Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhid hərbçimiz dəfn edilir

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Vüqar Lətif oğlu Sadıqovun dəfn mərasimi keçirilir. Axar.az xəbər verir ki, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Ağstafa rayon sakini, 1987-cı il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovun doğulduğu Göyçə kəndində vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Ağstafa rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin rayon sakinləri iştirak edir. Qeyd edək ki, şəhid V.Sadıqov ailəli olub və 3 övladı var. Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

2020-07-13 00:00:00
1085 baxış

Digər xəbərlər

İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlı

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi.   Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır. Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

Hamısını oxu
“Hər hansı referendum və ya parlament seçkisinə heç bir ehtiyac yoxdur”

Hikmət Babaoğlu: “Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var” “Bu gün Azərbaycanın bir nömrəli gündəmi tarixi qələbəmiz, uzun illərdir gözlədiyimiz Qarabağa Böyük Qayıdış və inkişafımızın bundan sonra da davam etdirilməsidir. Bunlardan başqa hər hansı bir ekstroardinar məsələnin ictimai gündəmə daxil edilməsi cəhdləri ölkəmizdə süni gündəm yaratmaq istəyənlərin uğursuz manipulyasiyasıdır. Ona görə də son günlər Azərbaycanda referendumun, yaxud Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Ən önəmlisi isə bu tip məsələlər ictimai sifariş deyil”. Bunu veteran.gov.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkili pandemiya şəraitində görülən işlərə diqqət çəkib, bütün qurumlar kimi Milli Məclisin də pandemiya şəraitində uğurla fəaliyyət göstərdiyini qeyd edib: “Hazırda Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var. Hökumət olduqca səmərəli fəaliyyət göstərməklə COVID-19 pandemiyası şəraitinə baxmayaraq, iqtisadi-siyasi və sosial sahədə mümkün olan bütün işləri uğurla həyata keçirir. Hakimiyyətin başqa bir qolu olan ali qanunverici orqan - Azərbaycan Respublikasının Milli Məclisi yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm işlər görür. Elə bu günlərdə Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi parlamentin beynəlxalq əlaqələri necə yüksək səviyyədə qurmağı bacarmasının bir göstəricisidir. Buna paralel olaraq 2020-2021-ci qanunvericilik ilində qanun yaradıcılığı istiqamətində parlamentin intensiv fəaliyyəti yalnız təqdir oluna bilər. Eyni zamanda, yeni tərkibdə Milli Məclis üzvlərinin seçicilərlə işləmək, onların problemlərinin həll edilməsi işində yeni təcrübə yaratması da xüsusi vurğulanmalı məsələlərdən biridir. İcra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyət nəticəsində Milli Məclisə ünvanlanmış vətəndaş müraciətlərinin qısa müddətdə həll edilməsi istiqamətində atılan addımlar da ictimai diqqətin təqdir etdiyi hadisədir. Əgər ictimai münasibətləri layiqincə tənzimləyə bilən, demokratik siyasi sistemin hüquqi əsaslarını təşkil edən Konstitusiya və bu konstitusion tələblərdən irəli gələn əsaslarda formalaşmış yeni Milli Məclis varsa, o zaman nə hər hansı bir referenduma, nə də yeni parlament seçkilərinə heç bir ehtiyac yoxdur”. Seymur ƏLİYEV

Hamısını oxu
“Prezidentin Gənclər Forumundakı çıxışı gənclərlə yanaşı, veteran təşkilatları qarşısında yeni vəzifələr qoyur”

Cəlil Xəlilov: “Artıq bununla bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında yeni proqram və tədbirlər planı hazırlanır”   Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış edib, gəncləri maraqlandıran sualları cavablandırıb. Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezidentin məlum çıxışının sadəcə gənclər deyil, eyni zamandan veteran təşkilatları qarşısında yeni tələb və vəzifələr qoyduğunu vurğulayıb: “Prezidentimiz Gənclər Forumundakı çıxışında ölkə gəncliyinə öz təşəkkürünü bildirdi, eyni zamanda onların üzərinə düşən vəzifələri xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, gənclərimiz özlərini inkişaf etdirməklə yanaşı, dövlətə maksimum faydalı olmağa çalışmalı, öz fəaliyyətlərində bu amili daim rəhbər tutmalıdırlar. Ümumiyyətlə, hər bir vətəndaşımız dövlətimizin, onun maraqlarının, milli mənafeyinin qorunmasına diqqət yetirməli, bu məsələdə əlindən gələni əsirgəməməlidir. Bu, bizim vətəndaşlıq borcumuz olmaqla yanaşı, həm də vicdan borcumuz, mənəviyyat borcumuzdur. Dövlət başçısı çıxışında gəncləri sayıq olmağa səslədi, bəzi qüvvələrin gəncləri yoldan çıxartmaq cəhdlərinə diqqət çəkdi. Prezident İlham Əliyev qeyd etdi ki, xaricdən maliyyələşən bəzi qüvvələr ilk baxışdan gözəl, humanist təsir bağışlayan adlar və proqramlar altında gəncləri öz tarixlərinə, dövlətlərinə, dəyərlərinə qarşı qaldırmağa çalışır, bunun üçün maliyyə vəsaitləri ayırırlar.  Bu cür cəhdlərin qarşısının alınmasının zəruriliyinə diqqət çəkən dövlət başçısı, qeyd etdi ki, bu cür hallara qarşı mübarizə milli-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, həm də müstəqilliyimizi qorumaq baxımından vacibdir. Onu da qeyd edim ki, Prezident İlham Əliyevin Gənclər Forumundakı çıxışı sadəcə gənclər deyil, həm də veteran təşkilatları, qeyri-hökumət təşkilatları qarşısında mühüm vəzifələr qoyur. Artıq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Prezidentin sözügedən çıxışından irəli gələn tələb və vəzifələrin müəyyənləşdirilməsi, onların icrasının müasir tələblərlə uyğun şəkildə təşkil edilməsi məqsədi ilə yeni proqram və tədbirlər planı hazırlanır. Yeni proqram və tədbirlər planı bizə dövlətimizin gənclərlə bağlı siyasətini daha səmərəli şəkildə dəstəkləməyə imkan verəcək. Dövlətimizi, onun siyasətini dəstəkləmək, milli birlik və bərabərliyimizin keşiyində dayanmaq hamımızın, o cümlədən biz veteranların borcudur və biz bundan sonra da bu borcu vicdan və ləyaqətlə yerinə yetirməyə çalışacağıq”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi qeyd olunub

Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması xalqımızın tarixində qürurverici hadisədir. Xalq Cümhuriyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Cümhuriyyətin qurulması sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunmasına, müstəqil respublika kimi inkişafına əsaslı zəmin yaradıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 23 aylıq fəaliyyəti xalqımızın tarixinin parlaq səhifələrindəndir. Bugünkü müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və mənəvi varisidir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında ötən il imzaladığı Sərəncam ölkə rəhbərliyinin xalqımızın dövlətçilik ənənələrinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi yüksək dəyərin təzahürüdür. video AZƏRTAC xəbər verir ki, bu fikirlər Cümhuriyyətin yaradılmasının 101-ci ildönümü münasibətilə mayın 27-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə səslənib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən və fəaliyyətindən danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncam həmin dövrdəki tarixi hadisələrin, qazanılan nailiyyətlərin gənclərimizə çatdırılması və təbliği baxımından böyük önəm daşıyır. Veteranlarımız dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyəti irsinə göstərdiyi bu diqqəti yüksək qiymətləndirirlər. Azərbaycan dövləti və xalqı bu tarixi nailiyyətin qazanılmasında xidməti olan Cümhuriyyətin qurucularının və fədailərinin xatirəsini hörmət və ehtiramla anır. Qeyd edilib ki, xalqımız uzun illər müstəqillik arzusu ilə yaşayıb. XX əsrin əvvəllərində baş verən proseslər, eləcə də Cənubi Qafqaz regionunda yaranmış şərait Azərbaycanın müstəqilliyini əldə etməsinə tarixi imkan yaradıb. Bu imkandan istifadə edən Cümhuriyyətin qurucuları 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunması haqqında tarixi qərar qəbul ediblər. Beləliklə, Azərbaycanın milli dövlətçiliyi bərpa olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün dünyaya elan edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Odur ki, ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının qürur duyduğu bir gündür. Məlumat verilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süquta uğrasa da, 71 ildən sonra - 1991-ci il oktyabrın 18-də tarixi yaddaşına sadiq qalan xalqımız yenidən müstəqilliyinə qovuşub. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib və ölkə həyatının bütün sahələrində inkişafın əsasları qoyulub. Hazırda bu siyasət Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Vaqif Abışov diqqətə çatdırıb ki, Şərqdə ilk demokratik respublikasının qurulması yalnız Azərbaycanın deyil, bütün türk dünyası üçün mühüm tarixi əhəmiyyət kəsb edib. XX əsrin əvvəllərindəki çətin ictimai-siyasi şəraitdə xalqımızın ziyalıları Azərbaycan Xalq Cümhuriyyətini quraraq onun müstəqilliyinin dünyada tanınması üçün böyük işlər görüblər. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Fəlsəfə elmləri doktoru İmran Əbilov, veteranlar çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən, həmin dövrdə görülən genişmiqyaslı işlərdən danışıblar. Çıxış edənlər Azərbaycanın ilk müstəqil dövlətinin demokratik idarəçilik mexanizmlərinə, parlamentli respublika quruluşuna malik olduğunu qeyd edərək Cümhuriyyət dövründə Azərbaycanın müstəqil dövlət atributlarının qəbul edilməsi, ölkənin hazırda mövcud olan əksər dövlət orqanlarının yaradılması və s. barədə iştirakçılara ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan dövləti bütün sahələrdə sürətlə inkişaf edir. Ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılır. Bu gün müasir Azərbaycan ordusu işğal altındakı ərazilərimizi azad etməyə, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə tam qadirdir. Veteranlar da Ali Baş Komandanın əmri ilə qəhrəman Azərbaycan əsgəri ilə bir sırada bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün hər an döyüşlərə qatılmağa hazırdırlar. Tədbirdə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, şagirdlər iştirak ediblər.

Hamısını oxu