Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:

“Hörmətli Fatma xanım,

Əlamətdar yubileyiniz – anadan olmağınızın 100 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, İkinci Dünya müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz.

Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır.

Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir.

Hörmətli Fatma xanım,

Sizin həyat və mübarizə yolunuz Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnəkdir.

Belə bir xoş gündə Sizə bir daha ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2022-ci il

 

2022-01-25 12:31:00
1409 baxış

Digər xəbərlər

Qayğı yükünü çəkənlər

Buranı təbiətin ən gözəl guşəsindən biri adlandırmaq olar. Hər yanı yamyaşıl, hər tərəfi gül çiçək. Ətraf yaşıllığa bürünüb. Fəvvarələr Müdafiə Nazirliyinin Gorədildəki istirahət evinin yerləşdiyi ərazidir. İstirahət evində hər il yüzlərlə insan dincəlir. Razılıq və xoş təəsüratla buradan ayrılırlar. Hamıya diqqət yetirilir, qayğı göstərilir. Şəhid, qazi ailələrinə xüsusi diqqət var. Qarabağ müharibəsinin iştirakçıları burada özlərini çox rahat hiss edirlər. Son zamanlar istirahət mərkəzində görülən işlər təqdirə layiqdir. Rahat, geniş, səliqəli idman zalları əsaslı təmirdən sonra istirahətə gələnlərin ixtiyarındadır. Burada futbol, voleybol, digər idman növləri ilə məşğul olmaq olar. Həmçinin, tennis və digər oyun növü ilə maraqlanmaq mümkündür. Ayrı bir guşədə şahmat dama, nərd oyunları üçün hər bir şərait yaradılıb. İstirahət evinin yeməkxanası öz təmizliyi ilə xüsusi seçilir. Burada verilən yeməklərin dadı, ləzzəti hər kəsin ürəyincədir. İstirahətə gələn nazirliyin yüksək rütbəli əməkdaşları və onların ailə üzvləri də digər istirahətçilərlə birgə səhər, günorta və axşam yeməklərində olurlar. Bir sözlə, heç bir ayrı-seçkilik yoxdur. Burada ölkənin tanınmış şair, yazıçı və digər mədəniyyət işçiləri istirahətə gələnlərin qonağı olurlar. Öz maraqlı çıxışları ilə dincələnlərin rəğbətini qazanırlar. Zəngin kitabxana və maraqlı sərgi guşələri hamının marağına səbəb olur. Xalqımızın, müzəffər ordumuzun şanlı zəfər tarixindən bəhs edən eksponatlar hamı tərəfindən bəyənilir. Son zamanlar istirahət evində maraqlı bir ənənənin təməli qoyulub. Kiminsə ad günü olursa, şirniyyat stolu arxasında onu xüsusilə qeyd edirlər. Bu təbii ki, çox xoş olmaqla yanaşı, həm də uzun müddət yaddaşlarda qalandır. İnsanlara göstərilən bu diqqət dəyər ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına, həmçinin veteranlara göstərdiyi xüsusi qayğının nəticəsidir. Təbii ki, hər gün Müdafiə Nazirliyinin rəhbərliyinin müvafiq qurumları da istirahətə gələnlərin durumu ilə maraqlanırlar. İstirahət evində dincələnlərə yüksək tibbi xidmət göstərilir. Dincələn azyaşlı yeniyetmələr üçün musiqili əyləncə proqramları da yer almaqdadır. Buraya daxil olan zaman sanki hamı doğmalaşır, hamı bir birinə “can bacım” “can qardaşım” deyimi ilə müraciət edirlər. Bütün görülən uğurlu işlərdən əlavə, həm də əsaslı yenidən qurma işləri də həyata keçirilir. Həyata keçirilən işlərdə istirahət mərkəzinə rəhbərlik edən yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən, bu sahədə mükəmməl bilik və bacarığa mənsub, peşəkar zabit polkovnik-leytenant Kamil Cəlilovun əməyini xüsusi qeyd etmək lazımdır. Bütün şəhid və qazi, həmçinin veteran ailələrinin üzvləri bu peşəkar zabitin və istirahət evində çalışan hər bir əməkdaşın fəaliyyətindən razılıq edirlər. İlqar Quliyev E.o. polkovnik  

