Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakıda “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan” qəzetinin nəşr etdiyi kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb. Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun moderatorluğu ilə keçirilən təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin ağır nəticələrindən danışıb. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün təqdimatı keçirilən kitab vaxt gələcək ermənilərə qarşı ittiham zamanı istifadə ediləcək, onların çirkin əməllərini üzə çıxaracaq. Bu kitabda Xocalı soyqırımının şahidlərinin, işgəncələrə məruz qalan insanların çətinliklə danışa bildikləri yazılar yer alıb. Bahar Muradova bu gün Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov kitabda toplanan materialların önəmindən danışıb. O deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar. Sonra “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Xocalı sakini Mehriban Əliyeva çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Çıxış edənlər Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və hər birimiz bu işlərdə yaxından iştirak etməliyik.

2018-02-22 00:00:00
4672 baxış

Digər xəbərlər

Bir döyüşdə düşmənin 4 tankını məhv edən Sovet İttifaqı Qəhrəmanı: Qəzənfər Əkbərov!

Sovet İttifaqı Qəhrəmanı  Əkbərov Qəzənfər Qulam oğlu 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.   1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.   Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur. Adına küçə və məktəb vardır.                                    

Hamısını oxu
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə aprelin 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kinorejissor Vaqif Mustafayevin xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan “Əsl məhəbbət haqqında” sənədli televiziya filmi nümayiş etdirilib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verib. “Ulu öndər Heydər Əliyev zamanın fövqündə duran, illər keçdikcə dühası və əzəməti daha parlaq şəkildə görünən qüdrətli şəxsiyyətlərdəndir”, - deyən C.Xəlilov vurğulayıb ki, Ümummilli Lideri xalqın, dövlətin tarixində əbədi yaşadan mühüm cəhətlərdən biri onun Azərbaycanın ən çətin zamanlarında xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu yeni inkişaf mərhələsinə çıxarmasıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyevin adı dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenauer və digər tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi dərin ictimai-siyasi, sosial-iqtisadi problemlərə, cəbhədəki uğursuzluğa, hakimiyyət böhranına, vətəndaş müharibəsi təhlükəsinə toxunan C.Xəlilov bildirib ki, belə ağır vəziyyətdə xalqın imdadına məhz ulu öndər Heydər Əliyev yetişdi. Dahi rəhbər xalqın təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi, bununla da daxili və xarici düşmənlərimizin bütün planları puça çıxdı. Xilaskarlıq missiyasını üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının qarşısını aldı, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bundan sonra Azərbaycan gələcəyə inamla baxan qüdrətli dövlətə çevrilmək yoluna qədəm qoydu. Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi və iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışıb.   Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyev haqqında çəkdiyi filmin dahi şəxsiyyətin həyat və fəaliyyətini dolğun əks etdirən ən maraqlı ekran əsərlərindən biri olduğunu vurğulayıb. Ərəstun Mehdiyev qeyd edib ki, Azərbaycan xalqı zəngin tarixi ərzində bir sıra görkəmli şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətlərin arasında ümummilli lider Heydər Əliyevin özünəməxsus yeri var. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin tarixində silinməz izlər qoyub. Bütün fəaliyyəti dövründə “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” prinsipinə əsaslanan Heydər Əliyev ümumxalq mənafeyini hər şeydən üstün tuturdu. Ulu Öndərin həyatına, fəaliyyətinə nəzər salanda bunu aydın şəkildə görmək mümkündür. Heydər Əliyev xalqının Ümummilli Lideri səviyyəsinə yüksələnə qədər mühüm vəzifələrdə çalışıb, zəngin həyat yolu keçib. Xüsusi xidmət orqanlarında uğurlu fəaliyyətdən sonra sovet dövründə Azərbaycana rəhbərlik edib, daha sonra keçmiş SSRİ-nin ali rəhbərlərindən biri olub. Sovet İttifaqının süqutundan sonra müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev fəaliyyətinin hər iki dövründə ölkəmizin dinamik inkişafı, xalqın rifahı üçün yorulmadan çalışıb. Müstəqillik illərində Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və yüksək mövqe qazanmasında ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir. Bu uğurları şərtləndirən əsas amil Heydər Əliyevin həmişə xalqa arxalanması olub.  