Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şuşa İli” – güclü Azərbaycan naminə yeni hədəflərə doğru

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində çox mühüm məqamlara toxundu, ötən il qazanılan nailiyyətlərə diqqət yetirdi, gələcək hədəflərlə əlaqədar vacib mesajlar verdi. Dövlət başçısı il ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdığımızı, Azərbaycanın uğurla inkişaf etdiyini inamla ifadə etdi.

 

Həqiqətən də, 2021-ci ildə iqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi, tarixi Qələbinin diplomatik müstəvidə möhkəmləndirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması  istiqamətində çox mühüm işlər görülüb. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar konseptual xarakterli, sistemli tədbirlər uğurla davam etdirilib. Dövlət başçısının Azərbaycanın bölgələrinə səfərləri 2021-ci ildə də müntəzəm xarakter daşıyıb. Xüsusilə də, Azərbaycan Prezidentinin regionlara 47 səfərindən 32-si işğaldan azad olunmuş ərazilərə edilib. Bu, qalib Azərbaycanın qüdrətli Liderinin – yenilməz Sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər yürüşünün davam etdiyini, Böyük Qayıdışın qısa müddət və yüksək səviyyədə təmin olunacağını deməyə əsas verir.

 

Regionların inkişafında yeni model - yeni mərhələ

 

Bu kontekstdə əsas məsələlərdən biri isə yeni regional idarəetmə mexanizminin yaradılmasıdır. Məlum olduğu kimi, ötən il Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzaladı. Bu, həm sosial-iqtisadi, həm tarixi-siyasi, həm də strateji cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Bu addımın iqtisadi və regional inkişaf kontekstində əhəmiyyətinə keçməmişdən əvvəl qeyd edim ki, yeni bölgüyə əsasən 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması Azərbaycanın möhtəşəm tarixi Qələbə nəticəsində yaratdığı reallıqların ifadəsidir. Yeni təsnifat Azərbaycan iqtisadiyyatının tamlığının bərpası və funksionallığının artırılması baxımından əhəmiyyətli olmaqla yanaşı, bütün resurslardan dinamik inkişafı təmin etmək üçün səmərəli istifadə olunmasına mühüm imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərimiz zəngin iqtisadi potensiala malikdir, təbii sərvətləri və geniş turizm imkanları ilə fərqlənir. Ona görə də bu resurslardan istifadə etməklə regional inkişafın yeni mərhələsinin əsasını qoymaq mümkündür. Paralel olaraq Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi bölgələrin yeni mexanizm əsasında idarə olunması üçün cəlbedici modelin yaradılması baxımından diqqəti cəlb edir. Bu, eyni zamanda, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı gələcək üçün yeni nümunələrin formalaşmasına imkan verəcək.   

 

“Şuşa İli” yeni və daha möhtəşəm uğurlar vəd edir

 

Bunlarla yanaşı, Prezident İlham Əliyevin bəhs olunan müraciətində 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini bildirməsi, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan etməsi böyük tarixi hadisədir. Bu, həm mədəni-mənəvi, həm də siyasi əhəmiyyətə malikdir. Dövlət başçısı təkcə Şuşada bərpa-quruculuq işlərinin həyata keçirilməsini xüsusi diqqət mərkəzində saxlamır, eyni zamanda, tarixi-mədəni irsin bərpasına, qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti ötən il ərzində Şuşa şəhərinə 7 dəfə səfər edib. Müzəffər Ali Baş Komandanımız bəhs olunan müraciəti zamanı “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”,-deyə vurğulayıb. Qısa müddətdə Şuşanın Baş planı hazırlanıb, qüdrətli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılıb, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları olub, tarixi, dini və memarlıq abidələri, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili bərpa edilib. 2022-ci ilin “Şuşa İli” elan edilməsi isə qarşıdakı dönəmdə Azərbaycan naminə daha böyük işlərin görüləcəyini deməyə əsas verir - əminlik yaradır.

Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. “Şuşa İli” isə ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlar vəd edir.

