və buna görə də bu müsharibədə Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara lazımi diqqət göstərildi. Xalqımızın bu müharibədə göstərdiyi qəhrəmanlqıların, fədakarlıqların təbliği günümüzün reallıqları baxımından da faydalı olar. ”.   Seymur ƏLİYEV

Hamısını oxu
“31 Mart soyqırımı erməni xislətinin, onun amansızlığının ən bariz nümunəsidir”

Cəlil Xəlilov: “44 günlük Vətən Müharibəsində baş verənlər Ermənistanın soyqırım siyasətindən əl çəkmədiyini göstərir”   Qarşıdan 1918-ci ilin 31 Mart soyqırımının növbəti ildönümü gəlir. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mart soyqırımının erməni xislətinin əsl mahiyyətinin dərk edilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “31 Mart soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir. Bu soyqırımının miqyas və mahiyyətini anlamaq üçün sadəcə bir faktı diqqətə çatdırım ki, 31 Mart soyqırımı respublikamızın əksər şəhər və rayonlarını əhatə edib. Bakı, Quba, Şamaxı, Lənkəran və s. kimi şəhərlərdə ermənilər xalqımıza qarşı kütləvi qırğınlar həyata keçirib, qadın, uşaq, qoca demədən qarşılarına çıxan hər kəsi amansızcasına qətlə yetiriblər.   Bu baxımdan, 31 Mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir.   44 günlük Vətən müharibəsində ermənilərin Gəncə, Bərdə, Tərtər və s. səhərləri raket zərbələrinə məruz qoyması, dinc insanları qətlə yetirməsi Ermənistanın xalqımıza qarşı tarixi soyqırım siyasətindən imtina etmədiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan hər zaman olduğu kimi XXI əsrdə də, öz məkirli niyyətlərini gerçəkləşdirmək üçün qeyri-insani üsul və vasitələrdən istifadə etməkdən belə çəkinmir, bütün dünyanın gözü qarşısında soyqırım siyasətini davam etdirməyə çalışır. Hansı ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu düşmənin bu qorxunc niyyətinin qarşısını aldı, işğalçıları darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Məhz “Dəmir yumruq” sayəsində Ermənistan geri çəkilməli, kapitulyasiya sazişini imzalamalı oldu.   Şübhəsiz, bu gün bütün beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri Ermənistanın tarixi soyqırım siyasətini qınamalı, bu cinayətlərə görə onun hüquqi müstəvidə cəzalanmasını təmin etməlidir. Yalnız beynəlxalq ictimaiyyətin birgə səyi, aparıcı dövlətlərin pinsipial münasibəti, beynəlxalq təşkilatların qətiyyətli mövqeyi nəticəsində bütün insanlıq üçün təhlükə kəsb edən bu cür hallara son qoymaq, belə cəhdlər qarşısında etibarlı sədd çəkmək mümkündür. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımları mahiyyət etibarı ilə bütün bəşəriyyətə qarşı töprədilən cinayətdir və bu cinayətə yol verənlərin cəzalanmasında bütün bəşəiyyət maraqlı olmalıdır ”.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 9 may Qələbə Günü münasibəti ilə hərbi orkestrin iştirakı ilə təntənəli tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Respublika Veteranlar Təşkilatında 9 may Qələbə Günü münasibəti ilə hərbi orkestrin iştirakı ilə təntənəli tədbir keçirilib. Hərbi vətənpərvərlik mahnılarının sədaları altında keçirilən tədbir veteranlarla yanaşı, ətraf ərazidə yaşayan vətəndaşların da böyük marağına səbəb olub.   Tədbir iştirakçıları qarşısında çıxış edən Respublika Veetranlar Təşkilatının sədri Fatma Səttarova, faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə xalqımızı təbrik edib, həm İkinci Dünya müharibəsi, həm də Vətən müharibəsi iştirakçılarının hər zaman minnətdarlıq hissi ilə xatırlanacağını bildirib.   Tədbir bayram süfrəsi arxasıdna davam edib.

Hamısını oxu