Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Polad Həşimov: Vətənin qəhrəmanlıq simvolu

Azərbaycanın Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Həzi Aslanov kimi ağır döyüşlərdən çıxaraq general rütbəsinə yüksələn qüdrətli sərkərdələri olub. Onların sırasında ağır hərbi əməliyyatlarda tarix yazan, əsgərlərinin önündə çəkinmədən qüşmən üzərinə yeriyən qorxusuz generallarından biri də Milli Qəhrəman Polad Həşimov idi.

Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 1995-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirib.

1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, 1993-cü il hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınmasında, 702-ci motoatıcı briqadanın hazırlığında iştirak edib, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib. Həmçinin 1994-cü ildə Türkiyə Respublikası İstanbul şəhərində yerləşən “Tuzla Piyada Okulu”nda üç aylıq kurs keçib, hərbi təhsilini təkmilləşdirib.

Həmin ilin fevral ayında Murovdağ silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda vuruşub. 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb. 2017-ci ilin aprel ayından şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib.

Polad Həşimov Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 iyun tarixli əmri ilə “Hərbi xidmətlərə görə” və 2009-cu il 25 iyun tarixli əmri ilə “Vətən uğrunda” medalları ilə, 2014-cü il  24 iyun tarixli əmri ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə, 2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 aprel tarixli əmri ilə “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə mükafatlandırılıb. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.

2016-cı il aprelin 2-dən 4-dək Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub, döyüş zamanı yaralanıb. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır.

25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olub. 14 iyulda general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. 15 iyulda II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

 

2020-ci ilin avqust ayında “Qanun” Nəşriyyatı tərəfindən general-mayor haqqında “Polad generalımız” adlı kitab nəşr edilib. Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Həmçinin, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi general Polad Həşimovun xatirəsinə “Paşam, hey” adlı mahnı və klip hazırlayıb. “Hədəf nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində “General Polad Həşimov xatirələrdə” kitabı nəşr edilib.

28 oktyabr 2020-ci ildə Türkiyə Respublikasının Bursa şəhər Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışı olub.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

44 günlük Vətən müharibəsində əsgər Cəbrayıl Dövlətzadə Polad Həşimovun qatilini diri-diri boğaraq öz generalının qisasını alıb. Yağı düşmənə onun generalının bir əsgərdən də gücsüz və iradəsiz olduğunu sübut edib. Bu gün Qarabağ, Şərqi Zəngəzur Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin iradəsi ilə tikilir, qurulur. Qaçqın və məcburi köçkünlər öz dədə-baba yurdlarına, torpaqlarına qayıdır. General Polad Həşimov, əsgər Cəbrayıl Dövlətzadə kimi Qəhrəmanların ailə üzvləri dövlətin qayğısını öz üzərində hiss edir. Polad Həşimov kimi Vətənin Qəhrəmanlıq simvoluna dönən bir igidi dünyaya gətirib böyüdən Səmayə ana isə hər yerdə, hər bir tədbirdə başa keçirilir, söz sahibinə çevrilir. Övladının sonsuz Vətən sevgisinin mükafatı ona və nəvələrinə ərməğan edilir.  

Respublika Veteranları Təşkilatının sədri  

polkovnik   Cəlil Xəlilov

  

 

2024-12-18 11:46:38
4176 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi(1919-2019)” yubiley medalı Respublika Veteranlar Təşkilatının rəhbərliyinə təqdim edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

Hamısını oxu
Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

Hörmətli cənab Kavelaşvili. Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan-Gürcüstan əlaqələri tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə,   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 dekabr 2024-cü il

Hamısını oxu
Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun ömrü çox uzaq gələcəyə hesablanıb

12 dekabr Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin anım günüdür. Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.   Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Böyük siyasi xadim Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Ümummilli liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir. Allah Ulu Öndərə rəhmət eləsin! Azərbaycan dövləti var olduqca Ümummilli liderimiz anılacaq, onun zəngin həyat təcrübəsi, güclü dövlətçilik, idarəçilik ənənəsi davam etdiriləcək.   Məşhur Məmmədov Milli Məclisin deputatı

