Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Misirdə Xaqani Şirvaninin əlyazmaları tapılıb

Veteran.gov.az xəbər verir ki, Qahirə Universitetinin doktoru, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov tariximiz və klassik ədəbi irsimizlə bağlı dəyərli məlumatları üzə çıxarmaqda davam edir. Alimin növbəti uğuru Qahirənin qədim əlyazmalarla zəngin kitabxanalarından biri olan (burada 60 minə yaxın əlyazma saxlanılır) “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) Xaqani Şirvaninin əlyazmalarını tapması olub. Belə ki, S.Nəsirov şairin divanının “Divan Xaqani” dörd nüsxəsi (üçü tam və dördüncüsü natamamdır) və “Töhfətül İraqeyn” divanının əlyazma nüsxəsini aşkar edib.

Tədqiqatçı-alim bildirib ki, Xaqani Şirvani ərəb mənbələrində iki adla təqdim olunur. Birinci variantda Fəzləddin Bədil Əli oğlu əl-Xaqani əl-Şirvaninin hicri tarixi ilə 595–ci (miladi 1199) ildə vəfat etdiyi qeyd edilir. İkinci təqdimatda isə Əfzələddin Əli oğlu İbrahimin həkim Xaqani kimi məşhur olduğu, hicri tarixi ilə 582–ci (miladi 1186) ildə vəfat etdiyi yazılıb. Birinci nüsxə hicri tarixi ilə 1012–ci (miladi 1603) ildə gözəl nəstəliq xətti ilə köçürülüb. Bu əlyazma 369 vərəq və 17 sətirdən ibarətdir. Ikinci nüsxə qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 858–ci (miladi 1454) ildə köçürülüb və onun birinci səhifəsi yoxdur. Bu əlyazma isə 322 vərəq və 21 sətirdən ibarətdir. Üçüncü nüsxə də qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 1009–cu (miladi 1600) ildə Ümməti Türbəti tərəfindən köçürülüb, 335 vərəq və 20 sətirdən ibarətdir. Hicri tarixi ilə 823–cü (miladi 1420) ilə aid olan dördüncü nüsxə Fürsət Ğərib tərəfindən köçürülüb ki, burada Xaqani ilə yanaşı müxtəlif şairlərin əsərləri də mövcuddur. “Töhfətül İraqeyn” adlanan son nüsxədəki əsərin Xaqani Şirvani tərəfindən hicri tarixi ilə 551-ci (miladi 1156) ildə, ilk Həcc ziyarətində yazdığı qeyd olunur. Bu əlyazma hicri tarixi ilə 1106–cı (miladi 1694) ilin səfər ayında Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl-Şirazi tərəfindən köçürülüb və 12 sətirdən ibarətdir.

Qeyd edək ki, S.Nəsirov bundan öncə Nizami Gəncəvinin “Xəmsə”si və İmadəddin Nəsiminin Azərbaycan dilində “Külliyatı”nın əlyazmaları haqqında məlumat verib. O, Misirdə ərəb mənbələrinə istinadla 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın və çoxlu sayda elmi məqalələrin müəllifidir. Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporuna rəhbərlik edən tədqiqatçı-alim, eyni zamanda, dünyanın 50 ölkəsindən olan və Qahirədə təhsil alan mindən çox tələbəyə rəhbərlik edir.

 

2022-02-18 12:45:00
1259 baxış

Digər xəbərlər

“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə dövlət şirkəti və onun törəmə müəssisələri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Ziyarət çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyularaq onun elmi irsinə və insanlığa xidmət edən zəngin həyat yoluna hörmət ifadə olunub. Daha sonra ziyarətçilər Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin minnətdarlıq və ehtiramla anılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamına uyğun olaraq təsis edilən “AzerGold” 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayıb. Artıq 10 ildir Azərbaycanın yeraltı sərvətlərinin səmərəli və dayanıqlı idarə olunması istiqamətində fəaliyyət göstərən Səhmdar Cəmiyyəti faydalı qazıntı yataqlarının kəşfi, tədqiqi, qiymətli metalların hasilatı, yerli və beynəlxalq bazarlarda satışı ilə milli iqtisadiyyata və sosial inkişafa davamlı töhfələr verir”.  