Hamısını oxu
Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var

Regionun lider dövləti, güc mərkəzi olan Azərbaycan indiyədək çoxsaylı tarixi və möhtəşəm uğurlara imza atıb. Ölkəmizin yüksəlişini və tərəqqisini təmin edən əsas amil uğurlu strateji kursdur. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara, dövrün çağırışlarına əsaslanan siyasəti respublikamızın xaos və tənəzzüldən xilas olaraq rifah və inkişaf yoluna çıxmasını şərtləndirib. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev isə xalqımıza bir çox ilklər yaşadıb, bənzərsiz nailiyyətlər qazandırıb, ən əsası, Azərbaycanı Zəfər zirvəsinə yüksəldib. Azərbaycanın Birinci vitse-prezidenti, YAP Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlətçilik maraqlarına, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti də ölkəmizin gücünü artıran, dünyadakı mövqeyini möhkəmləndirən müstəsna amildir. Başqa sözlə, Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var. Mehriban xanım Əliyevanın fəaliyyəti həm çoxşaxəli, həm də məqsədyönlüdür. O, hələ Birinci vitse-prezident təyin edilməmişdən öncə ölkənin siyasi həyatında fəal iştirakı ilə Azərbaycanın inkişafına, sosial məsələlərin həllinə mühüm töhfələr verib. Mehriban xanım Əliyeva millət vəkili kimi fəaliyyət göstərərkən milli maraqları daim üstün tutub, mühüm təşəbbüslərlə çıxış edib, xalqa və dövlətə ləyaqətlə xidmət edib. Təsadüfi deyil ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstərib. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə etməklə yanaşı, Azərbaycanın coğrafi sərhədləri ilə məhdudlaşmır, beynəlxalq əhəmiyyət daşıyır. Birinci xanımın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin dünya miqyasında təbliği istiqamətində də çox mühüm addımlar atılır. Önəmli nüanslardan biri budur ki, artıq tarixdə qalmış münaqişə ilə bağlı həqiqətlərin təbliği, Xocalı soyqırımının dünyada tanıdılması ilə əlaqədar görülən işlər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini şərtləndirib və tarixi Qələbəmizi təmin edən çox mühüm amillərdən biri olub. Bunlarla yanaşı, Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi fəaliyyətini uğurla davam etdirir. Onun partiyanın güclənməsində, inkişafında xüsusilə, gənclərin, qadınların partiyaya üz tutmasında böyük rolu var. Birinci vitse-prezidentin gördüyü işlər vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, idarəetmədə çevikliyin və funksionallığın artırılması, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından əlamətdardır. Xüsusilə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və digər həssas kateqoriyadan olan insanlara xüsusi qayğı ilə yanaşılması təqdirəlayiqdir. Azərbaycanın birinci xanımının fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. O, müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bu, Mehriban xanım Əliyevanın milli məzmunlu, beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. Mehriban xanım Əliyevanın cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi fəaliyyətini uğurla davam etdirməsi xalqımıza rifah, inkişaf və qalib Azərbaycana yeni uğurlar, qələbələr, bir sözlə, parlaq perspektivlər vəd edir.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
“Ali Baş Komandanın Şuşada qaladığı Novruz tonqalı ordumuzun tarixi zəfərinin təntənəsidir”