Prezident Administrasiyasının rəsmisi bildirib ki, dahi şəxsiyyət 1990-cı illərin əvvəllərində Azərbaycanı bütün sahələrdə yaşanan tənəzzüldən, vətəndaş qarşıdurmasından, parçalanmaq təhlükəsindən xilas edib, dövlət çevrilişi cəhdlərinin qarşısını müdrikliklə alıb. Heydər Əliyev məhz xalqa güvənərək respublikada ictimai-siyasi sabitliyi bərqərar edib, Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, bütün sahələrdə dərin islahatlar həyata keçirib. Ümummilli lider Heydər Əliyev cəmiyyətin bütün təbəqələrini, o cümlədən gəncləri, ziyalıları, müharibə veteranlarını da daim diqqət mərkəzində saxlayırdı. Ulu öndər Heydər Əliyev çıxışlarında vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət xalqın mənafeyinə xidmət etməlidir. Belə dövlət beynəlxalq arenada mövqelərini möhkəmləndirə, ordusunu gücləndirə bilər. Dövlət özünün güclü ordusuna arxalanmalıdır. Dövlətin və xalqın orduya qayğısı yüksək səviyyədə olmalı və bu birlik daim təmin edilməlidir. Bu məsələlərə xüsusi diqqət yetirən Ümummilli Lider dövlət quruculuğu siyasətində həmin prinsiplərin təmin olunmasını daim nəzarətdə saxlayırdı. “Ötən il biz Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyini dövlət səviyyəsində qeyd etdik. Müstəqilliyin bərpasından ötən illər ərzində Azərbaycan sürətlə inkişaf edərək dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu uğur dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu siyasətin müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində əldə olunub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət hazırda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Məhz bu siyasət sayəsində regionun lider dövləti olan Azərbaycan artıq bölgədə və dünyada mühüm söz sahibinə çevrilib. Azərbaycan dövləti yaşadıqca ulu öndər Heydər Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən daim ən yüksək hörmət və ehtiramla yad ediləcək. Çünki ümummilli lider Heydər Əliyevin adı Azərbaycan tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunub”, - deyə Ərəstun Mehdiyev bildirib. Sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov, veteranlar Vladimir Timoşenko, Tofiq Ağahüseynov, kinorejissor, Xalq Artisti, Dövlət Mükafatı laureatı, Heydər Əliyev haqqında sənədli televiziya filmlərinin müəllifi Vaqif Mustafayev və digərləri çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında Ümummilli Liderimizin tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Natiqlər vurğulayıblar ki, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalan gənclərimiz dahi rəhbərin siyasi xəttini uğurla davam etdirərək, Azərbaycana yeni uğurlar qazandıran Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Sonda Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin qərarı ilə kinorejissor Vaqif Mustafayev  “Veteran həmrəyliyi” medalı ilə təltif olundu. Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev medalı Vaqif Mustafayevə təqdim etdi

Hamısını oxu
Millət vəkili şəhid məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Milli Məclisin deputatı Mahir Abbaszadə Bakı şəhəri Xəzər rayonu Qala kəndində dəfn olunan Vətən müharibəsinin şəhidi Laçın rayonu Malıbəyli kənd sakini Yaqubzadə Yaqub Eldəniz oğlunun məzarını ziyarət edib.   Millət vəkili şəhidlərin əziz xatirəsinə ehtiramını bildirib, ruhlarına dualar oxunub.   Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etdi. 44 gün müddətində 30 ilə yaxın davam edən işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Qeyd edilib ki, Prezident İlham Əliyev şəhid ailələrini və müharibə iştirakçılarını hər zaman diqqət mərkəzində saxlayır.   Şəhid Yaqub Yaqubzadənin valideynləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.   Ərazilərimizin işğaldan azad olunması yoludan canı, qanı bahasına mübarizə aparmış qazilərə şəfa, şəhid onlarla Allahdan rəhmət dilənib.   Yaqub Eldəniz oğlu Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Yaqub Yaqubzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaqub Yaqubzadə oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.  

Hamısını oxu
Reallıqlar məlum, perspektivlər aydındır

Hamısını oxu