Hamısını oxu
"Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin dilimizin təbliği ilə bağlı atdığı addımlar təqdirəlayiqdir"

“Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir və Türkiyədə də belə təbliğ ediləcəyinə inanıram” “Türk dilləri differensial şəkildə, fərqli xüsusiyyətləri ilə bütün türk xalqları arasında təbliğ edilməlidir” Nizami Cəfərov: “Türk xalqları və türk dilləri arasında normal inteqrasiya yalnız bu şəkildə mümkündür” Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaq. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov Azərbaycan dilinin qardaş Türkiyədə təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Bu, olduqca əhəmiyyətli bir yenilikdir. Türkiyədə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan incəsənəti haqqındakı təsəvvürlər səthidir. Bəzən hətta belə düşünürlər ki, Azərbaycan dili Türkiyə türkcəsinin bir şivəsidir. Onlarda belə bir təsəvvür ona görə yaranır ki, Türkiyənin şərq hissəsində orta əsrlərdən azərbaycanlılar yaşayıb. Həmin azərbaycanlıların danışığı Türkiyə türkcəsinin dialekti kimi təqdim olunub. Buna görə bəzən Azərbaycan ədəbi dilini də dialekt hesab edirlər. Bu təsəvvür aradan qalxmalıdır. Türkiyədəki qardaşlarımız bilməlidir ki, Azərbaycan dili ədəbi dildir, Azərbaycan dili dövlət dilidir. Türkiyədəki həmin dialekt də Türkiyə türkcəsinin yox, Azərbaycan dilinin dialektidir. Azərbaycan dilinin tarixi miqyası da dərk edilməlidir. Bizim dilimiz Dədə Qorquddan başlayaraq gələn, Nəsiminin, Füzulinin təcrübəsindən keçən, Koroğlu dastanının, Milla Pənah Vaqifin dilidir. Bu dil həm də Miurzə Fətəli Axundzadənin, Sabirin, Cəlil Məmmədquluzadənin dilidir. Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir. Bu dil məhz bu şəkildə Türkiyədə təbliğ olunmalıdır. Mən inanıram ki, Azərbaycan Mədəniyyət Mərkəzi hörmətli Samir müəllimin rəhbərliyi altında dilimizi məhz bu şəkildə də təbliğ edəcək, tanıdacaq. Türkiyədə Azərbaycan dilinin təbliği, tanıdılması istiqamətində atılan bu addımın çox böyük faydası olacaq. Bəzən biz tük xalqları, türk dilləri arasında inteqrasiyanı onların mərkəzləşməsi kimi başa düşürük. Amma nəzər almalıyıq ki, türk xalqları və türk dilləri arasında normal inteqrasiya o zaman olacaq ki, bu xalqların və dillərin müstəqilliyini qəbul edək.  Əlaqələrimiz müstəqillik səviyyəsində olmalıdır. Dillərin və ya xalqların bir-brinə qarışması, bir-birinin içində itməsi inteqrasiya deyil. Belə şey olmur. Biz bütün türk dillərini differensial şəkildə fərqli xüsusiyyətləri ilə bütün digər türk xalqları arasında təbliğ etməlidir. Bunun ən gözəl nümunəsi Azərbaycanla Türkiyə arasında olan münasibətdir”. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veterqanlar təşkilatında “Cənnət Yolçusu” filminin təqdimat mərasimi keçirilib

“Cənnət  Yolçusu” filminin təqdimat mərasimini “Vətənpərvərliyin Təbliğinə Dəstək” ictimai birliyinin sədri Şəmiştan Əlizamanlı açdı. Film haqqında qısaca məlumat verən Ş.Əlizamanlı Bəhram Ağakişiyevin timsalında hər bir veteranın, döyüşçünün xatırlanmalı olduğunu dilə gətirdi. Tariximizin canlı şahidlərini, eləcə də, müasir tariximizin qəhrəmanlıq siması olan bu insanların keçdiyi döyüş yollarının gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd etdi. Daha sonra filmin təqdimatı başladı. Filmin ssenari müəllifi İlham Tumas, rejissoru Nicat Cəlilovdur. Qeyd edək ki “Cənnət  Yolçusu” filminin çəkilişinin birinci mərhələsi Qusar rayonu, Gündüzqala kəndində Bəhram Ağakişiyevin ailə üzvləri, sinif yoldaşları, döyüş yoldaşları və yaxınlarının iştirakı ilə reallaşıb. Filmin digər epizodları Bakı şəhərində çəkilib. Azərbaycan Respublikası Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə vəsaiti hesabına ərsəyə gələn film müstəqilliyin ilk illərində baş verən hadisələrdən xüsusən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdən bəhs edir. Sənədli film minlərlə igid azərbaycanlıdan biri olan Bəhram Ağakişiyevdən bəhs edir. Bəhram Ağakişiyev Qarabağ müharibəsi veteranıdır. O, məşhur “Birinci batalyon”un yaranmasında fəal iştirak etmişdir. Kəşfiyyat taqımının  komandiri kimi bir sıra mühüm əməliyyatlarda fərqlənmiş, döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Atəşgah imzalandıqdan sonra Müdafiə nazirliyində, Sərhəd Qoşunlarında xidmətini davam etdirmişdir. Azərbaycan ordusunun ilk milli kadrlarından biri olmuşdur. Prezident Adminstrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev nitqində Bəhram Ağakişiyevi əsl azərbaycanlı igid kimi xarakterizə etdi. Bu cür sənədli filmin gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsində vacib amillərdən olduğunu bildirdi. Qarabağ müharibəsi iştirakçılarının hər biri vətənin igid, qəhrəman oğlu adlandırdı. Onların hər zaman Azərbaycanla birgə yaşayacağına əminlik ifadə etdi. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov filmi yüksək qiymətləndirdi. “Cənnət Yolçusu” sənədli filmini veteranlara göstərilən diqqət və qayğının göstərici adlandıran Cəlil Xəlilov bu kimi filmlərin ardıcıl olacağına inam ifadə etdi. Bəhram Ağakişiyev çıxışında filmin ona, eləcə də, bütün Qarabağ döyüşçülərinə göstərilən etmadın göstərici olduğunu bildirdi. B.Ağakişiyev  Qarabağ ugrunda gedən döyüşlərin qəhrəmanlarının hər zaman xatırlanmalı olduğunu göstərdi. Torpaqlarımızın azadlğı uğrunda müharibədə qocaman veteranların təcrübəsinin gənc nəslə çatdırmağın vacibliliyini vurğuladı. Digər çıxış edənlər filmin onlarda yüksək təəsuratlar yaratdığını, Bəhram Ağakişiyevin timsalında Qarabağ döyçülərinin gənclərə nümunə olan həyat və fəaliyyətlərinin tanıdılması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirdilər.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Vətənin azadlığı uğrunda həlak olan qəhrəmanların xatirəsi daima yaşayacaqdır