Cəlil Xəlilov: “Bu tonqal xalqımızın sabaha olan inamını, mübarizə və qalibiyyətini əks etdirir”   Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşada, Cıdır düzündə Novruz bayramı münasibəti ilə yandırdığı tonqal, ölkəmizin mədəniyyət paytaxtından verdiyi yeni mesajlar Azərbaycan xalqı tərəfindən böyük sevinc və məmnunluq hissi ilə qarşılanıb.   Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi hadisə ilə bağlı maraqlı fikirlər səsləndirib:   “Cənab prezidentin Şuşa şəhərinə səfəri, bu səfər əsnasında səsləndirdiyi bəyanatlar Azərbaycan xalqının hər bir nümayəndəsində böyük fəxr və qürur hissi doğurmaqdadır. 28 ildən sonra Şuşada, Cıdır düzündə qalanan Novruz tonqalı xalqımıza sonsuz sevinc hissi bəxş etdi. Çünki biz uzun illərdir ki, məhz bu günü, bu anı gözləmişik. Uzun illərdir ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə keçirmək bizim ən böyük arzumuz olub. Sevindiricidir ki, biz 28 ildən sonra bu böyük, tarixi günə şahidlik edirik. Bu baxımdan Ali Baş Komandanın Cıdır düzündə qaladığı tonqal sadəcə Novruz tonqalı deyil. Bu, həm də xalqımızın tarixi qələbə tonqalı, şanlı Azərbaycan ordusunun zəfər tonqalıdır. Bu tonqal Azərbaycan xalqının tarixi zəfərinin təntənəsidir. Bizim builki Novruz bayramını əvvəlki bayramlarımızdan fərqləndirən ən başlıca amil məhz budur.   Məlum olduğu kimi, istər ulu öndər Heydər Əliyev, istər prezident İlham Əliyev hər zaman erməni işğalında qalan topaqlarımızın azad ediləcəyinə dərin inamlarını ifadə edib, bunun üçün həm hərbi, həm diplomatik, həm də digər sahələrdə mühüm işlər həyata keçiriblər. Azərbaycan xalqı da işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanıb, heç vaxt buna inamını itirməyib. Prezident İlham Əliyevin Novruz bayramı günlərində Şuşada qaladığı tonqal ölkə başçısının və eləcə də Azərbaycan xalqının ordumuzun gücünə, onun qəhrəmanlığına olan inamının təntənəsidir.   Mən bu bayram günlərində bizə bu böyük sevinci bəxş edən şəhidlərimizi də ehtiram hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirəm. Hər kəs əmin ola bilər ki, Azərbaycan xalqı əsrlər sonra da ordumuzun, şəhid və qazilərimizin qəhrəmanlığını unutmayacaq, hər zaman onları dərin minnətdarlıq hissi ilə yad edəcək”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Bu gün Şuşada, Xankəndidə keçirilən hərbi yürüş ordumuzun gücündən, Müzəffər Ali Baş Komandanımızın qətiyyətindən xəbər verir”

Zərifə Quliyeva: “Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, sevinc və əbədi iftixar mənbəyidir” “Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, sevinc və əbədi iftixar mənbəyidir”. Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, bu gün Bakı ilə yanaşı, işğaldan azad edilən ərazilərdə keçirilən hərbi yürüş Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən xəbər verir: “Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, bu zəfərin hərbi-siyasi, mənəvi-psixoloji nəticələri göz önündədir. Bu gün Bakı ilə yanaşı, işğaldan azad edilən torpaqlarımızda – Şuşada, Laçında, Xankəndidə keçirilən hərbi yürüş ordumuzun gücündən, Ali Baş Komandanımızın qətiyyətindən, 8 Noyabr zəfərinin  əzəmətindən xəbər verir. Silahlı Qüvvələr Günü ilə bağlı ölkəmizin hər bir yerində müxtəlif tədbirlər, bayram şənlikləri keçirilməkdədir ki, bu da xalqın ordu ilə, Müzəffər Ali Baş Komandanla birliyinin, həmrəyliyinin göstəricisidir. Bu fakt bir daha onu sübut edir ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də öz Prezidenti, Silahlı Qüvvələri ilə bir yerdədir və hər zaman da bir yerdə olacaq. Mən 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə başda Müzəffər Ali Baş Komandanımız olmaqla, bütün Silahlı Qüvvələrimizi təbrik edir, hər bir hərbçimizə həm şəxsi həyatında, həm də xidməti fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün, təhlükəsizilyin qarantı olmaqda davam edəcək, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün əbədi qürur mənbəyi olaraq qalacaq”. Seymur ƏLİYEV      

Hamısını oxu