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2022-01-07 10:34:00
943 baxış

Digər xəbərlər

“Bütün uğurlarımızın kökündə məhz Heydər Əliyev siyasi kursu dayanır”

Səmyar Abdullayev: “Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin ən qüdrətli nümayəndəsidir”   Bu gün Azərbaycan xalqının ümummili lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.   Veteran.org.az xəbər verir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Moderator.az-a müsahibəsində ulu öndərin Azərbaycan tarixindəki yeri və rolu ilə bağlı maraqlı fikirlər səsləndirib:   -Səmyar bəy, bu gün ulu öndərin anadan olmasının 98-ci ildönümüdür. Ümummili liderin Azərbaycan dövlətçiliyi baxımından tarixi rolunu qısaca necə dəyərləndirərdiniz?   -Birmənalı şəkildə qeyd edilməlidir ki, ümummili lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, onun banisidir. Bu tarixi reallığı daha yaxşı dərk etmək üçün ötən əsrin 90-cı illərinin əvvəlinə nəzər salmaq kifayətdir.   Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, bu müstəqillik olduqca kövrək idi. Bir tərəfdən ölkəmizə qarşı həyata keçirilən erməni işğalı, digər tərəfdən daxili pərkəndəlik və ciddi qarşıdurma fonunda Azərbaycanın vəziyyəti kifayət qədər ümidsiz görünürdü. Məhz belə bir zamanda xalq Heydər Əliyevə müraciət edərək onu Bakıya dəvət etdi. Çünki xalq başa düşürdü ki, belə mürəkkəb və ağır vəziyyətdən onu yalnız Heydər Əliyev çıxara bilər. Məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycanda daxili qarşıdurmanın, vətəndaş müharibəsi təhlkəsinin qarşısı alındı. Ölkə daxilində vətəndaş həmrəyliyini, sabitlik və təhlükəsizliyi təmin edən Heydər Əliyev Ermənistanla atəşkəs sazişinin imzalanmasına, bununla da Azərbaycanın toparlanması, öz potensialını yenidən qiymətləndirməsi, əlavə güc yığmasına şərait yaratdı. Bütün bunlar Azərbaycan dövlətçiliyinin xilası baxımından atılan mühüm addımlar idi.   -Heyər Əliyevin ordu quruculuğu siyasəti ilə bağlı ən mühüm məqamlar nədən ibarətdir?   -Əminliklə demək olar ki, Azərbaycanda nizami ordu quruculuğu prosesinin əsasını məhz ümummili lider qoyub. Əslində 90-cı illərin əvvəllərində Qarabağ və ətraf rayonların itirilməsinin başlıca səbəbi ölkəmizdə vahid komandanlıqdan idarə edilən nizami ordunun olmaması idi. Həmin vaxt Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə yalnız özünümüdafiə batalyonları, müxtəlif şəxslər tərəfindən idarə edilən ayrı-ayrı silahlı birləşmələr tərəfindən aparılırdı ki, bu mübarizə lazımi səmərə vermirdi. Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün qanunsuz silahlı birləşmələri ləğv etdi. Özünümüdafiə batalyonları ləğv edildi və bütün bunların əsasında vahid nizami ordu formalaşdırıldı. Ordunun maddi-texniki təchizatının təmin edilməsi, döyüş hazırlığının yüksəldilməsi, onun müasir texnika ilə təmin edilməsi istiqamətində konkret addımlar atıldı. Heydər Əliyev qısa zamanda məhdud imkanlar çərçivəsində  nizami ordu formalaşdıra bildi. Bununla da torpaqlarımızın daha etibarlı müdafiəsi təmin olundu.   -Ümummili liderin iqtisadi siyasətini necə dəyərləndirirsiniz?   -İqtisadi siyasət Heydər Əliyevin bütün siyasi hakimiyyəti dönəmində diqqət mərkəzində saxladğı başlıca məsələlərdən biri olub. Çünki Heydər Əliyev yaxşı başa düşürdü ki, güclü dövlət güclü iqtisadiyyat tələb edir. Yalnız güclü iqtisadiyyat yaratmaqla güclü dövlət formalaşdırmaq, onun digər müstəvilərdəki maraqlarını qorumaq mümkündür. Məzh bu səbəbdən də iqtisadi sahədə böyük islahatlar həyata keçirən Heydər Əliyev, özəl sektorun inkişafı, müasir istehsalar sahələrinin yaradılması, o cümlədən sovet dönəmindən qalan istehsalat müəssisələrinin fəaliyyətinin yenidən bərpa edilməsi istiqamətində  ciddi addımlar atdı. Lakin Heydər Əliyevin Azərnbaycan iqtisadiyyatı qarşısındakı ən böyük xidməti, heç şübhəsiz “Əsrin müqaviləsi”nin imzalanması oldu. Dünyanın aparıcı neft şirkətləri ilə imzalanan bu müqavilə sadəcə Azərbaycanın iqtisadi inkişafına təkan vermədi. Bu müqavilə həm də ölkəmizin siyasi müstəqilliyini möhkəmləndirdi, maddi təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. “Əsrin müqaviləsi” mahiyyət etibari ilə dövlətimizin həyatında yeni bi səhifə açdı.   -Səmyar bəy, Heydər Əliyevin ən böyük arzusu işğaldakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi idi. Hansı ki, onun bu arzusu prezident İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Sizcə Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi bu zəfəri ulu öndəin ad gününə ən qiymətli hədiyyə hesab etmək mümkündürmü?   -Şübhəsiz! Erməni işğalı altındakı torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünü təmin olunması Heydər Əliyevin ən böyük arzusu idi. Heydər Əliyev bütün beynəlxalq konfranslarda Ermənistanın işğalçılıq siyasətinə, hərbi cinayətlərinə diqqət çəkir, beynəlxalq təşkilatları, dünyanın aparıcı dövlətlərini işğalçıya təzyiq göstərməyə çağırırdı. Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, Ermənistanın işğal siyasəti bütün regionda sülhə və təhlükəsizliyə ən böyük təhdiddir.   Ancaq məlum olduğu kimi, beynəlxalq təşkilatların, iri dövlətlərin ikili siyasəti səbəbi ilə o zaman işğal edilən torpaqları azad etmək mümkün olmadı.  Heydər Əliyevin başlatdığı bu tarixi missiya möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən başa çatdırıldı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğalçını darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Ermənistan 10 noyabr 2020-ci il tarixində hərbi kapitulyasiyaya bərabər təslimçilik sazişini imzalama məcbur oldu. Bununla da 30 illik problem öz həllini tapdı, Azərbaycan erməni işğalına son qoydu.   Mən bu məsələ ilə bağlı bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda vahid nizami ordu quruculuğunun əsasını məhz Heydər Əliyeb qoyub. Hələ sovet dönəmində Azərbaycanda hərbi liseyin açılmasına, minlərlə azərbaycanlının keçmiş SSRİ-nin müxtəlif hərbi məktəblərində təhsil almasına, milli hərbi kadrların hazırlanmasına nail olan Heydər Əliyev, bununla müstəqil Azərbaycan ordusu üçün ciddi baza formalaşdırmış oldu. Hansı ki, sonrakı dönəmlərdə prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən ordu qurucluğu siyasəti nəticə etibari ilə 8 noyabr Zəfər Gününə gətirib çıxardı. Əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə nail oldu. Bu isə o deməkdir ki, 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən Böyük Zəfərdə Heydər Əliyevin də böyük payı var və biz buna görə də ulu öndərə hər zaman minnətdar olacağıq.   Seymur ƏLİYEV