İkinci Dünya Müharibəsində  Azərbaycan xalqının göstərdiyi şücaət və qələbəyə olan töhfəsini danmaq, inkar etmək mümkün deyil. Xalqımızın müharibədəki rolu, həm də Qafqaz cəbhəsindəki şanlı döyüşləri və Bakı neftinin strateji əhəmiyyəti daha geniş auditoriyaya çatdırılmalıdır. Onların cəsurluğu, əzmkarlığı və vətənə olan bağlılığı bu gün də bizi qürurlandırır. Azərbaycanın müxtəlif sahələrdə, xüsusilə də təbii sərvətlər və hərbi qüvvə baxımından necə mühüm rol oynadığını qeyd etmək vacibdir. Bu qəhrəmanları təbliğ etmək, gənclərin və ümumiyyətlə hər bir vətəndaşın öz vətəninə olan sevgi və bağlılığını gücləndirə bilər. Qəhrəmanların həyatları, mübarizələri və göstərdikləri fədakarlıq gələcək nəsillərə böyük bir dərsdir. Belə şəxslərin nümunəsi, gənclərin öz milli dəyərlərinə, torpaqlarına və xalqına olan məsuliyyətini artırmağa kömək edir.Bu təbliğat yalnız keçmişi yad etməklə kifayətlənmir, eyni zamanda indiki dövrdə gənclərə vətənpərvər olmağa təşviq edir. Bu mənada Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev şübhəsiz xalqının və torpağının azadlığı uğrunda fədakarlıq göstərmiş bir şəxsiyyət olaraq, müasir gənclər üçün çox böyük bir nümunədir. Belə insanlar göstərdikləri dözüm və vətənpərvərliklə gənclərə yalnız bu günü deyil, həm də gələcəkdə öz dəyərlərini qorumağın vacibliyini öyrədir. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlı döyüşçülərimizin döyüş yollarına nəzər salmaq, həmin ənənəni gənc nəslə çatdırmaq bizim vətəndaşlıq və mənəvi-əxlaqi borcumuzdur. Azərbaycanın belə cəsur oğlanlarından biri də Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevdir. Müseyib Allahverdiyev 1909-cu ildə Qazax rayonunun Dağkəsəmən kəndində dünyaya göz açmışdır.  Müseyib Allahverdiyev 1931-ci ildə hərbi xidmətini Serqo Orconikidze adına Azərbaycan diviziyasında xidmət etmişdir.Hərb sənətinə marağını, komandir qətiyyətinə malik olduğunu görən hərbi hissə rəhbərləri onu 1933-cü ildə hərbi və siyasi hazırlıq əlaçısı kimi Tiflisdəki hərbi məktəbə göndərməyi məsləhət bilmişlər.1936-cı ildə həmin məktəbi bitirən Müseyib Abdullayev taleyini həmişəlik orduya bağlayır. Böyük Vətən müharibəsi başlanarkən könüllü olaraq ordu sıralarına yazılıb. Moskva ətrafındakı döyüşlərdən başlayaraq Macarıstanın paytaxtı Budapeşt şəhərinə qədər şanlı döyüş yolu keçmişdir. Moskva yaxınlığındakı döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Müseyib Allahverdiyev “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir. Xarkov uğrunda döyüşlərin iştirakçısı olmuş, Dnepropetrovsk, Zaporojye, Nikolayev, Krivoy Roq, Kirovqrad, Kişinyov şəhərlərinin azad edilməsində qətiyyətlə döyüşmüşdür. Beləliklə çox keçməmişdir ki, qvardiya kapitanı hərbi rütbəsinə layiq görülmüşdür. Müseyib Allahverdiyev Macarıstan torpağında böyük bir düşmən qrupunun ləğv edilməsində isə xüsusilə fərqlənmişdir. 13 noyabr 1944-cü ildə onun komandanlıq etdiyi batalyon düşmənin müdafiə xəttini yararaq alayın döyüş tapşırığının yerinə yetirilməsini təmin etmişdir. 