Hamısını oxu
Cənub bölgəsində veteranlara göstərilən diqqət və qayğı yüksək səviyyədədir

Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikaşı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə oktyabr 23-də veteranlarla görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, yerli qrumların rəhbərləri, eləcə də, Lənkəran, Masallı, Cəlilabad, Astara və Lerik rayon Veteran Təşkilatlarının sədrləri, veteranlar iştirak etmişlər.  Görüşdə veteran təşkilatlarının fəaliyyəti, onların qarşısında duran vəzifələr və  yerli icra hakimiyyəti orqanları ilə birgə  işin daha da səmərəli təşkilində bu təşkilatlara lazımı köməkliyin göstərilməsi və s. məsələlər müzakirə edilmişdir.            Görüşü açan İcra başçısı Taleh Qaraşov veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən geniş danışaraq ölkə Prezidenti tərəfindən onların qaldırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqəti xüsusi vurğulamış, Lənkəran rayonunda da veteranların maddi-məişət şəraitinin yaxşılaşdırılması, onların rayonun ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır. İcra başçısı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində mühüm rolu olan veteran hərəkatının daha da güclənməsi üçün şəhər İcra hakimiyyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini vurğulamışdır.   Respublika Veteranlar Təşkilatının 30 illik yubileyi münasibəti ilə hər bir veteranı təbrik etmiş və təşkilatın bu illər ərzində dövlət siyasətini həyata keçirilməsində, ulu öndər Heydər Əliyev prinsiplərinə sadiq fəaliyyət göstərməsini qeyd etmişdir. Çıxış edən Respublika Veteranlar Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov Respublika Veteranlar Təşkilatının fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. Vətənpərvərliyinin təbliği, gənc nəslin azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsi istiqamətində Təşkilatın üzərinə düşən işin məsuliyyətindən bəhs etmişdir. 30 illik yubiley münasibəti ilə təntənəli mərasim və və təşkilatın “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfransı yüksək səviyyədə təşkil etməsi Azərbaycan tolerantlığını təbliğ etməsi, yeni faşizm ideologiyası olan erməni işğalçılığının dünya ictimayyətinə tanıdılmasında xüsusi xidmətləri olduğunu bildirmişdir. Lənkəran və ərtaf rayonlarda veteranlara göstərilən diqqət və qayğını və yerli veteran təşkilatlarının rolunu müsbət dəyərləndirdi. Respublika Veteranlar Təşkilatının sədr müvini Cəlil Xəlilov çıxışında qonaqpərvərliyə və bu cür tədbirin təşkilatçılığındakı köməkliyə görə Lənkəran şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir. Ölkəmizdə həyata keçirilən quruculuq işləri, Azərbaycanda müasir, güclü Ordunun qurulmasından və Respublika Veteranlar Təşkilatının ölkə həyatında, ictimai-siyasi  proseslərdə yaxından iştirakı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, Lənkəranın, eləcə də, ətraf rayonların ziyalı və veteranlarının bu işlərdə rolunu yüksək qiymətləndirdi. Digər çıxış edənlər ölkəmizdə veteranların hər tərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, eləcə də, veteranların gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyətindən bəhs etmişdirlər. Respublika Veteranlar Təşkilatının sədri general polkovnik Tofiq Ağahüseynov Lənkəran Şəhər icra Hakimiyyətinin başçısı Taleh Qaraşovu “Həzi Aslanov yubiley medalı” və iştirak edən rayon Veteranlar Təşkilatlarının sədrlərini isə Təşkilatın “30 illik yubiley medalı” ilə təltif etdi. Sonda tədbir iştirakçıları Heydər Əliyev mərkəzinin önündə xatirə şəkli çəkdirdilər.

Hamısını oxu