Hamısını oxu
“Ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmlənməsində neftçilərimizin böyük əməyi var”

Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”   Bu gün neft-qaz sənayesi işçilərinin peşə bayramı – Neftçilər Günüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov Dövlət Neft Şirkətinin əməkdaşlarını təbrik edib, onların ölkəmizin uğurlarındakı roluna diqqət çəkib:   “Öncə peşə bayramı münasibətilə Dövlət Neft Şirkətinin bütün əməkdaşlarını, respublikamızın neft-qaz işçilərini, eləcə də bu sektorda çalışmış veteranlarımızı “Neftçilər Günü” münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.   Heç kimə sirr deyil ki, tarixən ölkəmizin əldə etdiyi bütün böyük uğurlarda neftçilərimizin mühüm rolu olub. İkicni Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində də neftçilərimiz həlledici rol oynamış, bununla da bütün bəşəriyyətə azadlıq və firavanlıq bəxş etmişdir. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, neftçilərimiz gənc respublikamızın güclənməsində həlledici rol oynamış, iqtisadi azadlığımızın təmin olunması sahəsində böyük fədakarlıqlar göstərmişdilər.   1994-cü il sentybarın 20-də Ümummilli lider Heydər Əliyevin dünyanın iri neft şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” sadəcə neft sənayemizin deyil, bütün ölkəmizin iqtsiadi-siyasi həyatında yeni bir dönəmin başlnağıcını qoydu. Bu müqavilə ilə Azərbaycan neftinin dünya bazarlarına çıxışı təmin edildi, dövlət büdcəmizə böyük miqdarda neft vəsaitləri daxil olmağa başladı. İqtisadi müstəqilliyimizin təmini siyasi gücümüzün daha da artmasına təkan verdi.   Prezident İlham Əliyevin qeyri-neft sektoru ilə yanaşı, həm də neft sənayesinə göstərdiyi diqqət və qayğı, bu sahədə həyata keçirilən modernləşmə prosesi, neft sektorumuza məxsus tarixi ənənələrin davam etdirilməsi günümüzdə də müstəqil Azərbaycanımızın iqtisadi baxımdan inkişafını şərtləndirən mühüm amillərdən biridir. Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır.   Neft sənayesindən əldə edilən gəlir ordumuzun güclənməsində, onun maddi-texniki bazasının möhkəmlənməsində mühüm rol oynayır. Bütün bunların hamısı neftçilərimizin ağır əməyi, fədakarlığı, öz işinə vicdanlı və məsuliyyətli yanaşması nəticəsində mümkün olur.   Mən bir daha neftçilərimizi peşə bayramı münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. İstəyirəm bütün neftçilərimiz bilsin ki, Azərbaycan veteranları hər zaman olduğu kimi bu gün də onlarla qürur duyur və onların yanındadır”.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Iclasda 2022-ci ildə görülən işlərlə bağlı hesabat dinlənilib, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər müzakirə edilib. Maraqlı müzakirə şəraitində keçən tədbirdə Rəyasət Heyətinin üzvləri tərəfindən müxtəlif təkliflər səsləndirilib. Tədbirin sonunda bütün təkliflər nəzərə alınmaqla bir sıra qərarlar qəbul edilib. Həmçinin, “Heydər Əliyev İli” ilə bağlı görüləcək işlərlərlə bağlı tədbirlər planının yerli təşkilatlara göndərilməsi, keçiriləcək tədbirlərdə onların da geniş tərkibdə iştirakının təmin edilməsi qərara alınıb. İclas başa çatandan sonra Ulu öndərin büstü qarşısında xatirə şəkli çəkilib.  

Hamısını oxu
AQTİ ilə Türkiyənin müvafiq qurumu arasında bitki sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri ilə görüş keçirilib.   Görüş çərçivəsində qida təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq üzrə Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq üzrə Saziş”in imzalanması prosesinin sürətləndirilməsi məsələləri, eləcə də, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) qida təhlükəsizliyi sisteminə daxil olan laboratoriyalarının optimallaşdırılması, modernləşdirilməsi və akkreditasiyası sahəsində əməkdaşlığın həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda AQTİ ilə Türkiyənin elmi-tədqiqat institutları arasında təcrübə mübadiləsi, araşdırma institutlarının elmi-texniki ədəbiyyat bazasından yararlanmaq istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.   AQTİ ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Aqrar Tədqiqatlar və Siyasət Baş idarəsi arasında bitki sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycan və Türkiyədə bitki sağlamlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə elmi-tədqiqat və inkişaf layihələrinin, bitki sağlamlığı məsələləri üzrə nəzəri və praktiki biliklərə dair təlim proqramlarının, bitki sağlamlığı sahəsində tədqiqat məsələləri üzrə və bitki sağlamlığı üzrə kliniki xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.  

Hamısını oxu