1944-cü ilin 1 dekabr gecəsi Müseyib Allahverdiyevin batalyonu düşmənin top atəşi altında Dunay çayını keçərək sağ sahildə gedən qızğın döyüşlərə qatımışdır. Çox məsuliyyətli və ağır döyüşdə batalyon komandiri şəxsən özü döyüşçülərin sahilə enməsini pulemyot atəşi ilə himayə etmiş, düşməni geri çəkilməyə məcbur etmişdi. Bu döyüşdə Müseyib Allahverdiyevin batalyonu 500 faşist əsgərini məhv etmiş və 2200 düşmən əsgər və zabitini əsir almış 24 silah, 36 pulemyot, 8 minaatan, 3 avtomaşın, 10 araba, 2 silah və ərzaq anbarlarını ələ keçirmişdir. Macarıstanın paytaxtı Budapeşt uğrunda gedən döyüşlərdə də Müseyib Allahverdiyevin döyüşçüləri fərqlənmişlər. Onun batalyonuna Budapeştdə mühasirədə olan alman qoşunlarının xilas edilməsi üçün tələsən 120 düşmən tankından ibarət dəstənin qarşısını almaq əmri verilmişdi. Mayorun təşkil etdiyi döyüş pusqusu nəticəsində 25 düşmən tankı və 700 əsgər və zabit məhv edilmiş, beləliklə də, düşmənin şəhərə girməsinin qarşısı qətiyyətlə alınmışdır. Ordu komandanlığının həmin xüsusi tapşırığını yerinə yetirərkən alman-faşist işğalçıları ilə döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şəxsi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Müseyib Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, “Lenin” ordeni və “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir. 1946-cı ildə ordudan tərxis olunan Müseyib Allahverdiyev uzun illər Qazax, Ağstafa, Tovuz rayonlarında rəhbər vəzifələrdə, sovet və təsərrüfat işlərində çalışmışdır. Ağstafa rayon xalq deputatları soveti sədrinin müavini, rayonlararası meşə təsərrüfatı idarəsinin direktoru olmuşdur. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına və fəxri diplomuna layiq görülmüşdür. Müseyib Allahverdiyevin döyüşlərdəki şücaəti, xüsusilə də Macarıstan torpağında düşmənin böyük bir qrupunu məhv etməsi və minlərlə əsgər və zabiti əsir alması, onun necə bir komandan və döyüşçü olduğunu bir daha nümayiş etdirir. Həmçinin, onun rəhbərliyindəki batalyonun, faşist qüvvələrinin şəhərə girməsinin qarşısını almaqla böyük bir strateji uğur əldə etməsi də döyüşçülük bacarığının və müharibə taktikasının nümunəsidir. Bu cür qəhrəmanların həyat hekayələrini gələcək nəsillərə çatdırmaq yalnız keçmişi yad etmək deyil, həm də indiki dövrün gənclərinə öz ölkələrini qorumaq və azadlığı uğrunda mübarizə aparmaq barədə dəyərli dərslər vermək deməkdir. Bu cür təbliğat həm də gənclərin vətənə, tarixə və mədəniyyətə olan bağlılıqlarını artıraraq, onların daha məsuliyyətli və vətənpərvər olmalarına səbəb ola bilər. Müseyib Allahverdiyev 1969-cu ildə dünyasını dəyişmişdir. Hazırda Ağstafa rayonunun Dağkəsəmən kəndindəki orta məktəb onun adını daşıyır. Ağstafa və Qazax rayonlarında onun adına küçələr salınmış, büstü qoyulmuşdur. Müseyib Allahverdiyev kimi igidlərin mübarizəsi və vətənə bağlılığı minlərlə insanın qəlbində əbədi iz buraxıb. Belə insanlar yalnız öz dövründə deyil, gələcək nəsillər tərəfindən də hörmətlə yad edilir. Onların vətənə olan sevgisi və fədakarlığı heç vaxt unudulmur, çünki onların qoyduğu dəyərlər və göstərdikləri qəhrəmanlıq zamanın sərhədlərini aşıb.Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri   polkovnik  Cəlil Xəlilov

Hamısını oxu